Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Aktual / Azərbaycan Qarabağdakı hansı ermənilərə amnistiya verəcək?

Azərbaycan Qarabağdakı hansı ermənilərə amnistiya verəcək?

Qarabağda qalmış erməni separatçılarına, xüsusilə Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən şəxslərə amnistiya verilməsinin mümkünlüyü son zamanlar müzakirə edilən mövzudur. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin mayın 28-də Laçın şəhərindəki çıxışında bu məsələnin zəruriliyinə toxunmuşdu. Dövlət başçısının sözlərinə görə, bölgədə qondarma qurum buraxıldığı təqdirdə, eyni zamanda separatçılıqdan əl çəkib Azərbaycan vətəndaşlığı üçün müraciət edən ermənilər amnistiya siyahısına düşə bilərlər.

Əlbəttə, Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törədən, xüsusilə Birinci Qarabağ müharibəsi zamanı Qarabağda Meşəli, Malıbəyli, Qaradağlı, Xocalı və Ağdabad qətliamlarını törədən terrorçu dəstələrin üzvləri olan, şəhərlərin, kəndlərin və qəsəbələrin yandırılıb məhv edilməsində aktiv iştirak edən şəxslərə amnistiya verilməsi qeyri-mümkündür. 

Ümumiyyətlə, Qarabağdakı ermənilərin reinteqrasiya prosesisi başlandığı halda hansı ermənilərə amnistiya verilə bilər? Bu amnistiyanın hansı formatlarda tətbiqi mümkündür? 

Məsələ ilə bağlı Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Qarabağdakı ermənilərin amnistiyası müəyyən hallarda mümkün ola bilər: 

“Azərbaycan Respublikasının Konstitusiyası və qanunveriliciyində amnistiya aktının tətbiqi ilə bağlı əsaslar var. Amnistiya aktı Milli Məclis tərəfindən qəbul edilir. Amnistiya aktı həm baş verən hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı mübahisələrdə, həm də cinayət əməllərində təqsirləndirilən şəxslərə münasibətdə tətbiq oluna bilər. Eyni zamanda, ümumi qaydada amnistiyanın tətbiq mümkündür.

Məsələn, 1993-ci ildəki 4-6 iyun qiyamında iştirak edən şəxslərə amnistiya verilməsi ilə bağlı qərar qəbul olunmuşdu. Bundan başqa, bir çox məsələlərdə, xüsusilə ölkə və ya region daxilində münaqişələrin aradan qaldırılması, sülh və təhlükəsizliyin təmin olunması, vətəndaş qarşıdurmasının qarşısının alınması ilə bağlı amnistiyanın tətbiq olunmasına baxıla bilər. O qaldı ki Qarabağda ermənilərə amnistiya verilməsinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında yaxın gələcəkdə bu istiqamətdə addımların atılmasının mümkünlüyü ilə bağlı fikirlər səsləndirib.

Amma Qarabağdakı ermənilərə amnistiya aktının tətbiq olunması ilə bağlı məsələlərə çox diqqətlə yanışılacaq. Yəni kimlərə amnistiya verilməlidir, kimlərə yox. İlk növbədə nəzərə almalıyıq ki, bu aktın qəbul edilməsi əsasən siyasi xarakter daşıyacaq. Əsas məqsəd bundan ibarət olacaq ki, uzun illərdən bəri davam edən münaqişə həll olunsun, vaxtilə işğal altında olan ərazilərdə separatçılığa son qoyulsun, Ermənistanın növbəti təcavüzünün qarşısı alınsın və regionda dayanıqlı sülh və əmin-amanlıq bərqərar olunsun.

Həmçinin, Qarabağın dağlıq ərazilərində məskunlaşan erməni əsilli vətəndaşlarımızın hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün amnistiya aktının qəbul edilməsi mümkündür. Bu şərtlə ki, orada yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olacaqlarını birmənalı surətdə bəyan etsinlər”. 

Ekspert bir məqamı da əlavə edib ki, həmin bölgədə qeyri-qanuni erməni silahlı birləşmələri tamamilə tərkisilah olunmalı və qondarma rejimin fəaliyyətinə son qoyulmalıdır: 

“Əgər bu kimi məsələlərdə ümumi razılıq əldə edilərsə, əlbəttə ki, qanlı münaqişə və müharibədə iştirak edən müəyyən şəxslərə amnistiya aktı tətbiq edilə bilər”. 

Əliməmməd Nuriyev insanlıq əlehinə ağır cinayətlər törədən şəxslərə amnistiya  verilməsinin qeyri-mümkün olduğunu bildirib: 

“Bildiyimiz kimi, Birinci Qarabağ müharibəsi zamanı Qarabağda Azərbaycan əhalisinə qarşı soyıqırım törədilib, etnik təmizləmə aparılıb. Xocalı, Meşəli, Qaradağlı və digər qətliamlar ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda müvafiq istintaq tədbirləri davam edir.

Baş Prokurorluqda həmin qətliamlara dair bir çox cinayət işləri var. Xocalı hadisəsi və digər qətliamlarda iştirak edən şəxslərin dairəsi müəyyən edilib. Bunu da nəzərə almalıyıq ki, 44 günlük Vətən müharibəsi zamanı Gəncə və Bərdə şəhərlərində, eləcə də ətraf rayonlarda terror aktları törədilib. Dinc sakinlərin yaşadığı ərazilərə açılan raket atəşləri nəticəsində xeyli sayda insan həlak olub.

Bu cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb edilməsi vacib məsələdir. Bu kimi terror aktlarında əli olan erməni separatçıları dövlətimiz tərəfindən cəzalandırılacaq. Zənnimcə, yalnız əmirləri icra edənlərin amnistiya siyahısına daxil edilməsi mümkün görünür. Yenə də qeyd edim ki, dövlətimizin gələcək amnistiya məsələsində məqsədi ölkənin ərazilərində milliyyətindan asılı olmayaraq vətəndaşlarımız azad və sərbəst şəkildə yaşamasıdır.

Hazırda rus sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə erməni əsilli vətəndaşlarımızın əksəriyyəti Aratyunyan, Babayan və cinayət törədən digər separatçıların girovluğundadır. Onlara ciddi təhdidlər altında yaşayırlar. Bu baxımdan, hesab edirəm ki, amnistiya aktı ilə bağlı qərarın qəbul edilməsi Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını sürətləndirəcək”. 

Həmçinin oxuyun

Qoyun-quzusu ilə birgə Ermənistan tərəfə keçdi – Video

Xəbər verdiyimiz kimi, artıq 50 mindən artıq erməni Qarabağı tərk edərək Ermənistan tərəfə keçib.Köç zamanı …