Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / “Azərbaycan müxalifətinin “bünövrəsi” əyri qoyulub”

“Azərbaycan müxalifətinin “bünövrəsi” əyri qoyulub”

Tahir Kərimli: “Müxalifət liderləri uğursuzluqlarının səbəblərini öz şəxsiyyətlərində və keçmişlərində axtarmalıdırlar”

Azərbaycanda keçirilən bütün seçkiləri uduzan radikal müxalifət öz varlığını sübut etmək üçün daim mitinq taktikasına üstünlük verib. Lakin mitinq keçirmək üçün sosial sifariş olmadığından həmin düşərgədə təmsil olunan partiyalar, onların liderləri meydana toplaşan azsaylı tərəfdarları ilə hər zaman gülüş hədəfinə çevriliblər. Ötən ilin sonlarından etibarən radikal müxalifət, xüsusən də Müsavat və AXC partiyaları bu yöndə sanki yarışa başlayıblar. Əvvəlcə Müsavat Partiyası dələduzluqda, vergidən yayınmaqda, Vətənə xəyanətdə təqsirli bilinən şəxslərin həbsinə siyasi çalar qataraq, “siyasi məhbuslar”a azadlıq şüarı altında aksiyalara başlayıb. Əslində isə bu aksiyalar tərəfdarlarının, həmçinin də cəmiyyətin diqqətini partiyanın son qurultay seçkilərində müşahidə olunan kütləvi saxtakarlıqlardan, funksionerlər arasındakı narazılıqdan, fikir ayrılıqlarından, gərginliklərdən, istefalardan yayındırmaq, təşkilatın parçalanmasının qarşısını almaq məqsədi daşıyıb.

Eyni vəziyyət AXCP-də də müşahidə olunduğundan, bu partiya funksionerləri də mitinq keçirmək qərarına gəliblər. Əli Kərimli və onun nəzarətində olan Milli Şura üzvləri ötən ay azsaylı tərəfdarlarını “Məhsul” stadionunda ətrafına toplayıb, hakimiyyətin ünvanına əsassız ittihamlar səsləndiriblər. Yazın gəlişindən daha da ruhlanan AXCP üzvləri növbəti mitinqlərini bazar gününə təyin ediblər. Milli Şuranın keçirdiyi mitinqlər, bu aksiyalara marağın az olması, radikal müxalifət partiyalarının bir-birini qəbul etməməsi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Tahir Kərimli cavablandırır.

– Tahir bəy, AXCP-nin nəzarətində olan Milli Şura bu bazar günü yenidən mitinq keçirmək qərarına gəlib. Hazırda Azərbaycan cəmiyyətində belə mitinqlərin keçirilməsi üçün sosial sifariş varmı?

– Milli Şura mart ayında mitinq keçirmək üçün manatın devalvasiyasını, bundan irəli gələn bəzi məsələləri bəhanə etdi. Bununla sanki elə bir rəy yaratmaq istəyirdilər ki, guya dünyada baş verən bütün proseslərin səbəbkarı Azərbaycan iqtidarıdır. Eyni qaydada bu bazar günü də mitinq keçirmək barədə qərar qəbul ediblər. Düzdür, mitinq keçirmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərbəst toplaşmaq hər bir siyasi partiya və təşkilatın, fərdlərin hüququdur. Amma bu hüquqdan istifadə edərkən ədalət hissini itirməməyi, hadisələrə obyektiv yanaşmağı da bacarmaq gərəkdir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi qonşuluğumuzdakı dövlətlərin iqtisadiyyatına təsir etdiyi kimi, Azərbaycan iqtisadiyyatından da yan keçmədi. Bizim qonşuluğumuzda elə dövlət olmadı ki, bu amil onun valyutasına da təsir etməsin. Bizdə də baş verdi və manat dollar və avroya nisbətən bir qədər ucuzlaşdı. Bu, təbii iqtisadi prosesdir. Məgər hadisələrin mahiyyətinə varmayan, populist çıxışlar edən, xalqa yalançı vədlər verən radikal müxalifət hakimiyyətdə olsaydı, bunun qarşısını ala biləcəkdimi? Bu, qarşısını almaq qeyri-mümkün olan beynəlxalq bir prosesdir. Xalq da, dövlət də baş verənlərin mahiyyətini aydın dərk edir. Onsuz da Azərbaycan hökuməti qiymətlərin, manatın stabil saxlanmasına çalışır. Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi vasitəsilə belə məsələlər tənzimlənir. Məhz bu reallıqların olmasına görə Milli Şuranın mart ayında keçirdiyi mitinq kimi, budəfəki aksiyası da baş tutmayacaq. Cəmiyyət həqiqətləri olduğu kimi görür və qəbul edir. Bu səbəbdən belə mitinqlərin keçirilməsi üçün sosial sifariş yoxdur. Sosial sifariş olmadığı üçün də həmin mitinqlərə az adam gəlir, kütləvilik müşahidə edilmir. Yalnız radikal müxalifət liderləri, eləcə də onların yaxın ətrafı bir yerə toplaşıb çıxışlar edir, sonra da dağılışıb gedirlər.

– AXCP funksionerləri bunun əksini iddia edir və bildirirlər ki, təkcə mitinqlə bağlı reportajı “Azadlıq” qəzetinin saytından yüz mindən çox insan izləyib. Sizcə, bu “izləyicilər”in hamısı real insanlardırmı və onları aksiya dəstəkçisi, müxalifət tərəfdarı kimi təqdim etmək doğrudurmu?

– Mən də bu barədə mətbuatdan oxumuşam. Müxalifətçilər sosial şəbəkədə, hansısa elektron mediada mitinqlərlə bağlı xəbərlərin on minlərlə insan tərəfindən izləndiyini qeyd edir, onları özlərinin tərəfdarı kimi cəmiyyətə təqdim edirlər. Əgər həqiqətən də cəmiyyətdə onlara qarşı belə maraq varsa, o zaman nə üçün müxalifətin icazəli mitinqində iştirakçıların sayı 300-500-dən artıq olmur? Axı həmin mitinqlər icazəli olduğundan polis ona müdaxilə etmir, aksiyaya gəldiyinə görə kimsəni saxlamır, həbs etmir. Belə olan halda müxalifətin iddia etdiyi on minlərlə, yüz minlərlə tərəfdar niyə onlara dəstək vermək üçün meydana gəlmirlər? Sadə məntiq müxalifət liderlərinin söylədiklərini inkar edir. Onların gətirdiyi arqument tutarlı deyil. Ola bilər ki, hansısa bir bloggerin yüz minlərlə izləyicisi olsun. Ancaq həmin izləyicilərin heç də hamısı o bloggerin tərəfdarı, onun fikirlərinin dəstəkçisi sayıla bilməz. Eləcə də sosial şəbəkə və elektron KİV-lərdə mitinqlə bağlı xəbərin, yazının izləyiciləri heç də o mitinqlərin dəstəkçiləri sayıla bilməzlər. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan müxalifəti ciddi sarsıntı keçirib, deqradasiyaya uğrayıb. Uzun müddət müxalifətdə qalmaq, bütün seçkilərdə məğlub olmaq onların tərəfdarlarını azaldıb. Müxalifət bütün klassik metodları sınaqdan keçirib, liderlər ardıcıllıqla nüfuzlarını itirib və sıradan çıxıblar. Hazırda isə xalqın daha yaxından tanımadığı insanların rəhbərlik etdiyi müxalifət partiyaları Milli Şurada mitinqləri idarə edirlər. Həmin adamların sırasına fikir versək görərik ki, onların əksəriyyəti nə zamansa iqtidarda təmsil olunublar. Hansısa səbəbdən vəzifələrini itiriblər, ardınca da bekarçılıqdan gəlib müxalifətə qoşulublar. Təbii ki, xalq bu adamlara, onların yalançı vədlərinə inanmır. Bu da mitinq qəhrəmanlarının meydanda tək qalması ilə nəticələnir. Müxalifət liderləri bu uğursuzluğun səbəblərini öz şəxsiyyətlərində və keçmişlərində axtarmalıdırlar.

– Sıralarının seyrəldiyini görən müxalifət liderləri nə üçün reallıqla barışmır, əksinə, xalqa yalan vədlər verməkdə davam edirlər?

– Tarixdən də bəllidir ki, istənilən bir dövlət hansısa digər ölkəni istila etmək niyyəti güdəndə, heç vaxt onun üzərinə işğalçı şüarlarla getmir. Özünə xilaskar donu geyindirib həmin ölkəyə müdaxilə edir. Eləcə də siyasi mübarizədə heç bir təşkilat özünü pis qələmə vermir. Azərbaycan müxalifətinin də cəlbedici şüarlarla silahlanması heç də onu uğura aparmır. İstənilən bir binanın bünövrəsi düzgün qoyulmazsa, tikinti başa çatandan sonra onun əyriliyi dərhal gözə çarpacaq. Azərbaycan müxalifətinin də “bünövrəsi” əyri qoyulub. Bu əyrilik zaman-zaman özünü göstərib və uğursuzluqlarla müşayiət olunub. Ona görə də müxalifətin getdikcə sıraları seyrəlir, liderlər təklənirlər. Bu proses baş verdikcə onlar arasında intriqalar daha çox yaranır, gündəmə bir-birlərini təhqir etməklə gəlirlər. Hər dəfə Azərbaycanda seçki keçiriləndə müxalifətin hansısa blokda, birlikdə bir araya gəldiyini müşahidə edirik. Amma o qədər gücsüzdürlər ki, hətta birlikdə olanda belə, ortaya real güc qoya bilmirlər. Nəticədə məğlub olur, bu məğlubiyyətdə bir-birlərini təqsirli bilir, daha sonra təhqir və ittihamlara keçirlər. Onların iddiaları ilə real gücləri uyğun gəlmir. Müxalifət hər dəfə seçkilərdə rüsvayçı şəkildə məğlub olandan sonra iqtidarın ünvanına qarayaxmalardan da əl çəkmir. Böyük partiya kimi özlərini qələmə verən, özlərini ata-ana müxalifət sayaların gücü ancaq bir-iki seçki dairəsindən öz namizədinə səs toplamağa, onu deputat seçdirməyə çatırsa, ölkəyə rəhbərlik etmək, hakimiyyəti qazanmaq iddiası mənasızdır. Elə bu mənasız iddiaların əsirinə çevrildikləri üçün də xalqa yalan vədlər verməyə, insanları aldatmağa davam edirlər. Ancaq buna rəğmən, Azərbaycan xalqı heç zaman belə adamların səmimiyyətinə inanmır, onları qəbul etmir və etməyəcək də.

– Maraqlı məqamlardan biri də budur ki, bəzi müxalifət funksionerləri xaricə qaçıb orada sərbəst həyatlarını yaşadıqları halda, sosial şəbəkələr, elektron KİV-lər üzərindən insanları iqtidara qarşı etiraz aksiyalarına, mübarizəyə səsləyirlər. Belə müxalifətçilərin meydanda olmaya-olmaya başqalarını buna təhrik etməsi düzgündürmü?

– Bu mənzərə ilə birinci dəfə deyil ki, tanış oluruq. Vaxtilə Müdafiə Nazirliyinin tabeliyində baş verən hansısa hadisəyə görə Bakı şəhərinin mərkəzində icazəsiz mitinq təşkil edilmişdi. Bəzi adamlar sosial şəbəkələr üzərindən təbliğat aparıb insanların bu etiraz aksiyasına dəstək verməsini istədilər. Bir qrup gənc də baş verənlərin mahiyyətinə varmadan, bunun arxasında dayanan siyasi məqsədləri görmədən həmin icazəsiz aksiyalara qatıldı. Təbii ki, aksiya icazəsiz olduğu üçün polis ona müdaxilə etdi və bu zaman bir çox gənclər qanunsuz əməllərinə görə, xüsusən də polisin haqlı tələbinə tabe olmadığı, polisə müqavimət göstərdiyi üçün saxlanıldı. Amma xaricdə oturub bu aksiyanı sifariş verənlərdən, sosial şəbəkələr üzərindən təbliğat aparan “qəhrəmanlar”dan, eləcə də bu aksiyaya dəstək verən müxalifət liderlərindən heç kim həmin aksiyaya qoşulmadı. Onların heç birinə ziyan dəymədi. Belə işlərə əl atan, gəncləri öz çirkin niyyətləri üçün vasitəyə çevirən “liderlər”in heç birinin övladına da bu cür aksiyalarda rast gəlmək mümkün deyil. Onlar xarici ölkələrdəki ali məktəblərdə təhsil alır, sərbəst həyatlarını yaşayırlar. Bu mənzərə radikal müxalifət liderlərinin nə qədər yalançı, ikiüzlü, şəxsi maraqlarını xalq və millət maraqlarından üstün tutan olduqlarını bir daha ortaya qoyur. Onlar özlərinin rahatlığını güdür, başqalarını isə siyasi məqsədləri naminə alətə çevirir, təzyiqlərə məruz qoyurlar. Budur onların xisləti. Sevindirici haldır ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti onların yalançı vədlərinə inanmır, öz təhsillərinin arxasınca gedir, sağlam vətəndaş cəmiyyətinin formalaşmasına, Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə töhfələr verirlər.

– Radikal müxalifət liderlərinin digər siyasi partiyalara, xüsusən də müxalifət partiyalarına münasibəti də ürəkaçan deyil. Xüsusilə də AXCP digər müxalifət partiyalarının müstəqil mövqeyini qəbul etmir, iqtidarla dialoqa getdikləri üçün onları “cib müxalifəti”, cəmiyyətdə nüfuzu və çəkisi olmayan partiyalar, satqınlar kimi qələmə verir. Siyasi mübarizədə rəqiblərinə qarşı belə münasibət nə dərəcədə düzgündür?

– Müxalifət zaman-zaman dialoqun tərəfdarı olub. Hətta bunun üçün hakimiyyətə yalvardığı illər də olub. İndi müxalifətin bir qismi qabağa düşüb dialoqa gedirsə, buna qısqanclıqla baxmaq yanlışlıqdır. Bir var, partiya sədri olaraq hər hansı hadisəyə münasibəti, təklifləri KİV-də, sosial şəbəkədə bildirəsən, bir də var ki, bununla bağlı düşüncələrini birbaşa hakimiyyətin təmsilçisinə deyəsən. İkinci hal daha effektlidir. Müxalifət partiyasının sədri kimi sözünü birbaşa hakimiyyətin yüksək səviyyəli nümayəndəsinə çatdırırsansa, bunun nəyi pisdir? Azərbaycan cəmiyyətində üzləşdiyimiz istənilən problemin həllini daxildə, iqtidarla dialoqa gedərək, qarşılıqlı fikir mübadiləsi, təkliflər əsasında həll etmək mümkündür. Bunun üçün xaricə üz tutmağa, xarici səfirliklərə yalvarmağa, beynəlxalq təşkilatlara həqiqətə uyğun gəlməyən məlumatlar ötürməyə ehtiyac yoxdur. Digər tərəfdən, iqtidarla dialoqa gedən siyasi partiyalar Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş siyasi partiyalardır. Onların böyük-kiçikliyinin əhəmiyyəti yoxdur. Əsas olan budur ki, cəmiyyəti narahat edən problemlər bu dialoqlarda müzakirəyə çıxarılır, onların həllinə çalışılır. Radikal müxalifət liderləri bu reallığı görmədikcə, həqiqəti dərk etmədikcə, digər partiyaları təhqir etmək, aşağılamaq yolu tutduqca, daha çox tərəfdarlarını itirəcək, cəmiyyətdə hər kəsi özlərindən iyrəndirəcəklər.

Rufik İsmayılov

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …

Bir cavab yazın