Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / “Azərbaycan gəncliyi ən yüksək tələblərə cavab verir”

“Azərbaycan gəncliyi ən yüksək tələblərə cavab verir”

Xəbər verdiyimiz kimi,  prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində gənclərlə münasibətindən də bəhs edib.

-Fikir vermişəm, son vaxtlar siz gənclərlə çox tez-tez ünsiyyətdə olursunuz, gənclərin tədbirlərinə gedirsiniz, gəncləri qəbul edirsiniz. İndi mən belə deyərdim, XXI əsrin ilk siyasi nəsli həyata qədəm qoyur və qüvvə toplayır. Bu siyasi nəsil indiki siyasi nəsli əvəz edəcək. Siz indiki siyasi nəsli istər-istəməz əvəz edəcək müasir Azərbaycan gəncliyini necə təsəvvür edirsiniz və onu necə görmək istərdiniz – bu gənclik çox maraqlı, çox fərqlidir.

-Bəli. Siz tamamilə haqlısınız. Mənim fikrimcə, bu, istənilən ölkə rəhbəri üçün ən vacib fəaliyyət istiqamətidir. Çünki gənclər gələcək rəhbərlərdir, bu insanlar ölkənin gələcəyini müəyyən edəcəklər, ona görə bu gələcək etibarlı əllərdə olmalıdır. Mən şadam ki, bu gün Azərbaycan gəncliyi ən yüksək tələblərə cavab verir. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə daha fəal siyasət yürüdəcəyik. Əlbəttə, mən istərdim ki, bütün Azərbaycan gəncləri öz Vətəninə sadiq olsunlar. Çünki öz Vətənini sevmək və ona namusla xidmət etmək müstəqilliyin, müvəffəqiyyətin əsas rəhnidir. Əlbəttə, gənclərin Azərbaycan xalqı üçün səciyyəvi olan ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsi vacibdir və biz bunun üçün nə lazımdırsa edirik.

Bizim milli mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, milli ideologiyamız – bütün bunlar bizim dəyərləri təbliğ edir və biz həmişə öz mənəvi köklərimizə bağlı olmalıyıq. Gənclik müdafiə olunmalıdır. Lakin o özü kənar təsirlərdən müdafiə olunmalıdır. Ona görə ki, müstəqilliyin ilk illərində çoxları düşünürdü ki, kimsə gələcək, necə yaşamaq lazım olduğunu bizə göstərəcək, bizə kömək edəcək. O vaxt belə ələbaxımlıq hissi yaranmışdı. Lakin sonra anladıq ki, bizim taleyimiz öz əlimizdədir. Bu gün kimsə bizə təkidlə müəyyən kömək göstərmək istəyəndə biz buna həmişə kifayət qədər şübhə ilə yanaşırıq. Buna görə gənclər anlamalıdırlar ki, Azərbaycanın gələcəyi azərbaycanlıların özlərinin, Azərbaycan vətəndaşlarının əlindədir. Gənclər müəyyən ideoloji təsirləri qiymətləndirərkən çox diqqətli olmalıdırlar. Başqa sözlə desək, gəncliyi kənar mənfi təsirdən qorumaq, mənim fikrimcə, bizim ideoloji işimizin başlıca istiqamətlərindən biridir. Eyni zamanda, bizim gənclik, əlbəttə, dünyaya, ən müasir, ən mütərəqqi dəyərlərin hamısına açıq olmalıdır. Ümumiyyətlə, qısaca desək, bizim idarəçilik formulumuz ondan ibarətdir ki, dövlət çox möhkəm ənənəvi köklərə əsaslanır. Azərbaycan xalqı bu ənənəvi dəyərlərlə yaşayıb, yaşayır və yaşayacaqdır. Biz ənənələrimizə, mədəniyyətimizə, dilimizə, dünyabaxışımıza sadiq olmalıyıq. Eyni zamanda, biz ölkəmizi modernləşdirmək, onun potensialını artırmaq, cəmiyyətimizin dünyəvi xarakterini möhkəmlətmək və bununla da fasiləsiz inkişafı təmin etmək üçün bütün ən yaxşı, mütərəqqi dəyərləri qəbul etməliyik. Biz ideal halda bu mənzərəni görmək istərdik. Biz buna çox cəhətdən nail olmuşuq, gələcəyin gəncləri isə öz fəaliyyətlərini məhz bu istiqamətdə qurmalıdırlar.

Həmçinin oxuyun

Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü – VİDEO

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. Azinforum.az həmin görüntünü təqdim …