Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Azərbaycan diaspor quruculuğunda məlum problemlərin həlli də XİN-də kadr islahatlarından sonra başlana bilər

Azərbaycan diaspor quruculuğunda məlum problemlərin həlli də XİN-də kadr islahatlarından sonra başlana bilər

Ermənistan-Azərbaycan sərhədində baş vermiş məlum silahlı toqquşma ilə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan dövlətinə və ordusuna dəstəyini bildirmək məqsədilə müxtəlif aksiyalar keçirib.

Rusiyada yaşayan bir qrup soydaşımız da Moskva şəhərindəki Azərbaycan səfirliyinin binası önünə gəlib. Moskvanın müvafiq qurumları ilə razılaşdırılmayan və pandemiya vaxtı baş tutmuş toplantıya səfir Polad Bülbüloğlunun xahişi ilə yerli hüquq-mühafizə orqanları müdaxilə etməyib və yığışan şəxslərə öz mövqelərini bildirmək üçün imkan yaradılıb. Səfir Polad Bülbüloğlu həmyerlilərimizlə görüşərək soydaşlarımıza göstərdikləri vətənpərvərlik və dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, son günlər Rusiyada yaşayan azərbaycanlılardan səfirliyə çoxlu sayda müraciətlər daxil olur. Onların hər birində həmyerlilərimiz ordu sıralarına qatılmağa və müharibəyə hazır olduqlarını bildirirlər. Polad Bülbüloğlu bu haqda ölkəmizin müvafiq qurumlarına məlumat verdiyini diqqətə çatdırıb.

ABŞ-da yaşayan soydaşlarımız da Vaşinqtonda Ermənistan səfirliyinin qarşısına toplaşaraq baş verənlərə öz hiddət və kəskin etirazlarını bildiriblər. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını, erməni təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini, müxtəlif şüarların yazıldığı plakatları tutan soydaşlarımız Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himnini oxuyublar.

Aksiya ərzində tədbir iştirakçıları “Yaşasın Azərbaycan!” “Yaşasın millətimiz!”, “Yaşasın dövlətimiz!”, “Yaşasın birliyimiz!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını ifadə ediblər.

Moldovada yaşayan azərbaycanlılar da ölkəmizin Kişinyovdakı səfirliyinə gələrək ordumuza və Prezidentə dəstəklərini ifadə ediblər. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib ki, azərbaycanlılar səfirliyə gələrək, Azərbaycan Ordusunun və Prezidentinin yanında olduqlarını bildirdilər:

“Soydaşlarımızı səfirlikdə qəbul etdik, səmimi bir ortamda fikir mübadiləsi apardıq. Diasporumuzun fəal üzvləri olan azərbaycanlılar bildirdilər ki, Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan hiddətləniblər. Onlar, həmçinin, Prezident İlham Əliyevin çıxışlarını, o cümlədən Nazirlər Kabinetinin iclası zamanı etdiyi çağırışı dinləyiblər. Soydaşlarımız bildirdilər ki, ordumuza və Prezidentimizə dəstək məqsədilə könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələri tərkibində erməni işğalçılarına qarşı döyüşməyə hazırdırlar. Onlar rəsmi qaydada könüllü olaraq orduya getmək üçün müraciətlər etdilər, səfirliyin bunu rəsmiləşdirməsini istədilər, lazım olan anda Vətənə yola düşməyə hazır olduqlarını bildirdilər. Biz həmin şəxslərin müraciətlərini qəbul etdik və müvafiq dövlət qurumlarına təqdim edəcəyik”.

Dünya ölkələri arasında ən çox soydaşımızın yaşadığı İrandan da  dəstək mesajları gəlməyə başlayıb. Həmin ölkədəki soydaşlarımız, gecə olmasına baxmayaraq, balkonlara çıxaraq, Tovuzda düşmən təxribatının qarşısını sərt şəkildə alan Ordumuza dəstək üçün “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarı səsləndiriblər.

Gürcüstanda yaşayan soydaşlarımızdan da ciddi dəstək gəlməkdədir. Qonşu ölkədəki azərbaycanlılar “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinə qədər gələrək Milli Ordumuza dəstək ifadə ediblər. Əsasən gənclərdən ibarət olan onlarla soydaşımız sərhədin açılmasını, onların da Azərbaycana gələrək döyüşlərə qatılmasına şərait yaradılmasını istəyiblər.

Finlandiya Azərbaycanlıları Assosiasiyası Ermənistan-Azərbaycan dövlət sərhədində ermənilərin törətdiyi təxribatlara etiraz bəyanatı yayıb. Assosiasiyanın həmsədri Arzu Oqtay bildirib  ki, vətənimizin bu dar günündə Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək üzərimizə düşən vətəndaşlıq borcumuzu yerinə yetirməliyik, bu müharibədə kənarda qalmamalıyıq:“Azərbaycanın hər bir vətəndaşı üçün bir ucalıq var – Vətən ucalığı, bir müqəddəslik var – Vətən müqəddəsliyi, bir and var – Vətən andı. Bu anda sadiq olaraq bütün beynəlxalq qurumlara etirazımızı bildirib, Ermənistanin təcavüzkar hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirik”.

İsveç Krallığının Geteborq şəhərində yaşayan soydaşlarımız maşın karvanı və Azərbaycan bayraqları ilə əsgərlərimizə və xalqımıza dəstək məqsədilə həmrəylik yürüşü təşkil ediblər. Yürüşdə iştirak edən həmyerlilərimiz səfərbərlik olacağı təqdirdə savaşa hazır olduqlarını bildiriblər. Aksiyaya qatılanlar Ermənistan ordusunun Tovuza hücumlarını pisləyib, bu gün birlik, həmrəylik vaxtı olduğunu deyiblər. İsveçdə yaşayan azərbaycanlılar səfərbərlik olacağı təqdirdə hər zaman Qarabağ uğrunda savaşa hazır olduqlarını bəyan ediblər. Yürüşdə  İsveç Krallığının Partille bələdiyyə məclisinin üzvü Turan Əliyev də iştirak edib.

Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” idman klubunun ofisində keçirilən toplantıda Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv olan diaspor təşkilatlarının, eləcə də Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin nümayəndələri iştirak edib. Toplantı iştirakçıları Ermənistan silahlı qüvvələrinin hərbi təxribatını pisləyən bəyanatların ingilis və Niderland dillərində yayılması, bütün beynəlxalq qurumlara göndərilməsi, erməni vəhşiliyini ictimaiyyətin diqqətinə çatdırmaq üçün Ermənistan səfirliyinin və Niderland Parlamentinin qarşısında etiraz aksiyaları təşkil edilməsi (mövcud pandemiya qaydalarını pozmamaq şərtilə), Azərbaycan Ordusuna maddi və mənəvi dəstək göstərilməsi barədə qərar qəbul edib. Diaspor nümayəndələrimizin Azərbaycanla həmrəylik aksiyası keçirdikləri ölkələrin sayını uzatmaq da olar. 

Belə müdafiə  aksiyalarının ölkəmiz  üçün nə kimi əhəmiyyəti var və XİN-də baş verən islahatlardan sonra diaspor quruculuğunda hansı irəliləyişlərin şahidi ola bilərik?

Diaspor Press İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  xaricdəki diaspor və lobbi təşkilatlarımız yalnız  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərmir:“Həmin təşkilatlar, həmçinin, Azərbaycanın maraqlarının yaşadıqları ölkələrdəki dövlət və digər  qurumlarında təmin edilməsi istiqamətində də ciddi işlər görürlər. Tovuz hadisələri göstərdi ki, Azərbaycan diasporu lazım olan anda bir bayraq altında birləşməyi bacarır. Dünyanın ən önəmli ölkələrindəki diaspor təşkilatlarımız tərəfindən  Azərbaycana ciddi dəstək ifadə olundu. Bu aksiyalar bir daha göstərdi ki, biz artıq erməni diasporundan daha güclü təşkilatlanmağı bacarırıq. Etiraf edək ki, əvvələr biz bu göstəricilərə görə erməni diasporundan geri qalırdıq.  Mən bu tədbirlərin sırasında Polşadakı diasporumuzun keçirdiyi aksiyaya erməni müdaxiləsindən danışmaq istərdim. Ordakı ermənilər ölkəmizin səfirliyi önündə təxribat törədib, bayrağımızı yandırmağa çalışdılar. Onların qarşısı Polşadakı azərbaycanlı gənclər tərəfindən ən sərt şəkildə alındı və diplomatik missiyamız həmin gənclər tərəfindən qorunmağa başladı. Ermənilər binanın heç 10 metrliyinə də yaxınlaşa bilmədilər. Avropadakı digər diaspor təşkilatlarımız yaşadıqları ölkələrin ictimai rəyinə təsir edən bəyanatlarla çıxış etdilər. Onların bir neçə dildə yerli media və sosial şəbəkələrdə yayılmasına nail oldular. Eyni zamanda, həmin bəyanatlar diasporlarımızın təmsil olunduğu dövlətlərin rəsmi qurumlarına da göndərildi. Biz bu cür addımlarla qürur duyuruq. Çox sevindirici haldır ki, Azərbaycan KİV-ləri  bu yöndə diaspor təşkilatlarımıza ciddi dəstək verir. Onların atdıqları vətənpərvər addımların mediada təbliği həmin qurumları daha da həvəsləndirir. Əvvəllər də belə addımlar atılırdı. Ancaq biz təəssüflə qeyd etməliyik ki, bəzən eyni şəhərdə bir-birilə gərgin münasibətlərdə olan bir neçə diaspor təşkilatımız fəaliyyət göstərirdi. Son iki il ərzində əlaqədar dövlət qurumunun dəstəyilə bir çox ölkələrdəki ziddiyyətlər aradan qaldırılıb. Diasporumuzun bir çətir altında fəaliyyəti təmin edilib. Xarici ölkələrdə yaradılan Koordinasiya Şuraları və Azərbaycan Evləri  soydaşlarımızı ciddi mobilizasiya edir. Son hadisələrdə biz bunun effektini gördük. Əmin olduq ki, diasporumuz lazımi anda vahid platformada tez birləşə bilir”.

Ekspertin sözlərinə görə, diasporumuz həm də aparılan informasiya savaşında düşmənə sarsıdıcı zərbələr vurur: “Yaşadıqları ölkələrin sosial şəbəkələrə aid seqmentində onların göstərdiyi fəaliyyəti xüsusi qeyd edə bilərik. Tam əminliklə deyə bilərik ki, bizim ordumuzun bir batalyonu da diasporumuzdu. Onlar istər informasiya sahəsində, istərsə də əllərinə silah götürüb həqiqi müharibədə hər an iştirak etməyə hazırdılar. Ölkə rəhbərliyinə göndərilən məktublardan gördük ki, nə qədər diaspor nümayəndəmiz  istənilən vaxt gəlib vətənin müdafiəsində vuruşmağa hazır olduğunu bəyan edib. Mən əminəm ki, Ali Baş Komandanın bir əmri ilə həmin gənclər ordumuzun ön sıralarında durmağa hazırdırlar”.

Toğrul Allaherdili bildirdi ki, disporun fəliyyəti bizim XİN-lə ciddi koordinasiya olunmalıdır:“Xarici ölkələrdəki səfirliklərimiz bu istiqamətdə ciddi təşkilatılıq missiyasını yerinə yetirməlidir. Təəssüflə qeyd edim ki, bu sahədə ciddi problemlər mövcud idi. Bunların bəzilərini dilə gətirsək də, umumi dövlət maraqlarına görə bəzilərini ictimailəşdirmirdik. Cənab Prezidentin özü də XİN-in yarıtmaz fəaliyyətini ciddi tənqid etdi. Artıq orda nazir də dəyişilib. Ümidvarıq ki, bu yeniliyin diasporumuzun problemlərinin həllinə ciddi dəstəyi olacaq. Bəzən olurdu ki, bir çox ölkələrdəki səfirliklərimiz Azərbaycan diasporunun layiqli övladlarını incidirdi. Anım, bayram günlərində onlar səfirliklərə buraxılmırdı. Bunun ən başlıca səbəbi səfirlərimizin öz şəxsi işlərinə, maraqlarına daha çox zaman ayırması ilə bağlı idi. Dünya azərbaycanlılarının  lideri İlham Əliyevin etdiyi tənqidi çıxışdan məlum oldu ki, onun bütün neqativliklərdən xəbəri var. Əminəm ki, XİN-dəki islahatlar dalğası xarici ölkələrdəki səfirliklərimizi də əhatə edəcək. Bundan sonra səfirliklərimiz diaspor təşkilatlarımızla daha sıx koordinasiyada işləyəcək, onların problemlərinin həllində yaxından iştirak edəcəklər”.

Doğrudan da belə həssas məqamda xaricdəki soydaşlarımızın atdıqları addımlar bizi qürurlandırdı. Ümidvarıq ki, ölkənin dövlət qurumlarında aparılan diasporumuzun fəaliyyətinə dəstək ola biləcək islahatların xaricdəki soydaşlarımızın daha effektiv işləmələrinə ciddi təsiri olacaq.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Həmçinin oxuyun

İlham Əliyev Paşinyanla görüşünün mümkün olduğunu AÇIQLADI

“İndi yerdə vəziyyət dəyişib. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, …