Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Aktual / Azərbaycan BMT-yə komissiya yaradılması üçün müraciət edə bilər

Azərbaycan BMT-yə komissiya yaradılması üçün müraciət edə bilər

Azərbaycan 2020-ci ildə Qarabağda başlatdığı təmizləmə əməliyyatını davam etdirir.

Dekabrın 3-dən Laçın-Xankəndi yolunda azərbaycanlı ekoaktivistlərin dinc aksiyası fasiləsiz olaraq davam edir. İllərdir işğal nəticəsində ərazilərimizin təbii sərvətləri Ermənistan tərəfindən qanunsuz istismar olunur. Azərbaycanın tələblərindən biri də budur ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki təbii ehtiyatların monitorinqinin aparılmasına şərait yaradılsın və dəymiş zərər müəyyən edilsin. Qarabağ ərazisində qiymətli metal yataqları əsasən Ağdərə rayonunda yerləşir. Burada “Qızılbulaq” qızıl, “Dəmirçi” mis-molibden və digər yataqlar mövcuddur.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların etirazı artıq nəticəsini verməyə başlayıb. Belə ki, Qarabağdakı mədənlərdə qanunsuz qazıntı işləri həyata keçirən və ekologiyanı korlayan “Base Metal” şirkəti həmin ərazidəki fəaliyyətini dayandırdığını açıqlayıb.

Maraqlıdır, işğal faktoru işğalçı dövlətə bu ərazilərdəki təbii ehtiyatları istifadə etmə hüququ verirmi?

İqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova Teleqraf.com-a bildirib ki, beynəlxalq hüquqda işğal ərazinin hərbi nəzarətə götürülməsi kontekstində başa düşülür.

Ekspert qeyd edib ki, işğal faktoru işğalçı dövlətə ərazi üzərində suverenlik hüququ vermir: “İşğal müvəqqəti bir statusdur, işğalçı dövlətin işğal olunmuş ərazini effektiv nəzarətə götürməsidir. Məsələn, işğalçı dövlət işğal olunmuş ərazilərdəki məhkəmə sistemini və ya qüvvədə olan qanunları dəyişdirə bilməz. Bölgədəki resursların isə orada yaşayan xalqın ehtiyaclarının ödənilməsi üçün istifadəsinə icazə verilir, istismarına deyil. İşğal olunmuş torpaqlardakı təbii ehtiyatları lazım olduğundan artıq istismar etmək işğal qədər qanunsuzdur.

Beynəlxalq hüquqa zidd hər bir hərəkət, zərər və ya səbəb-nəticə əlaqəsi beynəlxalq məsuliyyətin yaranmasına gətirib çıxarır. Yəni, dövlətin beynəlxalq hüququ pozan hər bir hərəkəti beynəlxalq məsuliyyətə səbəb olur. Zərər vuran tərəfin vurduğu zərəri lazımi qaydada kompensasiya etmək öhdəliyi beynəlxalq hüququn fundamental prinsiplərindən biridir.

Beynəlxalq təcrübədə zərərin aradan qaldırılmasının üç metodu var: bərpa (restitution), təzminat (compensation), mənəvi kompensasiya (satisfaction). Bərpa (restitutio in integrum) vəziyyət imkan verdiyi ölçüdə qanunsuz əməlin bütün nəticələrinin aradan qaldırılması və əvvəlki vəziyyətin bərpa edilməsidir. Bərpa mümkün olmadığı və ya fayda gətirməyəcəyi hallarda təzminat metodu seçilir.

BMT-nin Beynəlxalq Hüquq Komissiyasının hazırladığı “Dövlətlərin beynəlxalq hüquqazidd əməllərinə görə məsuliyyəti” haqqında maddələr Layihəsinin 36-cı maddəsinin 2-ci bəndində deyilir ki, maliyyə baxımından qiymətləndirilə bilən hər cür zərər (financially assessable damage) kompensasiya edilməlidir. Bu səbəbdən də, beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycana dəymiş zərər hesablanmalı, lazım gələrsə, faiz də hesablanaraq təzminat miqdarı müəyyən edilməlidir. Beynəlxalq təcrübədə kompensasiyanın məqsədi mümkün qədər zərərin tam ödənilməsidir (full compensation / full reperation). Başqa sözlə, kompensasiyanın məbləği zərərdən az olmamalıdır. Lakin praktikada əksər hallarda zərəri tam və tamamilə aradan qaldırmaq mümkün olmadıqda operativ, adekvat və effektiv kompensasiya (prompt, adequate and effective compensation) prinsipinə müraciət edilir”.

Analitik deyir ki, dəymiş maddi ziyanı aradan qaldırmaq üçün beynəlxalq məhkəmə və arbitraj kimi hüquqi yollar, o cümlədən diplomatik və konsulluq əlaqələri çərçivəsində danışıqlar kimi siyasi yollar izlənməkdədir: “Azərbaycan da kompensasiya tələbi ilə bağlı mübahisəni beynəlxalq məhkəmə qarşısında qaldıra bilər. Bundan əlavə, Azərbaycan və Ermənistan zərəri müəyyən etmək və kompensasiyanı hesablamaq üçün öz aralarında razılaşma ilə ad hoc məhkəmə və ya arbitraj komitəsi yarada bilər.

İran-ABŞ İddia Məhkəməsini misal göstərə bilərik. Hansı ki, bu məhkəmə 1979 İran inqilabi hərəkatından irəli gələn iddiaları, xüsusən də əcnəbilərin əmlakına dəyən zərər, qazanc itkisi və iki dövlət arasında ticarət mübahisələrinə dair iddiaları yekunlaşdırmaq üçün yaradılmışdı. Yəni, tərəflər kompensasiya edilməli olan zərərin həcmini müəyyən etmək və bu zərərlə bağlı iddiaları araşdırmaq və həll etmək üçün xüsusi məhkəmə (ad hoc) təsis etmişdilər.

Digər bir nümunə, BMT-nin Kompensasiya Komissiyasıdır. Bu Komissiya 1990-cı ildə İraqın Küveyti işğalı nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının köməkçi orqanı olaraq yaradılmışdı. Nəticədə İraq şəxslərə, şirkətlərə və hökumətə dəyən zərəri kompensasiya etmək üçün 52,4 milyard dollar təzminat ödədi. Ödənilən ən yüksək təzminatın da, Küveyti tərk edən İraq əsgərlərinin Küveyt Neft Şirkətinin obyektlərini yandırması nəticəsində yaranan 14,7 milyard dollar məbləğində təzminat olduğu bildirilir. Bu baxımdan, Azərbaycan da BMT Təhlükəsizlik Şurasına bənzər komissiyanın yaradılması üçün müraciət ünvanlaya bilər”.

Vüsalə Əhmədovanın müşahidələrinə əsasən, praktikada ödəniləcək kompensasiyanın məbləğinin diplomatik danışıqlar və yazışmalar yolu ilə birbaşa tərəflər arasında müəyyən edildiyi hallar da mövcuddur: “Belə hallarda dövlətlər öz aralarında ödənəcək məbləğ barədə razılığa gəlirlər, bu, “exgratia” ödənişləri adlanır. 1967-ci ildə “U.S.S. Liberty” adlı Amerika kəşfiyyat gəmisinin İsrail hərbi hava qüvvələri tərəfindən vurulması hadisəsini nümunə göstərə bilərik. Hadisə nəticəsində insan tələfatı, yaralanmalar və gəmiyə dəyən ciddi ziyan üçün ABŞ İsraildən təzminat tələb etmişdi. Tərəflər arasında aparılan danışıqlar nəticəsində İsrail 7 milyon ABŞ dolları məbləğində təzminat ödədi.

“Exgratia” ödənişləri ilə bağlı əsas məqam ondan ibarətdir ki, bu ödənişlərin məbləği dövlətlər arasında siyasi və diplomatik danışıqlar nəticəsində müəyyən edilir. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında bu qəbildən danışıqların nəticə verə biləcəyini düşünmürəm və bu metod bir qədər istisna olunur. Kompensasiyanın hesablanması zamanı beynəlxalq hüquq pozuntusunun hələ də davam edib-etməməsi də nəzərə alınmalıdır”.

Ekspert işğal altındakı ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərə də diqqət çəkib: “Bəzən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən işğal olunmuş müxtəlif ərazilərdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin adları ifşa olunan qara siyahılar hazırlanır. Ancaq təəssüf ki, “soft law” olaraq nəzərdən keçirilən bu sənədlərin beynəlxalq hüquq baxımından sanksiya qüvvəsi yoxdur. Sadəcə hökumətlərə bu şirkətlərin ölkələrində fəaliyyətinə icazə verməmələri üçün çağırışlar edilməsi ilə kifayətlənir.

Düşünürəm ki, Qarabağda qanunsuz fəaliyyət göstərən xarici şirkətlərlə bağlı beynəlxalq arbitraj məhkəməsinə müraciət yolları araşdırılmalıdır. Təbii sərvətlərin talan edilməsi Qarabağda yaşanan hüquq pozuntularından yalnız bir qismidir. İşğal nəticəsində minlərlə insanın hüquqları pozulub, Cenevrə Konvensiyalarının kobud şəkildə pozulma halları baş verib, o cümlədən şəxsi və dövlət əmlakına, mədəni irsə külli miqdarda ziyan vurulub. Bunlar ayrılıqda araşdırma tələb edir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Teleqraf.com-a bildirib ki, ictimai fəalların, könüllərin, jurnalistlərin erməni vandalizminə qarşı ortaya qoyduğu iradə və fədakarlıq yüksək dəyərə layiqdir.

Deputat qeyd edib ki, Laçın-Xankəndi yolunda ekoaktivistlərin dinc aksiyası Azərbaycan xalqının iradəsini ifadə edir: “Heç şübhəsiz, hər birimiz bu prosesi izləyirik və bütün varlığımızla aksiya iştirakçılarının yanındayıq. Bu iradə 44 günlük Vətən müharibəsində özünü təsdiq edib. Cənab Prezident İlham Əliyevin qətiyyəti, barışmaz mövqeyi də bəllidir. Burada hər hansı bir güzəştdən söhbət gedə bilməz. Azərbaycan ərazisində erməni vandallarını sırada çıxarmayana qədər sakit dayanmayacağıq. Azərbaycanın bütün ərazilərində, yəni indiki Xankəndi və onun ətrafında suverenliyimizi təmin etməyənə qədər onlara qarşı mübarizəmiz səngiməyəcək. Bu iradəmiz yenilməzdir”.

Fəzail Ağamalının sözlərinə görə, ictimai fəalların fasiləsiz aksiyası bir hərəkat xarakteri daşıyır: “Bu, 1988-ci ildə meydanda 19 gün davam edən ümumxalq hərəkatının analoqudur. O zaman Azərbaycanın mərd oğlan və qızlarının keçirdiyi aksiyada tələbləri təkcə Topxana meşəsində vəhşiliyə son qoymaqla məhdudlaşmırdı. Aksiyada eyni zamanda Azərbaycanın suverenliyi və ölkədəki separatizmə son qoymaq, hətta milli azadlığın ayrı-ayrı elementləri də öz əksini tapmışdı. Bu hadisələrin iştirakçısı kimi deyə bilərəm ki, sovet ittifaqının çökməsində və ittifaqda yaşayan xalqların milli azadlıq hərəkatına həmin meydan hərəkatı çox müstəsna təsirini göstərdi. Eyni şəkildə Laçın-Xankəndi yolunda azərbaycanlı ekoaktivistlərin keçirdiyi dinc aksiya da Azərbaycan xalqının iradəsini ifadə edir. Bu aksiya təbii sərvətlərimizin talan edilməsinin nəinki qarşısını alacaq, həm də həmin ərazidə suverenliyimizin təmin olunmasında əhəmiyyətli töhfə verəcəkdir. Artıq bu aksiyanın ilk nəticəsi ortadadır”.

Deputat deyir ki, Qarabağda talançılıqda fəaliyyət göstərən “Beys Metals” şirkəti qanunsuz fəaliyyətlərinə başqa don geyindirməyə çalışırlar: “Amma bu, belə deyil. Azərbaycanın ictimai fəalları havanın şaxtalı olmasına baxmayaraq, yüksək əhval-ruhiyyə ilə gecə-gündüz fasiləsiz aksiya keçirirlər və öz mövqelərində sonuna qədər dayanırlar. Bu aksiyanın xalqımız tərəfindən müdafiə olunması Azərbaycanın sərvətlərini qanunsuz talayanları geri çəkilməyə məcbur edib. Məsələnin başqa bir tərəfi də var. Aksiya iştirakçıları bu yataqlardan çıxarılan qiymətli metalların Ermənistana daşınmasının qarşısını alıblar.

Artıq bu talançı şirkətin çıxardığı faydalı qazıntıları emalı üçün Ermənistana göndərə bilmir. Bu, igid övladlarımızın ilk qələbəsi kimi qiymətləndirilməlidir. Düşünürəm ki, proses bununla kifayətlənməyəcək. Biz sona qədər gedəcəyik”.

Fəzail Ağamalı əminliklə bildirib ki, Azərbaycan Qarabağda ermənilərin qanunsuz fəaliyyətlərinin, eləcə də icazəsiz səfərlərinin qarşısını alacaq: “Bu məqsədlə Laçın yolunun girişində Azərbaycanın Sərhəd Qoşunlarının, Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyinin birgə nəzarət-buraxılış məntəqəsi yaradılacaq. Düşünürəm ki, növbəti mərhələdə başlıca diqqəti beynəlxalq səviyyəli cinayətkar, dələduz erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanı bölgədən uzaqlaşdırmaq olmalıdır. Onun haqqında cinayət işi açılmalıdır. Əgər təkidlə uzaqlaşdırmaq imkanı olmasa, onda digər üsullardan istifadə edib onu Azərbaycan qanunları qarşısında istintaqa cəlb etmək lazım gələcək. 2020-ci ilin sentyabrında başladığımız təmizləmə əməliyyatı davam edir. Ümidvaram ki, 2023-cü ildə bu istiqamətdə əhəmiyyətli uğurlara imza atacağıq”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.

Həmçinin oxuyun

Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı… – Açıqlama

“Türkiyədə baş vermiş güclü zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını təsiri yoxdur. Bu zəlzələ ölkədəki zəlzələ ocaqlarını …