Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Aktual / Azər Paşa Nemətov Teatr Xadimləri İttifaqının sədri, Hacı İsmayılovla Rafiq Əliyev isə müavin seçildi

Azər Paşa Nemətov Teatr Xadimləri İttifaqının sədri, Hacı İsmayılovla Rafiq Əliyev isə müavin seçildi

Oktyabrın 22-də Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib. 
Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, “Park Inn” hotelində keçirilən tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov iştirakçıları salamlayaraq məlumat verdi ki, konfransa seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak etmir.
Hesabatlara başlamazdan əvvəl iştirakçılara Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini əks etdirən geniş videoçarx nümayiş etdirilib.
Videoçarxın nümayişindən sonra hesabat dövründə dünyasını dəyişmiş sənət adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATXİ İdarə heyətinin sədri Azər Paşa Nemətovun təklifi ilə 3 nəfərdən ibarət mandat komissiyası seçilib.
İclası aparmaq üçün professor, Əməkdar incəsənət xadimi İlham Rəhimli yekdilliklə sədr seçilib.
Sonra Teatr Xadimləri İttifaqının Azər Paşa Nemətov hesabat məruzəsi ilə çıxış edib. 
İclasın sədri İlham Rəhimli “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının əhəmiyyəti qeyd edərək, proqramın həyata keçirilməsində Mədəniyyət Nazirliyinin böyük rolunu vurğulayıb. 
Sonra çıxış üçün söz Mədəniyyət naziri Əbülfəs Qarayevə verilib.
Azərbaycanda teatr sənətinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu deyən nazir teatrlarımızın yaradıcılıq fəaliyyətinin, beynəlxalq əlaqələrinin genişlənməsinin də diqqətdə saxlanıldığını vurğulayıb, ötən son ildə müvafiq dövlət  proqramının necə yerinə yetirildiyi barədə geniş danışıb. 
Bildirib ki, bu gün artıq qarşıdakı on il üçün milli teatr prosesinin necə gedəcəyi barədə düşünməliyik. 
“Peşəkar teatr bundan sonra necə inkişaf edəcək, milli irs, dəyərlər, adət-ənənələr bu sənətdə necə qorunacaq,  eksperimentlər necə aparılacaq kimi suallara cavab vermək, bütün bunların növbəti on il ərzində işləyəcək teatr proqramda əks etdirilməsi barədə düşünmək və həyata keçirilməsi üzərində çalışmaq lazımdır.  “Teatr cəmiyyətin aynasına çevrilməlidir”, –  deyən nazir Əbülfəz Qarayev Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirib.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar başlayıb.
Bakı Xoreoqrafiya Akademiyasının professoru Rafiq Sadıqov, ADMİU-nun kafedra müdiri, dramaturq Əli Əmirli, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissor-aktyoru Xalq artisti Kamran Quliyev, Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev, ADMİU-nun dosenti , Əməkdar artist Azad Şükürov, Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova, ATXİ Gənclər bölməsinin rəhbəri, teatrşünas Dağlar Yusifov hesabat məruzəsi ətrafında çıxış edərək ittifaqın və ATXİ İdarə heyəti sədrinin fəaliyyətini müsbət, təşrif komissiyasının işini məqbul qiymətləndiriblər.
Fasilədən sonra ATXİ İdarə heyətinin sədri, üzvləri, habelə təftiş komissiyası heyəti ilə bağlı səsvermə keçirilib. 
Açıq səsvermə yolu ilə Xalq artisti, professor Azər Paşa Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçilib.
Sonra təftiş komissiyası əvvəlki heyətdə təsdiq edilib.
ATXİ İdarə heyətinin sədrinin müavinlərini və İdarə heyətinin tərkibini elan etmək üçün tribunaya qalxan sədr Azər Paşa Nemətov əvvəlcə etimada görə konfrans nümayəndələrinə minnətdarlığını bildirdi: “Sizin etimadınız o deməkdir ki, mənim həyatım boş keçməyib”.
Hacı İsmayılov və Rafiq Əliyev sədrin müavinləri, Hacı İsmayılov, Rafiq Əliyev, Cənnət Səlimova, Siyavuş Kərimi, Azər Zeynalov və İlham Rəhimli yekdilliklə idarə heyətinin üzvü seçiliblər.

Həmçinin oxuyun

Kərəm Həsənov biznes üçün Antaliyaya gedib – Komitədən cavab: “Cəfəngiyyatdır”

Rəhbərlik etdiyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildikdən sonra Kərəm Həsənov Türkiyənin Antaliya …