Cümə , Aprel 26 2024
Ana səhifə / Aysel Əlizadə: “Xoşbəxtlik müğənnilikdən uzaqlaşmaqdadırsa…” 

Aysel Əlizadə: “Xoşbəxtlik müğənnilikdən uzaqlaşmaqdadırsa…” 

Müğənni Aysel Əlizadə ilə xeyriyyə tədbirlərinin birində bir araya gəldik. Musavat.com saytının suallarına cavab verən müğənni ilə söhbətə tətil planlarından başladıq:
– Artıq yayın son ayını yaşayırıq. Sənət dostlarınızın çoxu artıq istirahətdədir. Sizin istirahət planlarınız varmı?
– Hələ ki, istirahətə getməmişəm. Başım işlərə qarışıb. Önümüzdəki günlərdə tətil planı quracağam. Hara gedəcəyim barədə konkret qərara gəlməmişəm. Qızlarla danışıb plan quracağıq.
– Yaradıcılığınızda hansısa yenilik var, yoxsa payız aylarına saxlamışınız?
– Bəzən tənbəllik etsəm də, daha çox yenilik tərəfdarı olan ifaçıyam. Az, amma keyfiyyətli olsun. Yeni mahnılar üzərində çalışıram. Yaradıcılıq işlərimi davam etdirirəm. İnşallah, sentyabrdan sonra hamısını təhvil verəcəyəm.
– Bəs, nə zaman solo konsert vermək istəyirsiniz?
– Hələ konsert vermək haqda düşünmürəm. Konsert vermək istəyirəm, doğru zamanı gözləyirəm. Gələcək planlarımda var. Qismət, nə zaman olsa, o zaman konsert proqramı ilə çıxış edəcəyəm. Adi və keyfiyyətsiz konsert etmək istəmirəm. İllər sonra verəcəyim konsert də maraqlı, yaddaqalan olmalıdır.
– Konsert verməməyinizin səbəbi maddiyyatdır, yoxsa özünüzü hazır hiss etmirsiz?
–  Nə maddiyyat, nə də hazır hiss etməməkdir. Hələ ki, istəmirəm. Zamanı gələndə o da olacaq.
– Əksər müğənnilər konsert biletlərini paylayır. Onlara münasibətiniz necədir?
– Bu məsələ qlobal problemə çevrilib. Biletləri paylamaqdansa, konsert verməmək daha məqsədəuyğundur. Onlara nə deyə bilərəm, salon boş qalmaqdansa, paylamaq yaxşıdır. Bəzən biletləri konsertə gəlmək istəyən, amma imkanı çatmayan şəxslərə paylayırlar. Burada qəbahət yoxdur.
– Son zamanlar daha çox şəxsi həyatınız ilə gündəmə gəlirsiniz. Tezliklə evlilik olacaqmı?
– Şəxsi həyatım haqda çox danışmışam. Artıq bir müddət susacağam, şəxsi həyatım barədə nə isə danışmaq istəmirəm. Nə zaman yenilik olarsa, bunu mediadan gizlətməyəcəyəm.
– Tez-tez Türkiyəyə gedirsiniz. Deyirlər ki, sevgiliniz orada yaşayır. Doğrudurmu?
– Türkiyəyə getməyimin səbəbi kiminləsə bağlı deyil. Türkiyəyə ya işlərimlə bağlı, ya da istirahət üçün gedirəm. Çünki orada daha rahat istirahət edirəm.
– Son vaxtlar “İnstagram”da hədiyyələrin fotosunu paylaşmaq dəb halını alıb. Siz də o müğənnilərdənsiniz. Son olaraq isə sevgilinizin aldığı boyunmağı haqda mətbuatda məlumat yayılmışdı… 
– Heç bir şəxsi hədiyyəmin fotosunu “İnstagram” səhifəmdə yerləşdirməmişəm. Dost-tanışların aldığı hədiyyələri paylaşıram. Şəxsi hədiyyələrimi sosial şəbəkəyə yerləşdirməyə gərək yoxdur. Hansısa məclisdə saytlar çəkirlər və mətbuatda yayımlayırlar. Ona görə də insanlar xəbərdar olurlar. Biz daim diqqət mərkəzindəyik, yalan danışmaq da istəmədiyim üçün media nümayəndələrinə hədiyyəni kimin aldığını deyirəm. Yoxsa, müzakirə obyektinə çevrilmək istəmirəm.
– Müsahibələrinizin bir neçəsində ailə qurduqdan sonra sənətdən getmək istədiyinizi dilə gətirmisiniz. Hələ də, eyni fikirdəsiniz? 
– Xoşbəxt ailəmin olmasını istəyirəm. Əlbəttə, illərlə çalışdığım, can yandırdığım sənətimi davam etdirmək arzusundayam. Amma xoşbəxtlik sənətdən getməkdirsə, bu addımı ataram. Ailə mənim üçün çox önəmlidir.
– Ana olmaq istəyirsiniz?
– Əlbəttə, ana olmaq istəyirəm. Hansı qadın istəməz ki? Dostlarım da bilir ki, ən böyük arzumdur.
– Uzun müddətdir ki, şou aləmdə durğunluqdur. Sizcə səbəb nədir?
–  Səbəb çox ola bilər. Hazırda isə yay aylarıdır. Son durğunluğun səbəbi budur.
– Müğənnilər axır vaxtlar vergi borcuna görə gündəmə gəlir. Hələ ki, Ayselin adı o siyahıda olmayıb. Vergi borcunu ödəməyənlərə münasibətiniz necədir? 
– Çox şükür ki, Vergilər Nazirliyi  ilə problemim yoxdur. Vaxtlı-vaxtında ödənişimi edirəm. Düşünürəm ki, bundan sonra da problem olmayacaq. Vergi ödəməyənlərə də tövsiyə edirəm ki, vergidən yayınmasınlar. Dövlət bunu tələb edirsə, ödəməliyik.
–  Dünya və ölkə gündəmini izləyirsinizmi?
–  Dünya və ölkə gündəmində baş verənləri izləməyə çalışıram. Zaman tapdıqca xəbər portallarına göz atıram. Mənə maraqlı gələn xəbərləri oxuyuram. Son olaraq Türkiyədə baş verən terror və hərbi çevrilişə cəhd məni çox üzdü. İnsanların terror qurbanı olmasını istəmirəm. Hamı xoşbəxtlik və sülh içərisində yaşasın.
– Ölkəmizdə sentyabrda referendum keçiriləcək. Bu haqda xəbəriniz varmı? 
– Xəbərim yoxdur. Referendumun keçiriləcəyi barədə məlumata rast gəlməmişəm.
– İndi xəbərdar oldunuz, səsvermədə iştirak edəcəksinizmi?
– Allah izn versə, səsvermədə iştirak edəcəyəm. Ölkəmiz üçün ən yaxşısının olmasını istəyirəm. Sülh, əmin-amanlıq olsun, xalqımız xoşbəxt yaşasın.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın