Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “Aygün nazirin oğlu və gəlinindən danışa bilirsə… ” – Maqazin klubu

“Aygün nazirin oğlu və gəlinindən danışa bilirsə… ” – Maqazin klubu

Maqazin Klubu

Son ayda Bakıda “Formula 1” yarışları keçirildi.Tamaşaçılar üçün təşkil olunan əyləncələrdə 3 dünya ulduzu – Enrikie İqlesias, Farel Uilyams və Kris Braun çıxış etdi.Onların səhnə performansından başqa tamaşaçılarla münasibəti də diqqətçəkici idi.Enrikenin onu səhnədə qucaqlayan qızı mühafizəçilərdən qoruması məsələnin ayrı tərəfi olsa da, bir çoxlarının ağlına bizim yerli ulduzların o vəziyyətdə nə edəcəyi gəldi.Bizim müğənnilər böyük konsertlərdən, albomlardan pul toplaya bilmirlər.

Bu, onların şanssızlığıdır.Nə qədər uğurlu mahnı buraxsalar da, sosial mediada izlənmə sayı milyonları keçsə də, sənətçilərimizin tək gəlir yeri toylardır. Bütün bu məsələləri, şou-biznesi müzakirə etmək üçün üç jurnalist bir araya gəldik – Pərviz Sadıqov, Zəhra Əhmədova, Elvin Elxan

İlk mövzumuzu belə müəyyənləşdirdik: “Müğənnilər və media”

“Üç ay sonra çıxıb dedi ki, “mən övladımı itirmişəm, depressiyadayam””.

Pərviz:

– Ən son dediklərini boynuna almayan müğənni kim olub?

Zəhra:

– Bu yaxınlarda yadımda olan Rəqsanədir. O, artıq birinci, ya ikinci dəfə deyil, hər dəfə açıqlama verdikdən sonra dediklərini təkzib edir. Bu dəfə də belə etdi.Bir müddət əvvəl də “Qafqazinfo” yazmışdı ki, “Rəqsanə ana olacaq”. O da açıqlama yaydı, medianı da günahlandırdı ki, yazılanlar yalandır. Üç ay sonra çıxdı dedi ki, “Mən övladımı itirmişəm, depressiyadayam”. Bu yaxınlarda da “Axşam.az”a açıqlama vermişdi ki, “Qızım Yağmurun ayın 28-də ad günüdür”. Həmin gün digər qızı Aysuna nişan edəcək, üzük taxılacağını söyləmişdi. Bunun səsyazması da var. Amma yenə də zəng vurdu ki, “onu silin, mən bilməmişəm, belə demişəm”.Bu, medianı oyuncaq hesab etməkdir.

Elvin:

– Aysun demişkən, hadisələr elə göstərir ki, Rəqsanənin qızı ayrılıb. Çünki Aysunun sevgilisi artıq instaqramda bütün birgə fotolarını silib, yeni heç nə də paylaşmırlar.Rəqsanə çox zaman mediaya dediklərini təkzib edib.Bir neçə dəfə olub ki, öz dediklərini boynuna qoymaq olmayıb. Eləcə də, müğənni Ələkbərzadə bacıları… Onlar da media ilə düzgün münasibət qura bilmirlər

Zəhra:

– Elmira Ələkəbərzadənin həyat yoldaşı ilə fotolarını vermişdik. Neçə min insanın izlədiyi sosial şəbəkədəki paylaşımını xəbər etmişdik.Elmira xanım isə deyir ki, o fotonu götürərkən məndən icazə alınmalıdır.

Pərviz:

– Müğənnillər, ümumiyyətlə, başa düşməlidirlər ki, sosial mediadan foto götürmək, bunu xəbər etmək çox normaldır. Dünya mediasına baxsınlar, heç olmasa.Əgər istəmirsinizsə, dostluğunuzda jurnalist saxlamayın və profili gizli edin. Son məsələdə əksər jurnalistlərlə “Facebook”da mübahisə elədi, hamını blok elədi. Nəticədə, itirən, məncə, müğənni oldu.

“Bacısından xəbərsiz başqa bir sayta boşanma xəbərini “ekskluziv” olaraq vermişdi”

Elvin:

– Müğənni nə qədər itirir? Məsələn, yeni mahnısını təqdim etdi. Medianın hamısı olmasa da, bəziləri bunu xəbər kimi verdi. Amma hamısıyla münasibəti yaxşı olsaydı, mahnısı daha çox piar olunacaqdı.Sevda və Elmira Ələkbərzadələr media ilə sistemi düzgün qurmayıblar.Sevda Ələkbərzadənin boşanma xəbərində xəbəri ilk olaraq vermişdik, amma bacısı xəbəri təkzib etmişdi.Sevda xanım özü isə bacısından xəbərsiz başqa bir sayta boşanma xəbərini “ekskluziv” olaraq vermişdi.Sanki rusdilli sayta xəbər vermək xüsusi səviyyəli bir şeydir.

Pərviz:

– Məncə, Elmira və Sevda Ələkbərzadələr onsuz da mediaya heç vaxt yaxın olmayıblar.

Zəhra:

– Elmira xanım çox gözəl, mehriban insandır. Nə vaxt zəng vursaq, xoş, səmimi danışır.Amma son məsələlərdə Elmira xanım media ilə necə davranmalı olduğunu bilmədi.

Pərviz:

– Bəs, sizcə, media ilə münasibətlərdə nümunə ola biləcək adamlar kimdir?

Elvin:

– Yəqin hamı təsdiq edər ki, bu, Faiq Ağayevdir. Heç zaman kiminsə xətrinə dəymir.Etirazını da hətta çox mədəni şəkildə bildirir.Bəzi müğənnilər isə kobud formada biruzə verirlər.“Biz sizi məhkəməyə verəcəyik” deyənlər də var.

Zəhra:

– Hətta mövzu xoşuna gəlməyəndə sadəcə “növbəti sualınız” deyir.

Bu məsələ az sonra yenə qayıdacağıq. Bu arada yadımıza məhkəmə ilə jurnalistləri hədələyən tanınmışlar düşür.

Elvin:

– Aparıcı Alidə Mustafayeva doğru xəbəri təkzib etmişdi.

Zəhra:

– Telekanaldan ayrılması haqda xəbər vermişdik. Zəng vurdu ki, onu silin.Biz “əgər yalandırsa, açıqlama verin, olduğu kimi yazaq” dedik.Açıqlama da vermədi, təkzib də etmədi, hansısa səbəblərə görə silməyimizi istəyirdi.Deyir ki, “Mən icazə vermirəm media məndən yazsın”.

Pərviz:

– Hətta müəyyən təhdidlər də etdi. Alidə xanım özü jurnalistdir. Bizi daha yaxşı anlamalı idi… Qanundan və təhdidin nəticələrindən danışdıqdan sonra bildi ki, qarşısındakı heç də savadsız adam deyil. Xəbər də öz yerində qaldı, təkzib də olmadı…

Elvin:

– Məşhurlar deyirlər ki, “şəxsi həyatımızdan yazmayın”, amma bu ki şəxsi həyat deyil. İş yerindən ATV-dən çıxmısansa, bu, artıq ictimailəşdirilməlidir. Müğənnilər arasında da elələri var ki, kimə güvənirlərsə, xahiş əvəzinə tələb və təhdidlər edirlər.

Zəhra:

– Bu arada qeyd edim ki, son günlər Alidə xanımın ANS-ə keçməsi ilə bağlı xəbərlər də yayılıb. Yəqin qarşıdakı günlərdə bunun doğru ya yalan olduğunu bilərik. Bizim Səidə Dadaşova ilə də eyni problemimiz olmuşdu… Bütün mediada yayılan xəbəri silməyimizi istəyirdi.Müğənnilərlə, tanınmışlarla “iş işdir, dostluq dostluq” prinsipində çalışmaq lazımdır.

Elvin:

– Tam da razı deyiləm. Jurnalist hansısa müğənni ilə dostdursa, bütün günü bir yerdədirsə, onun həyatı ilə bağlı etiraflarını xəbər etməsi doğru deyil (gülür).

Zəhra:

– Təbii ki. O zaman biz nə xəbərlər verərdik

Gülürük

“Müğənnilərin çoxunun himayədarı var”

Pərviz:

– Bəzi jurnalistlərin tanınmışlardan qorxusu var.

Elvin:

– Onlardan yox, onların himayədarlarından. Çünki hər biri kiməsə güvənir.

Pərviz:

– Keçən il müğənnilərdən biri mediaya deyirdi ki, “Siz bizimlə özünüzü gündəmdə saxlayırsız. Biz olmasaq..”. Amma tam əksinin olduğunu hər kəs bilir. Media olmasa idi, bəzi müğənnilər kiçik kafelərdən heç şadlıq evlərinə çıxa bilməzdilər, nəinki böyük səhnələrə… Onları tanıdan, kütləyə təqdim edən jurnalistlər olub.

Zəhra:

– Pərvin Abıyeva ilə gözəl münasibətimiz var idi.Onun tez-tez fotosessiyalarını, açıqlamalarını verirdik.TV verilişlərdən birinə verdiyi açıqlamanı sayta qoymuşduq. İnstaqramda yazdı ki, “Mənim belə açıqlamam olmayıb”. Biz də videosunu yerləşdirdik.Yenə də videonun elə yerini kəsib paylaşdı ki, bizim yazdığımız sözlər düşməsin. Başladı bizi təhdid etməyə. Biz də yenə də qanunla danışdıq ki, bütün yazdıqlarınız və dedikləriniz əleyhinizə işləyə bilər… Ondan sonra hər şey unuduldu.

Elvin:

– Biz maksimum dərəcədə tanınmışlarla mehriban, müsbət, mədəni danışırıq, amma həmişə də hörmətsizliyi onlardan görmüşük. Məsələn, bir müddət əvvəl müğənni Röyanın tədbirində o qədər qarmaqarışıqlıq idi ki, heç kim bir-birini eşitmirdi. Orada bir jurnalist təkrar sual verdiyi üçün Röyahirslə “bayaqdan bəs nə danışıram” deyərək çıxıb getdi. Amma həmin jurnalist yenə də gedib həmin sujeti, xəbəri verirsə, günah özündədir.

Pərviz:

– Ümumiyyətlə, sizə elə gəlmirmi, Röya əməkdar artist olandan sonra media ilə daha məsafəli davranmağa başlayıb? İnstaqramda yazmışdı ki, “Mənim səhifəmdən artıq xəbər götürüb verməyin, çünki bütün Azərbaycan məni izləyir”. Etiraf etmək lazımdır ki, Röya Türkiyədə maraqlı işlərə başlayıb.Kiçik də olsa, uğurlar qazanır.Amma bu haqda danışanda “İlk dəfə hər şeyi mən etdim” demək doğru deyil.Elnur Hüseynov “Bəyaz şou”ya iki ayda iki dəfə çıxdı.Həm də dəvətli olaraq.

Elvin:

– Amma Röyanın Türkiyədəki reklamı isə müəyyən maddiyyata söykənib.Birgə çalışdığı şirkət piar məsələlərini qurur. Bütün bunlar normaldır. Nə qədər uğur qazansa da, bir qədər də təvazökar görüntüsü yaratmalıdır… Ümid edirik bundan da böyük uğurlar qazana bilər.

Zəhra:

– Sonuncu klipi də yetərincə maraq yaratmışdı Türkiyədə… Amma jurnalistlərə olan münasibətini “Beşinci element” verilişində də gördük.Hüsniyyənin tənqidini qəbul etməyərək ona sərt etiraz etdi.

Pərviz:

Röya haqda kifayət qədər müsbət şeylər danışmaq olar, tənqid etmək də olar. Eləcə də Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və ya digərləri. Çox az qismi tənqidə normal reaksiya verir. Çoxu ancaq təriflənmək istəyir, bunun da nəticəsi tamaşaçıları qıcıq edirlər və sosial şəbəkələrdə özlərinə qarşı nifrət kütləsi yaradıblar.

Elvin:

– Təriflənəndə də deyirlər ki, “olanı deyirsiz də”

Yenə də gülürük. Bu arada oturduğumuz məkanda iftar süfrəmizi gecikdirdikləri üçün ofisianta etirazımızı bildiririk. Kafeləri gəzib yoxlayan məşhur verilişin niyə şəhərin mərkəzin qoyub, uzaqlara getdiyini də müzakirə edirik. Amma söhbətimizin də məcrasını dəyişməmək üçün qaldığımız yerdən davam edirik.

Zəhra:

– Müğənnilərin əksəriyyətində bu hala rast gəlmək olar ki, bir qədər qalxdıqdan sonra medianı bəyənmirlər. Bəzi müğənnilər var ki, sırf medianın hesabına məşhurlaşıblar.Amma indi onlara sual verəndə “Bunu yazılı göndərin”, “Prodüserimə ünvanlayın” və yaxud başqa bəhanələr gətirirlər.

Elvin:

– Mediaya dediklərin dananlardan biri də rəqqasə Fatimədir. Bir müddət əvvəl Aygün Kazımova ilə bağlı açıqlama vermişdi, daha sonra dediklərini dandı. Üstəlik video da vardı… Çox maraqlı məsələdir ki, müğənnilər əhəmiyyətsiz, primitiv yalanları niyə danışırlar?Niyə dediklərini asanlıqla rədd edirlər?

Zəhra:

– Bir də müğənnilər başa düşməlidirlər ki, media oyuncaq deyil. Açıqlama ya müsahibəni verirlər, sabahısı gün zəng vururlar ki, “onu silin”. Niyə? Nə səbəbə?

Pərviz:

– Bəzən də, efirdə dediklərini saytda veririksə, zəng vurub deyirlər ki, “efirə baxan yoxdur, siz saytda qoysaz yayılacaq, verməyin”.

“Aygün nazirin oğlu və gəlinindən danışa bilirsə… ”

Zəhra:

– Bu barədə Aygün Kazımova da media ilə münasibəti ən yaxşı quran müğənnilərdəndir. Heç vaxt heç bir sualdan yayınmır. İstər şəxsi həyatı, istər sənəti, qızı haqda sual olsun…

Elvin:

– Eynən, dünya müğənniləri kimi. İstənilən mövzuda danışa biləcək müğənnidir.Hər suala açıqdır.Hər zaman da dünya standartlarına yaxın düşə biləcək səviyyədədir. İstənilən sualı verib cavabın almaq mümkündür. Bu insan efirdə nazirin oğlu və gəlini haqda səmimi, cəsarətli etiraf edə bilir… Eləcə Faiq Ağayev də… Bəzi müğənnilər var ki, onların nəin k,i özüylə, heç mətbuat xidmətləri ilə də əlaqə saxlamaq olmur.

Pərviz:

Faiq Ağayevin, deyəsən, heç zaman mətbuat xidməti olmayıb.

Elvin:

– O, özü də deyir ki, mən heç vaxt mətbuat xidmətinə ehtiyac duymamışam. Bir də media ilə arası yaxşı olan müğənni kimi Roza Zərgərlini görürəm.

Pərviz:

– Son zamanlar narazılıqla qarşılanan hadisələrdən biri Röyanın Bakıdakı klub konsertinə, Aygün Kazımovanın isə Nabrandakı məkan açılışındakı konsertinə jurnalistlərin buraxılmaması oldu. Hər iki tərəfin müdafiəsi budur ki, bu, bizim konsert deyildi, təşkilatçıların günahı idi. Məncə də, haqlıdırlar.

Elvin:

– Amma Röyanın konsertinə jurnalistlərin buraxılmaması xəbəri mediada qabartmadı, Aygünün isə eyni xəbəri qalmaqala səbəb oldu.Çünki jurnalistlər Aygün Kazımovadan belə hərəkət gözləmirlər.Sadəcə məsələ ilə bağlı tam düzgün açıqlama verilmədi.Ortada anlaşılmazlıq qaldı.

Zəhra:

– Rəhmətlik İlhamə Quliyeva da media ilə mehriban idi. Kənardan nə qədər sərt görünsə də, jurnalistlərlə xoş davranırdı.

Pərviz:

– Bəs Flora Kərimova?

Zəhra:

– Flora xanım jurnalistlərlə pis davranmır, acılamır, amma istənilən zaman da tapmaq olmur.

“Bir müğənni var ki, ona da heç zaman zəng eləmək olmur…”

Pərviz:

– Bir müğənni də var ki, ona da heç zaman zəng eləmək olmur. Mediaya qarşı hörmətsiz davranışları olmasa da, da, onlarla yaxın deyil.Gündəmdən uzaqdır.Açıqlama almaq üçün tapılmır.Natavan Həbibi

Elvin:

– Natavan heç zaman medianın diqqətində olmaq istəməyib. Sadəcə bu son hadisələrdə başladı saytlara açıqlama verməyə.Bu məhkəmə məsələlərində bildi ki, media bütün müğənnilərə lazımdır.Ən azından münasibətləri normal qurmaq lazımdır.

Pərviz:

– Müğənnilər elə bilirlər ki, media onları ancaq mənfi tərəfdən işıqlandırmaq istəyir. Amma yaxşı işləri olanda onları birinci təqdim edən elə mediadır.

Zəhra:

– Hər gün də tərifləmək olmaz ki..Ən çox etiraz etdikləri yer də sosial şəbəkədəki fotolarının xəbər olmasıdır.Dünya mediasına, şou-biznesinə nəzər salsınlar. Cennifer Lopez, Rihanna jurnalistlərlə belə davrana bilər? Tanınmışların hansısa geyimi tənqid olunanda deyirlər ki, “siz Sibel Canı, Cenniferi Bakıya gələndə alqışlayırsınız, bizi niyə tənqid edirsiz?”.Amma digər şeylərdə, sənətdə, aktivlikdə, sosial şəbəkədə heç dünya ulduzları ilə müqayisə etmirlər özlərini.

“Bizim müğənnilər uşaqlarını yox, ərlərini gizlədirlər”

Pərviz:

– Dünya şou-biznesində İnstaqram, efir falan problem deyil. Onların ən böyük bəlası paparassilikdir.Düzdür, son illər sosial şəbəkələrin xəbərə çevrilməsi paparassiliyi arxa plana atıb, amma yenə də ən böyük qalmaqal bu fotolarda baş verir.Müğənnilərin gizli görüntüləri tez-tez məhkəmə salonlarında müzakirə olunur.Ən yaralı yerləri isə uşaqlarıdır.Uşaqlarının fotolarını mediadan gizlətməyə çalışırlar.Uşaq hüquqları ilə bağlı mediada həssas qanunlar olduğu üçün məhkəmə çox vaxt müğənniləri haqlı bilir.Amma bizim müğənnilər uşaqlarını deyil, ərlərini, uşaqların atalarını gizlədirlər.

Elvin:

– Tahir İmanov xanımını birgə getdiyi tədbirlərdə fotosunu çəkilməsinə icazə vermir.

Zəhra:

– Bu, doğru deyil. Eyni şeyi rəqqasə Fatimə də etmişdi, oğlunun fotosunun çəkilməsinə icazə vermirdi. Sən tədbirə,jurnalistlərin, fotoqrafların olduğu yerə gəlmisənsə, niyə icazə verməməlisən?

Pərviz:

– Məsələn, bir neçə ay əvvəl “Eurovision” təmsilçimiz Fərid Məmmədov toyuna medianı buraxmamışdı.

Elvin və Zəhra:

– Əslində, bu, normaldır.Çünki toydan sonra özü də fotoları yaymadı.Toydan bir -iki paparassi fotosundan başqa heç bir şey yayılmadı.

Pərviz:

– Amma Elçin Cəfərov..

“Toydan fotoların çəkilməsinə icazə vermədi, özü də yaymadı”

Zəhra:

– Toya fotoqraf buraxmadı, amma toy başdan axıra sosial şəbəkədə vardı. Hamı paylaşırdı, özü də “Love story” yaydı, üstəlik.Xanımı ilə toy fotosunu İnstaqramda paylaşdı.Məsələn, Namiq Qaraçuxurlu medianı toyunda hörmətlə qarşıladı, özü mərasim salonundan çölə çıxıb jurnalistlərə açıqlama vermişdi.Toydan fotoların çəkilməsinə icazə vermədi, eyni zamanda özü də yaymadı.Hələ də Namiqin xanımı ilə fotosunu görən olmayıb.

Elvin:

– Bəli, gizli saxlamaq istəyirsənsə, axıracan bunu etmək lazımdır.

Zəhra:

– Bizim Səidə Dadaşova ilə problemimiz olmuşdu.Övladının ad günündən fotolar vermişdik.Bizdən həmin fotoların silinməsini tələb edirdi.

Elvin:

– Bir neçə gün əvvəl isə Dilarə Kazımovanın fotosessiyasının açıq-saçıq olduğunu deyib tənqid etdi. Bəlkə də, bu barədə danışmamalı idi.Çünki qalmaqallı evlilik həyatı ilə ən çox tənqid olunan şəxslərdən biri idi özü.

Pərviz:

– Həm də Dilarə açıq-saçıqlığının və müasirliyin sərhədlərin bilən biridir.

Elvin:

– Dilarə bayağı və vulqar görünməyən, açıq-saçıqlığı da art formasında təqdim edə biləcək müğənnidir.

Zəhra:

– Əslində müğənnilərin o cür fotosessiyaları çox normaldır

Elvin:

– Sadəcə, bizim cəmiyyət bunu qəbul edə bilmir.

Pərviz:

– Amma bəzi müğənnilərimizin belə fotoları da çox vulqar görünür axı.

Bu arada iftar süfrəmiz də gəldi.Bir müddət ortalığa sükut çöksə də, danışacaqlarımız hələ çox idi.

Zəhra:

– Müğənni Xatun son zamanlar maraqlı üsul tapıb.Əvvəllər açıqlamanı özü verirdi, indi zəng vuranda köməkçisi deyir ki, “bir azdan əlaqə saxlayın”.Amma sonra əlaqə saxlamaq olmur.

Elvin:

– O xanım haqda heç bir xəbər maraqlı olmadığı üçün yazmıram.

“Bəziləri bundan sonra artıq özünü ulduz saymağa başlayır”

Zəhra:

– Biz zəhmət çəkən, işləyən müğənnidən xəbəri məmnuniyyətlə yazırıq. Oturan müğənnidənsə, işləyən müğənnidən yazb onu qiymətləndirmək istəyirik.Amma bəziləri bundan sonra artıq özünü ulduz saymağa başlayır.Xəbəri verməyəndən sonra isə, zəng vurub deyir ki, “niyə mənim final tədbirdən fotomu, xəbərimi vermirsiz”.

Pərviz:

– Bəzi xəbərlər isə doğru olsa da, qarşı tərəf bunu təsdiqləməyə tələsmir.

Elvin:

– Məsələn, aparıcı Samirə Mustafayeva boşanmasını hələ də təsdiq etməyib. Təkzib də verməyib.

Zəhra:

– Sadəcə deyi ki, bu barədə mənə heç bir şey deməyin.

Elvin:

– Ən orijinal boşanma açıqlamasını Dilarə Kazımova verib.Deyir ki, “Qoy insanlar düşünsünlər ki, mən boşanmışam ya yox.Qoy, bu onlarda sual yaratsın”.Yəni, insanlar bütün iş-gücünü atıb mənim barəmdə düşünəsi deyillər.

Zəhra:

– Etirazın da öz forması var. O, jurnalistləri incitmədən mədəni şəkildə sualdan yayınıb.

“Şou-biznesin ən ağıllı qadını Röyadır”

Elvin:

– Amma bu baxımdan şou-biznesin ən ağıllı qadını Röyadır. O, həyat yoldaşı Anardan boşanma xəbərini çox ustalıqla yaydı. İki il əvvəl avqustda cəbhədə ağır əməliyyatlar gedirdi. Ölkənin bütün diqqəti orada idi, media şou xəbərlərini yığışdırmışdı. Həmin anda Röya boşanma xəbərini instaqramda elan etdi.Söhbət tez də unuduldu, nə tənqid edən oldu, nə də xəbər gündəm oldu. O, bildi ki gündəm başqadır, diqqət edilməyəcək.

Pərviz:

– Bəs aktyor və aktrisaların media ilə münasibəti necədir?

Elvin:

– Pis deyil, bəlkə də film və serial sahəsi o qədər inkişaf etməyib deyə onlar ulduz ola bilməyiblər. Ona görə də hələ ulduz kaprizi göstərən yoxdur. Bəzən səmimiyyətlərinin dozasını da artırırlar ki, sabah hər kəs onları müzakirə etsin. Bəzi aparıcılar da var ki, verilişlərində böyük qalmaqal, biabırçılıq olur, amma gündəmi dəyişdirə bildikləri üçün bununla fəxr edirlər.

Media ilə qarşılıqlı münasibətləri ürəkaçan olmayan müğənnilər:

Elvin Elxanın versiyası:

1.Rəqsanə İsmayılova

2. Elmira Ələkbərzadə

3. Röya Ayxan

4. Kərim Abbasov

5. Zamiq Hüseynov

Zəhra Əhmədovanın versiyası

1. Natavan Həbibi

2. Elmira Ələkbərzadə

3. Röya Ayxan

4. Rəqsanə İsmayılova

Pərviz Sadiqovun versiyası

1. Röya Ayxan

2. Brilliant Dadaşova

3. Natavan Həbibi

4. Zamiq Hüseynov

Media ilə ən yaxşı münasibət qura bilənlər.

Elvin:

1. Faiq Ağayev

2. Aygün Kazımova

3. Roza Zərgərli

4. Ayan Babakişiyeva

Pərviz:

1. Faiq Ağayev

2. Aygün Kazımova

Zəhra:

1. Ayan Babaşkişiyeva

2. Afaq Gəncəli

3. Faiq Ağayev

4. Aygün Kazımova

Söhbətimizi burada yekunlaşdırırıq.Növbəti dəfə üçün mövzumuzu seçib vaxtımızı təyin edirik. “Maqazin Klubu”nu yaratmaqda məqsədimiz bəzi üstü örtülü və oxucuların xəbəri olmadığı məlumatları təqdim etməkdir. Fikrimiz nə qədər subyektiv olsa da, qərəzdən yayınmağa çalışmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər…

Hazırladı: Pərviz Sadıqov

Söhbət etdi: P.Sadıqov, Z.Əhmədova (Axşam.az), Elvin Elxan (Qafqazinfo.az)

Fotolar: Nuran Məmmədov

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın