Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Aygün Bəylərdən dərs almışam” – Azərbaycan rekordçusu+Video

“Aygün Bəylərdən dərs almışam” – Azərbaycan rekordçusu+Video

Azərbaycan milli komandasının güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanmaqla adını ölkəmizin güləş tarixinə qızıl hərflərlə yazdırıb. Rekorda imza atan 26 yaşlı idmançı bu uğurdan sonra “Qafqazinfo”ya müsahibə verib. 

Müsahibəni təqdim edirik:

– Üçüncü dəfə dünya çempionu olmaqla Azərbaycan idmanının, güləşinin tarixinə düşdünüz…

– Bu, mənim üçün böyük nəticə idi. Azərbaycan güləşində ilk dəfə olaraq kimsə üçqat dünya çempionu olur. Mən 2-ci dəfə dünya çempionu olanda da bu ilk idi. Hər birinin ayrı yeri var, sevinci var. İstəyərəm ki, məndən sonra daha çox bu uğuru əldə edən olsun. Buna sadəcə sevinərəm. Amma bundan sonrakı 10 ildə çətin görünür. Səbəbini bilməsəm də, dünya çempionatlarında çox rahat güləşirəm. Sanki mənim üçün düşərlidir. Baş məqçimiz Firdovsi Umudovun da üzərimdə əməyi böyükdür. Onun məşqləri, bizi yarışlara kökləməyi uğurlarımızda rol oynayır.

– Çempionluqdan sonra sosial şəbəkələrdə sizi “Azərbaycan güləşinin əfsanəsi” adlandırırdılar. Bununla razısız?

– Azərbaycan güləşinin əfsanələri Namiq Abdullayev,  Xəzər İsayev və başqa bir neşə adını çəkmədiyim idmançılardır. Bunu qazandığım nəticələrə görə deyirdilər. Ola bilər ki, bugünkü gündə qazandığım nəticələrə görə “dövrün əfsanəvi güləşçisi” deyilə bilər.

– Son zamanlar güləş ətrafında baş verənlər yarışa psixoloji cəhətdən problem yaratmamışdı?

– Güləşlə bağlı problemlər oldu, keçdi. Bu çətinlikdən hər kəs xəbər tutdu. Bizim məqsədimiz güləşin bu ölkədə çökməməsi idi. Çünki güləş Azərbaycanda idmanın şahıdır. İnkişaf edək, irəli gedək. İstəyirdik ki, arada olan problemlər həll edilsin və biz yarışlara yaxşı hazırlaşaq. Fikrimizi tam ora yönəldək. Şükür ki, problemlər yavaş-yavaş həll olunur, qaydasına qoyulur. Fazil Məmmədov illərdir Azərbaycan Güləş Federasiyasına rəhbərlik edir və bizim heç zaman problemimiz olmamışdı. AGF ölkənin ən yaxşı federasiyalarından biridir. Bütün olanlara baxmayaraq dünya çempionatında yaxşı güləşməliydik. Hər şeyi kənara qoymasaydıq, orada nəticə olmayacaqdı. Mən bu qədər çəki salıb yarışa gedirdimsə, hər şeyi unutmuşdum. Ola bilər ki, komanda yoldaşlarımın içində bu fikirləri başından ata bilməyənlər də var idi və uduzdular. Amma mən tam yarışa motivasiya olmuşdum. Digər tərəfdən düşünürdüm ki, mən ikiqat dünya çempionuyam və rahat uduzmağım hər kəsi sevindirər. Ora çıxanlar bilir ki, ikiqat dünya çempionu ilə güləşir. Məsuliyyətim daha çox idi. Rəqiblər də mənimlə fərqli güləşir.

– Üçqat dünya çempionu olsanız da, cəmi 26 yaşınız var. Hədəfiniz daha neçə dəfə dünyanın ən güclüsü olmaqdır?

– Bilirsiz ki, güləş üçün 26 yaş normaldır. 30 yaş isə artıq idmandan getmək üçün əsl vaxtdır. Belə götürsək, burada cəmi 4 il qalıb. Düzdür, nəticəsi olmayan idmançılar 35 yaşına qədər də davam edə bilərlər. Amma mən demək olar ki, idmanda bütün uğurları qazanmışam. Əsas məqsədim 2020-ci ildə Olimpiya çempionu olmaqdır. Fikirləşirəm ki, Tokioda da qızıl medal qazanıb idmançı karyeramı başa vuracam. Güləşdən isə uzaqlaşmaq fikrində deyiləm. Məşqçi kimi davam edəcəyəm.

– Üçüncü dəfə dünya çempionu olmaq sizə nə qazandırdı?

– İnsanların daha çox sevgisini. Hər kəsin diqqətini, qayğısını hiss edirəm. Azarkeşlər mənə çox dəstək oldular. Sözsüz ki, ilk qazancım rekordum və tarixə düşməyimdir. Adımı tarixə yazdırmaq ən gözəl qazancdır. Yəqin ki, bu nəticənin mükafatı olacaq. Amma hələ ki, heç bir şey verilməyib. Nəticə olandan sonra mükafat həmişə olur.

– Sizi kimlər təbrik etdi?

– İlk olaraq federasiya rəhbərliyi təbrik etdi. Dövlət səviyyəsində də təbriklər gəldi. Onların arasında nazirlər də, deputatlar da var idi. Adil Əliyev birinci zəng elədi. Mən Fransada olanda məni təbrik etdi. İcra Hakimiyyəti başçıları də zəng edən olmuşdu. Sosial şəbəkələrdə də təbrikləri gördüm.

– Ailəniz sizi necə təbrik etdi?

– Ailəm çox sevindi. Həmişə uğur qazananda onlar sevinir və bu dəfə də çox xoşbəxt idilər. Ən çox ata-anamın üzünü güldürdüyüm üçün rahatam. Kənarda kimsə atamı, anamı görəndə “Hacının anasıdır”, “Hacının atasıdır” deyirsə, xoşbəxt oluram.

– Qızınız da təbrik etdi?

– Qızım balacadır və 2 yaşı var. Amma televizorda görəndə tanıyır. Döyüşlərimə baxanda “ata, ata” deyir. Bu vaxta qədər özümüz üçün yaşayırdımsa, indi qızım üçün edirəm hər şeyi.

– Övladlarınızın davamçınız olmasını istəyirsiz?

– Əlbəttə ki, oğlumun idmançı olmasını istəyərəm. Amma güləşçi yox. Çünki güləş doğrudan çətin idman növüdür. Futbolçu olmasını çox istəyərəm. Özüm də uşaqlıqda futbolla məşğul olmuşam. Lakin sonradan güləşi seçdim. Özümü burada daha çox düşünürdüm. İndi də futbol oynayıram. Futboldan söz düşmüşkən, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bəzi futbolçulara zəng etmişdim. Mənim qazandığım qələbəyə qədər belə gözəl qələbə olmuşdu. Dua edəcəyik ki, qrupda da yaxşı oyun göstərsinlər. Rəqiblərimiz isə çox güclüdür.

– Siz çempion olanda “Qarabağ”ın futbolçularından zəng edən oldu?

– Mahir Mədətovla münasibətimiz çox yaxşıdır. O, təbrik yazmışdı. Belə ümumi futbolçu dostlarımız çoxdur.

– Güləşdən başqa, mahnı oxumaq kimi istedadınız da var. Musiqi təhsili almısınız?

– O qədər də güclü deyil. Uşaq vaxtı kamança çalmaq üçün musiqi məktəbinə gedirdim. Diplomum var. Az bir müddət piano ilə də məşğul olmuşam. Bütün musiqi alətlərində az da olsa, ifa edirəm. 10-11 yaşımda Aygün Bəylərin yanına dərs almağa getmişdim. Mən uşaq yaşlarımda Azərbaycan xalq mahnılarının demək olar ki, hamısını əzbər bilirdim. Bu gün də elədir və dəyişən heç nə yoxdur.  Bu, mənim həvəsimdir. Heç bir zaman müğənni olmaq fikrim yox idi. Hər bir insanın hobbisi var və musiqi hobbimdir. Evdə boş vaxtım olanda oxumaq təbi gəlir və oxuyuram. İçimdən gələn bir şeydir. Mən ancaq xalq mahnılarına qulaq asıram, oxuyuram. Çox nadir hallarda digər janrlara, estradaya qulaq asıram. Müğənni dostlarım da çoxdur. Onlar xeyir işlərimdə gəlib oxuyurlar. Abbas  Bağırov, Samir Piriyev, Mirələm Mirələmovdur. Onlar da heç zaman sözümü yerə salmırlar.

– Futbolçumuz Ruslan Abışov Sevda Yəhyayeva ilə klipə çəkilmişdi. Sizi də duet ortağı kimi dəvət etsələr, qəbul edərsiz?

– Yox, qətiyyən. Bu, mənlik deyil. Hərə öz işi ilə məşğul olsa, yaxşıdır.

 


Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın