Cümə , Aprel 19 2024
Ana səhifə / Aybəniz Haşımovaya ittiham: “Öz adınızın da, qızınızın adının da mənasını bilmirsiz”

Aybəniz Haşımovaya ittiham: “Öz adınızın da, qızınızın adının da mənasını bilmirsiz”

Düz iyirmi bir gün bundan qabaq – noyabrın üçü axşam yazıçı Nahid Şəmşirin “DÖNÜŞ” adlı kitabı haqqında 1000 işarəlik yazı yazmışdım ki, kiçik qardaşım Şəhriyar kanalı dəyişdi. Bir xanım Polad Bülbüloğlunun ifasında bəlkə də yüz dəfə qulaq asıb yorulmadığım “Gəl, ey səhər”mahnısını oxuyurdu. Bəstə əla, sözlər gözəl, ifa yaxşı. Musa Yaqub demişkən, ləzzət edirdi. Yazı yazdığım üçün televizora baxmırdım. Daha doğrusu, mənə müğənni yox, ifa marağlıydı. Lapdan böyük qardaşım Zamiq – “Bu Aybəniz Haşımovanın qızı deyil?” deyəndə, istər-istəməz müğənni də mənə maraqlı gəldi. Yazını yarımçıq qoyub diqqətimi ekrana səmtlədim… (Nahid Şəmşirin gözündən iraq). SƏS haqqı, Zamiq düz tanımışdı, Türkiyənin tv 8 kanalında oxuyan qız, əməkdar artist Aybəniz xanım Haşımovanın adı yadımdan çıxan qızı idi… İfaçılara üz çevirib, üz gizlədən jürü, Aybəniz xanımın qızının ifasını bəyənərək qarşılarındakı qıpqırmızı düyməni bir-bir basıb üz göstərməyə başladılar… Murad Bozla, Ebru Gündəşi dərhal tanıdım.

Gökanı, Ərkanı və Hadisəni handan-hana avara bildim. Nə gözünüzü yorum, Aybəniz xanımın ifa boyunca ha vurnuxub, adını yada sala bilmədiyim, boy-buxunlu, yar-yaraşıqlı, zilli-pəsli, yaxşı səsli qızı nəhayət ki, mahnını oxuyub qurtarıdı. Üzünü üçüncü göstərən, Aybəniz xanımın qızına “mərhabalar” deyən, Hadisəyə aman verməyən, qulağındakı qulağcığı qurdalayıb, ilk üzünü göstərən Murad Boz, Aybəniz xanımın qızına – hoş gəldin, – dedi.

Qız:

– Hoş bulduq.

Murad Boz:

– Nasılsın?

Qız:

– İyiyim, siz nasılsınız?

Murad Boz:

– Buralı deyilsin bəncə sən?

Qız:

– (Başıyla) Hmm, Azərbaycanlıyam…

Murad Boz:

– İnteresan…

Murad Bozun  “interesan” sözü gurultulu alqışlandı. Çəpiyin beşi altı qəpik. Arada Murad Boz nə qırıldatdısa, səsdən eşidə bilmədim. Alqışlardan sonra Murad Boz – ya bən zatən bir şey.., ismin nəydi, çox özlərim.., dedi.

Qız:

– Aynişan.

Bozluğuna salan Murad Boz – Aynişan nə demək? – deyəndə dalağım sancdı. Dədəmin çörəyi, nənəmin fətiri haqqı, ürəyimə damdı ki, bu qız adının mənasını bilməyəcək. “Ürəyə daman başa gələr” deyiblər, elə də oldu. Aynişanın matı-mutu qurudu… Utanmaz-utanmaz qayıdıb nə desə yaxşıdı, “bilmiyorum”… Aynişanın “bilmiyorum” deməsinə Zamiqlə Şəhriyar şiləvəngəli dəli Abdulla kimi nətəhər əsəbləşdilərsə, mənim əsəbim onların əsəbinin yanında toya getməli, susub Aynişana tamaşa etməli idi.

Zamiq hirs ilə:

– Adnalıda mal peynindən yapma yapan arvadlar bu mahnını bu qızdan yaxşı oxuyurlar, – dedi.

Şəhriyar onun sözünü ağzından alıb, – ən azından, yaxşı oxumasalar da, Adnalıdakı arvadlar adlarının mənasını bilirlər. Oxumağı təpəsinə dəysin, heç adının mənasını da bilmir, – dedi.

Mən özümü toxdaq, təmkinli göstərirdim; guya adının mənasını bilməyən Aynişana normal baxırdım. İstədim deyəm, bu qədər də amansız olmayın, qızcığaz yaxşı oxudu… Sözüm ürəyimdə qaldı.

Zamiq:

– Bunun xəcalətini anası çəksin, – deyib yumruğuyla mizin üstünə necə vurdusa, külfət diskindi.

O biri otaqda Əsnad yuxudan oyandı; nə oyandı, başladı ağlamağa… Şəhriyar da elə amadə durmuşdu, Zamiqin sözünü ağzından alıb, yumruğunun dalıyca yumruq vursun. “Əlisi dəli, vəlisi dəli”… bu dəli banbılıların hamısı dəli…

SÖZ haqqı, macal vermədilər ki, Aynişan haqqında bir-iki cümlə xoş söz deyim. Baş üstə Allah var, Zamiqlə Şəhriyar nə Aybəniz xanımın, nə də qızının ünvanına bir kəlmə də olsun artıq-əskik heç nə demədilər. Qıvlasızlar ağız-ağıza verib dişlərinin dibindən nə çıxdısa gupbuldatdılar TV 8-in ünvanına…

Zamiqlə Şəhriyarın səsindən çəkinib farağat duran dayıoğlu Zaur: – Görüm gözlərinə boz gəlsin, Murad Boz, Aynişandan adının mənasını soruşduğun yerdə, – dedi.

Mən də ürəylənib istədim Aynişana qahmar çıxım, gördüm, əşi, bu xına o xınadan deyil. Ayağım yer, dilim söz, əlim qələm tutandan bəri bəlkə də ilk dəfəydi yıxılana balta vuranlara susurdum.

Zamiqnən Şəhriyarın qırımından sezdim ki, onların dilbirliyinə tuş gəlsəm, sapına bilməyəcəm. Məni də nişan alıb qatacaqlar Aynişana. Deyəcəklər, Adnalıda mal otaran kişilər səndən yaxşı şeir yazırlar.

Nə isə..

Nə Zamiqin, nə Şəhriyarın sözünün başına ip salıb höcətləşmək istəmədim, kiridim. Azca qımıldasaydım, od olub yapışacaqdılar yaxamdan.Zamiqlə Şəhriyar nə konuşuyorlar, qoy konuşsunlar… Benim size bir kaç kelme sözüm var, Aynişanın annesi. Telegüzgülər vasitəsilə mentalitetdən, milli-mənəvi dəyərlərdən, əxlaqdan, səhnə mədəniyyətindən, təzə müğənnilərin təzə, köhnə müğənnilərin köhnə  mədəniyyətindən, nə bilim, daha nələrdən tamaşaçılara, xalqa az qala mühazirə oxumaq istəyən, Aybəniz xanım. Yaxşı-yaxşı yeyib, içirdib, gözəl-gözəl geyinib, keçindirib, böyüdüb, boya-başa  çatdırdığınız qızınızın əziyyətini təkcə siz çəkməmisiniz. Sizinlə bərabər oxuyub pul qazandığınız mahnıların bəstəkarları, sözlərin müəllifləri də ən azından Aynişan üçün siz qədər əziyyət çəkiblər. Başa düşürsünüz? İnanmıram başa düşəsiniz. Başa düşsəydiniz tv 8-də “O Səs Türkiyə” yarışmasına qatılan qızınıza oxuyacağı mahnının sözlərinin Fikrət Qocaya məxsus olduğunu deyərdiniz.

Aybəniz xanım, sizdən və qızınızdan iraq, niyə bu ölkədə qavalbaş müğənnilər özlərinə birinci, onlara ad-san, şan-şöhrət, var-dövlət qazandıran, oxuduqları mahnının bəstəkarına, sözlərin müəllifinə axrıncı dərəcəli baxırlar, niyə?

Adım Anar olduğu üçün adaşım Anarın və Azərbaycan Yazıçılar Birliyinin adından oxuduğu mahnının sözlərinin Fikrət Qocaya məxsus olduğunu bilməyən qızınız Aynişanı SÖZün xətrinə bağışlayıram. Ancaq adının mənasını bilmədiyi üçün qızınızı hələ ki, bağışlaya bilmirəm. Çünki  Aynişan onun da, sənin də, mənim də yaşadığım bu ölkənin, bu xalqın musiqisini qardaş ölkədə təmsil edirdi…

Aybəniz xanım, Siz təzəkdən qalaq quran bu arvadlara – Zərnişana, Təranəyə, Həliləyə, Xoşavaza, Güllüyə telegüzgülər vasitəsilə məsləhət verirsiniz.

Halbuki sizin qızınızdan iraq, oxuduğu sözlərin müəllifini və adının mənasını bilməyən  müğənnilərin mütaliəsi, savadı, intellekti bu arvadların topuğundan da aşağıdı.

Aybəniz xanım, Güllü arvad sizdən ötrü and içir. Çalışın, biz tərəflərə toya gəlməyin…O gün Güllü arvad bizə nehrəyə gəlmişdi. Ordan-burdan xeyli söhbət elədik, söz dolanıb sizin üstünüzə gələndə elə bil onu cin vurdu. Bilirsiniz, Güllü arvad mənə nə dedi? Dedi ki, Sultanın, Dilavərin,- sözünə bir az ara verərək sağ əlini sol çiynimə qoyaraq sərt bir görkəm alıb-Mürsəlin, Nadirin, Tacəddinin canı haqqı, şair, o Aybənizi hansı toyda görsəm abrın alıb əlinə verəcəm…

Dedim, ay Güllü nənə, nə deyəcəksən? Dedi deyəcəm ki, ay Aybəniz, həftə səkkiz mən doqquz televizora çıxıb bizə mentalitetdən, mill dəyərlərdən, əxladan, mədəniyyətdən dəm vurub məsləhət verirsən. Nə mənim, nə ərimin, nə oğlumun, nə də qızımın sənin məsləhətinə ehtiyacımız yoxdu. Sənin böyüdüb boya-başa çatdırdığın, oxuduğu sözlərə o anonimdi, atonimdi nədi, yazdıran, adının mənasını bilməyən qızını gördük də. Sən get qızına məsləhət ver. Sənin tamaşaçılara, bu xalqa örnəy olmağa, məsləhət verməyə haqqın yoxdu. Öz gözündə tiri qoyub özgə gözündə çöp axtarma!!!

Beş oğlunun beşinin də canına andı su kimi içən Güllü nənə od püskürürdü. Onun sözlərini redaktə edib yazıdım ki, o od, o sözlər sizi yandırıb, cızdağ eləməsin, Aybəniz xanım…

Nə isə, qulağıma səs gəldi. “Göylər guruldayır, şimşəklər çaxır, verdiyin geriyə alır təbiət, yağır, Adnalıya yağışlar, yağır” bura qədər yazdıqlarımı Ctrl S edirəm ki, gedib talvarın altında Məlikqırağına baxa-baxa iki-üç siqaret öldürüm sizin və qızınızın sağlığına. Həm hirsim soyusun, həm də görüm hələ Aynişanı bağışlaya bilirəm, ya yox.

Bir az əvvəl adının mənasını bilmədiyi üçün qızınızı hələ ki, bağışlaya bilmirəm deyirdim. Lakin sonuncu siqaret barmaqlarımın arasında öləziyəndə, elə bil kimsə mənə – “bu ölkənin, bu xalqın musiqisini Türkiyədə təmsil etmək Aynişanın intellekti üçün deyil, Aynişan uzaqbaşı hər hansı bir ölkədə oxuduğu sözlərin müəllifini və adının mənasını bilməyən müğənniləri təmsil edə bilər, necə ki etdi də.., – dedi. Bir hovur dincəlib, rahatlandım.

Neçə illərdi bu ölkədə şairlər, yazıçılar bar-bar bağırıb mənəm-mənəm deyən müğənnilərin, qaval döyən xanəndələrin mütaliyə, savad, intellekt çatışmazlığından əziyyət çəkdiyini desələr də, bunu heç kimə sübut edə bilmirdilər ki, bilmirdilər.

Mən Azərbaycan Yazıçılar Birliyi adından Aynişana təşəkkür edirəm. O, Türkiyədə tv 8-də gedən “O səs Türkiyə” yarışmasına qatılaraq bu gün bu ölkədə mənəm-mənəm deyən müğənnilərin, qaval döyən qavalbaş xanəndələrin mütaliyəsinin, savadının və intellektinin nə səviyyədə olduğunu hər kəsə sübut edə bildi… Ona görə də adının mənasını bilmədiyi üçün Aynişanı SƏSin xətrinə bağışlayıram.

Aybəniz xanım, bilirsiniz, bu ölkədə ad alan, almayan, oxuduğu sözlərin müəllifini və adının mənasını bilməyən nə qədər Aynişan kimi müğənni var?! İmanım Allah amanatı, bəlkə də siz nəinki qızınızın, heç öz adınızın da mənasını bilmirsiniz. Bilsəydiniz, qızınız da adının mənasını bilərdi.

Nuhu tüfandan, İbrahimi Nəmrudun odundan, İsmayıl Zəbullahı qurbangahdan qurtaran pak və qəyyum Allah, Aynişan kimi müğənnilərin timsalında əyər çəkirsinizsə, bir də sizə belə xəcalət çəkməyi rəva görməsin! AMİN!!!

Özgəsinin xəcalətini çəkmək öz xəcalətini çəkməkdən daha ağır imiş. Aynişanın yerinə elə xəcalət çəkdim, elə xəcalət çəkdim, Aybəniz xanım. Siz də oxuduğu sözlərin müəllifini və adının mənasını bilməyən qızınızın yerinə xəcalət çəkdiniz, hə? Mən ataların “Yerinə xəcalət çəkim” deməsini bir daha başa düşdüm. Siz də başa düşdünüz, hə, Aybəniz xanım? İnanmıram başa düşəsiniz…

Məni başa düşüb ünvanıma aşağılayıcı sözlər deməsəniz, heç, yox əyər başa düşməyib manıslara xas olan “Tanınmaq üçün mənim və qızımın haqqında ağzına gələni yazan o Anardı-manardı, şairdi-mairdi, nəçidi, bilmirəm, bizi aşağılamaqla özünü reklam edir…”, bu cür şablon sözlər  deməyin. Bu kimi, buna bənzər ifadələri mütaliəsi, savadı, intellekti, dünyagörüşü sıfır səviyyədə olan çox mügənnidən eşitmişik.

Məni aşağılamaq istəsəniz, sizi and verirəm 24 yaşa qədər adının mənasını bilməyən, hələ utanmaz-utanmaz durub burdan Türkiyəyə gedərək, “ O səs Türkiyə” yarışmasına qatılıb özünü və sizi biabır edən qızınızın canına, məni yepyeni, təptəzə, heç bir qadın müğənninin slikonlu dodağına dəyməyən şəhdi-şirəli sözlərlə aşağılayın, çeynə-tüpür sözlərlə aşağılanmağdan hoşlanmam.

Aybəniz xanım, sonda sizə bir sual da verim, qızınız Aynişan Quliyeva oxuduğu mahnının müəllifini və adının mənasını bilməməylə anası Ay üzlü, Aybənizli Aybəniz Haşımovanın üzünü niyə qara etdi, niyə? Bu sualın cavabını özünüzdə və qızınızda axtarın…

Bu dünyada axtarmaq qədər kədərli, tapmaq qədər sevincli heç nə yoxdu. Axtarın ki, kədərdən sevincə dönüş edə biləsiniz

Dönüş demişkən, yenə də Nahid Şəmşirin “DÖNÜŞ” adlı kitabından yazı yaza bilmədim…

moderator.az

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın