Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Ay Çingiz Qənizadə, ağlın AXC-Müsavat hakimiyyəti dövrünə getməsin” – Hacı Qalib

“Ay Çingiz Qənizadə, ağlın AXC-Müsavat hakimiyyəti dövrünə getməsin” – Hacı Qalib

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə \”Ölkə.Az”a müsahibə verib. Azinforum.az həmin müsahibəni oxuculara təqdim edirik:
– Milli Məclisin deputatı Çingiz Qənizadə sizi məhkəməyə verməyə hazırlaşır. Ondan üzr istəməyə hazırsınız?
– Oxuyub görürəm ki, Çingiz Qənizadə məni məhkəməyə verir. O, məni yenə həbs etdirmək istəyir. Hələ 1992-ci il sentyabrın 15-də Çingiz Qənizadə məni həbs etdirmişdi. Həmin vaxtı Çingiz Qənizadə, Məzahir Əliyev, Zakir Nəsirov, Hüseynağa Əlixanov, Əlirza Kərimov və Əli Əliyev İsgəndər Həmidovun tapşırığı ilə məni saxlamışdılar. Bu işlərə də Çingiz Qənizadə rəhbərlik edirdi. Həmin vaxt bu adamlar məni Məzahir Əliyevin kabinetinə aparmışdılar. Mən hələ 1992-ci ilin sentyabrında Çingiz Qənizadəyə demişdim ki, siz mənim üçün heç kimsiniz. Mən bu sözü hələ 1992-ci ildə Məzahir Əliyevin kabinetində Çingiz Qənizadənin üzünə demişəm.
Daha sonra Çingiz Qənizadənin imzası ilə məni Bayıl həbsxanasına göndərmişdilər. Düz yeddi ay yarım orada həbsxana həyatı yaşamışam. Sonradan Çingiz Qənizadə Bayıl həbsxanasında məni ziyarət etmişdi. Həmin vaxt Çingiz Qənizadə rəisi kənara çıxararaq, təkbətək mənimlə söhbət etmişdi. Düz 2 saat Çingiz Qənizadə mənə yalvardı ki, səni mən həbs etdirməmişəm, səni İsgəndər Həmidov həbs etdirib.
Mən isə ona dedim ki, nə nağıl danışırsan? Mənə sanksiya verən sənsən, necə yani mən tutdurmamışam? Çingiz Qənizadənin də mənə cavabı belə oldu ki, o, İsgəndər Həmidovun tapşırığı ilə məni həbs etdirib. Həmin görüş zamanı Çingiz Qənizadə mənim üçün bir blok \”Marlboro” siqareti də gətirmişdi. Mən də həmin siqareti çəkmədim, başqa adamlara verdim. Çingiz Qənizadəyə isə dedim ki, vaxt gələcək, səni də həbs edəcəklər. O zaman mən də sənin yanına \”Marlboro” siqareti gətirəcəm. Doğrudan da elə oldu. Bir neçə il sonra Çingiz Qənizadəni həbs edəndə mən də onu həbsxanada ziyarət etdim. Gedəndə özümlə bir blok \”Marlboro” siqareti alıb aparmışdım.
Sonralar mənim Fərrux Zeynalov adlı nazir həmkəndlim var idi. O, Azərbaycanın Material Ehtiyatları naziri idi. O vaxtlar Fərrux Zeynalov bir neçə dəfə məndən xahiş etdi ki, Çingiz Qənizadə ilə işin olmasın, onun sənə qarşı elədiklərini unut getsin. Ancaq mən ona söz vermədim. Sonra da məni gətirib bir otaqa saldılar. Gördüm ki, Çingiz Qənizadə həmin otaqda oğlum və kürəkənimin yanında dayanıb, and-aman diləyirdi. Hamı bilirdi ki, mən etdiyi pisliklərə görə Çingiz Qənizadədən əl çəkən deyiləm.
– Çingiz Qənizadə ilə uzun müddət deputat həmkarı da olmusunuz. Milli Məclisin iclaslarında olarkən, bir-birinizə münasibətiniz necə idi?
– Yox, Milli Məclisdə olanda aramızda qarşıdurma yaranmayıb. Ümumiyyətlə, Çingiz Qənizadə mənimlə başa-baş gələ bilməzdi. O, indi-indi mənə deyir ki, sən kimsən? Deputat olanda Çingiz Qənizadə məndən çəkinirdi, heç vaxt mənimlə kəllə-kəlləyə gəlməzdi. Hətta, bir neçə dostumuz məndən xahiş edirdi ki, birdən əsəbiləşib Çingiz Qənizadəyə nə isə deyərsən. Belə etmə! Mən də indi həmin dostların hamısına zəng edib deyirəm ki, baxın görün, sizin vaxtilə xahiş etdiyiniz Çingiz Qənizadə mənim haqqımda nələr söyləyir. Mənim aləmimdə kişi kişi ilə düşmən olar. Mən kişi haqqında nə isə söz deyirəmsə, buna kənar adamların müdaxilə etməsi doğru deyil. Bizim söhbətimizin Çingiz Qənizadəyə heç bir aidiyyatı yoxdur. Mən heç nədən də ehtiyyat etmirəm. Mən sözümü deyirəm və arxasında da dayanıram. Mən açıq şəkildə düşmənlərimin də adını söyləyirəm və deyirəm ki, bu iki kişi arasında olan söhbətlərdir.
Digər tərəfdən də qeyd etmək istəyirəm ki, ay Çingiz Qənizadə, ağlın AXC-Müsavat hakimiyyəti dövrünə getməsin. İndi o zamankı hərc-mərclik deyil ki, istədiyin adamı həbs etdirəsən! İndi Azərbaycanda qayda-qanun var. Kimin günahı varsa, sübut edilsin! Mən sözümün də arxasında dayanıram. Dediyim sözlərin hamısı həqiqətdir.
Çingiz Qənizadə mətbuata açıqlama verir ki, guya mən danışığımı bilmirəm, sərsəməm və sairə. Ay Çingiz Qənizadə, mən sərsəməm? Bunu sübut edə bilərsən?
– \”ATV səhər” proqramının aparıcısı Turan İbrahimov sizin haqqınızda aşağılayıcı fikirlər səsləndirib. Buna münasibətiniz necədir?
– Mən o videoya baxmışam. Ancaq səmimi deyim ki, mənim Turan İbrahimovun danışığına və cəsarətinə hörmətim var. İndi Turan mənim haqqımda nə deyib, ona cavab vermək istəmirəm. ATV telekanalının prezidenti Vüqar Qaradağlıya da böyük hörmətim var. Haqqımda söylənilən fikirlərə görə də qiymət verilməsini Vüqar Qaradağlının səlahiyyətinə buraxıram. Turan İbrahimova da cavab verən deyiləm. Çünki atalarımızın gözəl misalı var: \”Adama böyüyünə görə hörmət edərlər”. Turanın da böyüyü, müdiri Vüqar Qaradağlıdır. Haqqımda deyilənlərlə bağlı da Vüqar Qaradağlı özü qərar versin!
– Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə ilə münasibətləriniz necədir? Son günlər ərzində Şeyxlə danışığınız olubmu? Ümumiyyətlə, aranızda hər hansı inciklik varmı?
– Yazırlar ki, guya Şeyxlə aramız dəyib və sairə. Ancaq səmimi sözümdür. Atamın goruna and olsun ki, Şeyxlə aramız dəyməyib. Nədə ki, Şeyx mənə zəng etməyib, bu barədə aramızda heç bir söhbət olmayıb. Bizim aramızda bir-birimizə böyük hörmət var. Əgər nə isə Şeyxi narazı salsa, nə isə demək istəsə, mənə mütləq xəbər edər. Əgər lazım olsa, Şeyx özü mənə zəng edərdi. Ancaq son məsələlərlə bağlı Şeyx mənə bir kəlmə də söz deməyib.
Son günlər yazırlar ki, guya Şeyxin oğlu haqqında pis fikirlər söyləmişəm və sairə. Şeyxin oğlunu doğma balam kimi çox istəyirəm. O da mənim balamdır, qucağımda böyüyüb. Düzdür, indi Şeyxin oğlu böyüyüb yekə kişi olub. Ancaq mən onu hələ də doğma balam gözündə görürəm. O, mənim üçün hələ də uşaqdır. Mən deməmişəm ki, Şeyxin oğlu namaz qıla bilmir. Şeyxin oğlu 10 yaşından mənimlə Həcc ziyarətində olub. Mən necə deyə bilərəm ki, o namaz qıla bilmir? Şeyxin oğlunu da öz oğlumdan ayırmıram. Onlar mənim balalarımdır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın