Bazar , Yanvar 24 2021
Ana səhifə / Aktual / “AXC-ni quran babalarımızın ənənəsi davam edir” – Adil Əliyev

“AXC-ni quran babalarımızın ənənəsi davam edir” – Adil Əliyev

Millət vəkili Adil Əliyev prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsinə münasibət bildirib.

“Qafqazinfo”ya daxil olan açıqlamada qeyd olunur ki, ölkə başçısının 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi tarixi qərardır:

“Məlumdur ki, bu il Cümhuriyyətimizin 100-cü ildönümü qeyd ediləcək. Cənab Prezidentin də qeyd etdiyi kimi, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Varisi olduğumuz Xalq Cümhuriyyəti müsəlman aləminə, hətta Avropaya böyük nümunə idi. Avropanın aparıcı ölkələrində hələ o zaman qadınların səs vermək hüququ olmazkən, bu hüquq Xalq Cümhuriyyətində qanunla təsbit edildi. Xalq Cümhuriyyətinin qurucularından Məmməd Əmin Rəsulzadə “bir dəfə yüksələn bayraq bir daha enməz” dedi və gələcək nəsillər bunu unutmadı, həmin bayraq  hələ SSRİ adlı imperiyanın dağılmadığı illərdə Naxçıvanda rəsmiləşdirildi. Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə həm Moskva, həm də onun Bakıdakı tör-töküntüləriylə mübarizə apararaq, hər iki istiqamətdən təzyiqlərə rəğmən, Xalq Cümhuriyətinin qaldırdığı milli bayrağı Naxçıvanda ucaltdı.

Təəssüf ki, Xalq Cümhuriyyəti iki il yaşadı, Azərbaycan işğal olundu. Üstündən 70 il keçdikdən sonra Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Ancaq Xalq Cümhuriyyətinin obyektiv səbəblərdən uğradığı məğlubiyyətin 70 il sonra bu dəfə Bakıdakı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində subyektiv səbəblərdən yenidən təkrarlanması ehtimalı var idi. Heydər Əliyev buna imkan vermədi, xalq ulu öndəri Bakıya dəvət etdi, Azərbaycanda sabitlik yaratdı, inkişafa imkanlar açıldı.

Ulu öndərin davamçısı olan möhtərəm prezident İlham Əliyev də bu sabitliyə əsaslanaraq ölkənin inkişafını daha da gücləndirdi. Prezidentimiz 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda əldə olunan uğurlardan danışıb, məmləkətimizin potensialının artdığını konkret misallarla, rəqəmlərlə vurğulayıb. 2018-ci ilə daha böyük ümidlərlə daxil oluruq. Bu isə 100 illiyini qeyd edəcəyimiz Xalq Cümhuriyyətinin ənənələrinin Azərbaycanda yaşadığını və daha da inkişaf etdiyini göstərir. Xalq Cümhuriyyətini quran babalarımızın ənənəsi davam edir, məmləkətimiz etibarlı əllərdədir!”

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …