Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Avropaya qapı açıqdır: içəri keçəcəyikmi?

Avropaya qapı açıqdır: içəri keçəcəyikmi?

Cəmiyyətin ən müxtəlif seqmentlərinin rifahının yüksəldilməsinə yönəlmiş bir sıra ciddi və məzmunlu sosial proqramlar, xüsusən də son əfv fərmanı – irəlicədən aydın idi ki, bütün bu qərarlar diqqətdən kənar qalmayacaq və təəccüblü də olmadı ki, nəinki yerli siyasət və ictimaiyyət fəalları, eləcə də beynəlxalq dairələr, xüsusən də Avropanın demokratiya və insan haqları institutları bunlara dərhal pozitiv reaksiya verdilər.

Ələlxsus da sonuncu əfv fərmanı tez zamanda pozitv diskussiya predmetinə çevrildi, hətta özlərini “barışmaz”, “radikal müxalifət” hesab edən dairələr də prezidentin qərarından məmnunluqlarını gizlətmədilər.

Bir daha, təkrar olaraq deyirik ki, prosesin beynəlxalq məzmunu, doğurduğu rezonans dərhal ifadəsini tapdı: bir neçə Avropa institutları demək olar, eyni vaxtda Azərbaycan prezidentinə onlarla siyasi məhbusu azad etdiyinə görə minnətdarlıq ünvanladılar.

Amma siyasətin öz “hesab”ı, ruslar demiş, öz “arifmetika”sı var. Növbəti əfv fərmanı şübhəsiz, mühüm ictimai-siyasi hadisədir. Fəqət, səhv etmiriksə, sayca 33-cü fərmandır bu. Odur ki, cəmiyyət olaraq həm biz, həm müxalif dairələr, həm də hakim partiyanın üzvləri bundan müəyyən nəticələr çıxarmalıyıq.

Birlikdə elə cəmiyyət və dövlət qurmağa çalışmalıyıq ki, orada nə siyasi məhbuslar olsun, nə də ki, onların sərbəst buraxılmasına yönəlmiş aktlar.

Səhv etmirəmsə, yəhudlərin belə bir deyimi var, daha doğrusu, Talmudda belə yazılıb ki, bir insan həyatını xilas etmiş adam bəşəriyyəti xilas etmiş olur.

Eyni sözləri əfv fərmanları haqqında da demək mümkündür: bir insana azadlıq bəxş etmiş şəxs sanki bütün cəmiyyəti azad etmiş olur…

Amma bizim azadlığımız o vaxt möhkəm özüllü və dönməz olacaq ki, biz siyasi məhbus problemin birdəfəlik həll edəcəyik.
Problem Azərbaycan Avropa Şurasına üzv olandan sonra aktuallaşdı. Gizlətmirik ki, lap əvvəldən xeyli mübahisəli, hətta spekulyativ məqamlar vardı burada. Amma indi bundan söhbət getmir, əsas odur ki, təxminən iyirmi il ərzində yüzlərlə, bəlkə də mindən çox adam azad olunub və bir daha deyirik ki, onların çoxunun siyasətlə heç bir əlaqəsi yox idi, sadəcə, Avropa Şurasın müəyyən etdiyini “meyar”ların və bir də yerli hüquq müdafiəçilərinin sayəsində bu adamların böyük qismi gecə adi şəxs kimi yatıb gündüz “siyasi ulduz” kimi ayıldılar və adları “siyasi məhbus” siyahılarına düşdü…

Olsun. Bizim demək istədiyimiz əslində tamam başqadır. Bir daha ərz edirik ki, hər dəfə “siyasi məhbus” kimi azad edilənlərin ən azı yarısının siyasətə heç bir aidiyyəti olmasa da, hər halda, azad olunanlar arasında bu meyarlara cavab verənlər də az deyil və əsas odur ki, biz indiyə qədər siyasi məhbus problemini köklü şəkildə həll edə bilməmişik.

Formal-hüquqi baxımdan məsələ həll olunub; milli və beynəlxalq qanunvericiliyin inkorporasiyası prosesi çoxdan bitib və bizin qanunlar beynəlxalq sənədlərə uyğunlaşdırılıbdır.

Amma çox təəssüflər ki, praktikada hələ də problemlər qalır və prezidentin əfv fərmanları beynəlxalq təşkilat və institutlar tərəfindən hər dəfə alqışlanmaqla bahəm həm də həmin dairələrdə təəccüb və sual doğurur. Oralarda soruşurlar ki, bunlarda hələ də siyasi məhbuslar var?..

Odur, düşünürük ki, problemi köklü, prinsipial şəkildə həll etməyin əsl vaxtıdır. Bunun üçünsə ciddi islahatlar lazımdır. Yeri gəlmişkən, belə bir detalı qeyd edək ki, diplomatlarımız və siyasətçilərimiz Avropa Birliyilə imzalanacaq sazişdən indi daha inamla danışmağa başlayıblar.

Xatırladaq ki, “Avropa tərəfdaşlığı proqramı”na qoşulmuş ölkələrdən yalnız Azərbaycan və Belarus AB ilə saziş imzalamayıb və bizim ölkəmizin adı hər də Belarusla qoşa çəkilir ki, bu da heç də bizə baş ucalığı gətirmir.

Hətta Ermənistanın da belə bir saziş imzalaması göstərir ki, bu yolda ciddi geosiyasi əngəllər yoxdur: əgər Kreml İrəvana da belə imkan verdisə, biz niyə molla Nəsrəddin demiş, ayağımızı cızıqdan azca kənara qoymayaq?..

O başqa məsələdir ki, böyük ehtimalla, bizim imzalayacağımız saziş ermənilərinkindən fərqli olaraq deklarasiya yox, əsl işçi sənəd olacaq və biz buna əminik.

Hazırda AB ilə ciddi, hərtərəfli və ən əsası da bərabər tərəf kimi danışıqlar aparımağın əsl vaxtıdır. Sonuncu əfv fərmanına da biz daha çox bu prizmadan baxırıq. Ümid edirik, bu il, nəhayət, dediyimiz sənəd imzalanacaq. İndi demək olar, Avropaya yol açıqdır. Tərəddüd və şübhələri bir tərəfə qoyub Avropa səmtində daha bir ciddi addım atmaq lazımdır; necə deyər, yolun bağrını yolçu yarar…

Həm də heç vaxt unutmaq lazım deyil ki, biz Avropa xalqıyıq. İnanın, heç də bütün xalqlarda, xüsusən də müsəlman Şərqi ölkələrində bizim M.F.Axundov və Ü.Hacibəyov kimi insanlar olmayıb. Odur, bizim Avropaya can atmağımız hansısa təsadüf, siyasi modaya uyğunlaşmaq cəhdi deyil, uzun müddətli, hətta bir az da məşəqqətli və ən başlıcası da şərəfli bir prosesdir…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Ceyhun Bayramov: “Qondarma “DQR”in Azərbaycanın sərhədləri daxilində gələcəyi yoxdur”

“Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində gələcəyi yoxdur”.Bu barədə Azərbaycan Xarici …