Azinforum.az Apa-ya istinadən xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Metsamor AES region ölkələri üçün ciddi təhlükə mənbəyidir.

O, iclasda iştirak edən Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyinin departament rəhbəri Vinsent Reyə müraciət edərək AES-in bağlanılması və ya yenidən qurulması ilə bağlı Aİ-nin hansı alətlərdən istifadə edə biləcəyi ilə bağlı sual ünvanlayıb. V.Rey Aİ-nin Ermənistandan Metsamor AES-in bağlanılmasını tələb etsə də, bu tələbin hələ də yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Toplantıda iştirak edən Avronest PA-nın həmsədri Rebeka Harms öz növbəsində Azərbaycan nümayəndə heyətinin Metsamor AES-lə bağlı mövqeyini dəstəkləyib.

Azərbaycan nümayəndə heyəti Metsamor AES-in Avronest PA-nın xüsusi məruzəsinə daxil edilməsi təklifi ilə çıxış edib. Bu məsələ ilə yanaşı azərbaycanlı deputatlar sənəddə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın işğalçı tərəf kimi göstərilməsi, Türkiyənin Afrin bölgəsində terrorizmə qarşı apardığı mübarizənin də əks olunmasının vacib olduğunu qeyd ediblər.

“Şərq tərəfdaşlığı” ölkələrində təhlükəsizlik məsələləri və Aİ-nin bu məsələlərdə rolunun artırılması” adlı məruzə Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava və Avropa Parlamentinin üzvü Gunar Hokmark tərəfindən hazırlanıb. Sənədin cari ilin iyul ayında Avronest PA-nın Brüsseldə keçiriləcək sessiyasında qəbul olunacağı gözlənilir.