Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / ”Atatürk bu əsəri oxuyaraq savaşa başladı”

”Atatürk bu əsəri oxuyaraq savaşa başladı”

“Tarixi nadir” layihəsində Güntay Gəncalpla Hüseyn Cavid haqda söhbəti təqdim edirik.

– Güntay bəy, sizin bir çox yazılarınızda Hüseyn Cavid yaradıcılığına olan rəğbət açıq-aşkar görünür. Səbəb nədir?

 

Klassik məfkurənin, dünyagörüşün və varlığın mənzum dillə açıqlamanın nümunəsinə Cavid yaradıcılığında rast gəldim. Yəni öz mənəvi dünyamda Cavidi kəşf etdim və əsərlərini diqqətlə oxumağa başladım. Son 150 illik ədəbiyyat tariximizdə kimsəni Cavid qədər dərindən oxumamışam. Ayrıca, son 150 ildə də nə Anadoluda, nə Türküstanda, nə İranda, Əfqanıstanda və Qafqazda Cavid kimi şair, düşüncə adamı, çağları aydınladan bir dramaturq meydana çıxıb. Bu üzdən Cavidin hər bir əsərindən bir neçə parça əzbər bilirəm. Mənəviyyat, düşüncə, şeir və estetik dünyamda Hafiz, Əttar, Mövlanə, Füzuli kimi böyük şəxsiyyətlərlə bir yerdə Cavid də var.

 

Sizcə, Hüseyn Cavidi öz çağdaşlarından fərqləndirən xüsusiyyətlər hansılardır?

 

Birincisi,  dil məsələsidir. Cavid yalnız o zaman təqribən iki milyon olan Qafqaz türklərinə xitab etməyib. O, Anadoludan İrana, Mərkəzi Asiyaya qədər bütün türk oxucularına xitabən yazdığı üçün türkcənin geniş coğrafi imkanlarına söykənib. Ayrıca, mənə görə, Cavid yaradıcılığının ağırlığını bu gün “Azərbaycan dili” olaraq adlandırdığımız kiçik bir bölgənin dili daşıya bilməzdi. Çünki Cavidin açdığı düşüncə üfüqündə bütün Şərq mədəniyyət tarixi özünü göstərir.

 

– İkincisi…

 

– İkinci məsələ Cavidin mədəniyyət və mənəviyyat tarixini canlandıraraq öz əsərlərində çağımıza daşıması idi. Cavid öz yaradıcılığında modern düşüncələrə dayanaraq Xəyyam, Əttar kimi şəxsiyyətlərin dünyagörüşlərini açıqlamışdı. Açdığı öz tarixi üfüqünü də o şəxsiyyətlərin dünyagörüşlərinin üfüqləri ilə bütünləşdirmişdi. Bu üzdən Cavid yaradıclığında biz öz ardıcılığını qoruyan düşüncə və dünyagörüşlərin davamı ilə qarşılaşırıq.

Üçüncüsü, Cavid ürfan mədəniyyətini modernliklə birləşdirərək anlaşıqlı hala gətirmişdi. Cavidin arxalandığı mənəviyyat dərinliyi ürfandır. Yöntəmi modern məzmunu ürfanidir. Ürfanla modernin birləşməsi. Ariflərin, sufilərin və digər azad şüurlu insanların açdıqları yolda mənəvi yolçuluğuna davam edən Cavid öz ədəbi, mənəvi və irfani təcrübələrini də bu yolçuluğunda realizə edib.

 

Sizi Cavid yaradıcılığına cəlb edən elə bu səbəblərdir?

 

Cavidi oxumaq üçün zehni hazırlıq lazımdır. Yəni modernitədən,  Şərq ədəbiyyatından, hətta Hind ədəbiyyatından da bir şeylər oxuyub bəlli zehni təcrübə qazandıqdan sonra Cavidi oxumaq daha faydalı olur, bu yolla Cavid daha asan anlaşılır. Bu, mənim təsbitimdir. Cavidi öz intelektimin və zehnimin tənqid və dəyərləndirmə süzgəcindən keçirərək oxumağa başladım. Ağlımda bir çox suallar var idi. Cavid hansı suallara cavab vermək istəyib, tarixi və yaradıcı şəxsiyyətlərin dünyagörüşünü anlamağa onu sövq edən nə olub? Nələri necə anlayıb və anlatmaq istəyib? Bu zaman Cavidin əsərləri üzərinə yazdığım məqalələr  “H.Cavidin təsvir etdiyi Atatürk” adı ilə kitab halında Bakıda çap oldu.

 

Atatürk deyirsiniz, Cavidin yaradıcılığında Atatürkə işarə edilib ki?

 

Yox, Mustafa Kamala işarə edilməyib, lakin Cavidin şah əsəri olan ”İblis” dram əsəri 1918-ci ildə, yəni Birinci Dünya savaşının bitdiyi arada yazılıb. Bu zaman Osmanlı dövləti yenilmişdi və türklər bu məğlubiyyətə görə aşağılıq kompleksinə qapılmışdılar. Müttəfiq güclərin Anadoludan türkləri silib atmaq təhlükəsi var idi. Bu zaman Cavid çox narahat olur. ”İblis” əsərini yazır və bu əsərdə ”Elxan” adında xilaskar bir öndərin xarakterini təsvir edir. Bu öndər Osmanlı sarayından qovulub. Çünki Osmanlı zehniyyətinin şeyxlik qurumu modern xilaskar öndərin dünyagörüşünü və gerçəkləşdirmək istədiyi yeniliyi qəbul edə bilmirdi. Mühafizəkar və dəyişimə qarşı olan şeyxlik qurumu əsərdə ifadə edildiyi kimi, Elxan kimi yenilikçiləri şərləyib, din düşməni adlandıraraq öldürürdü. Bu üzdən əsərdəki yenilikçi və xilaskar surət olan Elxan Osmanlı zehniyyətinin təzyiqindən qaçıb. Cavid bu əsərdə həm özünün, həm də İsmayıl bəy Qaspirallı kimi türkçülərin arzusunu dilə gətirir ki, artıq Osmanlı dövləti çağla həmahəng ola bilmir və türklüyün Anadoludakı qurtuluşu Osmanlı zehniyyətinin, Osmanlı dünyagörüşünün tarixdən silinməsi ilə mümkün ola bilər.

Bu üzdən Cavid Osmanlı sarayından qaçaraq Anadolu alpərənləri ilə bir yerdə silahlı qurtuluş savaşına başlayan ”Elxan”nın üzərinə iki tarixi missiya yükləyir: 1. İşğalçıları ölkədən çıxarmalıdır. 2. Osmanlı zehniyyətini tarixə buraxaraq modern bir tarix başlatmalıdır. Cavid bu əsərində Nitsşenin anlatmağa çalışdığı üstinsanın kimliyini təsvir edib.

 

– Mustafa Kamal məsələsinə qayıdaq.

 

– Cavid bu əsəri yazdıqdan tam bir il sonra Mustafa Kamal adında bir savaşçı və xilaskar öndər ortaya çıxdı. Mustafa Kamal şəxsiyyəti ilə Hüseyn Cavidin təsvir etdiyi ”Elxan” surəti tam olaraq üst-üstə düşür. Mustafa Kamal da Osmanlı sarayından qaçaraq həm işğalçıya qarşı savaşıb ölkəsini azad etdi, həm də heç bir düşüncə və yenilik ortaya qoymayan Osmanlı zehniyyətini qapadaraq türk millətinin gözləri önündə yeni və aydın bir üfüq açdı. Bu baxımdan, Mustafa Kamal və Cavid arasında intuisiya şəklində əlaqə olub. Maraqlı olan Cavidin bu əsərdə təsvir etdiyi qəhrəmanın gerçək həyatda meydana çıxmasıdır. ”İblis” dram əsərində Elxanın davranış və söylədikləri diqqətlə incələndiyində adama elə gəlir ki, Mustafa Kamal bu əsəri oxuyaraq qurtuluş savaşına başlayıb.

 

Az öncə Cavid və modern mədəniyyət haqda söhbət etdiniz. Bu mövzunu Cavid yaradıcılığında daha açıq necə bəyan edə bilərsiniz?

 

– Cavidin əsərlərini teoloji, teleoloji və ya gələcək hədəfşünaslıq, tarixilik və modernitə görüşləri baxımından incələmək mümkündür. Cavidə görə, çağdaşlıq deyilən durum hərəkətli ağlın törələr və ənənələrlə qarşılaşması ilə ortaya çıxar. Cavid insan ağlının tarix və törələr zindanında olmaması gərəkdiyini vurğulayıb. İnsan və toplum həyatına hakim olması gərəkən durum ənənələr deyil, ardıcıl özünü aydınladan ağıl olmalıdır. Cəhalətlə güləşərək qalib gələn də ancaq özünü yeniləyən ağıldır. Cavidin yeniləşmə şüuruna verdiyi əhəmiyyəti biz ancaq Qərbin aydınlanma çağının bilgələrində görmüşük.

”Lazımsa cəhalətlə güləşmək,

Bir çarə var ancaq: yeniləşmək”

Cavid yeniləşməyi tək çarə olaraq göstərməsinin də səbəbini bu şəkildə açıqlayır ki, insan nə qədər yeniləşməyə çalışsa da, onun ağlı və düşüncə dünyası geniş ölçüdə tarix və törələrin təzyiqi altındadır:

”Bizlər yeniləşsək belə daim,

Bir əskilik az-çox bizə hakim”.

 

Cavidi ”klassik” adlandırırsınız. Hansı özəlliklər Cavidi klassik kimi göstərir?

 

Klassik deyincə ağla gələn bunlardır: ölçü, bilgəlik, etidal. Bir əsəri klassik edən dilin inkişaf zirvəsinə çatması, öz növündə o janrın bənzərsiz bir səviyyədə olması və ən önəmlisi isə milli özəlliklər daşımasıdır. Bu üç amilin üçü də Cavid yaradıcılığında mövcuddur. Cavid bizim çağımızda yaşasa da, istifadə etdiyi mövzulara görə həm əski çağlara mənsubdur, həm də indiki zamandan gələcəyə doğru bir üfüq açıb. Klassikliyin özəlliklərindən biri də budur. Cavid bu sahədə çox başarılı olub. Cavid yaradıcılığında ağıl, tarixi şərtlər içində varlığını göstərərək olayların axışı içində fəallaşır, yaradıcı imkanlarını büruzə verir.

 

– Dediniz ki, Hüseyn Cavidin əsərlərində teoloji xüsusiyyətlər var. Buna bir aydınlıq gətirin.

 

Cavidin ”Peyğəmbər” pyesi peyğəmbərşünaslıq və islamşünaslıq baxımından çox önəmli əsərdir. Bu əsər estetik özəlliklərinin fövqündə bir də teoloji mövzuları incələyib. Burada İslam Peyğəmbəri ilahi missiyasından əlavə, bir də toplumu, tarixi aydınladan bir şəxsiyyət kimi verilib. Peyğəmbər baxışından gözəllik, ədalət, qardaşlıq, qadın haqları və barış məsələləri təsvir edilib. Özəlliklə Cavid öz əsərlərində bəzi önəmli dini mövzulara aydınlıq gətirməyə çalışdığı üçün teoloji ilə də məşğul olub.

 

– Sizcə, Cavidə lazımi dəyər verilirmi?

 

Cavidə dəyər vermək üçün onun əsərlərini oxumaq lazımdır. Bundan başqa necə dəyər vermək olar?  Dəyər vermək onun təsvir etdiyi mənəvi dünyaya girməyə çalışmaq anlamında olmalıdır. Lakin Cavidi oxumaq üçün də hazırlıq lazımdır. Dilimiz sovet zamanında öz tarixi köklərindən, Cavid ölçülərindən qoparılaraq qısırlaşdırılıb. Azərbaycan oxucusu indiki dil bilgisi ilə Cavidi oxusa da, anlaya bilməyəcək. Bu üzdən Cavid çox az oxunur. Ancaq məncə, Cavidin əsərlərindən hər bir Azərbaycan vətəndaşı, onlarca beyt əzbər şeir bilməlidir. Çünki bu şeirlər bizim düşüncə dünyamızda aydın üfüqlər aça bilər.

(axar.az)

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın