Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / “Atam heç vaxt ona verilən gülləri evə gətirmirdi”

“Atam heç vaxt ona verilən gülləri evə gətirmirdi”

Xalq artisti Yaşar Nuri 1951-ci ildə Bakıda doğulub. Səhnəyə ilk dəfə uşaq ikən “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. Teatr və kino sahəsində misilsiz obrazların ifaçısı olan aktyor, xalq artisti Yaşar Nurini Demokrat.az onun ailə üzvləri ilə birlikdə xatırlayıb. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva deyir ki, günün əksər vaxtını yaradıcılıqla məşğul olurdu. 

“Radioya gedirdi, ordan televiziyaya, kinostudiyaya, sonra da evə gəlirdi. Hər dəfə də geyimini dəyişərdi. Qəliz xasiyyəti vardı. Onunla bərabər mən də yorulurdum. Amma elə edirdi ki, o yorğunluğumu unudurdum. O mənə, mən də ona rahatlığı yaradırdım. Onda müsbətlə,mənfi birlikdə idi.”

Sənətkarın qızı Ülkər isə atası ilə keçən uşaqlıq illərini belə xatırlayır.

“Əslində mənim maraqlı uşağlığım olub. Biz tam fərqli böyümüşük. Atamla tez-tez bulvara gedirdik, gəzirdik. Onda hələ mən balaca idim, başa düşmürdüm. Görürdüm ki, hamı ona baxır, sevir, maraqlanır. Uşaq olanda bunu başa düşmürdüm. İndi müğənni də olsam, hamı mənə Yaşar Nurinin qızı deyir. Gözümü açandan evdə dahi insanları görmüşəm, məşhurluq görmüşəm.”

Həmçinin, o əlavə edib ki, ümumiyyətlə o atasının oynadığı tamaşalara çox getməməyə çalışırmış. Niyə? 

“Çünki mən atamın hər çıxışı zamanı həyəcanlanırdım ki, atam səhnədə yıxılar, birdən tərləyər, nəsə olar. “Qızıl teşt” tamaşası idi, o tamaşaya getmişdim, atama o qədər güllər vermişdilər ki.. Atam heç vaxt gülləri evə gətirmirdi, orda işləyən xanımlara verirdi, az hissəsini evə gətirirdi. Amma demək olar ki, atamın yaradıcılığını izləmişəm və onun fanatı olmuşam.”

Xalq artistinin qızı deyir ki, atasına aktrisa olmaq istəyini bildirib. Lakin..

“Atam bilirdi ki, mənim çox böyük həvəsim var, rəqsə gedirdim onun sağlığında. O bilirdi ki, mən incəsənətə meyilliyəm. Arada ona deyirdim ki, ata mən aktrisa olmaq istəyirəm. Mənə deyirdi ki, lazım deyil. O zaman mən dərk etmirdim. Müğənni olandan sonra bildim ki, o çətinlikləri özü yaşadığına görə istəməyib ki, övladı da yaşasın. Bilirəm ki, indi sağ olsaydı müğənniliyimə heç nə deməzdi. Atam bunu görsəydi deyərdi ki, qızım sənin istedadın, potensialın varsa, mən sənə dəstəyəm.
Sənətkarın xanımı onun son gününü hələ də unuda bilmir.

Son günü məni gözləyirdi qapıda. Gördüm arabada oturub, gəlib fırlatdım gəzdirdim onu, elə baxırdı ki mənə.. İlk sözü bu olurdu ki, kim soruşdu, kim zəng etdi. Həkim də orda idi, soruşdum ki, Yaşar, sən məni sevirsən? Dedi ki, bəsdir. Dedim, nə olar bir dəfə de də mənə. Dedi ki, hə. Saat 11 idi, yatdı, mən gəldim evə. Saat 02:00, 02-30 olardı, evə zəng gəldi. Baş həkim dedi ki, Rəhimə xanım, bunu deməyə məcburuq, elə indicə Yaşar müəllimi itirdik.”

Sənətkarın qızı Ülkər isə atasının yoxluğunu belə təsvir edir: 

“Xalq sənətkarını itirdi, mən dostumu, sirdaşımı, əzizimi, arxa dayağımı. Mən həmişə deyirəm ki, yaşamırdım, bu dünyanı görməmişdim. Bu 10 ildə görmüşəm ki, əziyyət nədir, yalan nədir, doğru nədir. O qədər pambıq içində böyüdüb ki atamız bizi, kənardan bizə heç nə edən olmayıb. Ondan sonra ikinci bir insan tanımıram ki,onun kimi mənə dayaq olsun.”

Sağlığında insanları gülüşə qərq edən sənətkar, yoxluğu ilə eyni qədər kədər bəxş etdi sevənlərinə. Demokrat.az olaraq, sənətkarları daim xatırlamağı, yad etməyi vacib hesab edirik. Həm sənət, həm də sənətsevərlər xatirinə…

Demokrat.az

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …