Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “AST TELMAN” :  “Abbas Abbasovla dostluğumuz onun 14, mənim 8 yaşım olanda başlayıb”

“AST TELMAN” :  “Abbas Abbasovla dostluğumuz onun 14, mənim 8 yaşım olanda başlayıb”

Biz Moskvadan qayıtmaq ərəfəsində olanda virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən sensasion xəbər yaydı-Azərbaycan əsilli milyarder,“AST” şirkətlər qrupunun prezidenti,hamının yaxşı tanıdığı Telman İsmayılovun “Mardan Palace” otelinə həbs qoyulub və satışa çıxarılıb.

Oliqarxa 1.4 milyard dollar başa gələn otelin kredit borcuna görə məcburi satışa çıxarılması haqda xəbər ölkənin informasiya məkanında əsl partlayışa səbəb oldu.

Axı son məlumatlara görə, T.İsmayılov Rusiya hakimiyyəti ilə problemlərini həll etmişdi və onun biznesini heç nə təhdid etmirdi.Əlbəttə, bizim T.İsmayılovla görüşümüz və söhbətimiz Moskva səfər proqramımızın çərçivəsi xaricinə çıxırdı.Ancaq Moskvada olmaq və bu cür qalmaqallı xəbərlərdən sonra azərbaycanlı oliqarxla danışmağa cəhd etməmək jurnalist peşəsini satmaq kimi görünərdi. Və biz inanırıq ki, səfərimizin təşkilatçıları bu təşəbbüsüzümüzə anlayışla yanaşacaqlar.

Jurnalistlərlə ünsiyyətdən qaçan Telman İsmayılov heç gözləmədiyimiz halda bizimlə görüşə və suallarımıza cavab verməyə razılaşdı.

Görüş saat 14:00-da Skolkovoda təyin olundu. Telefonda elə belə də dedilər-Skolkovoda birinci ev İsmayılova məxsusdur, orada həmin evi hamı tanıyır. Birinci evə, daha doğrusu Moskvanın məşhur qəsəbəsindəki saraya yaxınlaşıram. Hərbi geyimli mühafizəçidən soruşuram: “Bu kimin evidir?”

Mühafizəçi şübhəilə cavab verir: “Cavab verməyə icazəmiz yoxdur. Nə lazım idi?”.

“Biz jurnalistlərik, Telman İsmayılov bizi gözləyir”-qısa və quru cavab verirəm.

Bir neçə dəqiqə sonra nəhəng darvaza açılır. Və bizi qarşılamağa T.İsmayılov özü gəlir. Gözqamaşdıran sarayın monumental fasadı arxasında gözqamaşdırıcı gözəllik, qızıl parıltısı, ağlasığmaz dəbdəbə gizlənib. Həyatım boyu heç vaxt beləsini görməmişəm. Heç kinoda da…

O, bizi səxavətlə qəbul edir, bakılısayağı, sarayında nahar eləməyimizi israr edir. Səliqə və nəzakətlə təklifdən imtina etməyə çalışırıq, ancaq T.İsmayılov elan edir ki, hələ belə şey olmayıb-əgər onun evinə qonaq gəlirsə hökmən ailə masası arxasında əyləşməlidir. T.İsmayılovun ailəsi ilə tanış oluruq-adi, təvazökar, azərbaycanlı ənənələrini qoruyub saxlayan bakılı ailəsidir…Ancaq tədricən şam yeməyinə qədər uzanan nahar zamanı ona bir neçə sual verməyə imkan tapıram. T.İsmayılovu yola gətirmək üçün çox çalışmaq lazım gəlmir…

-Telman Mərdanoviç, burada, sizin sarayınızda nə qədər fotolar asılıb-hər tərəfdən bizə məşhur simalar baxır. Bəs nəyə görə həmin Monika Belluci yoxdur?

-(Gülür…) Bunların hamısı sizin saytınızın xəbərindən başladı.

Qeyd: Xatırladaq ki, ötən il italyan KİV-ləri Vensan Kasselə boşanma prosesinə başlayan məşhur italiyalı aktrisa Monika Belluçinin guya azərbaycanlı oliqarxa görə ərindən ayrıldığını yazmışdı. Bu mövzunu Kann festivalında jurnalistlərlə söhbətində Belluçi özü də qızışdırdı. O, informasiyanı nə təsdiq, nə təkzib etdi.

-Bağışlayın, ancaq hər şey italyan KİV-lərindən başladı. Sonra informasiyanı Türkiyənin “Hürriyyət” qəzeti yaydı. Yeri gəlmişkən, Türkiyə haqda. Bu günlərdə Türkiyə KİV-ləri daha da uzağa gedib yazdılar ki, sizin əfsanəvi “Mardan Palace” oteliniz borclara görə hərraca çıxarılır. Bu doğrudur?

-Mən bu otelin sahibi deyiləm. Əgər istəsəniz sizi əsl sahibi ilə tanış edə bilərəm.

Qeyd: Telman İsmayılov geri dönür və nəvəsini çağırır. Balaca Telman-Telman İsmayılov adlı oğlan qaçaraq gəlir.

Budur otelin sahibi.Oteli o sata bilər. Mən kiməm ki (Gülür)

-Bəs ciddi danışsaq?

-Türkiyədə mənim haqqımda dezinformasiya yayan adamlar var. Bunu qəsdən edirlər. Onlar məni Türkiyədən sıxışdırıb çıxarmaq istəyirlər.Bu informasiyanı bütünlüklə təkzib edirəm.Təkrar edirəm, mənim bu oteli satmaq planım yoxdur.Yeri gəlmişkən, fürsətdən istifadə edib sizi də istədiyiniz vaxt oteldə dincəlməyə dəvət edirəm.

-Təklifinizdən hökmən istifadə edərəm. Buna baxmayaraq daha bir sual-sizin borclarınız var?Bəlkə otelin tikintisi zamanı götürdüyünüz hansısa kreditlərlərlə bağlı öhdəliklərdən söhbət gedir?

-Mən sizə sualla cavab verirəm. Nə vaxtsa eşitmisiniz ki, kimsə öz nağd pulları hesabına hansısa meqa-layihəni həyata keçirsin?Bu ki absurddur.Əlbəttə, otelin tikintisi zamanı mən bank kreditlərindən istifadə etmişəm.Söhbət cəmi 110 milyon dollardan gedir.Türkiyədə mənim heç bir problemim yoxdur.

-Hətta Ərdoğan hökuməti ilə də?

-Əlbəttə. Vaxtilə məhz çox hörmətli Rəcəb Tayyib Ərdoğan məni Türkiyədə bəzi siyasi qüvvələrin təzyiqlərindən qorudu.Əgər mən bəzi türkiyəli qruplaşmaların mənə qarşı aqressiyasının səbəblərini danışsam beynəlxalq qalmaqala səbəb olardım.Yəqin bilirsiniz, mən İsrail vətəndaşıyam.İsveçrədə, İtaliyada, Baltikyanı ölkələrdə və dünyanın digər ölkələrində mülkiyyətim, biznesim var. Türkiyə vətəndaşlığı nəyimə lazımdır?

-Ancaq “Mardan Palace”in açılışından sonra bir çox KİV-lər sizin Türkiyə hökumətinə vətəndaşlıq barədə müraciət etdiyinizi yazdılar.

-Bu, doğru deyil.

-Əgər indi Moskvadasınızsa, yəqin Rusiya hakimiyyəti ilə problemlərinizi də yoluna qoymusunuz?

-Bəli, əlbəttə. Bu, qlobal fəlakət idi.Mən bu çətin situasiyadan çıxa bildim. Ancaq deməliyəm ki, Rusiyanın ali siyasi rəhbərliyinin bu işlərə heç bir aidiyyatı yox idi.

-Bu, hansısa hakimyyətdaxili qruplaşmaların həmləsi idi?

-Sualınızı şərhsiz qoyuram.

-Aydındır ki, söhbət hansısa qruplaşmadan gedir. Və təxmin etmək qalır ki, hansı qruplaşma idi.Hakimiyyət sizin məşhur “Çerkizovsk” bazarını bağladı.Rusiya bazarlarında hansısa biznesiniz qaldımı?

-Yox. Ancaq tezliklə mən Moskvada qlobal tikinti layihəsinə başlayacam.Biz 2 milyon kvadratmetr sahəsi olan yeni tikinti kompleksi inşa edəcəyik.Əminəm ki, kifayət qədər uğurlu layihə olacaq.

-KİV-lərdə yazıblar ki, problemlərinizin həllində Çeçenistan rəhbəri Ramzan Kadırovun xüsusi rolu olub. Şaiyələr dolaşırdı ki, sizə görə Putindən o xahiş edib.Əslində belə olubmu?

-Mən vaxtilə Ramzan Kadırovun atası, rəhmətlik Əhməd Kadırovla çox yaxın dost olmuşam. Bəli, Ramzan Kadırovla da yaxın münasibətlərim var. Təkcə o yox, Rusiyanın yüksək elitasının bir çox digər simaları da xahiş ediblər.

-Və deyilənə görə, bunun əvəzində Çeçenistana böyük yatırım qoymalı idiniz…

-Doğru deyil, mənim orada heç bir biznesim yoxdur.

-Bəs “Terek” futbol klubu?Bəyəm siz bu klubun sponsoru deyilsiniz?

-Yox, mənim bu klubun maliyyələşdirilməsinə heç bir aidiyyatım yoxdur.

-Sizin Azərbaycanda biznes maraqlarınız varmı? Və sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?

-Azərbaycanda çoxlu dostlarım var. Gördüyünüz kimi ailəmiz azərbaycanlı ailəsindən fərqlənmir. Bu ənənələri qoruyuruq və saxlayırıq.Bakıda tez-tez oluram.Sonuncu dəfə bir neçə ay əvvəl olmuşam.

-Deyəsən, AZAL prezidenti Cahangir Əsgərovla yaxın dostluğunuz var. Sizin ad gününüzdə nəqliyyat naziri Ziya Məmmədov da iştirak edirdi…

-Cahangir Əsgərovla dostluğu çox qiymətləndirirəm və qoruyub saxlayıram. İnanın, o, həyatım boyu rastlaşdığım ən layiqli adamlardan biridir.Bəli, sualınızın bu hissəsi doğrudur.Azərbaycanda biznesə gəldikdə isə sizin ölkənizdə heç bir biznesim yoxdur.

Doğrudur, bir vaxtlar arzum var idi ki, Şüvəlan qəsəbəsində Azərbaycanın Kann kurortunu yaradım.İnvestisiya yatırmağa hazır idim, ancaq təəsüf ki, bu layihəni bir çox səbəblərdən reallaşdırmaq mümkün olmadı.

-Prezident seçkiləri ərəfəsində siz “Milyarderlər ittifaqı” adını alan Rusiya azərbaycanlılarI təşkilatları ittifaqında iştirak edirdiniz. Adınız rəsmi Bakının qəzəbinə səbəb olan bu təşkilatın təsisçiləri arasında keçirdi.Azərbaycan hakimyyəti ilə sizin aranızda nə baş vermişdi?

-Nə “Milyarderlər İttifaqı”? Bunlar tamamilə axmaq və sərsəm iddialar idi.Biz qarşımıza heç bir siyasi məqsəd qoymamışdıq, çünki o siyasi təşkilat deyildi, humanitar və öz-özlüyündə milli-mədəni təşkilat idi.Burada hər şey sadədir.Mən sizə açıq deyirəm. Bir neçə adam mənə Abbas Abbasov barədə eyham vurub. Onu 50 ildir tanıyıram.Dostluğumuz onun 14, mənim 8 yaşım olanda başlayıb.Bu möhkəm dostluğu hələ də saxlayırıq.Mən Abbas Abbasovu həmişə Heydər Əliyevin, sonra isə İlham Əliyevin sadiq tərəfdaşı kimi tanımışam.Və o heç vaxt öz mənəvi atasına və onun varisinə-sədaqətlə xidmət etdiyi adamlara qarşı çıxmaz.

A.Abbasov istefa verəndən və Bakıdan Moskvaya gələndən sonra o, öz potensialından azərbaycan diasporunun möhkəmlənməsi naminə istifadə edə bilərdi.Bəyəm o evdə oturmalı idi? Bundan əlavə, Bakıda ondan xahiş etdilər ki, o vaxt hansısa Söyün Sadıqovun başçılıq etdiyi “AzerRos”a rəhbərliyi üzərinə götürsün. Bundan artıq ortada heç nə ola bilməzdi. İstəmədilər ki, A.Abbasov öz təcrübəsindən, bacarığından istifadə edib Moskvadakı azərbaycanlıları müdafiə etsin.Nəticədə o, bu işlərdən də kənarlaşdı.

Mənim Çerkizondakı bazarımda yüz mindən çox azərbaycanlı işləyirdi.Onların hamısı çörək qazanırdı. İndi bu insanların çoxu işsiz qalıb…

Azərbaycan hakimiyyəti ilə münasibətlərimə dair sualınıza gəldikdə isə demək istəyirəm ki, sizin hakimiyyətlə heç bir problemim yoxdur və ola bilməz. Mən uzun illərdir şəxsən tanıdığım prezident İlham Əliyevə böyük hörmətlə yanaşıram. O, Azərbaycanın layiqli lideridir, atasının işini ağılla davam etdirir.

Eynulla Fətullayev

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın