Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / ASLAN İSMAYILOVLA TROL “HESEN PAŞA”NI NƏ BİRLƏŞDİRİR? – Saxta adla üsyana çağırış edən kimdir? + VİDEO

ASLAN İSMAYILOVLA TROL “HESEN PAŞA”NI NƏ BİRLƏŞDİRİR? – Saxta adla üsyana çağırış edən kimdir? + VİDEO

İçərişəhər isterikası çoxlarının iç üzünü ortaya qoydu. Bir qaşıq suda fırtına qoparmaq istəyən bəzi vətənşüvənlərə ən tutarlı cavabı isə I vitse-prezident Mehriban xanım Əliyeva verdi. İrəli sürülən iddiaları yerində araşdırmaq üçün İçərişəhəri ziyarət edən Mehriban xanım, mətbuata açıqlamasında tarixi irsimizin təhlükə altında olduğuna dair qaldırılan hay-küyləri “yalan, böhtan və qarayaxma” adlandırdı.

Mehriban xanımın bu dəyərləndirməsi iki cəhətdən xüsusi əhəmiyyət daşıyırdı. Əvvəla, bu vətənşüvənlərin demək olar hamısı, özəlliklə də Aslan İsmayılov çıxışlarında Azərbaycan hakimiyyətində ikitirəlik yarandığı iddiasını ortaya atır və guya hakimiyyətin mütərəqqi qanadının müdafiəçisi kimi danışırdılar. Onların təsvir etdiyi bu mənzərədə mütərrəqi qanadın lideri olaraq isə Mehriban xanım görsənirdi. Ölkənin I vitse-prezidenti İçərişəhər isterikası ilə bağlı dilə gətirdiyi sözlərlə ona guya “ayı xidməti” göstərənlərin iddialarının qarayaxmalardan ibarət olduğunu açıq şəkildə dilə gətirdi və yəqin ki, bir çoxlarını xəyal qırıqlığına uğratdı.

Bu çıxış həm də ona görə əhəmiyyətli idi ki, Mehriban xanım uzun illərdən bəri UNESCO-nun Xoşməramlı səfiridir və İçərişəhər kompleksinin bu beynəlxalq qurumun “qara siyahısı”ndan çıxarılmasında mühüm rol oynamışdı. Dolayısıyla, o, tarixi irsin necə qorunmasının ölkəmizdə ən yaxşı bilicisidir və İçərişəhərlə bağl aparılan kampaniyanı bu cür qiymətləndirdi: “Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil”.

Mehriban xanımın bu sözləri İçərişəhər isterikasının heç bir real əsasının olmadığını, sadəcə bədniyyətli təxribat kampaniyası xarakteri daşıdığını bir daha təsdiqləyir.

Etiraf edək ki, İçərişəhər isterikasında Aslan İsmayılov qədər ilişəni olmadı. Ən maraqlısı isə bu adamın uğursuz tarixşüvənlikdən sonra ifşa olunması və indi də geriyə çəkilmək üçün min oyundan çıxmasıdır. O, “İçərişəhər isterikası”na qoşulmaqla qaranlıq oyunların oyunçusu olduğunu sübut etdi. Əvvəla, İçərişəhərdə qüllə sökülməmişdi və həmin qüllənin yerində restoran tikilmirdi. Əksinə, bir vaxtlar sökülmüş qüllə 8 il əvvəl bərpa edilmiş və ədalət öz yerini tapmışdı.

042600018495

Birinci vitse-prezidentin İçərişəhərə gedib hər şeyi şəxsən yoxlamasından və “isteriklərə” “mən heç onlar haqda danışmaq belə istəmirəm” deməsindən sonra vəziyyət dəyişdi. Hər kəs İçərişəhər “sevgisi”nin saxta və arxasında başqa məqsədlərin (bu barədə bir qədər sonra) olduğunu gördü.

Aslan İsmayılov da dərhal geriyə çəkilmənin “bic” yolları axtarmağa başladı. Əvvəl bəyan etdi ki, guya o da “qala divarlarının qarşısını kəsmək olmaz” deyirmiş. Beləcə, özünün birinci vitse-prezidentlə həmfikir olduğunu göstərməyə çalışdı. Halbuki, Mehriban Əliyevanın bu sözləri konkret hadisə haqda deyil, ümumiyyətlə, prinsip olaraq qalanın qarşısını kəsməyin qəbuledilməzliyi ilə bağlı idi. İçərişəhərdə isə qala divarlarının qarşısını kəsən hər hansı konkret tikinti işi aparılmırdı.

Elədirsə, Aslan İsmayılov düz bir həftə ərzində nəyin isterikasını qaldırmışdı? Hansı qanunsuz hərəkətə, qala divarının qarşısını kəsən hansı tikintiyə mane olmaq istəyirdi?

Zənnimizcə, bu sualın ən doğru cavabını hüquq-mühafizə orqanları verəcəklər. Hələlik isə onu demək mümkündür ki, Aslan İsmayılovun qaldırdığı və bəzilərinin də eyforiyaya qapılaraq qoşulduğu bu isterika öncədən düşünülmüş bir təxribat planının tərkib hissəsi təəssüratı yaradır.

O zaman növbəti suallar doğur: təxribat kimə qarşı idi və nə məqsəd güdülürdü?

Fikrimizcə, bu suala Aslan İsmayılovun davamlı izləyicisi və sevimli trollu “Hesen Paşa”nın öz ideoloji liderinin bir statusunun altına yazdığı aşağıdakı rəyi kifayət qədər aydınlıq gətirir: “Ay camaat, qalxın. Yığışaq, “cındır”lara həddini göstərək. Dağıdaq obyektləri”.

Açıq-aşkar üsyana, cinayətə çağırış nümunəsi olan bu rəyə Aslan ismayılovun laqeyd qalması da onun Azərbaycanda planlaşdırılan “xalq üsyanları”na ideya rəhbərliyi etdiyinin ən bariz sübutudur. Oysa, adətən Sumqayıt hadisələri haqda ona ünvanlanmış adi sualları belə pozan Aslan İsmayılov bu trollun şərhini nəinki pozmayıb, heç ona etirazını da bildirməyib. Əksinə, həmin şərhin altında başqa bir troll – “Kama Allahverdiyeva”nın yazdığı “Necə?” və məyusluq işarəsinə Aslan “Like” qoyub. Yəni “Kama Allahverdiyava” adlı troll “Hesen Paşa”nın çağırışına cavab olaraq, bunu etməyə gücün olmamasına məyusluğunu ifadə edib. Aslan İsmayılov isə bunu bəyənib. Bu necə də aslansayağıdır: üsyana çağırışa etiraz etmir, həmin şərhi silmir, başqa bir trolla şərh yazdırmaqla və özü bu rəyə “Like” qoymaqla mövqeyini açıqlayır. Onun mövqeyindən belə çıxır: Mən üsyana qalxmaq, dağıtmaq, “cındırlara” həddini göstərmək fikri ilə razıyam, amma axı gücümüz yoxdur və mən bunu edə bilməməyimizdən məyusam!

“Hesen Paşa” adlı trolla bağlı araşdırmalarımız bir sıra müəmmalı mətləbləri də ortaya çıxardı. Məlum oldu ki, onun dostluğunda Aslan İsmayılovdan başqa heç kim yoxdur. Paylaşdıqlarını da Aslan İsmayılov və başqa iki-üç əcnəbi adla qeyd edilmiş troll bəyənir. Yalnız 2 nəfər – Nyu-Yorkda yaşayan şəxs (Dora Zarbailova) və İsraildə yaşayan Nadya Yadqarova bir dəfə “like” qoyublar. “Hesen Paşa” bir qayda olaraq Aslan İsmayılovun statuslarını paylaşır və onları da davamlı olaraq yalnız bir nəfər “bəyənir”: təbii ki, Aslan İsmayılovun özü. Deməli, onun bu trolla xüsusi münasibəti şübhə doğurmamalıdır.

Buradan iki nəticə çıxır:
1. Bu troll profil Aslan İsmayılovun özünə məxsusudur.
2. Onun kimliyi Aslan İsmayılova məlumdur.

Hər iki versiyada da Aslanın üsyana çağırışda birbaşa və yaxud da kampaniya şəklində (mütəşəkkil) iştirak etdiyi açıq–aşkardır. Görünür, Aslan İsmayılov özünün ictimaiyyətə çatdırmaq istədiyi fikirlərini bu profil vasitəsilə yayırmış. Beləcə, irəli sürdüyü iddiaların hüquqi məsuliyyətindən yayınırmış.

İndi deyəsən, heç bir səbəb olmadan “İçərişəhər isterikası”nın qaldırılmasının əsl səbəbi məlum oldu. Bu bir “sınaq şarı” idi və bir məqsədlə havaya buraxılmışdı: ictimai sabitliyi pozmaq, yaxud ən azı, ölkədə stabilliyin kövrəkliyi barədə yanlış təəssüratlar yaratmaq. Kampaniyanın isə iki bəhanəsi vardı:
1) Azərbaycanda mədəniyyət abidələrini məhv edirlər.
2) Ölkədə narazılıq vətəndaşların üsyana çağırışlar edəcəkləri qədər güclüdür.

Təbi ki, bütün bunlar Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişi imzalamağa ölkəmizin indiki durumunda hakimiyyətə vurulacaq ən ağır zərbə ola və ölkəmizi sevməyən bəzi qərbli siyasilərin işinə yaraya bilərdi. Görünür, Aslan İsmayılov və onun komandası da məhz bu amilləri nəzərə alaraq, öz xarici mövqelərini gücləndirmək, bəzi xarici çevrələrdən siyasi dəstək almaq eşqinə düşübmüş.

İçərişəhər isterikasının bir başqa zamanlaması da maraqlı idi. Bu o zamana təsadüf etmişdi ki, Azərbaycan Prezidenti Pekinə səfər etmişdi və ölkəmizə investisiyalar cəlb etmək barədə ən yüksək səviyyədə danışıqlar aparırıdı. Sirr deyil ki, bir sıra dövlətlərdə məhz belə məqamlarda xaotik, dağıdıcı etirazlar təşkil olunur. Etiraz aksiyaları üçün Prezident Aparatının binasına yaxın ərazidə yerləşən İçərişəhərin seçilməsi də təsadüfə oxşamırdı.

Di gəl ki, Mehriban Əliyevanın uzaqgörənliyi nəticəsində Aslan İsmayılovun bu isterikasının bütün gizlinləri ifşa olundu. I vitse-prezident İçərişəhərə gələrək yaradılmağa çalışılan böhranı tam nəzarət altına aldı. Bununla da Aslan İsmayılovun “B” planı işə düşdü: o tərəf-bu tərəfə vurnuxmağa, kimlərinsə üzərinə hücuma keçməklə özünü hədəfə çevrilməkdən yayındırmağa çalışdı. Onun İçərişəhər mövzusunu tələm-tələsik hakimiyyət daxili intriqalar müstəvisinə keçirməsi də “B” planının tərkib hissəsi idi. Təsadüfi deyil ki, Aslan İsmayılov yeni mərhələdə birdən-birə Ramiz Mehdiyevə hücum edir, Prezident Administrasiyası rəhbərinin guya ona qarşı olması, fikirlərinin əleyhinə hansısa kitabı yazması haqda ağzına gələni danışır. Məqsəd özünü uydurduğu, guya R.Mehdiyevin əleyhinə olan qruplaşmaya yaxın göstərməkdir. Amma onun istər təhsillə, istərsə də İçərişəhərə saxta hücumla bağlı fəaliyyətlərinin kimə qarşı olduğu şübhə doğurmur.

aslan

Əslində isə, qeyd etdiyimiz kimi, Aslan İsmayılov içüzü açılan kimi məsuliyyətdən yayınmaq məqsədilə məsələni siyasiləşdirmək və öz isterikasına geopolitik rəng vermək üçün Ramiz Mehdiyev və Əli Həsənov kimi şəxslərin üzərinə qəsdən hücuma keçirdi. Niyyəti, ən çətin anında özünün guya Qərbpərəst imicini yaratmaqla həm beynəlxalq aləmdən, həm də hakimiyyətdəki müəyyən qüvvələrdən siyasi dəstək almaq idi. Zira onun təqdimatında “köhnə qvardiya” tamamilə Moskvaya bağlı qüvvə kimi göstərilir və ölkəmizdə baş verən bütün neqativliklərin günahı onların üzərinə atılır. Ramiz Mehdiyev isə bu komandanın rəhbəri kimi təqdim olunur. Aslan İsmayılovun bu fikirləri cəmiyyətə təlqin etdiyi sırada “mən Rusiyanın əleyhinəyəm” tezisini ortaya atması da təsadüfi deyil. Halbuki, həmin Aslan İsmayılov vaxtilə Sumqayıt hadisələrini sovet imperiyasının xeyrinə araşdırmaq üçün Moskva tərəfindən Azərbaycana göndərilmişdi.

Üstəlik, haqqında bəhs etdiyimiz çıxışında dilə gətirdiklərindən fərqli olaraq, Aslan İsmayılov heç də “Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı” adlanan kitabında Rusiyanı heç bir yerdə ittiham etməyib. Əksinə, kitabın adından da göründüyü kimi məhz bu hadisənin “SSRİ-ni dağılması”na aparıb çıxarmasına yas tutub.
Onun İbrahim Məmmədovun kitabını nəzərdə tutaraq dediyi “o kitabda Rusiya ittiham olunmur, ermənilər ittiham olunur. Mənim kitabımda isə Rusiya və ermənilər ittiham edilir. O mənim kitabımı kölgədə qoya bilməz” cümlələrinin həqiqəti əks etdirmədiyi zatən hər iki əsərin adından bəllidir. Aslan İsmayılovun kitabının adı belədir: “Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı”. İbrahim Məmmədovun sənədli filmi və kitabının ingilis versiyasının adı isə: “Sovet imperiyasının gizlinləri. Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi”. Ad fərqləri hər şeyi demirmi?

Əlbəttə, çox ciddi milli məsələdə “mənim kitabımı kölgədə qoymaq istəyirlər”zehniyyəti ilə düşünmək cılızlıqdan başqa bir şey deyil və Aslanın əsl mahiyyətini göstərir. O başqa kitabları qısqandığı üçün Sumqayıt hadisələrinin tədqiqtçılarına böhtan atır, onları təhqir edir, bu mövzu üzərində inhisar yaratmağa çalışır.
Halbuki, İ.Məmmədovun sözügedən kitabında 1-ci Pyotrdan tutmuş çar Rusiyasının erməni siyasəti və kommunist hökumətinin bu siyasəti davam etdirməsi təhlil edilib. Düzdür, həmin kitabda indiki Rusiya haqda heç nə yoxdur. Bu ona görədir ki, Sumqayıt hadisəsi SSRİ-nin və kommunistlərin dövründə baş vermişdi. Bəs Aslan İsmayılovun kitabında necə, bu təhlillər varmı? Yoxdur! Onun kitabı bir günahkarın şahidlər dünyasını dəyişdikdən və dəlillər məhv edildikdən sonra ortaya çıxıb özünə haqq qazandırmağa çalışaraq sağa-sola böhtan yağdırması və özünütərifdən başqa bir şey deyil.

Bu adam şəffaf deyil, qaranlıq məxluqdur. Onun qaranlıq tərəfləri dərin və çoxşaxəlidir. Bu adam, cildini çox tez dəyişir, dondan–dona girir, dünən dediyini bu gün təkzib edib, əksini iddia edir. Onun necə bir adam olduğunu çətin vəziyyətə düşən kimi öz tərəfdaşlarını ən ucuz qiymətə çatmağa çalışması da sübut edir. Bunun ən bariz nümunəsini biz heç uzağa getmədən İçərişəhər isterikası ifşa olunanda Aslan İsmayılovun tutduğu mövqedə də görə bilərik.

Capture-d’écran-2018-08-21-à-04.01.00

Yəqin diqqətli oxucular da razılaşarlar ki, Aslan İsmayılov I vitse-prezidentin məlum çıxışından bir neçə gün sonra ictimaiyyətə ünvanladığı video-müraciətində özünü sudan quru çıxarmaq üçün ən yaxın silahdaşlarını belə güdaza verməyə cəhd göstərdi. Onun həmin çıxışındakı sözlərinə görə, xoş məramla qaldırdığı məsələyə bəzi AXCP üzvləri İçərişəhər kompleksinin köhnə şəkilləri ilə rəng qatmağa çalışmış, beləcə təxribat üçün psixoloji zəmin hazırlamışlar. Guya, Aslan İsmayılovun özü də bu təxribata qarşı olmuşdur. Halbuki, istər Qala divarlarının haqqında sözü gedən köhnə şəkillərin paylaşıldığı, istərsə də bəzi trollar Aslan İsmayılovun facebook statusunun altında üsyana çağırışlar səsləndirdikəri zaman Aslan İsmayılov nədənsə öz etirazını bildirmir və susmağa üstünlük verirdi. Aslan İsmayılov özünü təmizə çıxarmaq cəhdiylə əslində yürüdülən kampaniyanın həqiqətən də bir təxribat planı olduğunu şəxsən etiraf edir. Suda boğulan meymunun öz balasını ayağının altına aldığı kimi, xəyanətkar mövqeyi ən yüksək səviyyələrdə ifşa olunan Aslan İsmayılovun AXCP-ni və ReAl hərəkatını “baqaj”a qoymağa çalışmasına siyasi qiyməti öz tərəfdaşları verərlər. Bizim fikrimizcə isə, o həm də öz təxribatçı əməllərinin hüquqi qiymətini almalıdır. Ən azı ona görə ki, bizim dilə gətirdiyimiz bu dəlillər Azərbaycanın bəzi şəbəkələşmiş qruplar tərəfindən hazırlanan ciddi təxribatla üz-üzə olduğunu göstərir. Hüquq mühafizə orqanları və dövlət təhlükəsizliyinə cavabdeh olan qurumlar bu dövləti cinayətlərə qarşı laqeyd qalmamalı, təxirəsalınmaz tədbirlər görməlidirlər…

azpolitika.info

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …