Cümə , Aprel 19 2024
Ana səhifə / Aşıq Namiq: “Mən də bu sənətin ”vor zakon”-uyam”

Aşıq Namiq: “Mən də bu sənətin ”vor zakon”-uyam”

Aşıq Namiq Fərhadoğlu ilə şəhər restoranlarının birində bir araya gəldik. Musavat.com saytının suallarına cavab verən aşıq ilə söhbətə sazla ifa etdiyi “Məsti-xumar” mahnısına çəkdirdiyi və bir neçə gün öncə təqdim etdiyi klipdən başladıq:
– Bir neçə gün öncə yeni klipinizi təqdim etdiniz. Heç bir aşığın dəniz kənarında, şort geyinmiş qızla çəkilmiş klipi olmayıb.  Sizə qarşı reaksiyalar necə oldu? Tənqid edənlərin sayı çox idi?
 
– Mən kimlərinsə tənqidini vecimə alan deyiləm. Başqalarına qulaq assaydım, bu qədər şan-şöhrətim olmazdı. Arxamda dayanan daydayım, sponsorum yoxdur. Öz gücümə akulaların içində at oynadıram. Paxıllığımı çəkən adamlar məni aşıq Ədalətlə, rəqqasə Aytənlə vurmaq istədilər, amma bacara bilmədilər. Qurban olduğum Allah mənə elə istedad verib ki, 50 nəfər üstümə gəlsə, dil bacarığım və düzgünlüyüm ilə qalib gələrəm. Bir adamı Allah istəyirsə, onu heç kim yıxa bilməz. Klipə gəldikdə isə, “Məsti-xumar”-ı ifa edəndə hamıya qəribə gəlmişdi. Düşünürəm ki, hər yaşa xitab etmək lazımdır. Gənclər toylarda “Ruhani göndərməsi”, “Yanıq Kərəm” mahnılarını istəyir. Müasir dövrlə ayaqlaşmaq lazımdır. Könül xanım, sizin toyunuzda məndən  “Tovuzum” mahnısını istədilər, sazda çaldım. Onu hər aşıq ifa edə bilməz.  Harasa gedəndə insanlar mənimlə görüşür. Bunun səbəbi maqazin verilişlərində  çıxış etməyim, müasir mahnıları da sazda ifa edə bilməyimdir. Saz türkün türklüyünü bildirən alətdir. İnsanlar bilməlidir ki, sazla bir çox mahnıları ifa etmək mümkündür, sazın imkanları genişdir. Sazı dünyada tanıtmaq lazımdır. Üzeyir Hacıbəyli “Koroğlu” uvertürasını yazanda deyib ki, saz bütün ansambla əvəz olan alətdir. Dəniz kənarında saz çalmaq qəbahət deyil. Dəniz qırağında o qədər saz çalanlar var, sadəcə mən aşkar göstərdim. Klipdə xanım şort geyinib, dəniz kənarında  xalat geyinməli idi? Klip tam müasir üslubda çəkilib. Tənqidlərdən də çəkinmirəm. Məni qalmaqala çəkənlər olub, amma mən bu cür şeyləri sevmirəm. Sənətimlə, konsertlərlə gündəmdə qalmaq istəyirəm. Evi, maşını ilə öyünən adam deyiləm.
–  Sizin sazda ifanızın sədaları altında rəqqasə Aytən göbək rəqsi etdiyi üçün aşıq Ədalət əsəblərinə hakim ola bilməyərək rəqqasəni təhqir etmişdi.  Siz aşıqla görüşdünüz, Aytən əvvəl  polisə müraciət etsə də, sonra fikrini dəyişdi. Hazırda aşıq Ədalətlə müsibətləriniz necədir?
–  Orada qalmaqal yox idi. Aşıq Ədalət sazın Dədə Qorqududur, bizim əzizimizdir. O mənim, atamın, babamın kim olduğunu bilir. Hər zaman onun qulluğunda durmuşam. Konsertlərimdə Aşıq İsfəndiyar ilə onu başda otuzdurmuşam. Aşıq Ədalət yaltaq adamları sevmir, həmişə mənə deyir ki, onun cavanlığıyam. Atasının, sponsorunun, hesabına efirə çıxan aşıqlar məni aşıq Ədalətlə “vurmaq” , ləkələmək istədilər, amma alınmadı. Mən o söhbəti eşidəndən sonra Ədalət bəyin evinə getdim. Dedi ki, məni təhqir etsə, dili quruyar. Özü də mətbuata açıqlama verdi. O, səhv hərəkət edib Aytəni təhqir etmişdi. Aytən rəqs edəndə aşıqlar o məclisdə idi, xoşlarına gəlməsəydi, durub məclisdən çıxardılar.
–  Qanuni-oğru Rövşən Lənkəranskinin ölümündən sonra sənətçilər onun haqda fikirlərini bölüşüb. Nadir Qafarzadə sosial şəbəkədə yazıb ki, kaş, o ölərdi. Nazənin ağlayaraq bildirib ki, elə bil balası ölüb.  Məşhurların bu cür açıqlamaları birmənalı qarşılanmadı. Siz də bir neçə il öncə Sabirabadda “vor zakon” Hikmətin qəbrini ziyarət etmişdiniz. Fotolarınız mətbuatda yayılmışdı. Sənət adamlarında bu qədər  “vor zakon” sevgisi haradandır?
–  Mən də bu sənətin “vor zakon”uyam. Sözün düzünü deyən, haqqı tələb edən insanam. 17-18 yaşım olan zaman atamla toylara gedirdim. Kimsə artıq söz deyəndə, etik çərçivədən çıxanda deyirdim ki, sazı başına vuracağam. Toyda ifa üçün 10 manat verib deyə kimsə sənətçini incidə bilməz. Atam həmişə deyirdi ki, davakarsan, sənətdən uzaqlaş.
Mən öz adıma deyim ki, “vor zakon”-ları sevən adamam. Çünki onlar düzlüyü sevirlər. Mənim gücüm yoxdur, idmançı deyiləm. Üstümə 5 adam gəlsə, onu sözlə başa salaram. “Vor zakon”-ların da çoxunun gücü olmur, mühafizəçiləri, killerləri olub. Onlar 1 sözlə qarşısındakını başa salırlar. Onların bir neçə məclisində olmuşam. Sabirabadda Lotu Hikmətin, Lotu Bəxtiyarla qəbrini ziyarət etmişəm. Rövşənlə də görmək istəyirdim, qismət olmadı. Cəsarət edib ”Dolya vorovskaya“ mahnısını sazda ifa etmişəm.  Lotu Quli həbsxanadan mənə təşəkkür etmişdi. Lənkəranskinin ölməyi mənə də təsir etdi, gənc idi. Eşitdiyimə görə Rusiyada azərbaycanlılara kömək edirmiş, arxasında dururmuş.
– Lənkəranski haqda sənətçilərin sosial şəbəkədə bu qədər çox yazmağını “gündəmlə özünü reklam etmə” kimi qiymətləndirənlər də oldu. 
– Mən sadəcə olaraq “Allah rəhmət etsin” yazmışdım. Reklam üçün bu addımı atmamışam. İçimdən gəlib. Kaş, onun qarşısına çıxıb öldürərdilər. Ona gözləniməz anda hücum edib, öldürmək kişilikdən deyil. Allah onu öldürənə lənət eləsin.
– Bir az da sizi aldadaraq 63 min manatınızı mənimsəyən şəxslə bağlı açılan cinayət işindən danışaq. Abşeron rayonunda başladılan işdə son durum nədir? 
– Abşeron rayonunda iş açılıb. Onlara da sözümü dedim, bu işə baxmasalar, nazirin qəbuluna gedəcəyəm. Cinayət işi başladılsa da, o şəxsi tutmayıblar. Rahat azadlıqda gəzir. Məndən başqa iki adamı da aldadıb. Amma vecinə deyil. Bir dəfə də bu məsələyə görə mənimlə əlaqə saxlamayıb.  Mən də işin sonunu gözləyirəm.
– Aşıq qadınların geyimləri tez-tez gündəmə gəlir. Bildirilir ki, xanım aşıq qapalı geyinər, şalvar, qısa ətək geyinməz. Sizcə, xanım aşıqlar necə geyinməlidir?
– Aşıq qadınların geyim məsələsini mən gündəmə gətirmişəm. Məncə, xanım aşıqlara xüsusi geyim hazırlanmalıdır.
– Bəs, kişi aşıqlar necə geyinməlidir?
-Kişilər üçün xüsusi geyim yoxdur. Əvvəllər var idi. İndi kim yayın istisində qalın çəkmə geyinər? O keçmişdə qaldı. Dövlət tədbirləri, Novruz şənlikləri olanda çuxa var, onu geyinirik. Xanımlar da milli geyim geyinir. Çox gözəl görünür.
 
– Aşıq sənəti sizə nə verib?
– Bu sənət mənə hər şey verib. Yenidən doğulsam, yenə aşıq olardım. Mən  restoran işlətmişəm, maşın alveri etmişəm. Hamısında ziyan etmişəm. Bir iş görmək istədim, 53 min “atdılar”. Allah mənə bu sənəti verib, narazılığım yoxdur. 100-ə yaxın tələbəm var. 33 yaşımda “Köklə sazı” layihəsinin rəhbəriyəm. İnsanlar mənə hörmət edir. Mən də sənətim üçün  pullar xərcləyirəm.
– Bu sənət sizdən nə isə alıb? Heç peşmanlıq yaşamısınız? 
-Heç vaxt peşman olmamışam. Bu dədə-baba sənətidir. Mən sənətimi sevirəm. Bu gün Mədəniyyət naziri də, Aşıqlar Birliyinin sədri də, şirkət rəhbəri də olsam, sənətimi atmaram. Davam etdirərəm, tələbələrə dərs keçərəm, mahnılar üzərində çalışaram, konsertlər verərəm. El şənliklərinə isə getmərəm. Toyları sevmirəm. Düzdür, pulumuz oradan çıxır, amma, məncə, sənət toyda ölür.
 
– Kimləri dinləyirsiniz?
– Cabir Abdullayev, Güllü Muradova, Könül Xasıyeva, Ehtiram Hüseynov, Babək Niftəliyevi bəyənirəm.  Aşıqlardan Zülfiyyəyə, Ədalətə qulaq asıram. Cavan aşıqlar var, efirdə meymunluq edirlər. Onları sevmirəm. 
– Keçək şəxsi həyatınıza. 33 yaşınız var. 2 il öncə tələbənizlə nişanlandınız. Bəs niyə ailə qurmadınız? 
– Nişanlımla ayrılmışıq. İnşallah, tezliklə evlənəcəyəm. Həyatımda ailə qura biləcəyim  xanım yoxdur. Hələ ki, seçirəm. Mənimlə ailə qurmaq istəyən xanım çoxdur. İçib-çəkmirəm, avara deyiləm, hər yerdə hörmətim var. Evlənəcəyim qız məni başa düşməlidir. Tanınmış aşığam, jurnalistlər, sənət dostlarım, pərəstişkarlarım mənə zəng edir. Gərək o xanım məni başa düşsün. Deməsin ki, filan kəs niyə o şərhi yazdı, niyə “can” dedi, o qızı dostluğundan çıxar. Dar düşüncəli qadını sevmirəm. 20 yaşım yoxdur ki, evlənib, boşanım. Bir dəfə ailə quracağam, qəbirə qədər davam edəcək.
 
– Nişanlınızla ayrılma səbəbiniz nə idi?
– O da aşıq idi. Söz vermişdi ki, ailə qurduqdan sonra ancaq müəlliməlik edəcək. Sonra gördüm el şənliklərinə gedir, məşhurluq başını gicəlləndirib. Ayrıldım. 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın