Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”

Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”

Azərbaycanda aparılan islahatlar çoxspektrli xarakter daşıyır. Bunu yalnız yerli təhlilçilər yox, həm də nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında qeyd edirlər. Hətta neytral və opponentliyi ilə seçilən ekspertlər də hesab edir ki, xüsusilə 2019 bu baxımdan yaddaqalan il kimi qiymətləndirilə bilər.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra aparılan kadr islahatları yalnız Nazirlər Kabinetinin yenidən formalaşdırılması deyildi. Dəyişikliklər modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların prosesə qoşulmasını özündə ehtiva edirdi. 2019-cu ildə də, gözlənildiyi kimi, kadr islahatları davam etdirildi. Beləliklə, aydın oldu ki, dövlət idarəçiliyi sistemini daim təkmilləşdirmək məqsədini qarşıya qoymuş dövlət başçısı komandasının da buna uyğunlaşdırılması istiqamətində addımları davam etdirəcək.

Müxalifətin iqtidara ünvanlanan tənqidlərindən biri də kadr bankı ilə bağlı idi. İllərdir bir kresloda oturan və korrupsiyaya bulaşan məmurların vəzifədən azad olunmamasını hökumətin kadr çatışmazlığı ilə əlaqələndirirdilər. Lakin hakimiyyətin son sürpriz təyinatları, gənc məmurların yüksək vəzifələrə gətirilməsi həm təəccüblə qarşılandı, həm müxaliflərin arqumentini kəsərsiz elədi. İstər Prezident Administrasiyasına (PA) rəhbər təyin olunan Samir Nuriyev, istərsə də Yevlax, Xaçmaz, Yasamal rayonlarına icra başçısı qoyulan gənc məmurlar olsun, hər biri ayrı-ayrılıqda sübut etdi ki, hakimiyyətin kadr bankı heç də  kasad deyil.

Məsələn, yeni PA rəhbəri Samir Nuriyev 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib. Yəni iqtidarın yeni komandası xarici təhsilli, müasir texnologiyaya bələd olan gənclərdən təşkil olunur. Lakin ən çox sual doğuran odur ki, onlar necə işləyəcəklər? Etimadı doğruldacaqlar, yoxsa… Çünki prezident yeni icra başçılarını qəbul edərkən onlara təmiz işləməyi tapşırıb və açıq şəkildə xəbərdarlıq edib ki, əyri iş görənlər vəzifəsindən azad olunacaq və cəzalandırılacaq.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, bu kadr dəyişikliklərinə çoxdan ehtiyac var idi. Onun sözlərinə görə, xüsusən də icra strukturlarında yeni təfəkkürə malik, sovet düşüncəsi bataqlığından çıxan gənclər lazımdır. A.Mollazadə hesab edir ki, islahatlar dərinləşməlidir və bütün sahələri əhatə etməlidir.

“Hesab edirəm ki, Azərbaycanda idarəetmə hərtərəfli inkişaf etməlidir. Sovet düşüncəsi və təfəkkürü ilə qabağa gedə bilmərik. Bu baxımdan yeni nəsil kadrlara etimad göstərilməsi müsbət hadisədir. Onların içərisində xarici təhsilli gənclər var, bəzilərini də tanıyıram. Məsələn, Yasamal rayonuna icra başçısı təyin olunan Elşad Həsənovu (keçmiş deputat – E.S) Avropa Şurasında uğurlu işlərindən tanıyıram”, – deyə deputat qeyd etdi.

A.Mollazadə ölkənin kadr potensialı ilə bağlı tənqidlərlə razılaşmadığını vurğuladı: “Azərbaycan xalqı istedadlı, təhsilə və inkişafa meyllidir. Sadəcə, onun qarşısında maneələr var idi, artıq bu maneələr dəf olunmaqdadır. O ki qaldı yeni təyin olunan məmurların rüşvətə bulaşmadan fəaliyyət göstərməsinə, təbii ki, şəffaflıq olmalıdır, ictimai nəzarət güclənməlidir, hər məmura onun xalq qarşısında məsuliyyəti xatırlanmalıdır. Onların işi xalqa xidmətdən ibarət olmalıdır”.

Elman Nəsirov: ile ilgili görsel sonucu

Elman Nəsirov: “Onlar rüşvətxorluqla mübarizədə nümunə olmalıdırlar”

Deputat Elman Nəsirov qəzetimizə dedi ki, bu gün prezident gənc kadrlara üstünlük verir, onlara etimad göstərir, lakin bu etimad sabah olmaya da bilər:  “Hər şey onların necə işləməsindən asılı olacaq. İlk növbədə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədə nümunə olmalıdırlar. Eyni zamanda öz bilik və bacarıqlarını iqtisadiyyatda, qeyri-neft sektorunun inkişafında nümayiş etdirməlidirlər. Ən əsası isə xalqın qulluqçusu kimi necə fəaliyyət göstərmələrindən asılı olaraq onlara qiymət veriləcək”.

E.Nəsirov hesab edir ki, kadr islahatları dərinləşməkdədir və ümumi reformaların tərkib hissəsidir: “Cənab prezident bir neçə dəfə vurğulayıb ki, kadr islahatları başlanıb və dərinləşməkdədir. Gənclərin dinamizmi ilə yaşlıların təcrübəsi arasında sinxronluq gözlənilir. Dünya yeniləşir, innovativ və kreativ məqamlar vacib hesab olunur, inkişaf tendensiyaları dəyişir. Bu baxımdan bizə bacarıqlı, müasir texnologiyalardan xəbərdar, vətənpərvər kadrlar lazımdır”.

Natiq Cəfərli: ile ilgili görsel sonucu

Natiq Cəfərli: “Əgər icra başçıları biznes işinə müdaxilə etməyəcəklərsə…”

REAl Partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli idarəetmədə kadr dəyişikliyini, gənclərə üstünlük verilməsini müsbət tendensiya hesab edir: “Daha bilikli, müasir, dünyaya açıq gözlə baxan cavanların vəzifələrə gətirilməsi pozitiv addımdır. Amma oyun qaydalarının, sistemin dəyişdirilməsi ondan da vacibdir. Əgər icra hakimiyyəti strukturları yeni qaydalarla işləyəcəklərsə, biznes işinə müdaxilə etməyəcəklərsə, əksinə, biznesin dostu olacaqlarsa, idarəetmənin fəlsəfəsi dəyişəcəksə, bu zaman kadr islahatlarının müsbət effekt verəcəyini düşünmək olar”.

“Azərbaycan prezidenti cənab İlham Əliyev yeni icra başçılarını qəbul edərkən ilk növbədə onların hansı fəaliyyətlə məşğul olacaqlarını və onlardan əsas tələblərin nə olduğunu vurğuladı. Bununla belə, hətta yerli icra hakimiyyət başçıları da öz fəaliyyətlərində Azərbaycanın daha qüdrətli olması, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasında əsas fiqurlardan biri olduğunu bir daha onların diqqətinə çatdırdı”.

Bunu isə sia.az-a deputat Aydın Mirzəzadə deyib. Onun dediyinə görə, vətəndaşlarımızın hüquqlarının qorunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi deməkdir: “Hesab edirəm ki, etimadı doğruldacaq bu gənclər Azərbaycan üçün fəaliyyətlərini yüksək səviyyədə qura biləcəklər”.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …