Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Arzuxan Əlizadə: “Mən belə cəhdləri şiddətlə qınayıram, mövcud problemləri birlikdə həll etməyə üstünlük vermək lazımdır”

Arzuxan Əlizadə: “Mən belə cəhdləri şiddətlə qınayıram, mövcud problemləri birlikdə həll etməyə üstünlük vermək lazımdır”

Hazırki durumda fürsətdən istifadə edib məsələlərə qərəzli yanaşma sərgiləmək heç kimə başucalığı gətirmir

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Elə həmin gün sosial şəbəkələrdə bir qrup partiya sədrinin Nazirlər Kabineti Yanında Operativ Qərərgaha ünvanladığı Müraciət yayıldı. Bəzi müxalif qurumlar isə hakimiyyətin pandemiya ilə mübarizədən həm də  siyasi fəallara qarşı istifadə etdiyini iddia edirlər.

 Bu məsələlərə münasibətini öyrənmək üçün AMİP Sədr əvəzi Arzuxan Əlizadəyə müraciət etdik. A. Əlizadə Azinforum.az-a açıqlamasında bir sıra məqamlara toxundu: “Bildiyimiz kimi ötən ilin oktyabrında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dünən videokonfrans vasitəsi ilə keçirilən Zirvə görüşü də bu anlamda hazırda eyni zamanda Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Sədri vəzifəsini daşıyan Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutmuş oldu. Zirvə görüşü qlobal miqyasda yayılan “COVİD-19” pandemiyası ilə bağlı çağırılmışdı və bu səbəbdən də Türkdilli dövlət başçıları ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun da toplantıya qatılmasına şahidlik etdik.

Onu da qeyd edim ki, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində “COVID-19” pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilatdır. Hazırkı dönəmdə, xüsusilə də Azərbaycanın təşkilatçılığı ilə belə bir tədbirin keçirilməsi Türk dövlət rəhbərləri tərəfindən pandemiyaya qarşı mübarizədə səyləri birləşdirmək, qarşılıqlı əməkdaşlıq və müxtəlif məsələlərlə əlaqədar bir-birinə qarşılıqlı dəstək vermək  baxımından əlbəttə ki, olduqca əhəmiyyətlidir və təqdir olunmalıdır. Pandemiyaya son qoymaq üçün bu gün ölkələrarası əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə ehtiyac vardır və bu baxımdan Azərbaycanın bu məsələdə göstərdiyi müsbət beynəlxalq fəaliyyət Zirvə toplantısında çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən də xüsusi qeyd olundu. Ümumiyyətlə, etiraf etmək lazımdır ki, bir sıra ölkələrlə müqayisədə pandemiyaya qarşı mübarizə sahəsində ölkə miqyasında da vaxtında və ciddi qabaqlayıcı tədbirlər görülür. Bu səbəbdən də şükürlər olsun ki, Azərbaycanda virusun yayılma tempi və insanlara yoluxma dərəcəsi aşağıdır. Mən hətta hesab edirəm ki, karantin rejiminin bir qədər də sərtləşdirilməsi problemin vaxt baxımından daha tez həll olunmasında faydalı ola bilərdi. Eyni zamanda o qənaətdəyəm ki, paralel olaraq pandemiyadan zərər çəkən kommersiya qurumlarına, sıravi vətəndaşlarımıza, xüsusilə də əhalinin aztəminatlı hissəsinə dövlət qayğısı bir qədər də artırılmalıdır. Hökumət yaranmış vəziyyətdə daha çevik qərarlar qəbul etməlidir. Bildiyim qədəri ilə artıq işləməyən şəxslərə ayrılmış vəsaitin verilməsinə başlanılıb.Bu proses bir qədər də sürətləndirilməli, uşaqlı ailələrə əlavə ödənişlərin verilməsi, bank kreditlərinin müəyyən müddətə dondurulması, kommunal xidmətlərə müəyyən dövr üçün güzəştlərin tətbiq edilməsi də daxil olmaqla əlaqədar qurumlar tərəfindən tez bir zamanda təkliflər paketi hazırlanaraq qəbul edilməlidir”.

A. Əlizadənin fikrincə, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı bu işə dəstək verməlidir: “Deyilənlərlə yanaşı, hesab edirəm ki, siyasi mənsubiyyətindən, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq hər kəs imkanları daxilində bu gün dövlət tərəfindən atılan addımlara dəstək verməli və mövcud vəziyyətdən öz siyasi və digər məqsədləri üçün sui-istifadə hallarına yol verməməlidir. Təəssüf ki, az da olsa, belə cəhdlərə rast gəlinir. Mən belə cəhdləri şiddətlə qınayıram və hesab edirəm ki, mövcud problemləri birlikdə həll etməyə üstünlük vermək lazımdır.Çünki, bu Vətən hamımızındır və yarana biləcək hər hansı xoşagəlməz vəziyyət hər birimizin həyatında əks olunacaqdır. Hazırki durumda fürsətdən istifadə edib məsələlərə qərəzli yanaşma sərgiləmək heç kimə başucalığı gətirmir. Bu gün hər birimiz gözəgörünməz düşmənlə müharibə şəraitində olduğumuzu qəbul etməliyik. Müharibənin isə öz qanunları var və onlara əməl etmək lazımdır.

Operativ Qərərgaha edilən müraciətlə gəldikdə, əvvəla onu deyim ki, AMİP olaraq hələ martın 25-də etdiyimiz müraciətlə pandemiyanın nəticələrinin aradan qaldırılması üçün hökumətə dəstək verməyə hazır olduğumuzu bildirmiş və mövcud şəraitdə ehtimal edilən fəsadların aradan qaldırılması, eləcə də gələcəkdə yarana biləcək problemləri önləmək məqsədi ilə bir sıra addımların atılmasını məqsədəuyğun hesab edərək bununla əlaqədar təkliflərimizi də açıqlamışdıq. Dünənki müraciətə gəldikdə isə onu deyə bilərəm ki, həmin sənəd bir gün əvvəl tanış olmaq və müzakirə olunmaq üçün email poçtu vasitəsilə mənə də göndərilib. Təəssüflər olsun ki, fəaliyyətinə icazə verilmiş qurumlar içərisində siyasi partiyalar nəzərdə tutulmadığı səbəbindən bizlərin də fəaliyyətimizdə bəlli məhdudiyyətlər mövcuddur. Bu səbəbdən də partiya rəhbərləri olaraq birlikdə toplaşaraq hər hansı sənədi detallı müzakirə etmək imkanlarından məhrumuq. Xüsusi olaraq, hər hansı bir sənədin kimlərlə müzakirə olunması məsələsinə də  həssas yanaşıram. Yalnız onu deyə bilərəm ki, həmin müraciət tərəfimdən imzalanmayıb vəprinsipcə hər hansı bir sənədin müzakirə mərhələsində olduğu qənaətində olduğumuz zamanda mətbuata çıxarılmasını da doğru hesab etmirəm”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …