Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Arzuxan Əlizadə: “Bu adamlar öz məqsədlərinə çatmaq üçün dövlətin çökməsinə də razıdırlar”

Arzuxan Əlizadə: “Bu adamlar öz məqsədlərinə çatmaq üçün dövlətin çökməsinə də razıdırlar”

Milli Şuranın videokonfransından yeni görüntülər yayılıb. Cəmi bir neçə dəqiqəlik videogörüntü Milli Şura üzvlərinin əsl simalarını növbəti dəfə bütün çılpaqlığı ilə ortaya çıxarıb.

Məlum olur ki, şura üzvləri neftin ucuzlaşmasından sevinirlər. Belə ki, Gültəkin Hacıbəyli xüsusi canfəşanlıq göstərərək Azərbaycan neftinin 14 dollara düşdüyünü bildirir. Sevincindən qəhqəhə çəkir və buna görə israrla onu təbrik etmələrini istəyir: “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin”. Ardınca Cəmil Həsənli belə deyir: “Bu, son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək, axıracan düşsün, sonra təbrik edərəm”.

Sirr deyil ki, Azərbaycanın büdcəsi əsasən neft gəlirləri hesabına formalaşır. O üzdən, “qara qızıl”ın qiymət itirməsinin nə dövlətə faydası var, nə də xalqa. Ucuzlaşma digər neft ölkələrində olduğu kimi, Azərbaycanda da büdcə gəlirlərinin azalmasına səbəb olur. Bu, nəticədə gec-tez hər bir vətəndaşa öz təsirini göstərir. Nəzərə alsaq ki, büdcə gəlirlərinin böyük hissəsi neftdən gələn vəsaitlər hesabına formalaşır, vətəndaşların pensiya, təqaüd, sosial müavinətləri, əməkhaqları və digər dəstək tədbirlərinin maliyyəsi büdcədən ödənilir. Bu vəsaitlər hesabına ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, insanları narahat edən problemlər həll olunur, yeni məktəb binaları, uşaq bağçaları tikilir, tələbələr pulsuz təhsil alır, ordumuz müasir silah və texnikalarla qüdrətini artırır, minlərlə iş yeri açılır və s.

Gör bunlar nə qədər acımasızdılar ki, neftin xalq, büdcə üçün nə demək olduğunu düşünmək belə istəmirlər. Əksinə, neftin qiymətinin daha da ucuzlaşmasını və ölkədə sosial gərginliyin yaranmasını istəyirlər.

Məsələyə münasibət bildirən Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, Milli Şurada təmsil olunanlar millilikdən uzaqdırlar: “Bir müddətdir ki, ardıcıl olaraq yayılan videogörüntülər sayəsində özünə “milli” deyən qrupda toplaşan bəzi “siyasilərin”, əslində, millilikdən və dövlətçilikdən kənar zehniyyətə sahib olduqlarının şahidi oluruq. Ölkə gəlirlərinin bilavasitə neftdən asılılığını bilərək, məlum vəziyyətlə əlaqədar dünya bazarında neftin qiymətinin düşməsinə sevinmək heç bir halda müxalifətçilik deyil və ən yumşaq sözlə ifadə etsək, öz dövlətinə düşmən mövqedə olmaq deməkdir. Çünki sosial şəbəkələrə nəzər yetirsəniz görərsiniz ki, həmin vaxt buna yalnız ermənilər sevinirdilər. Bu adamlar öz məqsədlərinə çatmaq üçün hətta vətəndaşı olduqları dövlətin də çökməsinə razıdırlar, hətta bunu arzulayırlar da. Bu özünü “siyasətçi” hesab edən şəxs anlamır ki, dövlətin iqtisadi gücünün azalması, ilk növbədə, onun sıravi vətəndaşının maddi rifah halının daha da pisləşməsinə səbəb olacaq. Bu adam nəyə sevindiyinin fərqində deyil. Özü də buna o adam sevinir ki, özü on il müddətində heç bir parametrinə görə buna layiq olmadan deputat təyin edilib və elə bu dövlətin neft gəlirləri ilə formalaşan büdcəsi hesabına Avropa turnelərinə çıxıb. Ən acınacaqlısı da odur ki, bu adamlar hələ də bu zehniyyətlə ölkəyə rəhbərlik etmək xəyalındadırlar. Narazı elektoratın müəyyən bir hissəsini də uzun illərdən bəri yalançı vədlər verməklə yanlarında saxlayırlar. Hesab edirəm ki, artıq yaxın və uzaq çevrələrində olan bir çox şəxs bunların, əslində, kim olduqlarını dərk etməyə başlayıb və o səbəbdən də yaxın gələcəkdə sıralarının əhəmiyyətli dərəcədə seyrələcəyinin də şahidi olacağıq”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …