Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Arılar dağlarda yiyəsiz qaldı, heyvanlar dağıtdı. Elə arıçı var ki, tonlarla balı qalıb…”

“Arılar dağlarda yiyəsiz qaldı, heyvanlar dağıtdı. Elə arıçı var ki, tonlarla balı qalıb…”

Koronavirus pandemiyası və ölkədə hökm sürən xüsusi karantin rejimi arıçıları da çıxılmaz vəziyyətdə qoyub.

Virtualaz.org xəbər verir ki, arıçılar məhsullarını satmaqda çətinlik çəkirlər. Hər il 1 ay müddətində arı məhsularının sərgi-satış yarmarkası keçirilirdi, yarmarkada ən azı 100-120 ton bal satılırdı. Əhalinin kütləvi toplanması zamanı yoluxma ehtimalı nəzərə alsaq, bu il arıçılıq məhsullarının sərgi-satış yarmarkasının keçirilib-keçirilməyəcəyi də bəlli deyil.

Pandemiya səbəbindən xaricdən ana arılar, mum gətirilməsi  də çətinləşib.   

Yeri bal istehsalı 2 dəfə artdı

Arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət tərəfindən ildə 10  manat məbləğində subsidiya verilir. Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə, subsidiyadan sonra bu sahəyə maraq artıb. “Arıçıların, o cümədən arı yeşiklərinin sayı artdı. Məsələn, iki-üç ilə qədər ölkədə  250 min arı ailəsi vardısa, indi arı ailələrinin sayı 500 minə çatıb.  Bu isə o deməkdir ki, bal istehsalı da artıb. Bir neçə il əvvələ qədər  2500 ton bal istehsal olunurdusa, hazırda bu rəqəm 6 min tona yaxındır”,-assosiasiya sədri deyib.

Azərbaycanda illik bal istehlakı 5 min tondur. Həsrətov deyib ki, əvvəlki illərdə yerli istehsal təlabatı ödəmədiyindən xaricdən bal idxal olunurdu. Indi isə təlabatdan artıq bal istehsal edilir. Lakin satışla bağlı müəyyən problemlər yaranıb.

Xaricdən kilosu 2 manata başa gələn keyfiyyətsiz bal gətirilir

B.Həsrətov bildirib ki, xarici ölkələrdən çoxlu miqdarda aşağı keyfiyyətli ucuz ballar gətirilir. Amma xaricdən ucuz məhsul gətirilməsi sağlam rəqabət deyil, ölkə arıçıları bundan zərər çəkirlər, arıçılığın inkişafı ləngiyir. Assosiasiya buna görə də müəyyən müddətədək xaricdən bal gətirilməsinə məhdudiyyət qoyulması üçün təkliflərlə müraciət edib.

“Qonşu Türkiyə, İzrail də məhz belə təcrübə olub, məhdud şəkildə məhsul gətirilir və ya bir neçə ay bal gətirilmir. Bu ölkələr bununla arıçılığın inkişafına nail olublar. Təsəvvür edin, ballar qablaşdırılandan sonra kiloqramı 2 manata başa gəlir. Satışda kiloqramı 1 manat 80 qəpiyə başa gələn ballar da var. Nəzərə alaq ki, balı gətirən sahibkar, market də əlavə faiz qoyur. Xaricdən gətiriln ballar əsasən min hektarlarla əkilən günəbaxan sahələrindən, mədəni bitkilərin çiçəklərindən tozlanma nəticəsində alınan ballardır.  Amma əksəriyyət  balın keyfiyyətini deyil, qiymətini nəzərə alır. Nəticədə yerli istehsal olan bal satılmır. Dövlətin arıçılığın inkişafı ilə bağlı tədbirləri nəticə verir. Bu gün əsas dərdimiz xaricdən gətirilən ucuz ballardır”.

Arıçılar əkin sahələrdən kənara gedirlər

Assosiasiya sədri əlavə edib ki, əvvəlki illərdə sahələrin dərmanlanması zamanı arıların kütləvi ölümü baş verirdi. Məsələn, bir neçə arıçının 50-100 yeşik arısı məhv olmuşdu. “Problemlər yaranırdı, mübahisəni həll etmək üçün uzun müddət vaxt lazım olurdu. Buna görə də arıçılar indi əkin olan yerlərdən kənara gedirlər”-, Həsrətov deyib.

Assosiasiyanın Nəzarət-Təftiş Komissiyasının sədri Şahin Cəfərli də satış problemindən danışıb. Bildirib ki, karantin səbəbindən arıçılar Bakıya gedib-gələ bilmirlər. Rayonlarda isə alıcı qıtlığı var. Arıçı var ki, anbarında tonla balı qalıb.

“Pandemiya arıçılara bir çox problem yaşatdı. Xüsusilə Bakıda yaşayan arıçılar üçün çətinik yarandı. Bir neçə dəfə müraciət etdikdən sonra arıçıların da rayonlara getməsinə icazə verildi. Ikinci dəfə, yəni xüsusi rejim bir qədər sərtləşdiriləndən sonra limitlə bağlı çətinlik oldu. Bir qrup arıçı icazə ala bildi, digərinə icazə verimədi. Sonradan bu problem də həll olundu, amma bal vaxtında götürülməlidir. Bakıda, Sumqayıtda saxlanılan nə qədər arıçı vaxtında dərmanlama apara, arıya qulluq edə, mövsümə hazırlaya bilmədi. Səyyar arıçılıqla məşğul olanlar isə bal mövsümünə hazırlaşa bilmədiklərindən yaxşı məhsul götürə bilmədilər”,-Cəfərli deyib.

Onun sözlərinə görə, bəzi hallarda müraciət cavablandırılanadək vaxt keçdi, arılar heç nə yığa bilmədi. Bəzi arıçılar isə arılarını başqa rayonlara apardılar, amma geri qaytara bilmədilər: “Belə hallarda arı yiyəsiz qaldı, dağda heyvanlar dağıtdı, elə arıçı var ki, 20 yeşiyi dağılıb. Bir məsələ də var, karantin dövründə fermerlərə  kənd təsərrüfatı məhsullarını daşımağa icazə verilib. Əsas bal alıcıları paytaxtadır, arıçılar isə məhsullarını Bakıya gətirib sata bilmirlər.

Cəfərli deyib ki, pandemiya səbəbindən xaricdən mum, avadanlıqlar, ana arı gətiriməsində də çətinik var.

Arıçı iri təsərrüfatlar marketlərə məhsul verə bilir

Balakənli arıçı deyib ki, marketlər balı qablaşdırılmış halda almaq istəyir. Amma qablaşdırma əlavə xərc tələb edir. “Hər il turistlər olurdu, otel və kafelər də bal alırdı. Bu il bal sata bilmədik. 5-10 kilo bal satmaqla qazanc əldə etmək olmur. Ümidimiz yarmarkanın təşkilinədir, noyabr-dekabradək vəziyyətin düzələcəyinə ümid edirik”.

Hazırda səyyar arıxanalarda balların kiloqramı 25-30 manatdan, stasionar arıçılıqla məşğul olanlar isə 20 manatdan təklif edirlər. Balın topdansatış qiyməti isə 15-20 manatdır.  

Qeyd edək ki, arıçılar müştəri sarıdan hər il giley edirlər, eyni zamanda müşərilər də yerli arıçıların onları aldatmadıqlarından əmin deyillər. Çünki saxta bal çox geniş yayılıb və hətta bal yarmarkasına da hər il tonlarla saxta balın çıxarılması baş verir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …