Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Araq alın, başımı da yuyacam, düzələcək”- Fikrət Qocanın oğlu necə öldürülüb?

“Araq alın, başımı da yuyacam, düzələcək”- Fikrət Qocanın oğlu necə öldürülüb?

Görkəmli şair Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəhmədov Elnur Balamirzə oğlunun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təcili tibbi yardım əməkdaşı olan Günay Cavadova şahid qismində ifadə verib.

O ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərin üçünü də tanıyır.

“Biz çağırışa gedəndə hər üç şəxsi də gördük. İçəri girəndə xəstəni soruşduq. Mən baxanda gördüm ki, xəstə artıq dünyasını dəyişib. Soruşdum ki, nə olub? Dedilər ki, yıxılıb. Mən ölüb deyəndə şoka düşdülər. Dedilər ki, “axı bir az əvvəl xırıldayırdı, nəfəs alırdı”. Sonra polisə məlumat verdik”- deyə şahid sərbəst ifadəsində söyləyib.

Şahid Yalçın Qocayevin başından ağır xəsarət aldığını deyib. G.Cavadova əlavə edib ki, hadisə yerinə gedəndə hər üç şəxsin içkili olduğunu onların hərəkətlərindən biliblər.

Məhkəmədə hadisə yerinə gedən digər təcili tibbi yardım əməkdaşı da dindirilib. O da eyni məzmunlu ifadə verib.

Prosesdə daha sonra təqsirləndirilən şəxs Ruslan Məmmədov ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib.

R.Məmmədov qeyd edib ki, mərhumla həmin gün birlikdə yeyib-içiblər: “Yalçın bizə gələndə gördüm ki, üstü toz-torpaqdır. Soruşdum ki, nolub? Dedi ki, məhəllədə yıxılmışam. Üstünü təmizlədik. Dedi ki, araq alaq içək. Sonra domino oynadıq. Elnurgil də gəldi. Həmin vaxt Yalçın Elnura dedi ki, “sən gecə bizim evə niyə zəng eləmisən?”. Elnur da dedi ki, “biz dost, qardaşıq. Telefonun məndə qalmışdı deyə zəng eləmişəm. Onu gətirmək istəyirdim”. Biz araya girdik, onları sakitləşdirdik””.

R.Məmmədov əlavə edib ki, eyni məsələyə görə tərəflər yenə də mübahisə ediblər: “Yalçın yenə eyni söhbəti açdı. Elnura dedi ki, niyə zəng eləmisən? Mübahisə elədilər. Yalçın söyüş də söydü. Elnur onu itələdi ki, danışığını bilmirsən. Yalçın başından xəsarət aldı. Biz onu ayıltdıq, su verdik. Yalçın dedi ki, heç nə olmayıb. Təcili yardım çağırmaq istədik. Yalçın dedi ki, salamatçılıqdır. Yalçın “araq alın, başımı da yuyacam, düzələcək”. Uşaqlar araq aldı. Yalçın balkona çıxdı. Hava alandan sonra evə girdi. Divanda oturmuşdu. Sual verdim, amma cavab vermədi. Yaxınlaşanda gördüm ki, xırıldayır. Təcili yardım çağıranda dedilər ki, ölüb”.

Təqsirləndirilən şəxs Yalçın Qocayevin öldüyünü eşidəndə Elnur Nəhmədovun şoka düşdüyünü, ağladığını deyib:“Elnur ağladı. Dedi ki, özünün də, onun da balalarını yetim qoydu. Dedi, gedirəm uşaqlarla sağollaşam, sonra özümü öldürəcəm. Biz onu sakitləşdirdik”.

Qeyd edək ki, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədovla birlikdə daha iki nəfər həbs edilib.

Onlar Pərviz Hüseynov və Ruslan Məmmədovdur. Hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinirlər. Elnur Nəhmədov isə Cinayət Məcəlləsisinin 120.2.2-ci (xuluqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …