Cümə , Yanvar 22 2021
Ana səhifə / Aktual / Apteklərdə narkotik tərkibli dərman preparatı reseptsiz satılır

Apteklərdə narkotik tərkibli dərman preparatı reseptsiz satılır

Sakinlər “əllilik” narkomanları başına toplayan əczaxanadan şikayətçidir

Bakının, Bakı ətrafı kəndlərin apteklərində narkotik satışı açıq şəkildə davam edir. Aptekə yaxınlaşırsan və ad çəkmədən “əllilik ver” deyirsən. Satıcı sənin nə istədiyini bilir və dərhal narkotik tərkibli dərmanı sənə uzadır. Halbuki, bu cür dərman yalnız reseptlə satılmalıdır. Narkoaslılığı olanlar “əllilik” deyəndə “Tramadol 50 mg”, yəni 50 milli qramlıq güclü təsiredici preparat istədiklərini ifadə etmiş olurlar. “Tramadol” 5 ildən artıqdır ki, Azərbaycanda ucuz narkotiklər sırasında ilk yerləri tutur. Reseptli satışını təmin etmək üçün atılan addımlar isə “aşsüzənlə su daşımaqdan” o yana keçmir. Yəni “Tramadol”un reseptlə satışını təmin etmək istəyi görünmür. Narkoaslılığı olanlar da “Tramadol”dan əl çəkənə oxşamırlar. “Tramadol”u gizli-aşkar satan apteklərdə narkomanların qələbəliyi də müvafiq qurumları hərəkətə keçirmir. Bakının Maştağa qəsəbəsində, Çiləgər deyilən ərazidəki “Lider” marketin olduğu sırada belə bir aptekin fəaliyyəti ilə bağlı redaksiyamıza şikayətlər daxil olub. Sakinlər narkomanların əlindən bezdiklərini deyirlər.

“Yolun kənarındadır, o yana da keçən saxlayır “əllilik” alır, bu yana keçən də. Narkomanxanadır bura. Əməlli-başlı açıq satışdadır. 6-7 manatadır bir listi. Alırlar, atırlar, elə orada da yatıb qalırlar. Hamı da bilir, heç kim yaxın düşmür. Bezmişik narkomanların əlindən. Kimsə söz də deyə bilmir” – deyə sakinlərdən biri söyləyib. Onun sözlərinə görə reseptlə satılmalı olan psixotrop dərman illərdir ki, aptekdə açıq şəkildə, istənilən şəxsə satılır.

“Yeni Müsavat”da “Tramadol”un Bakı apteklərindən açıq satışı ilə bağlı dəfələrlə yazılar dərc edib. Hər dəfə yazının dərcindən sonra bu və ya digər aptekdə yoxlamalar aparılıb, kimlərsə cərimələnib və az sonra “Tramadol” satışı yenidən başlayıb.

“Tramadol” psixotrop tərkibli dərmandır. Belə həblərin satışı qadağan deyil, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız və yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. Narkoaslılığı olanları özünə maqnit kimi çəkən də preparatın bu xüsusiyyətidir. “Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. Güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.

Ötənlərdə “Tramadol”un Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 151 K ünvanındakı aptekdə satışı haqda məlumat vermişdik. Əvvəlcədən də yollandığımız aptekdən dərmanı rahatlıqla, heç bir resept tələb edilmədən, ən azından sorğu-sual edilmədən alacağımızı eşitmişdik.

Dozasından asılı olaraq “Tramadol”un qiyməti 6-7 manatdan 15-16 manat arasında dəyişir. Hazırda apteklərdə satılan “əllilik”dir. Yəni 100 milli qramlıq “Tramadol” satışda azdır. Xətai rayonundakı bir neçə aptekdə də açıq şəkildə “Tramadol”un satışı bu gün də həyata keçirilir. Bu aptekdə də dərmanın reseptsiz və istənilən şəxsə satıldığını müşahidə etmək olar.

“Tramadol” əvvəllər “Tramal” adı ilə satışda idi. Mətbuatda “Tramal” satışı ilə bağlı yazıların dərcindən sonra adı dəyişdirilib, tərkib isə eynidir. Bu dərmandan istifadə etdikdən sonra süstlük yaranır, reallıq hissi itir, hərəkət ləng olur, ətrafda baş verənlərə reaksiya vermək qabiliyyəti əhəmiyyətli dərəcədə azalır. Dərmanın istifadəçilərinin dili ilə desək, “adamı tamamilə söndürür, elə bil ayaqların yerdən üzülür”.

“Lirika” tərkibli dərmanlar da psixotrop dərmandır. Bu dərmanların satışı Bakıda qadağan edilib. Səhiyyə Nazirliyi 2013-cü ilin yanvarından “Lirika” preparatının fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər bu həblərin satışını dayandırıb və dövlət qeydiyyatından çıxarıb. Məlumat üçün bildirək ki, “Tramadol” və “Lirika” həbləri narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır, əlavə uyuşdurucu təsiri göstərir.

Səhiyyə Nazirliyi bu cür apteklərə qarşı reydlər keçirir. 2016-cı ilin əvvəlində “Murad Farm” MMC-yə məxsus Xətai rayonunda yerləşən “Murad” aptekin fəaliyyəti dayandırıldı. Səhiyyə Nazirliyi aptekin lisenziyasının ləğv edilməsi haqda qərar vermişdi. O dövrdə nazirlik tərəfindən yoxlama zamanı aptekdə satışı aparılan və dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilmişdi. Həmçinin reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilmişdi.

 

Həmçinin oxuyun

Deputat “Vergilər” qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) …