Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Aprel döyüşləri məhdud miqyaslı olsa da, əhəmiyəti yalnız hərbi uğurumuzla məhdudlaşmır – TƏHLİL

Aprel döyüşləri məhdud miqyaslı olsa da, əhəmiyəti yalnız hərbi uğurumuzla məhdudlaşmır – TƏHLİL

“4 günlük müharibə” 1994-cü ildən bəri danışıqlar xətrinə danışıqların məntiqi (ara) nəticəsi idi və Qarabağın həllinin tezləşdiriməsi zərurətindən doğmuşdu.


Daha böyük əməliyat planlaşdırılb keçirilə bilərdimi? 
Müqayisə üçün, 2008-ci ildə Gürcüstan “Cənubi Osetiyada Konstitusiya quruluşunun bərpası” məqsədilə hərbi əməliyatlara başladı. “5 günlük müharibədə” Gürcüstan bəyan etdiyi məqsədlərinə çatmadı, (rəsmi gürcü mənbələrinə görə) 397 hərbçi itki verib, məğlub ayrıldı. 
Dünya hegemonlarının maraqlarının yeganə üst-üstə düşdüyü Qarabağ münaqişəsinin həlli məsələsində hərbi-siyasi status-kvonu xeyrimizə dəyişdirilməsi üçün o şərtlərdə hərbi cəhətdən “düşmən təxribatlarının qarşısının alınmasından” daha iri miqyaslı hərbi əməliyatın keçirilməsi real görünmürdü. 
Azərbaycan keçirdiyi əməliyatların elan olunmuş məqsədi- təmas xəttinə yaxında yerləşən yaşayış məntəqələrimizi düşmən atəşi altından çıxarmaq olmuşdu. 4 gün sürmüş döyüşlərdə Azərbaycan məqsədinə nail olmuşdu. Bu döyüşlərdə 93 hərbçimiz həlak olmuşdu.

İtkilər sayı məsələsi üzərində ayrıca dayanmaq istərdim. İtki sayının ümumi qiymətləndirilməsi “az-çox” sualına yox- əldə olunan nəticəyə görə ümumi itkilərin məqbul olub-olmaması sualına cavab verir. İtkilərin qısa müddətdə çox olması ilk növbədə döyüşlərin intensivliyi göstərir. Döyüşün uğurlu olub-olmaması isə onun nəticəsinə görə müəyyən olunur.

“Aprel” verdiyimiz itkilərə dəyərdimi? 2-5 aprel hərbi əməliyatlar məhdud miqyaslı olsa da, əhəmiyəti yalnız hərbi uğurumuzla məhdudlaşmır. Aprelin Azərbaycan üçün qazandırdığı siyasi, hərbi-diplomatik və psixoloji üstünlüklər davam etməkdədir. Ona görə “iki təpəyə görə aparıb igid oğlanlarımızı qırdırdılar” fikri kökündən yanlışdır və həqiqəti əks etdirmir.

“İki təpənin” coğrafiyasına aydınlıq gətirək.
Qarabağın cənub-şərqində yerləşən Lələ-İlahi dağı böyük məkanı müşahidə və atəş nəzarəti altında saxlamağa imkan verən, dağın beli ilə 2 km uzunluğunda qurulmuş düşmən müdafiə xətti idi. 
Qarabağın şimalında yerləşən Talış yüksəklikləri də eyni hərbi əhəmiyətə malik, 7 km enində cəbhə xəttini tutan 9 əsas betonlaşdırılmış postdan ibarət düşmənin müdafiə xəttidir.
Hər iki istiqamətdə düşmən müdafiə mövqelərinin qarşısında(indi unudulmuş) “Ohanyan xətti” adlandırılan, mina-məftillənmiş sahələr qurmuşdu.

Döyüşlərin faktiki gedişi.
Aprelin 2-i səhər tezdən hər iki istiqamətdə kəşfiyat-diversiya qruplarımız düşmən müdafiəsini diversion üsulla keçib, müəyyən postlarını məhv edib, əsas qüvvələrimizin sürətlə hücuma keçməsinə şərait yaradıblar. Bundan başqa, Talış istiqamətində xüsusi təyinatlılarımız düşmən arxasına keçib, onun arxa hərəkət yollarını atəş nəzarətinə alıb, düşmənin cəmləşdiyi yerlərin koordinatlarını artilleriyamıza verirdilər. Nəticədə hücuma keçən əsas qüvvələrimiz minimal itkilərlə döyüş tapşırığını əmrdə göstərilmiş müddətdən iki dəfə az vaxta yerinə yetirərək, yeni tutulan mövqelərdə möhkəmlənmə işlərinə başlayıblar. 
Adətən, düşmən səngərləri müdafiə üçün yaramır, çünki dağ yamacında qazılmış səngərin müdafiəçilərə olan tərəfi ayağa kimi olur, nə güllədən, nə mərmidən qorumur və atəş mövqeyi kimi əlverişli deyil. Bundan başqa, düşmən öz mövqelərini yaxşı tanıyır, ona görə həmin yerləri dəqiq artilleriya atəşinə tuta bilir. Bu səbəblə Döyüş Nizamnamələri yeni itirilmiş mövqeləri “isti-isti” qaytarmasını tələb edir. Möhkəmlənəndən sonra iş çətinləşir.

Aprelin 2-i səhər saat 11-dən aprelin 5-i saat 12 dək(faktiki isə saat 17-dək) düşmən, itirdiyi mövqeləri qaytarmaq məqsədilə hər iki istiqamətdə həmin mövqeləri ardı kəsilməyən artilleriya, minaatan atəşinə tutur, hücumlar edir, itirdiyini qaytarmaq istəyirdi. Bu zaman düşmənin artilleriya vasitələri, zirehli texnikası, hücuma keçmək üçün cəmlədiyi yerlər, qərargahlar və daimi dislokasiya yerləri artilleriyamız, raketlər və silahlanmaya yeni qəbul olunmuş vasitələrlə uzaqdan vurulur, mövqelərdə müdafiə tutan əsgərlərimiz düşməni yaxın məsafəli döyüşlərdə məhv edirdi. 
Çoxsaylı canlı qüvvə, texnika, artilleriya və raket qurğuları itkilərinə uğramış düşmən (135 nəfər rəsmi erməni mənbələrinə görə), itirdiyi mövqeləri qaytara bilməyəcəyinə əmin olandan və Azərbaycanın, cəbhə xəttinə əlavə qüvvələr cəmləşdirdiyini görəndən sonra, aprelin 5-i hücumlarını dayandırmışdı.

Azərbaycan əsgərinin əsas xidməti o yüksəklikləri tutmaqla bərabər, onları müdafiə edib, saxlaması olmuşdu. 
Allah tezliklə Şəhidlərimizin ruhunu böyük qələbə xəbəri ilə sevindirsin.

Nazim BAYRAM

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …