Şənbə , Aprel 20 2024
Ana səhifə / Ana, evdar qadın, jurnalist və siyasətçi – “Dəmir Ledinin” həyatı

Ana, evdar qadın, jurnalist və siyasətçi – “Dəmir Ledinin” həyatı

Onu “Dəmir ledi”, “ABŞ diplomatiyasının dəmir qadını”, “Titan ledi” adlandırırlar. O, ABŞ-da ölkənin prezidentindən, vitse-prezidentdən, Nümayəndələr Palatasının spikerindən sonra üçüncü mühüm dövlət postunu tutmuş ilk xanımdır. Söhbət,  təbii ki, Madlen Olbraytdan gedir.
ABŞ-ın xarici siyasət qurumuna rəhbər təyin olunmazdan əvvəl o, BMT-də ABŞ-ın daimi  təmsilçisi və Təhlükəsizlik Şurasının “kişi kollektivində” yeganə qadın idi.

Siyasi elmlər professoru, Rusiya və Şərqi Avropa ölkələri üzrə ekspert olan M.Olbrayt beş dəfə prezident seçkisi kompaniyasında çalışıb və Cimmi Karter adminstrasiyasında Bjezinskinin köməkçisi işləyib. Sübut edib ki, siyasət və mühüm dövlət vəzifəsi təkcə kişilər üçün deyil.

Mariya Yana Kerbel (ərə gedəndən sonra Madlen Olbrayt) 15 may 1937-ci ildə Praqada anadan olub. Almanlar Çexoslavakiyanı işğal etdikdən sonra (1938) ailəsi İsveçrəyə köçüb və Madlen internat məktəbində təhsil alıb. 1941-1945-ci illərdə Böyük Britaniyada, 1945-1948-ci illərdə  Yuqoslaviyada yaşayıb – atası Yosef Kerbel Çexoslavakiyanın bu ölkədəki səfiri idi. Ölkəsindəki kommunist çevrilişindən sonra Kerbel və ailəsi ABŞ-da siyasi sığınacaq alıb. Əvvəlcə universitetdə beynəlxalq əlaqələr barədə mühazirələr oxuyan Kerbel 1948-ci ildə Kerbel ABŞ-ın BMT-dəki səfiri olub.

“Mən nəsə iş görməsəm, dəli olacağam”

Madlen uşaq yaxşlarından ingilis, fransız və çex dillərini bilirdi. Ailə imkanlı deyildi, amma yaxşı oxuduğuna görə qız xüsusi təqaüdə layiq görülmüşdü.
O, Koloradoda böyük nüfuz qazanmış qızlar məktəbində təhsil aldı. Sinif yoldaşlarının sözlərinə görə, Madlen heş bir qeyri-adi xüsusiyyəti ilə seçilmir, sadəcə, yaxşı oxuyur və öz üzərində çalışırdı.

O, beş kollecə birdən qəbul olundu və Uelslidəki təhsil müəssisəsini seçdi. Burada Madlen ən yüksək təqaüd alan şagird idi.

Madlen jurnalist olmaq istəyir, tələbə qəzerinə yazılar yazırdı. Sonuncu kursda isə o, bu qəzetin redaktor müavini oldu.

Kolleci əla qiymətlərlə bitirdi. Gələcək əri Co Olbraytla da ikinci kursda oxuyarkən – 1957-ci ilin yayında “Denver Post” qəzetində təcrübə keçəndə tanış oldu. Co ona evlilik təklif edərkən məlum oldu ki, oğlan zəngin ailədəndir. Onun ana babası “New York Daily News” qəzetinin sahibi idi.

Co “Chicago Sun Times” qəzetində işləyirdi. Madlen də ciddi jurnalist karyerasına başlamaq arzusunda idi, amma əri buna imkan vermədi və qadın axırda Britaniya ensiklopediyasında işə düzəldi.

Tezliklə, onların əkiz övladları dünyaya gəldi. Amma təkcə qadın xoşbəxtliyi ona kifayət etmirdi. Madlen fəaliyyətsizlikdən yorulurdu.

Başını qatmaq üçün o, rus dili kurslarına yazıldı və nəticədə bu dilə mükəmməl yiyələndi.

Madlen Massaçusetsdə Uesli Universitetinin politologiya və Kolumbiya Universitetinin hüquq fakültəsini bitirdi. Elə tələbəlik zamanı Şərqi Avropa problemlərini və Şərq-Qərb münasibətlərini öyrəndi. Aspiranturanı bitirdi və “Sovet diplomatiyası: elita profili” mövzusunda diplom işi yazdı.

Madlen dörd dəfə Corctaun universitetinin ən yaxşı professoru adına layiq görüldü.

1971-ci ildə Co qəzetdən birdəfəlik getdi, ailə biznesindən çəkildi. O, mənən iflas etdi, əvəzində isə səhmlərin satışından  37,5 mln. dollar qazandı.

M.Olbraytın karyerası uşaqlarının oxuduğu məktəbdə qəyyumluq şurasına üzv olmaqdan başladı. O, enerjisi və intellekti sayəsində sponsor axtarışlarında uğur qazandı. Siyasi karyerasına Demokrat Partiyasındakı fəallığı ilə başladı. Onu senator Edmund Maksinin imzatoplama kampaniyasına dəvət etdilər, Maksi 1972-ci ildə prezidentliyə namizəd olmağı qərara almışdı. Sonradan Madlen onun qanunvericilik məsələləri üzrə köməkçisi oldu. Maksi prezident olmasa da, senator postunda qaldı və qadının siyasi xidmətlərini unutmadı, üç il sonra onu özünə xarici siyasət üzrə müşavir təyin etdi.

Ağ Evdən gecəyarısı qayıdan qadın

1978-cı ildə demokrat Cimmi Karter prezident seçiləndən sonra M.Olbraytı Ağ Evə dəvət etdilər. O, prezident yanında Təhlükəsizlik Şurasının üzvü oldu. Olbrayt ictimaiyyətlə əlaqələr sahəsində çalışırdı. Onun müəllimi Zbiqnev Bjezinski prezidentin müşaviri təyin edilən kimi tələbəsi Madlenin konqreslə əlaqələr üzrə referent vəzifəsinə namizədliyini irəli sürdü.
Olbrayt prezident adminstrasiyasında bir neçə analitik qruplarda çalışdı, demokratların prezidentliyə namizədlərinin seçki kampaniyasında xarici siyasət məsələləri üzrə müşavir oldu.

1983-cü ilin yanvarında Co və Madlen boşandılar. Səbəb də bu oldu ki, Conun işləri yaxşı getmirdi, Madlen isə ona dəstək olmaq əvəzinə öz siyasi karyerasının hayında idi. Ər arvadının gecə saatlarınadək Ağ Evdə oturmasına dözə bilmirdi. Madlen isə hesab edirdi ki, Co onun uğurlarını qısqanır və güclü qadınla bir evdə yaşamağı qəbul edə bilmir.

Bu, bir həqiqətdir ki, ərindən boşanmasaydı, Madlen heç nəyə nail ola bilməyəcəkdi. Boşanandan sonra o, öz karyerası barədə ciddi-ciddi fikirləşdi. O hesab edirdi ki, elm siyasətdən daha etibarlı sahədir. Doktorluq dissertasiyasını müdafiə etmişdi, Corctaun unicersitetində müqayisəli siyasətdən dərs deyirdi. Bir sözlə, hər şey onun istədiyi kimi gedirdi.

Amma tezliklə Madlen müəllim yoldaşı B.Karterlə dostlaşdı. Karter hüquq fakültəsində dərs deyirdi və keçmişdə Nikson adminstrasiyasında Təhlükəsizlik Şurasının əməkdaşı olmuşdu. Onları ümumi maraq birləşdirirdi: hər ikisi Demokrat Partiyasının fəal üzvləri idi. Dostlar 1984-cü ildə seçki kampaniyasına başlayan U.Mondeylin siyasi toplantılarına tez-tez qatılırdılar.

Tezliklə onlar Mondeylin kölgə kabinetində vitse-prezident olan D.Ferraronun xarici siyasət məsələləri üzrə müşaviri oldular. Az sonra Olbrayt Milli Siyasət Mərkəzinə rəhbərlik etməyə başladı, quruma sponsorlar tapdı və demokratların xarici siyasət doktrinasını müstəqil şəkildə işləyib hazırlamaq imkanı əldə etdi. Onun əlaqələri xeyli genişləndi.
1988-ci ildə Demokrat Partiyasının prezidentliyə namizədi Makl Dukasis ona öz müşaviri vəzifəsini təklif etdi. Dukasis inadkar adam idi və bəzən onu yola gətirmək üçün kənar şəxsləri də dəvət etmək lazım gəlirdi. Bir dəfə Dukasisi rəqibi Corc Buşla teledebata hazırlamaq üçün Arkanzas ştatının qubernatoru Bill Klintonu çağırmalı oldular. Olbrayt gələcək prezidentlə belə tanış oldu.

Çexoslovakiyada “məxməri inqilab”dan sonra Olbrayt prezident Vatslav Havelin müşaviri təyin edildi.

 

“İlan-qadın”

1989-cu ildə seçki kampaniyasında Klintona lazımi dəstəyi göstərdi və bunu unutmayan prezident Olbraytı ABŞ-ın BMT yanında təmsilçisi təyin etdi. Madlenin həyatı dəyişmişdi, o, artıq prezident kabinetinin üzvü idi.

Bir dəfə BMT TŞ-nin iclasında Kuba məsələsi müzakirə olunurdu. Səsvermə zamanı idi, Çin təmsilçisi isə heç cür öz ölkəsindən təlimat ala bilmirdi. Olbrayt o, səs verincəyədək heç kəsi yerindən tərpənməyə qoymadı.

İraq mətbuatı onu “ilan” adlandıranda isə Olbrayt Təhlükəsizlik Şurasına ilan formasında bəzək sancağı ilə gəldi.

1993-cü ildə Olbrayt ABŞ-ın BMT-dəki daimi nümayəndəsi oldu. O, ABŞ-ın Bosniya, Haiti və Somalidəki hərbi əməliyyatlarla bağlı xarici siyasət kursunun müəyyənləşməsində mühüm rol oynadı. Xarakteri və fəaliyyəti, məsələlərə sərt yanaşa bilmək bacarığı ona respublikaçılar arasında da hörmət qazandırdı. Onun dövlət katibi işlədiyi dövrdə NATO cənuba doğru genişləndi, Polşa, Macarıstan və Çexiya quruma üzv oldu. Olbrayt İraqa qarşı sərt siyasət yürüdülməsinin və Bakanlardakı böhranın hərbi yolla həllinin tərəfdarı idi.

M.Olbrayt 5 dekabr 1997-ci ildə dövlət katibi təyin olundu. Bu təyinatı Senat yekdilliklə dəstəklədi.

Onun qarşısında duran əsas problemlər NATO-nun maneəsiz genişlənməsi, KXDR-in güclü dövlətə və Amrika üçün təhlükəyə çevrilməsi idi. Uzun illər Olbrayt İraqa qarşı sanksiyaları saxlaya bildi. Amma onun diqqəti Kosovoda cəmləşmişdi, dövlət katibinin fikrincə, Yuqoslaviya prezidenti Slobodan Miloşeviç Balkanların demokratik Avropaya inteqrasiyasına ciddi şəkildə mane olurdu. Məhz Olbraytın inadkarlığı və kompromisə getməməsi nəticəsində sansiya rejimi tətbiq olundu, Belqrada qarşı hərbi əməliyyat gerçəkləşdirildi. Olbrayt bu zaman həm Pentaqonun, həm də Təhlükəsizlik Şurasının təzyiqləri ilə qarşı-qarşıya idi. Amma zaman göstərdi ki, nə kütləvi bombalamalar, nə Miloşeviçin devrilməsi, nə də NATO və rus qoşunlarının bölgədə yerləşdirilməsi çıxış yoludur…

1999-cu ildə Vastslav Havel bildirdi ki, özündən sonra prezdinet postuna ən layiqli namizədlərdən biri kimi Madlen Olbraytı görür. Çexiyada aparılmış rəy sorğularına əsasən, o, çexlər arasında ən populyar qadın siyasətçidir.

Olbraytın uğur qazanmasının sirri nədəydi? Yəqin ki, ilk növbədə, inadkarlığı və çalışqanlığı ona kömək oldu. O, həmişə nə istədiyini bilir və məqsədinə nail olmayınca geri çəkilmirdi. Madlen məsələlərə strateji tərəfdən yanaşa bilirdi. Bu, balaca-malaca, köklüyə meyilli qadın xoşa gəlməyi bacarırdı. Həmişə kişilərin əhatəsində olsa da, qadın olduğunu unutmurdu. O, kişilərlə yarışmırdı – bilirdi ki, bunu ona bağışlamayacaqlar, ona görə də daha çox güzəştə gedirdi. Kişilərin zarafatlarına gülür, şən-şaqraqlığını qoruyur, dostlarına mehribanlıqla yanaşırdı. Ən çətin məqamlarda belə yumor hissini itirmirdi. Heç vaxt özünün maddi və ya intellektual üstünlüyünü gözə soxmurdu.

Eyni zamanda, təbii ki, o, sərt olmağı da bacarırdı. Bunu məharətlə edir, tərəf müqabilinini bütün arqumentlərini diqqətlə dinləyirdi. Olbrayt komandada oynamağı bacarırdı. Məqsəd və vəzifələri dəqiq qoyurdu. Tərəfdarlar toplaya, qərar verə və onun icrasına nəzarət edə bilirdi.

Onu demokratdan daha çox, avtoritar şəxsiyyət hesab etmək olar. Madlenin səhvləri də olub, xidmətləri də. Amma bir şey şəksizdir, Olbrayt ABŞ-da doğulmadan, heç bir başlanğıc kapitala malik olmadan nəhəng zirvəyə ucala – ABŞ-ın ilk qadın dövlət katibi ola bildi. Bu isə balaca iş deyil.

 

Rəbiqə

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …

Bir cavab yazın