Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Amnistiya Aktı bu kateqoriyadan olan şəxslərə şamil olunacaq – SİYAHI

Amnistiya Aktı bu kateqoriyadan olan şəxslərə şamil olunacaq – SİYAHI

“8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsinə əsasən, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək məhkumların əhatə dairəsi məlum olub.

Layihədə təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumların müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi təklif olunur:

– Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

– Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslər;

– bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin və ya həlak olmuş şəxslərin yaxın qohumları;

– Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

– 1948-ci, 1953-cü və 1988-ci və 1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya edilmiş şəxslər;

– 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər;

– 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid şəxslərin yaxın qohumları;

– Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuiş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

– İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də keçmiş SSRİ-nin silahlı qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər, həmçinin, bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər;

Keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları:

– Çernobl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);

– qadınlar;

– cinayət törədərkən yaşı 18-ə çatmamış şəxslər;

– bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;

– bu qərar qüvvəyə mindiyi günədək I və II dərəcə əlilliyi olan şəxslər;

– öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı yaxud I və II dərəcə əlil övladı olan şəxslər o cümlədən qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər.

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …