Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / AMİP katibi “söyüş müxalifəti” ilə bağlı həyəcan təbili çaldı…

AMİP katibi “söyüş müxalifəti” ilə bağlı həyəcan təbili çaldı…

Əli Orucov: “Bu söyüş və təhqirlər sabah davaya, silahlı münaqişəyə çevrilə bilər”

Son aylarda Avropada bəzi azərbaycanlı mühacirlərdən ibarət formalaşan “söyüş müxalifəti”nin getdikcə fəallaşması gündəmdən düşmür. Demək olar hər gün “söyüş müxalifəti”nin təmsilçilərinin sosial şəbəkələrdə canlı yayıma çıxıb Azərbaycan dövlətinin imicinə xələl gətirən açıqlamalar verməsi, hökumətə rəhbərlik edənləri ən ağır formada təhqir etmələri ölkə daxilində böyük hiddət doğurmaqdadır.

Artıq tək iqtidar həmin mühacirlərlə mübarizə aparmır, cəmiyyətin bütün sferalarından sərt qınaqların, etirazların şahidi olmaqdayıq. Hətta müxalifət düşərgəsi belə bu cür mübarizə üsulunun doğru olmadığını, onların nüfuzlarına da bunun ciddi zərbə vurduğunu deyir. “Söyüş müxalifəti”nə yönəlik edilən müraciətlər də durmadan artır.

Bu cür mübarizə xəttinin əleyhinə olan müxalif qurumlardan biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır. Partiyanın katibi Əli Orucov “Yeni Müsavat”a açıqlamasında belə mübarizə üsulunu rədd etdiklərini söylədi: “Mən demokratik və sivil mübarizə üsulundan kənar hər cür vasitəni rədd edərək, bir daha vurğulamaq istərdim ki, ictimai, siyasi, o cümlədən hüquq müdafiəsi ilə məşğul olan hər kəs öz məsuliyyətini anlamalıdır. Söyüş, təhqir, alçaldılma, etik normalardan kənar və nifrətə köklənən davranış və hərəkətlər qəbul olunmazdır. Lakin hakimiyyətin üzərinə daha böyük məsuliyyət düşür. Ölkədə normal mübarizə mühiti yaradılmalı, qeyri-etik, əndazəni aşa biləcək addımlara vəsilə olmamalıdır. Məmurların siyasətlə məşğuliyyəti, insanları incitmələri, onlara yuxarıdan aşağı baxmaları nəticə etibarı ilə bu kimi xoşagəlməz mənzərəyə gətirib çıxarıb. Rəqiblərindən qisas olmaq, onların əvəzindən qohum-əqrəbasını incitmək, şərləmək, günahsız insanları həbsə atmaq, mənəvi işgəncələrə məruz qoymaq qətiyyən olmaz. Hər kəs törətdiyi əmələ görə məsuliyyət daşıdığı və cəza çəkməli olduğu halda, hakimiyyət mənsubları qanunları kobud surətdə pozaraq ucdantutma cəza mexanizmini işə salır. Eyni zamanda insanların heysiyyəti ilə oynamaq, onların şəxsiyyətinə hörmət qoymamaq təhlükəli meyllərin artmasına gətirib çıxarmaqdadır. İctimai fikrin formalaşmasında, millətin və xalqın taleyində və dövlətin idarəedilməsində rol oynayan hər kəs daha məsuliyyətli olmalı, mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sayğı göstərməlidir. Xüsusən də ölkənin ən böyük partiyası olan YAP qəbuledilməz bu kimi tendensiyalara rəvac verməməlidir. Belə halların qarşısının alınması kimlərəsə hansısa müraciətlə mümkün deyil. Zamanında müxalif düşərgəyə qarşı da eyni üsul, oxşar dəst-xətlə yanaşılıb. Əgər xatırlayırsınızsa “Lider” televiziyasında buna daha geniş yer verilirdi. Nifrətə köklənən insanları durdurmaq çətindir. Bu söyüş və təhqirlər, sabah davaya, silahlı münaqişəyə çevrilə bilər. Odur ki, kimliyindən asılı olmayaraq, hər kəs cəmiyyətə sayğı göstərməlidir. Söyüş makinaları təkcə hakimiyyəti hədəf almayıb, onların hədəfində müxalifət düşərgəsi də var. Heç kəs söyüşə, təhqirə görə özünə haqq qazandıra bilməz. Gərginliyi aradan qaldırmaq və həlimlik yaratmaq da hakimiyyətin əlindədir. Çox təəssüf ki, sanki həm hakimiyyətdə, həm də kənarda bəzi qüvvələr söyüş və təhqirin davamlı olmasında, yaxud da bunun qızışdırılmasında maraqlıdır. Rəqibin və qarşındakının kim olmasına baxmayaraq, siyasi mübarizədə həmişə etik qaydalar və müəyyən olunmuş çərçivələr gözlənilməlidir. Əks halda, bundan da ağır xoşagəlməz mənzərədən qaçmaq mümkün olmaz”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …