Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / “AMAY Abdulla”: “Dövlət ittihamçısı mənə də vəkillik etsin də…” – (Foto)

“AMAY Abdulla”: “Dövlət ittihamçısı mənə də vəkillik etsin də…” – (Foto)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Sahibkarlıqa Kömək Fondunu nümayəndəsi, sektor müdiri Emin Nəzərov ifadə verdi.

E.Nəzərov ifadəsində dedi ki, 2006-2008-ci illər üzrə verilən kreditlər təyinatı üzrə istifadə edilməyib: “Bu günə kimi “Birlikbank”ın fonda 3 milyon 986 min manat əsas borc, 923 min manat cərimə, 138 min manat faizi var. Bu məbləqi tələb edirik”.

E.Nəzərov vəkillərin və A.Abdullayevin suallarını cavablandırdı. A.Abdullayevin suallarını cavablandırmaqda çətinlik çəkən fond nümayəndəsi bunları dəqiqləşdirib növbəti prosesdə cavab verəcəyini dedi.

Onun cavabları A.Abdullayevin narazılığına səbəb oldu: “Mən cinayətkar deyiləm ha! Mən o vaxt cinayətkar ola bilərəm ki, siz mənə hökm oxuyasınız. Dövlət ittihamçısı burada fondun nümayəndəsinə vəkillik edir. Elə mənə də vəkillik etsin də! Birləşib törətmisiniz bu cinayəti? Bunlar hələ uşaqdır. Mən tərbiyəli adamam, amma emosionalam. Xahiş edirəm, bəzi məsələlərə incə yanaşın. Mən yaltaq adam deyiləm. İnsanda şərəf yaxşı şeydir. Düzdür, danışıram, amma bilirəm ki, boş şeylərdir. Mən fonda olan borcu ödədikdən 3 gün sonra leqallaşma ilə bağlı mənə qarşı ittiham olundu. O boyda AMAY-a 57 milyon qiymət qoydular. Məni bunlar tutdurub – Sahibkarlığa Yardım Fondu və Korrupsiya İdarəsi”.

Sonra Müşfiq Nəcəfov zərərçəkən qismində ifadə verdi. O, ifadəsində “Xudafərin MMC”-dən ev aldığını, təmir etdirdiyini bildirdi. İstintaq onu zərərçəkmiş kimi tanıyıb. Amma M.Nəcəfov bu iş üzrə heç bir zərər çəkmədiyini dedi.

Məhkəmə prosesi aprelin 2-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın