Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / ALQIŞ HƏSƏNOĞLU: “Rəsulzadə  və Elçibəy ictimai-siyasi xadim olsalar da, dövlət xadimi deyillər…” – VİDEO

ALQIŞ HƏSƏNOĞLU: “Rəsulzadə  və Elçibəy ictimai-siyasi xadim olsalar da, dövlət xadimi deyillər…” – VİDEO

Alqış Həsənoğlu hakimiyyətin ən sadiqlər komandasına daxil olan şəxslərdən biridir. O, Yeni Azərbaycan partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin sabiq və ən məşhur baş redaktoru olub. Buradan da Milli Məclisə deputat gedib. Hələ “Yeni Azərbaycan” qəzetində işləyəndə Alqış Həsənoğlu kifayət qədər tanınmışdı. Bu, təbii ki, onun YAP-çı olmağına görə deyildi, sadəcə Alqış Həsənoğlu maraqlı qəzet çıxarırdı və o qəzet digər hökumət qəzetlərindən fərqli olaraq, əməlli-başlı oxunurdu. “Yeni Azərbaycan” qəzeti maraqlı “Ədəbiyyat səhifəsi” ayırmışdı gənclərə və gənclər sərbəst şəkildə yaradıcılıqlarını orada çap etdirə bilirdilər. O səhifə o qədər məşhurlaşmışdı ki, hətta bunu “ədəbiyyatda inqilab” adlandıranlar da olurdu. Bəli, bunu o zamanın “Yeni Azərbaycan” qəzeti, daha doğrusu, Alqış Həsənoğlu edirdi. YAP-ın məhdud və qadağaçı zehniyyətinin içində bunu etmək və nisbətən demokrat olmaq isə çətin idi.

Sonra Alqış Həsənoğlu parlamentə keçdi. Qəzetlə birlikdə Milli Məclisdə də fəaliyyət göstərməyə başladı. Zamanla hakimiyyətdaxili qruplaşmalarda yer aldı və kənardan görünən odur ki, bu qruplaşmaların da qurbanı oldu. Həm “Yeni Azərbaycan” qəzetində, həm də parlamentdə o zaman tabu hesab olunan (elə indi də o tabular qalır – Red.) mövzulardan danışdı və yazdı. Beləcə də, həm özü, həm də əmisi oğlu Musa Musayev sıradan çıxarıldı.

10 ildir işsizdir Alqış Həsənoğlu. Geniş danışmağı və müsahibələr verməyi sevməz. Ağzını da bıçaq açmaz. Elə bil heç 10 ildir işsiz qalan bu adam deyil. Mövqeyindən zərrə qədər də geri çəkilməyib. Onunla uzun müddətdir “Qaynar Qazan”da söhbətləşmək istəyirdim. Alqış Həsənoğlu hər zaman mənə maraqlı adam təsiri bağışlayıb. Amma hər zaman Alqış müəllim vaxtı uzadırdı. Bu dəfə nəhayət, razılaşdıq və mənə ilk şərti o oldu ki, mən mövqeyimi dəyişməmişəm ve dediklərimin hamısı olduğu kimi gedəcək. Bu, mənim qəbul edəcəyim ən rahat şərtdir, çünki “Qaynar Qazan” təxminən canlı yayım kimi bir verilişdir.

Alqış Həsənoğlu danışıb, amma tam dövlət adamı kimi danışıb. Yəni vəzifədəymiş kimi qapalı və üstüörtülü danışıb. Təmkinli, sözünü bişirib çıxaran xarakteri var. Dəqiq adamdır. Vaxtlaşdığımız dəqiqə onu nəşriyyatın qarşısında gördüm. Sadə, mütəvazi bir yapısı var. 15 ildən sonra ilk dəfə idi ki, nəşriyyata gəlirdi və nəşriyatın halından heç də məmnun qalmadı. Dövlətçi və millətçi adamdır. O qədər ki, hakimiyyətlə dövləti hələ də bir-birindən ayırmaq istəməyən bir düşüncə tərzinə malikdir. Həqiqi Heydər Əliyevçilərdəndir və onu indən sonra nələr gözləyir, bilinməz.

Qonağımız “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu-Musayevdir. O, “Qaynar Qazan”ın 36-cı qonağıdır. Danışır Alqış Musayev…

evez alqishin musahibesinde1

Əvəz Zeynallı, “Qaynar Qazan”

 

I hissə

 

Bəzən mətbuat özünü II, III hakimiyyət kimi hiss eləyir – boşluqlara görə…

 

– Bugünkü qonağımız “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru, Azərbaycan ictimaiyyətində, Azərbaycan mətbuatında çox tanınan yazarlardan, redaktorlardan olan Alqış Həsənoğlu-Musayevdir. Bu gün biz onunla həm Azərbaycan mətbuatının, həm Azərbaycan siyasətinin, həm Azərbaycan dövlətinin qarşılaşdığı problemlərlə bağlı söhbət edəcəyik. Alqış müəllim, xoş gəlmisiniz.

– Təşəkkür edirəm, dəvət elədiyinizə görə.

– Deyəsən, nəşriyyata gələndə, buranın vəziyyəti sizi heyrətləndirdi?

– Mən nəşriyyatdan haradasa – əvvəl biz burada otururduq. Sonradan..

– “Yeni Azərbaycan” qəzetinin redaksiyası əvvəlcə burada idi?

– Hə, əvvəl redaksiya burada idi, 5-ci mərtəbədə yerləşirdi. Sonra, biz köçəndən sonra mən demək olar ki, bura gəlməmişəm. Haradasa, son 15 ildir, birinci dəfədir ki, nəşriyyata gəlirəm. Yəni buna görə də sizə təşəkkür edirəm ki, 15 il əvvəl tərk elədiyim nəşriyyatı yenidən görə bildim. Buna görə də çox sağ olun. Amma nəşriyyatın görünür, böyük təmirə ehtiyacı var.

– Hə, mən də onu deyirəm. Ölkəyə bu qədər pullar gəldi-getdi, yeni binalar tikildi, köhnələr təmir olundu. Amma bircə mətbuat nəsibini almadı.

– Yəqin ona da vəsait ayırarlar, mənə elə gəlir.

– Daha pul qurtardı, nə ayıracaqlar?

– Pul qurtarmaz. Niyə qurtarır ki? Qurtarmaz.

– Ümumiyyətlə, bu, həm də Azərbaycan mətbuatına bir yanaşma deyil ki?

– Yox, mən hesab eləmirəm ki, bu, Azəırbaycan mətbuatına bir yanaşma olsun. Bilirsiniz, dövr dəyişir, zaman dəyişir. Azərbaycan mətbuatı mənim “Yeni Azərbaycan” qəzetində işlədiyim dövrlərdən fərqli bir situasiyada fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, çətinliklərə, problemlərə baxmayaraq, Azərbaycan mətbuatı mən yenə deyərdim ki, cəmiyyətin ən öndə gedən, nəinki önündə gedən, bəzən də cəmiyyəti yönləndirən bir struktur, bir çevik fəaliyyət sahəsidir. Bunu heç kim inkar eləyə bilməz.

– Amma IV hakimiyyyət deyil artıq.

– Bilirsinizmi niyə IV hakimiyyət deyil? Söhbət ondan gedir ki, əslində IV hakimiyyət olmaması mətbuatın özünün problemidir. Bu, bilirsinizmi, haradan gəlib? Görünür, hətta mətbuat özünü II, III hakimiyyət kimi hiss eləyir. Bu, artıq mətbuatın xeyrinə deyil, mətbuatın ziyanına işləyir. O da mətbuatın günahı deyil. Görünür ki, II, III hakimiyyətdə haradasa boşluqlar olur ki, mətbuat da o boşluğu doldurmaq istəyir. Mətbuatın özündən asılı olmayaraq, mətbuat IV hakimiyyət olmaqdan çıxıb, II, III hakimiyyət rolunda çıxış edir.

 

Çox irəli getməsi də bu mətbuatın xeyrinə deyil

alqish-evez2

– Yəni deyirsiniz ki, mətbuat daha irəli gedir?

– İrəli gedir deyəndə, yəni irəli getməsi də bu mətbuatın xeyrinə deyil. Boşluq olanda – qanunvericilik sahəsində, məhkəmə sistemində boşluq olanda mətbuat artıq IV hakimiyyət kimi funksiyasını yerinə yetirə bilmir. Mətbuat artıq II, III hakimiyyətin rolunu oynamağa – özü də bilmədən – vadar olur, düçar olur.

– Çox maraqlı yanaşmadır.

– Onda hər şey qaydasında olar ki, mətbuat elə IV hakimiyyət kimi fəaliyyət göstərsin.

– Öz yerində olsun…

– Öz yerində fəaliyyət göstərsin. Mətbuat öz yerində olmayanda bu o deməkdir ki… Mətbuat elə bir sahədir ki, gücün effektidir də… Mətbuat istənilən halda, tənqid yazsa da, tərif yazsa da, mədhiyyə oxusa da, yalan yazsa da, hətta heç nə yazmasa belə cəmiyyətin idarəçiliyinin güzgüsüdür. Elədir, elə deyil?

– Bəli.

– Ona görə də mətbuat IV hakimiyyət kimi yerində deyilsə, deməli, cəmiyyətdə artıq problem var.

– Yox, təkcə cəmiyyətdirmi? Bəs, hakimiyyət?

– Hakimiyyət də cəmiyyətlə bağlıdır da…

– Hakimiyyətin mətbuatla bağlı deyək ki, siyasəti var da…

– Yox. Mətbuatla bağlı siyasəti… Mən sizə bir söz deyim. Bizim təkcə mətbuatımzın yox, cəmiyyətimizin bir çox problemləri var. O hakimiyyətdən irəli gəlmir, bir çoxu mentaldan irəli gəlir. Məsələn, mən inanmıram ki, hansısa mətbuat orqanına, hansısa redaktora mənim açıqlamalarımı, mənim yazılarımı çap  eləməmək haqqında kimsə göstəriş versin. Adını demək istəmirəm. Amma mənim özümə çox yaxın hesab elədiyim dostlarımdan biri, – 1-2 dəfə orada çıxış eləmək istədim, yəni təşəbbüs mən tərəfdən gəldi – gördüm ki, istər dövlətçilik baxımından, istər prezidentin mövqeyini ifadə eləmək baxımından, müdafiə eləmək baxımından mənim açıqlamalarımı, yazılarımı vermədi. Dedi ki, “bilirsən, mən daha onu verə bilməyəcəm…”

– Allah… Allah…

– Hə, indi mən inanmıram ki, kimsə ona bunu sifariş versin.

– Niyə verməsin ki?..

– Bilirsən, görünür, ehtiyat eləyir da.

– Bəlkə komandalardır – kimsə hansısa komandaya yaxındırsa…

– Yox, mən onu bilmirəm. İnsanın özündən çox şey asılıdır da…

– Adını desəydiniz, səbəbini təxmin eləmək olardı.

– Redaktorun özündən çox şey asılıdır.

– Amma çox maraqlı olardı.

– Yox, mən bunu redaktora qarşı kompromat kimi demək istəmirəm.

– Adını çəksəydiniz, biz də təxmin edərdik ki, ona bunu deyiblər, yoxsa deməyiblər.

– Yox. Mən buna inanmıram. Mənimlə bağlı kim ola bilər ki, nəsə desin?

– Niyə Alqış müəllim? Uzun müddət sizə qadağamı deyim, embarqomu deyim olduğu hiss olunurdu.

– Qadağa yox. Mən sizə deyim da… Mən sizə bir söz deyim. Məndən dəfələrlə soruşublar ki, “necə yaşayırsınız? Necə dolanırsınız?” Mən heç vaxt bu mövzualrı müzakirə eləmədim. Bir az iddialı, ibarəli səslənə bilər. Bir az mən bunu özümə rəva görmürəm. Mən bu məsələləri heç vaxt heç kimlə müzakirə eləmədim və eləmirəm, eləməyəcəm də… Nəyə görə? Çünki elə məsələlər var ki, şəxsin üzərinə yüklənəndə, istər-istəməz hansı yönündən yanaşmasından asılı olmayaraq, bir əzabkeş insan obrazı yaranır da… Elə deyilmi?

– Bəli, o obrazın haqqınızda yaranmasını istəmirsiniz?

– Mən istəmirəm ki, o əzabkeş obraz yaransın. Təkcə ondan qorxmuram, ehtiyat eləmirəm. O obraz yarananda istər-istəməz suallar çıxır meydana. Deyirlər ki, siz niyə 10 ildir işləmirsiniz? Bilirəm ki, siz də o sualı verəcəksiniz mənə…

 

Baş redaktor dostum yazımı çap etmədi

alqish

– Mütləq verəcəm.

– Görürsünüzmü? O zaman mən özüm deyim. “Niyə 10 ildir işləmirsiniz? Bəs, nə ilə dolanırsınız, necə yaşayırsınız?” Məsələn, suallar var ki, ölkənin valyuta ehtiyatları tükənir, azalır. Milli Bankın valyuta ehtiyatları tükənir, azalır. Məsələn, sual verə bilərsiniz ki, sizin, bir qəzetin baş redaktoru olmuş adamın, bu qədər ciddi maliyyə dayaqları var ki, 10 il heç bir yerdə işləmədən yaşayır, duruş gətirir. Elədir, elə deyil?

– Elədir, təbii ki…

– Bu suallar ortaya çıxır. Bu suallar da, bir çox suallar da ortaya çıxır. Məsələn, mən bayaq dediyim baş redaktor dostumun mənim yazımı çap eləməkdən imtina, imtina yox…

– Yayındı…

– Hə, yayındı. Mən onu başa düşdüm. Yəni, o cür suallar ortaya çıxır ki, nəyə görə kimsə mənim yazımı çap elədiyinə görə, özündə diskomfort hiss eləsin, narahat olsun, həyəcan keçirsin?

– Niyə sizcə?

– Məsələn, mən deyim. Mən nəyə görə belə məsələləri müzakirə eləmək istəmirəm. Ona görə ki, bax, bu suallar çıxanda, – suallar yaranır axı – o sualları mən birtərəfli cavablandırmaq istəmirəm. Bu sualların cavabı təkcə mənəviyyat sahibindən yox, həm də səlahiyyət sahibindən soruşulmalıdır. Gərək həm də səlahiyyət sahibi olasan ki, o suallara cavab verəsən. Amma mən birtərəfli cavablandıranda  problem olur. Məsələn, mənim öz təsəvvürümdə, öz düşüncəmdə bir mərhəm obrazlar var da… Mərhəm düşüncələrim, mərhəm obrazlarım var – ölkəmiz, dövlətimiz haqqında, dövləti yönəldənlər haqqında bir mərhəm düşüncələrim var. Mən istəmirəm ki, o düşüncələrimə xətər dəysin. Bax, məni ehtiyatlandıran odur. Ona görə də mən özümlə bağlı məsələləri əksər hallarda müzakirə eləmirəm, üstündən keçirəm. Yəni o təsəvvürlərimi zədələməkdən, təhrif etməkdən ehtiyat edirəm.

– Bu dəfə üstündən keçməyək…

– Yox…

– Bəzi şeyləri danışaq.

– (Gülür)

– Deməli… Nə işlə məşğulsunuz?

– Doğrusu, bilirsiniz, mən sizə bir söz deyim. 10 il necə gəldi keçdi, mənim xəbərim olmadı.

 

10 il necə gəlib keçdi, mənim xəbərim olmadı

16976829_1327438683984469_1895411863_n

– 10 ildir “Yeni Azərbaycan” qəzetindən gedibsiniz?

– Bəli, bəli… 10 ildir getmişəm. Bu 10 il necə gəlib keçdi, mənim xəbərim olmadı. Təssəvvür edin ki, sanki dünən “Yeni Azərbaycan” qəzetindən ayrılmışam. Bu bilirsən, nədən irəli gəlir? Mən Allaha, qismətə inanan adamam. Görünür, Allah adama özünün xəbəri olmadan bəzən elə bil səbr verir, təmkin verir. Onu elə qoruyur ki, insanın özünün də xəbəri olmur. Doğrusu, mən nə ilə məşğul oldum? Vaxt elə gəlib keçdi, mən özüm də bilmirəm nə işlə məşğul oldum ki, vaxt belə keçdi.

– İşsiz qaldınız da, eləmi?

– İşsiz qaldım.

– Deputat olandan sonra da?

– Deputat olandan sonra 2 il, haradasa 2007-ci ildə mən “Yeni Azərbaycan” qəzetinin redaksiyasından uzaqlaşdım.

– Düz 10 ildir…

– Hə, 10 ildir.

– Bir təsadüfə bax.

– Fevral ayında idi…

– Neçəsində?

– Haradasa o vaxt fevral ayı 29-dan idi. İndi bilmirəm bu il 28-dəndir, yoxsa 29-dan?

– Yəqin 28-dəndir.

– 28-dən, hə.

– 29-da siz istefa verdiniz?

– Hə 29-da çıxdım ordan.

– Hə, tam da ildönümüdür. Məhəmmədəli Qəribli bir sual verib: “Deyilənə görə, Alqış bəyin karyerasına ciddi zərbəni onun tabeçiliyində işləyənlərdən biri vurub. Söhbət baş redaktorluq postunu itirməkdən gedir. Çox maraqlıdır, həmin hadisə necə olub və deyilən hərəkəti ona qarşı kim edib?”

– Müxtəlif ehtimallar var. Mən onların heç birinin üzərində durmuram. Çünki o, ehtimallardır. Mən kimlərinsə adını çəkib, onların üzərində dayanmaq istəməzdim. Ola bilər. Karyera deyəndə də, mən həyatımı karyera üzərində qurmamışam. İnsan bu dünyaya gələndə, hər bir adamın miqyasından, şəxsiyyətinin masştabından, daşıdığı vəzifənin miqyasından, səlahiyyətindən asılı olaraq bir missiyası var. Həyat da həmişə düz xətt üzrə inkişaf eləmir ki, ziq-zaqlarla davam eləyir. Görünür, belə alınıb. Hərdən məndən soruşurlar ki, “bəs, necə dözürsünüz, bu çətinliklərə, problemlərə?” Mən də cavab verirəm ki, “bizdə nə vaxt asan olub ki?” Əvvəlcə öz dədə-baba yurdlarımızı tərk eləmişik… Elə deyilmi?

– Bəli, bəli…

– İnsana Vətəndən, torpaqdan müqəddəs dəyər yoxdur. O dəyəri itirəndən sonra sən yeni dəyərlər tapasan, ayaq üstə durasan, yenidən özünü təsdiq edəsən, əlbəttə, bundan böyük, çətin bir iş yoxdur. Biz onu bacardıqsa, belə şeylərə də dözərik. O bizim karyeramıza mane olan adamlar, zaman-zaman bu sualları cavablayacaq. Ayrı-ayrı admlarla bağlı şeylərə mən inanmıram. Onlar xırdalıqlardır…

 

Qəzet tənqidçi mövqedən çıxış eləməlidir həmişə

alqish1

– Olmuşdu elə şeylər, yəni?

– Bilirsiniz…

– Nə ola bilər ki?

– Bilmirəm.

– “Yeni Azərbaycan” qəzeti YAP-ın qəzeti idi, eləmi?

– Bəli.

– Baxmayaraq ki, hakimiyyət qəzeti idi…

– Bilirsiniz, görünür, belədi da… Mənim…

– Həm də siz o vaxtlar tənqidi yazılar verirdiniz Administrasiya haqqında. Onun təsiri ola bilərdimi?

– Vallah, bilirsiniz…

– Administrasiyanın rəhbəri ilə döyüşə girdiniz…

– Yox, biz Administrasiyanın rəhbəri ilə döyüşə girmədik. Ola bilər. O vaxt tənqidi yazılar gedirdi. Təkcə Administrasiya rəhbərilə bağlı yox. Mən hesab edirəm ki, qəzet tənqidçi mövqedən çıxış eləməlidir həmişə.

– Amma “Yeni Azərbaycan” qəzeti baxmayaraq ki, hakimiyyətin qəzeti idi, sanballı qəzet idi.

– Sanballı qəzet idi. Təkcə tənqidi yazılar vermirdik, həm də biz ədəbiyyat əlavəsi çap eləmişdik. Yadınıza gəlirmi?

– Hə.

– Məsələn, mən indi o ədəbiyyat əlavəsi ilə gənclərin yaddaşına hopub qalmışam. Məni indi harada görürlər, məsələn, Azərbaycan ədəbi mühitində…

– O vaxt bu, inqilab kimi bir şey idi…

– Hə, indi Azərbaycan ədəbi mühitində öz imzası olan adamların əksəriyyəti o vaxt “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat əlavəsində çap olunub. Bunu da xatırlayırlar, dəyərləndirirlər, çox sağ olsunlar. Onu da deyim ki, həmin ədəbiyyat əlavəsi mətbuat tarixində bir iz qoyubdu.

 

Mühafizəkar, qaragüruh hər yerdə üstünlük təşkil edir

alqish-evez

– Qoyubdur, bəli.

– Qoyubdur. Bunu mənə həmişə deyirlər. Doğrusu, bu da mənə çox xoş olur. Məsələn, elə adamlar deyir ki. “mən orada çap olunmuşam”, heç tanımadığım adamlar…

– Alqış müəllim, sizə qarşı münasibətin dəyişməsində o əlavənin rolu olmayıb ki?

– Yox. Mən sizə bir söz deyim..

– Çünki orada həqiqətən fırqli, açıq fikirlər yazılırdı.

– Düzdür, bəli, adamlar olurdu, yəni mühafizəkar adamlar hər yerdə var. Hər yerdə. Tək Azərbaycanda yox. Bütün xalqların səviyyələri eynidir. Kim deyirsə ki, ingilis cəmiyyəti bizdən çox-çox irəli gedib, bu, çox səhvdir. Ümumi səviyyə eynidir. Bəli, mühafizəkar, qaragüruh hər yerdə üstünlük təşkil edir. Məsələn, mənə irad tuturdular ki, partiya qəzeti hara, ədəbiyyat əlavəsi hara? Amma mən sizə bir söz deyim ki, ulu öndərimiz Heydər Əliyevə də bu söhbətlər gedib çatırdı. Məsələn, mənə şəxsən özü deyib ki, “sən çoxlarının deyə bilmədiyi, dəyərləndirə bilmədiyi məqamı tutmusan”. Heydər Əliyev bunu tutmuşdu və deyirdi ki, “sən çox gözəl bir iş görürsən və düz eləyirsən. Sən onu eləməklə, gənc ədəbi qüvvələri bizim partuyanın ətrafında birləşdirirsən…”

– Bir növ Heydər Əliyevin fikirlərini ifadə etmisiniz…

– Mənə dedi ki, “sən o deyilənlərə fikir vermə, bu işi davam elə”. Hətta nümunə də gətirdi ki, “bizim “Ədəbiyyat” qəzeti nə gündə çıxır?” Belə də dedi.

– Maraqlıdır.

– Yəni mən inanmıram ki, mənim haqqımda fikrin dəyişməsində o ədəbiyyat əlavəsinin rolu olsun.

– Heydər Əliyevdən söz düşmüşkən…

– Bəli…

 

Evimdə 4 tarixi şəxsiyyət var ki, mən Azərbaycanı onlarsız təsəvvür eləmirəm

alqish2

– Heydər Əliyevin sizin haqqınızda maraqlı bir fikri var idi ki, ““Yeni Azərbaycan” qəzetinin Alqış Həsənoğlu adlı baş redaktoru var…”

– Bəli, bəli… O vaxt partiyanın 10 illiyi ilə bağlı çıxış eləyəndə mənim haqqımda, qəzet haqqında bir 10 dəqiqə danışdı. Mənim fəaliyyətimi çox yüksək qiymətləndirdi. Bu qiymət də mənim üçün çox bir ideoloji mənbədir, qürur mənbəyidir. Mən sizə bir söz deyim. Evimdə 4 tarixi şəxsiyyət var ki, mən Azərbaycanı onlarsız təsəvvür eləmirəm. Məsələn, xronologiya ilə gəlsək, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və Heydər Əliyev. Azərbaycan bu kişilərin çiyinləri üzərində dayanıbdır. Eyni zamanda mən başqa tarixi şəxsiyyətlərin rolunu, fəaliyyətini inkar eləmirəm. Amma mənim üçün bu 4 kişinin rolu böyükdür. Məsələn, Əli bəy Hüseynzadənin “Əkinçi” qəzeti…

– Həsən bəy Zərdabinin…

– Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini təsis eləməsi Azərbaycanın bəlkə də 3-4 əsr – mübaliğəli də olsa, deyim ki, irəli aprdı. Bəlkə də biz onu lazımınca dəyərləndirə bilmirik. Həsən bəy Zərdabi Azərbaycan mətbuat tarixinin çox böyük simalarından biridir. O cümlədən də Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundov, Heydər Əliyev… Heydər Əliyev tarixin unikal hadisəsidir. Ola bilər, məsələn, tarixi şərait və Azərbaycanın mövcud olduğu coğrafiya Heydər Əliyev şəxsiyyətinin tam, kompleks şəkildə açılmasına imkan vermədi. Onun daha böyük imkanları var idi. Onun şəxsi keyfiyyətləri, imkanları bir yana, amma Azərbaycanın problemləri böyük idi. Bunları həll eləmək olmurdu. O baxımdan, ola bilər ki, biz Heydər Əliyevi daha yaxından tanıya bilmədik. Onun potensialından yetərincə istifadə eləyə bilmədik.Tarixi şərait elə gətirdi, ömür vəfa eləmədi. Amma Heydər Əliyev Azərbaycan tarixində müstəsna yeri olan böyük şəxsiyyətdir. Məsələn, onun təkcə siyasi baxışları yox, onun tariximizə münasibətində də… Bir məqamı deyim. Məsələn, bir dəfə biz “Yeni Azərbaycan” qəzetində Bütöv Azərbaycan xəritəsini çap eləmişdik. Bizdə İran səfirliyi də belə məsələlərə çox həssas yanaşır.

– Hə, onlar dərhal reaksiya verirlər.

– Hə, çox həssas yanaşırlar. Bəyanat vermişdilər, XİN-ə gəlmişdilər. Baxmayaraq ki, bazar günü idi, İran səfiri Azərbaycan prezidentinin qəbuluna gəlmişdi. Bundan da müxtəlif formada mənə qarşı istifadə eləmək istəmişdilər. Onda cənab prezident demişdi ki, “mən özüm Alqışla danışaram”. Yaxşı yadımdadır, mənə zəng eləmişdilər…

– Neçənci il idi?

– Haradasa 2001-2002-ci il idi. 2002-ci il idi. Onda mənə zarafatla dedi ki…

 

Heydər Əliyev dedi: “Alqış, daha sən böyük adamsan…”

alqish-evez7

– Çağırmışdı sizi yanına?

– Yox, zəng eləmişdi. Bizə də o zaman redaksiyaya yeni 4 rəqəmli telefon çəkilmişdi.

– Dövlət telefonu?

– Hə, zarafatla başladı, dedi ki, “Alqış, daha sən böyük adamsan, Sənin 4 rəqəmli telefonun var”. Mən də dedim ki, “mən Heydər Əliyevin əsgəri kimi daha böyük adamam”. Ürəkdən o qədər güldü ki, mənim o gülüş, o qəhqəhə bu dəqiqə də yadımdadır. Onun mənim çiyimlərimə qoyduğu o məsuliyyəti də indiyə qədər unutmamışam. O söhbət əsnasında, regionda gedən proseslər haqqında, cənublu soydaşlarımız haqqında bir 30 dəqiqə danışdı və mən də qulaq asdım. Mən o Heydər Əliyevə bir daha vuruldum. Bu insan nə dərəcədə dahi bir şəxsiyyət imiş.

– Nə dedi? İranın təzyiqi ilə bağlı nə dedi?

– Elə şeylər var ki, mən onu gələcək xatirələrdə yazacam. Məsələn, müəyyən detallar deyə bilərəm. Məsələn, o mənə dedi ki, “ola bilər, haradasa hansısa proseslər gedir, amma siz onlara bu cür açıq formada müdaxilə eləyəndə siz onlara kömək eləmirsiniz, əksinə, müəyyən dairələri oyadırsınız. O oyanış prosesini əngəlləyirsiniz”. Yəni qarşı tərəfi oyadırsınız ki, belə bir proses gedir. Onlar da o prosesi əzirlər, məhv eləyirlər.

– Hətta ziyanı ola bilir.

– Ziyanı ola bilir. Ona görə də o prosesi elə təhlil elədi ki, mən gördüm ki, Heydər Əliyev dahi siyasətçi olmaqla bərabər, həm də dahi vətənpərvərdir. Hər siyasətçidə, hər adamda bu keyfiyyətlər birləşmir axı. Həm dahi siyasətçi olasan, həm dahi dövlət adamı, həm də vətənpərvər. Hər adamda bunlar birləşmir axı. Məsələn, Heydər Əliyev bir dəfə… Biz mövzudan yayınmırıq ki?

 

Hakimiyyət əslində dövlətdən ayrı bir şey deyil

alqish-evez8

– Yox, buyurun.

– Heydər Əliyevlə bağlı bir dəfə söhbət düşdü, bizim qocaman müəllimimiz kimdir?

– …Şirməmməd müəllim?

– Şirməmməd müəllim bizim ağsaqqalımızdır. Mənim ona xüsusi hörmətim var. Amma bir dəfə dedi ki, “Heydər Əliyev dövlət qurmayıb, hakimiyyət qurub.” ANS-də Mirşahinlə söhbətində… Mən hesab edirəm ki, bu, çox yanlış fikirdir. Şirməmməd müəllim hakimiyyətlə dövlət münasibətlərini düz izah edə bilmədi. Hakimiyyət əslində dövlətdən ayrı bir şey deyil. Hakimiyyət dövlətin mühüm atributudur. Dövləti…

– Hakimiyyət gəldi gedərdir, dövlət isə qalıcıdır.

– Yox, yox… Mən sizə bir söz deyim. Hakimiyyət başqa şeydir. Hakimiyyətini qura bilməyən dövlət adamı dövlətini qura bilmir. Məsələn, 1918-1920-ci illərdə problem nə idi? Düzdür, birinci böyük provblem o idi ki, beynəlxalq siyasi konyukturada Cənubi Qafqazda müstəqil dövlət görmək perspektivi yox idi. Ən böyük problem bu idi. Qalan problemlərin kökündə o dayanırdı ki, o hakimiyyəti qurub, o məsuliyyəti öz üzərinə götürən şəxsiyyət yox idi. Birləşdirici adam yox idi. Hakimiyyəti qura bilən adam yox idi. Təsəvvür edin, 2 il ərzində 5 dəfə hökumət buraxıldı…

– Bəli, hökumət dəyişdi.

– 5-ci dəfə çatdıra bilmədilər, hakimiyyəti təhvil verdilər.

– Çatdıra bilmədilər yox, heç qurmadılar. Bolşeviklərə təslim olmaq üçün…

– Qurmadılar. İndi təsəvvür eləyin bəzən istəyirlər ki, Məhəmməd Əmin Rəsulzadə ilə Heydər Əliyevi qarşı qarşıya qoysunlar. Mən hesab edirəm ki, M.Ə.Rəsulzadənin fəaliyyətini heç kim inkar eləyə bilməz. O, tarixi şəxsiyyətdir. Amma M.Ə.Rəsulzadənin imici ictimai-siyasi xadim imicidir.

 

Rəsulzadə ictimai-siyasi xadim, Heydər Əliyev ictimai-siyasi və dövlət xadimidir

alqish-evez4

– Deyirsiniz, dövlət adamı deyil?

– Bir dəqiqə deyim, üzr istəyirəm.

– Bu, həssas məsələdir.

– Həssas məsələdir. M.Ə.Rəsulzadə ictimai-siyasi xadimdir. Heydər Əliyev ictimai-siyasi və dövlət xadimidir. İctimai-siyasi xadim dövlət xadimindən nə ilə fərqlənir? İctimai-siyasi xadim odur ki, özünün baxışları olur, siyasi iddiaları olur. Hakimiyyətə gələndən sonra o ictimai-siyasi baxışları dövlət quruculuğu reysləri üzərində qurur və dövləti yönləndirir. Elədir, elə deyil? Rejimin öz sistemini yaradır. Elədir, elə deyil? H.Əliyev bunu bacardı. M.Ə.Rəsulzadə bunu bacarmadı axı…

– O zaman Elçibəy kim idi?

– Elçibəy ictimai-siyasi xadim kimi bizim tariximizdə… Elçibəy ictimai-siyasi xadim idi.

– Yəni Elçibəyə də deyirsiniz ki, dövlət xadimi deyildi?

– Dövlət elədir ki, sən kənarda durmaqla, nəzəriyyələrlə, millətə ideyalar verməklə dövlət qurmaq olmur. Dövlət elədir ki, qolunu çırmalayırsan və bu maşını sən yığırsan. Dövlət xadimi budur. Kənarda haradasa oturub, müəyyən ideyalar verməklə… Bu başqa şeydir…

– Mən sizə bir şey deyim. 10 ildir, işsizsiniz…

– Bəli.

– Dövlətin, hakimiyyətin, onu idarə eləyən partiyanın qəzetinin baş redaktoru olmusunuz…

– Bəli…

– Cəmiyyətdə kifayət qədər müsbət imiciniz var. 10 ildir işləmirsiniz, bu, nə dövlətdir ki?

– Yox, yox…

– Ədaləti yox…

– Yox, yox…

– Siyasi məhbusları çox…

– Yox…

– Xalqı ac…

– Yox, yox… Mən…

– Pensiya az…

– Yox, yox…

– Qurulan dövlət budurmu?

– Yox, yox, gəlin, xalqın adından danışmayaq da… Ayrı-ayrı xətlər var. Biz bu dövləti, bu bizim dövlətimizdir. Məsələn, xalqa ac demək ədalətsizlikdir, axı…

 

“Xalqın tərəfi haradır?”

alqish-evez1

– Toxdurmu xalqımız?

– Yox, məsələn, problemlər var, problemlər var.

– Gəlin saytda bir elan verək. Ayın axırında bir gün müəyyənləşdirək və deyək ki, filan tarixdə “Azadlıq” meydanına gələnə  10 manat verəcəyik. Görək nə qədər adam gələr…

– Pul elə şeydir ki… Mən sənə söz deyirəm, 10 manat versən, ora imkan sahibləri, vəzifə sahibləri də gələr. (Gülür…) Bu 10 manatı almaq üçün. Sən elə müqayisə aparma ki… Məsələn, o lirikadır, pafosdur, deyirsən. Məsələn, mənə hərdən facebookda yazırlar ki, “Alqış müəllim, sizin yaxşı düşüncələriniz var, istedadlı insansınız. Xalqın tərəfinə niyə keçmirsiniz?” Mən də deyirəm ki, “Xalqın tərəfi haradır?” Bu populizmdən uzaq olmaq lazımdır. Məsələn, deyirsiniz ki, “xalq acından ölür”.  Bilirsiniz, bir az ədalətli olmaq lazımdır da… Dövlət elədir ki… Dövlət sənə, mənə münasibətindən asılı olmayaraq, bizim dövlətimizdir. Dövlət olacaqsa, hər şey olacaq. Ən çətin şəraitdə belə dövləti müdafiə eləmək lazımdır. Mən başa düşürəm, çətinliklər var. Problemlər var, özü də problemlər biz təsəvvür elədiklərimizdən çoxdur. Amma bu, o demək deyil ki, biz bu dövləti aşağılamalıyıq.

– Nə mane olur ki…

– Mən sizə deyim də. 25 il Əvəz bəy, 25 il bir müstəqil dövlətin ayağa durması, formalaşması üçün, hər şeyin öz yerinə bərqərar edilməsi üçün… Elə şeylər var ki, məsələn, siyasi faktorlardan daha çox iqtisadi amillər işləməlidir. Onlar da var. Mənə elə gəlir ki, cəmiyyətin gözləntiləri böyükdür. Amma cəmiyyətin gözləntiləri başqa, o gözləntiləri həyata keçirən, gözləntiləri həyata keçirməli olan səlahiyyət sahiblərinin məlumatları səndən, məndən, o birisindən çoxdur. Çoxdur. Yəni ölkənin bu dəqiqə ən məlumatlı adamı pölkənin dövlət başçısıdır. Birinci adamıdır, birinci şəxsdir. İndi o hansısa qərarları qəbul eləmir. Deməli, o qərarların qəbul olunmasına hələ ehtiyac yoxdur. Hansı qərarlar qəbul olunursa, deməli, onların qəbul olunmasının vaxtı artıq yetişib. Mən sizə deyim. Bir haşiyə çıxım. Siz yəqin türk tarixini yaxşı bilirsiniz də…

– Belə…

– Məsələn, mən bunu mətbuatda da demişəm, əgər məndən soruşsalar ki, İlham Əliyevin Heydər Əliyevdən əxz elədiyi və ən böyük mənimsədiyi keyfiyyət hansıdır? Mən deyərdim ki, təmkin. Təmkin siyasi liderin mükəmməlik əlamətidir. O, siyasətin cövhəridir. Məsələn, İstanbulu sən də sevirsən, bizim canımızdır, tariximizdir. Türkiyə bizim qürur, güvənc yerimizdir.

 

İstanbul təmkinlə fəth olunub

 

– Bəli.

– Məsələn, mən Türkiyə ilə Azərbaycanı heç vaxt fərqləndirə bilmirəm. Nə qədər çalışsam da fərqləndirə bilmirəm. Görünür, o bizim genimizdən irəli gəlir. Sən də bilirsən ki, İstanbul təmkinlə fəth olunub da.. Mehmet hakimiyyətə gələndə onun vəziri kim idi?

– Ağ Şəmsəddin.

– Fərid paşa idi, özü də Məhməti sevmirdi. İddialı idi. O, Məhmətə hətta birinci dəfə taxta oturanda mane olmuşdu. Onun tələbi ilə təzədən taxtdan düşürmüşdülər, atası gəlmişdi. Mehmetin atası dünyasını dəyişəndən sonra Mehmet təzədən taxta oturdu. Çoxları gözləyirdi ki, Xəlil paşanın bu iddialarının, ona hörmətsizliyinin müqabilində onu cəzalandıracaq.

– Amma çox hörmət elədi.

– Amma görün, nə elədi. Mehmetin ağırlığı onun ağıl və təmkini ilə bağlıdır. Mehmet görün nə elədi. O gəldi və onu baş vəzir elədi. Hər şeyə də dözdü. Özü də bilirdi ki, tarixi faktlar da var, sübutlar da var ki, Xəlil paşanın Bizansla əlaqəsi vardı. Hətta rüşvətin müqabilində onlara bəzi məlumatlar ötürürdü. İndi bu tarixin işidir. Mehmet Xəlil paşanın vəzifəsini bir az da böyütdü. İstanbulu fəth eləyəndən bir gün sonra gözlərinə mil çəkdi, edam elədi. İndi bəzi qərarlar qəbul olunmursa, görünür, hələ “İstanbul fəth olunmayıb.”

– Gözlərinə mil çəkmək prosesi də çox uzun çəkir axı.

– Yox…

– Ən azı, 30 il çəkmir də…

– Bir insan ömrü üçün şübhəsiz. 10 ildir mən işləmirəm. Deyirsiniz. Bu da bir igidin ömrüdür.

– Təbii ki…

– El arasında belə deyirlər. Amma dövlətçilik baxımından 10 il o qədər də böyük müddət deyil. 10 il çox qısa bir zamandır. 30 il də dövlətçilik baxımından o qədər də böyük müddət deyil.

– Yadımdan çıxmamış soruşum. Bayaq Heydər Əliyevlə bağlı verilən suualda soruşduq. “Yeni Azərbaycan” qəzetində, saytda Heydər Əliyevin sizin haqqınızda dediyi fikir gedirdi. Amma siz çıxandan sonra o fikir daha getmədi.

 

I hissənin sonu

 

Strateq.az

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın