Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Alpinistlərin itkin düşməsindən iki ay ötdü: axtarışlar hələ də davam edir

Alpinistlərin itkin düşməsindən iki ay ötdü: axtarışlar hələ də davam edir

Alpinist: “FHN əməkdaşları indi də yüksək səviyyədə axtarışlar aparırlar”

Ötən ilin dekabrın 23-də “Gilavar” idman klubunun Quba rayonunda dağlıq ərazidə itkin düşmüş gənc üzvləri Namin Bunyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədən artıq 2 aydan çoxdur ki, xəbər yoxdur.

Alpinistlərlə iki ay öncə, onlar Tufandağ zirvəsi istiqamətində hərəkət edərkən əlaqə kəsilib. Onlardan xəbər gəlməyincə müvafiq qurumlar tərəfindən axtarış başlanılıb. Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17″ markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə, eləcə də xaricdən dəvət olunan alpinistlər bu axtarışlara cəlb olunublar. Lakin bütün bu cəhdlərə baxmayaraq iki ayadır ki, nəticə yoxdur.

Məlumatlara görə, alpinistlərin axtarışı hələ də davam etdirilir. Axtarışlara xarici mütəxəssislər cəlb olunub. Dağlıq ərazinin və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq, alpinistlər tapılana qədər Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdiriləcək.

Alpinistlərin itkin ile ilgili görsel sonucu

Bundan əlavə, alpinistlərdən xəbər gəlməyincə onların itkin düşməsi ilə bağlı cinayət işi də açılıb. Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Yeni Müsavat”a danışan dağçı-fotoqraf Elçin Quliyev bildirdi ki, hazırda ərazidə çox yüksək səviyyədə axtarışlar davam etdirilir: “Fevralın əvvəli dostumuz İsrafil Aşurlu xüsusi aparat gətirmişdi ki, onunla da axtarışlar aparılsın. Lakin qar çox olduğu üçün aparatla da axtarışlar nəticə vermədi. Həmçinin əraziyə gedən könüllü alpinistlər də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə ciddi axtarışlar apardılar, nəticə isə olmadı. Hal-hazırda ərazidə FHN-nin əməkdaşları axtarışları davam etdirirlər. Çoxları düşünür ki, yay gəlir, onların tapılma şansı artır. Lakin mən belə düşünmürəm. Çünki orada qar ərimir, aşağı qat donur və buzlağa çevrilir. Uçqun olan ərazinin qarları heç zaman ərimir. Orada illərin buzu var. O variant da ola bilər ki, alpinistlərin üzdə olsunlar və üstdəki qar ərisin, onların cəsədlərini yuyub, aşağı gətirsin. Bunu da konkret söyləyə bilmərik. Çünki biz dərinliyi bilmirik. Əgər çox dərindədirlərsə, o zaman onların üzə çıxması çətin məsələdir. Çatların dərinliyində böyük buzlar var. 20-30 metr dərinliyin əriməsi isə gözlənilmir. FHN əməkdaşları da düşünürlər ki, qar əriyən kimi sürətli qazmaya başlasınlar. Bundan sonra da nəticə olmasa, ərazidə axtarışın mənası yoxdur”.

Quliyev bildirib ki, nə qədər inkişaf etmiş olsa da başqa ölkələrin hamısında alpinistlərin axtarışı maksimum 5 gün aparılır: “Azərbaycan yeganə ölkədir ki, indiyə qədər orada iş aparılır. Bizə adi gələ bilər. Ancaq FHN əməkdaşları həqiqətən də çox çətin şəraitdə işləyirlər. Özü də hər gün axtarışları davam etdirirlər. Bundan əlavə də onu da qeyd edim ki, FHN əməkdaşlarına axtarışla bağlı nə təklif edilsə, onlar dərhal qəbul edib, həmin istiqamətdə, təklif olunan formada işlər aparıb, bu variantı da yoxlayırlar. Bizim uşaqlardan demişdilər ki, əraziyə buldozer gətirilməlidir. Bu saat onun üzərində araşdırma aparırlar ki, buldozeri necə gətirmək olar. Qazaxıstanla da danışıqlar aparılır. Onların qarın üzərində gedən yüngül buldozerləri var. Ola bilər ki, həmin texnikaları gətirsinlər. Ümumiyyətlə, ərazi elədir ki, ora buldozerləri aparmaq çox çətin məsələdir. Xınalıq yolları hər kəsə məlumdur. Ancaq bütün bunlara baxmayaraq FHN əməkdaşları işləyib, yolları axtarırlar. Başqa da hansı mütəxəssis nə təklif edirsə, onu dəyərləndirirlər. Alpinist könüllülər ora gedən zaman görüblər ki, ərazidə briqada komandirləri belə işləyirlər. Postlar qurulub, növbəli şəkildə işlər görülür. Ümid edək ki, bu qədər təhlükəli şəraitdə çəkilən əziyyətlərin nəticəsi olacaq və alpinistlər tapılacaq”.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …