Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Allahşükür Paşazadə Roma Papası ilə nəyi müzakirə edib? – PORTRET

Allahşükür Paşazadə Roma Papası ilə nəyi müzakirə edib? – PORTRET

Bu ilin sentyabrında Müqəddəs Taxt-Taca rəsmi səfər edən xarici işlər naziri Elmar Məmmədyarov  14-15 noyabrda Bakıda keçiriləcək Şeyxülislam Allahşükür Paşazdənin 70 illik yubiley mərasimi və  “Dünya dini liderlərinin II Bakı Sammiti”nə dəvət məktubunu Vatikana çatdırıb.
Azərbaycanın katolik dünyasının ürəyi sayılan Vatikanla çox geniş və yaxşı münasibətləri var. Ölkəmizdə 2008-ci ildən onların kilsəsi fəaliyyət göstərir, mərasimləri keçirilir.
Böyük bir dini müstəvini təşkil edən katolik dünyasının müsəlman aləmi  ilə yaxın əlaqələri elə də böyük tarixə malik deyil. 1965-ci ildə keçirilıimiş Katolik Məclisi qeyri-xrisitan dinləri ilə təmasların yaradılması barədə qərar qəbul etsə də, bu əlaqələrin fəal dövrü yalnız 2001-ci ildən sonra başladı.
Azərbaycan isə hələ 90-cı illərdən  etibarən Vatikanla  əlaqələrini genişləndirmək xəttini tutub.  Bu sırada Qafqaz Müsəlmanları İdarəsinin  sədri Allahşükür Paşazadənin fəaliyyəti də rol oynayıb.
O vaxt regionda baş vermiş mühüm proseslərdə – müharibələrdə, müstəqillik uğrunda gedən mübarizələrdə QMİ sədrinin birmənalı mövqeyi və dəstəyi A. Paşazadəni ictimai-siyasi proseslərin ayrılmaz hissəsinə çevirə bilmişdi.Gənc Şeyxülislamın təşkilatçılığı ilə sovet dövründə -1986-cı ildə Bakı şəhərində İslam Konfransı Təşkilatının himayəsi altında keçirilmiş “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans İslam dünyasında böyük rezonansa səbəb olmuşdu.  60 müsəlman ölkəsini təmsil edən 600 nümayəndənin iştirakı ilə 3 gün ərzində davam edən bu konfrans SSRİ-nin ictimai həyatında mühüm hadisəyə çevrilmişdi.
Belə fəaliyyət Vatikanın da diqqətini cəlb etmişdi.
1990-cı ilin yanvarında – qanlı qırğından cəmi bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığına əsasən, Moskvaya ezam olunmuş İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro nəyin bahasına olursa-olsun Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaratmalı, Bakıda baş verənləri ətraflı araşdırmalı idi. Çətinliklə olsa da, italiyalı jurnalist Vatikan başçısının tapşırığını yerinə yetirir və Şeyxülislamla 40 dəqiqə davam edən telefon danışığı əsasında hazırladığı müsahibəni «Reppublika» qəzetində çap etdirir. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur. Şeyxin çox ağır və mürəkkəb günlərdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə o zaman dünyanın diqqətini Azərbaycana yönəldə bildi, informasiya blokadasını yarmağa nail oldu. Roma Papasının xalqımızın  o ağır günündə informasiya blokadasının yarılmasında göstərdiyi dəstək münasibətlərin yaranmasında ilk cığır sayıla bilər.
1992-ci ilin mayında Azərbaycanın müstəqilliyini tanıyan Vatikan bu müsəlman respublikası ilə münasibətlərin qurulmasına ilk gündən diqqət verib.  Vatikanın dünya siyasətinin müəyyən edilməsində nüfuzu danılmazdır.  Qlobal proseslərin yönləndirilməsində,  dini kəsimin siyasi məsələlərə baxışında çox ciddi rol oynayan Roma Papasının fəaliyyəti sülh və dinc birgəyaşayış üçün vacib faktor sayılır.
Vatikan dövləti ilə Azərbaycanın münasibətləri iki müxtəlif səmavi dinlərə sitayiş edən ölkələrin etibarlı platforması kimi formalaşıb.
Bu əlaqələrin zirvə nöqtəsi Roma Papası İohann Pavelin 2002-ci ildə Azərbaycana səfəri və burada keçirdiyi görüşlər oldu. Mərhum prezident Heydər Əliyevin dəvəti ilə baş tutmuş bu səfər o zaman katolik dünyasında geniş rezonans doğurdu və Papanın müsəlman ölkəsi ilə münasibətlərində bir dönüş nöqtəsi oldu.
Azərbaycanda rəsmi səfərdə olan Roma Papası II İohann Pavel mayın 23-də İdman sarayında messa – ibadət mərasimi keçirdi. Həmin gün II İohann Pavel “İsa Məsih” Roma Katolik prixodunda  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdü. Şeyxülislam görüşdə  Roma Katolik Kilsəsi başçısının bu səfərinin sülhə və xalqlar arasında qarşılıqlı anlaşma prosesinin yaxşılaşmasına xidmət edəcəyini demişdi.
Bundan sonra Vatikana dəvət alan QMİ sədri bununla da islam dünyasında ora çağırılan  məhdud sayda din xadimlərinin cərgəsinə düşdü.
Papa papası İohann Pavelin Azərbyacana səfəri mühüm əhəmiyyət daşıyırdı. Səfər zamanı Papa qeyd etdi ki, Azərbaycanda müxtəlif mədəniyyətlərin qovuşuğndadır və ölkənin  tolerantlıq ruhu ilə  fəxr etməmək qeyri-mümkündür. Papa Qafqazda qanlı qarşıdurmalardan təəssüfləndiyini bəyan edərək, belə münaqişələrdə dinin adından çıxışın yolverilməz olduğunu bəyan etdi.
QMİ sədrinin Vatikana səfəri isə  17-20 noyabr 2004-cü il tarixlərində baş tutdu. Roma Papası II İohann Pavelin dəvəti ilə Vatikana gedən Şeyxülislam Allahşükür Paşazadə ikitərəfli danışıqlar zamanı bir sıra məsələləri müzakirə etmişdi.  Görüş zamanı İohann Pavel Qarabağ məsələsinin həlli ilə Azərbaycanda süh və əmin –amanlığın bərpa olunmasını arzuladığını demişdi.  A.Paşazadə isə dinlə bağlı problemlərin həlli üçün beynəlxalq komissyanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi.
Papa bu təşəbbüsü qəbul edərək A. Paşazadənin həmin komissiyanın tərkibinə daxil olmasını təklif etmişdi.  Səfər barədə açıqlamasında QMİ sədri bildirmişdi ki, o, Papa ilə dinlərarası dialoq, beynəlxalq terroizm ilə mübarizə, Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.
Vatikan münaqişənin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın mövqeyini bəyəndiyini bəyan etmişdi.
2007 və 2013-cü illərdə  QMİ sədri Vatikana səfərlə bağlı daha bir dəvət aldı. Bu təklifi Vatikan dövlətinin Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti Şeyxülislamla görüşündə vermişdi.
K.Qucerotti Azərbaycanda dini vəziyyətin unikal olduğunu, dünyada çox nadir hallarda müşahidə olunan müxtəlif konfessiyaların ölkədə dinc şəkildə yaşadığını qeyd edərək, 2004-cü ildə başlanmış dinlərarası dialoqu davam etdirmək üçün şeyxülislamın Vatikana yeni səfər etməsini istədiyini bildirmişdi.  Roma Papası II İohann Pavel  A.Paşazadəyə göndərdiyi məktubunda bu mövqeyi təqdir edərək, “müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”, – deyə yazmışdı.
Belə mövqeyin formalaşmasında Prezident Heydər Əliyevin ilk gündən ölkədə dini tolerantlıq və birgəyaşayış prinsiplərini əsas prioritet elan etməsi çox mühüm rol oynayıb.Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət Azərbaycanın çoxkonfessiyalı cəmiyyətini dünya müstəvisinə təqdim etməyə hesablanıb. Seçilmiş bu çox uğurlu siyasət indi də aktuallığını saxlayır. Dövlətimizin tolerantlıq nümunəsi dini təfriqədən əzab çəkən, müxtəlif maraqlı güclərin əlində siyasi təzyiq vasitəsi olan radikal dini təməlçiliyin qurbanına çevrilimiş dövlətlər üçün çıxış yolu kimi baxılır.  QMİ və onun sədrinin dövlətin siyasətinin təbliğində əsas tərəfdaş olması, bu prinsiplərin təbliği üçün unikal imkan yaradır.
Bu baxımdan Vatikanla qurulmuş əlaqələr müsəlman və xristian dünyasının birgə yaşam prinsiplərinin təqdimatında əhəmiyyətli həlqəni təşkil edir.
2016-cı ilin oktyabrında Roma Papası Fransiskin Azərbaycana səfəri münasibətlərin yeni fazasına keçid oldu. Azərbaycan prezidenti  İlham Əliyev görüş zamanı onun dəvətini qəbul edib gəldiyi üçün Papaya minnətdarlıq etdi və bunu “tarixi səfər” adlandırdı.
Səfərin Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə ilə barəbər, bütün bəşəriyyət üçün önəmli olduğunu deyən dövlət başçısı Papanın səfərini sivilizasiyalararası dialoqun davamı və güclənməsi kimi xarakterizə etmişdi. Roma Papası Fransisk çıxışında  yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırmışdı.
Həmin səfər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Roma Papası Fransisklə təkbətək görüşü keçirilmişdi.
Görüşdə qeyd olunmuşdu ki, Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayıblar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim ölkəmizdə  sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıb.
Azərbaycanın dinlərarası, xalqlararası, millətlərarası münasibətlərin təbliği üçün irəli sürdüyü “Bakı prosesi” artıq dünyada böyük şöhrət qazanıb. Bu gün ölkəmizdə “Bakı prosesi” çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirilir. Onların içində Dünya Dini Liderlərinin Zirvə görüşünü qeyd etmək olar.  Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır.
Bu baxımdan Vatikan-Azərbaycan əlaqələri artıq 27 ildir ki,  uğurla inkişaf edir.  Azərbaycanda cəmi 2000 katolik var. Bakıdakı Bakirə Müqəddəs Məryəm katolik kilsəsi ölkədə yeganə belə kilsədir. 6 iyul 2011-ci ildə Vatikan tərəfindən ratifikasiyadan sonra katolik icmasının dövlət qeydiyyatından keçməsi barədə Azərbaycan hökuməti ilə bağlanan saziş qüvvəyə minib.
Azərbaycan hakimiyyəti bütün dinlərin sülh şəraitində yaşaması üçün hər cür şərait yaradıb.  Aparılan siyasət dünya çapında böyük maraqla qarşılanıb və nüfuzlu dini liderlər tərəfindən xeyir-dua alıb.
Bu siyasi prioritet bu gün məzhəb və dini savaşların, radikal təməlçilərin girdabına düşmüş ölkələr üçün ümidə və nümunəyə çevrilib. Prezident İlham Əliyevin tolerantlıq siyasətinin təbliğində unikal rol oynayan QMİ və onun sədri A. Paşazadə ölkədə dinlərarası əməkdaşlığın möhkəmlənməsi üçün öz töhfələrini verir. Vatikanla münasibətlər də bu faktor əhəmiyyətli rol oynayır. (Modern.az)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …