Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Alkoponla üzlənmiş Bakıxanovdakı “Uğur-2″dəki fasadlar niyə sökülmür?

Alkoponla üzlənmiş Bakıxanovdakı “Uğur-2″dəki fasadlar niyə sökülmür?

Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın yenidən binaların üzlənməsində istifadə olunan alkopon mövzusunu gündəmə gətirmiş olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bu məsələyə xüsusi olaraq toxunub. Nazir bildirib ki, malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub.  

Qeyd edək ki, alkopon mözsuzu Azərbaycan əhalisinə yaxşı tanışdır və bizim yaddaşımızda heç də yaxşı iz buraxmayıb. 2015-ci ildə Azərbaycanın evsahibliyi etdiyi Avropa Oyunlarına hazırlıq mərhələsində Bakıda yol kənarına yaxın yerlərdə olan binaların fasadlarının sürətlə üzlənməsi həyata keçirildi. Məhz həmin ərəfələrdə Bakıda olan iki yaşayış binasında dəhşətli yanğın baş verdi. Nəticədə ölən və yaralananlar oldu. Həmin hadisələrdən biri Bakının Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında meydana gəlmişdi. Elə həmin ərəfələrdə başqa bir yanğın Xətaidəki yaşayış binasında baş verdi. Onun da dəhşətli nəticələri oldu. Bu hadisələrdən sonra ölkə rəhbərliyi binalardan alkoponların sökülməsinə dair göstəriş verdi. Bizim gözlərimizin qabağında binaların fasadlarından həmin üzlüklər sürətli şəkildə sökülüb, yeni materialla əvəz olundu. Ancaq “Diqlas”da baş verən yanğın sübut etdi ki, ölkə başçısının tapşırığına lazımi şəkildə əməl edilməyib. Ölkənin fövqəladə hallar naziri Prezidentə alkoponu yanğını daha da alovlandıran faktor kimi izah edirsə, deməli, problem hələ də durur.

Baş verən məlum yanğından sonra sosial şəbəkələrdə insanlar öz yaşadıqları binaların fotosunu çəkib, alkopon təhlükəsinin onları da gözlədiyini yazırlar. Məsələn, paytaxtın Bakıxanov qəsəbəsində olan “Uğur-2” adlı yaşayış kompleksinin sakinləri həyəcan təbili çalaraq bildirirlər ki, 2000-ə yaxın ailənin yaşadığı 19 mərtəbəli, hər mərtəbəsində 12 mənzil olan 8 binadan ibarət kompleks başdan-ayağa alkoponla üzlənib və hər an alışıb yana bilər. Doğrudan da həmin kompleksdə hansısa qığılcımın olması baş verə biləcək faciənin fəsadını təsəvvür etmək üçün kifayət edir. Ortaya maraqlı və təəssüfedici mənzərə çıxır. Bakıda hələ də yanğın üçün təhlükəli olan və Bakıda artıq özünü pis mənada təsdiqləmiş alkopon deyilən materialla üzlənmiş kifayət qədər bina hələ də var. Onda ölkə başçısının alkoponlardan xilas olmaqla bağlı verdiyi tapşırığa niyə sona qədər əməl edilməyib?

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun bir adı var, o da məmur məsuliyyətsizliyi və özbaşınalığıdır: “Bəli, 2015-ci ildə baş verən binaların yanmasında biz çoxlu sayda insan tələfatının olduğunu gördük. Bununla bağlı ölkə başçısının konkret göstərişi oldu ki, bütün binalarda olan alkopon üzlüklər sökülsün. Bu göstərişə əməl etməyən rayon icra hakimiyyəti rəhbərləri, o cümlədən, məsuliyyət daşıyan digər əlaqədar qurumlardakı məsul şəxslər cəzalandırılmalıdır. Əgər Prezidentin həmin göstərişindən sonra bu günə qədər alkoponla olan binalar qalırsa, bu, əsl fəlakətdir. Həmin binaların üzərindəki  alkoponların sökülməsi binanı tikən şirkətin üzərinə qoyulmalıdır. Eyni zamanda, ölkə başçısının tapşırığına əməl etməyənlər inzibati qaydada deyil, cinayət məsuliyyəti çərçivəsində cəzalandırılmalıdır. Çünki növbəti mərhələdə hər hansı yanğın baş verərsə, bu daha da ciddi insan tələfatına səbəb ola bilər. Şükürlər olsun ki, “Diqlas”da biz insan tələfatı olmadan ötüşdük. Amma bir anlığa təsəvvür edin ki, həmin hadisə insanların işdə olan vaxtı baş verəydi. Onda fəasadlar daha çox olacaqdı. Buna görə də alkoponlu binalarla bağlı yenidən araşdırma aparılmalı və qanunun tələblərinə uyğun şəkildə cəzalandırma həyata keçirilməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nazirdən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı – Açıqlama

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin …