Ana səhifə / Aktual / Alışanovla qızını belə güllələyəcəkmiş… – Qarşı tərəf rədd edir

Alışanovla qızını belə güllələyəcəkmiş… – Qarşı tərəf rədd edir

“AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən keçmiş şəriki Şücayət Əkbərovun ev dustaqlığına buraxılması barədə müraciətə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nəsimi Rayon Məhkəməsi vəsatəti təmin etməyib.
Ş.Əkbərov 2013-2017-ci illər ərzində A.Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Musabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə silahlı mütəşəkkil dəstə yaratmaqda ittiham edilir.
O, həmçinin Ş.Əkbərov dələduzluq yolu ilə ələ keçirdiyi 4,6 milyon manatı geri qaytarmamaq üçün Alışanovu öldürmək məqsədi ilə dəstə yaratmaqda təqsirləndirilir. Buna görə dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Ş.Əkbərov 2016-cı ilin dekabrın 13-də A.Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilib və onu, qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi qəsdən öldürməsini sifariş edib. Lakin sonradan dəstə üzvü M.Namazov cinayətdən könüllü imtina edib.
Ş.Əkbərov yeni dəstə üzvü tapmağı Q.Cəbiyevə tapşırıb. Bu işə keçmiş məhkum Z.Şirinov 100 min manata cəlb edilib.
Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı 99 – AA – 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib. Lakin A.Alışanov gözlənilmədən “Land Cruiser”ə deyil, Ş.Əkbərovun idarə etdiyi “NİVA” markalı 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinova xəbər verə bilməyib.
Zöhrab Şirinov avtomaşını idarə etdiyi “NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı maşını bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.
Bu hadisədən sonra Ş.Əkbərov vəd verdiyi 100 min manatdan 3 minini Z.Şirinova verib. Növbəti plan isə Alışanovu güllələmək olub. Bu plana Ş.Əkbərovun sürücüsü Aqşin Hüseynov da cəlb edilib. Alışanov Şamaxı rayonun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən onu “Kalaşnikov”la vurmaq planlaşdırılıb. Bu tapşırıq isə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinova həvalə edilib.
Lakin daha öncə dəstədən ayrılan Musabi Namazov sui-qəsd planı barədə polisə məlumat verib və keçirilən əməliyyatla Ş.Əkbərov, Q.Cəbiyev, M.Namazov, A.Hüseynov və Z.Şirinov saxlanılıb. M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs qərarı verilib.
Ş.Əkbərov ona qarşı irəli sürülən dələduzluq, silahlı dəstə yaratma və sui-qəsd ittihamlarını rədd edib və və həbsinin A.Alışanovun sürücüsü Hacı Babayevlə Müsabi Namazov tərəfindən təşkil edildiyini bildirib:
“Hacı Babayev məni Alışanovun gözündən salıb onun biznesindən kənarlaşdırmaq və bu biznesdə əsas adam olmaq istəyirdi. Bu cinayət hadisəsini də bu məqsədlə quraşdırıb. Mənim Arif Alışanovun həyatına sui-qəsd etməyim üçün səbəb olmayıb. Alışanovla yaxşı münasibətim olub, onunla biznes qurub yaxşı pul qazanmışam. Alışanovun milyonlarla dəyəri olan əmlakı özünün yox, Hacı Babayevin adınadır. O ölərsə, bütün əmlak Hacı Babayevə qalacaqdı. Belə olan halda sual olunur A.Alışanovun ölümü kimə sərf edirdi? Mən bir dəfə mübahisəli olan torpaq sahəsini almaq üçün Alışanovun mənə verdiyi 300 min manat pulu uzun müddət özümdə saxladım.  Hacı mənə zəng edib pulu görmək istədiyini dedi, aparıb göstərdim. Sonra pulu götürüb geri qayıdanda maşını saxlayıb marketə girdim. Çıxanda gördüm ki, maşında 3 nəfər oturub. Onlar məni silahla hədələyib pulu aldılar. Alışanovun yanında etibarımı itirəcəyimdən qorxduğum üçün ona bir söz demədim.
Sonra Hacı Babayev və Müsabi Namazov maşınıma silah yerləşdiriblər. Polisə isə Müsabi məluat vermişdi. Mənimlə birlikdə Müsabi də həbs edilmişdi, lakin bizim əleyhimizə ifadə verdikdən sonra sərbəst buraxıldı. Ardınca Aqşin də eyni şərtlə azadlığa buraxıldı, amma o yalan ifadə verməkdən imtina etdiyi üçün yenidən həbs edildi. Müsabi Namazov aşkar cinayət törətmiş şəxsdir, onun ifadələri yalandır. Bununla yanaşı, mən həbs edildikdən sonra bircə dəfə də olsun Arif Alışanovu görməmişəm, amma istintaq guya onun üzləşdirildiyimə dair protokol yazıb. Alışanov mən həbs edildən sonra zor gücü ilə 2 milyonluq əmlakımı ələ keçirib”.

Həmçinin oxuyun

Emin Əmrullayev köhnə eşalonun kadrıdır? – İDDİA

Emin Əmrullayevin Təhsil Naziri təyin olunmasını içtimaiyyət heç də müsbət qarşılamadı.37 yaşlı gənc kadr işə …

Bir cavab yazın