Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “ALIŞANOV AZTV TARİXİNİN ÜZ QARASIDIR” – İşdən çıxarılan rejissordan sərt açıqlamalar

“ALIŞANOV AZTV TARİXİNİN ÜZ QARASIDIR” – İşdən çıxarılan rejissordan sərt açıqlamalar

…60 illik yubileyi ərəfəsində AzTV-də yenə vur-çatlasındır, tərif-tərif dalınca deyilir. Bəzi qəzet və saytlarda muzdlu mirzələrin Alışanovun “istedadı” haqqında nağılları ara vermir, yalanın biri bir qəpiyə gedir. Əslində isə bu zahiri parıltıların arxasında bir mənəvi miskinlik və haqları pozulmuş insanların ağrıları duyulmaqdadır. AzTV-nin keçmiş əməkdaşı, rejissor Nərgiz Cabbarlı bizə verdiyi müsahibədə həmin ağrıların bir qismini dilə gətirdi, medianın və cəmiyyətin bu telekanalda baş verən qanunsuzluqlara biganə münasibətindən də gileyləndi:

– Mən televiziya rejissoruyam, uzun illər bu telekanalda çalışmış, görkəmli mədəniyyət xadimləri haqqında onlarca maraqlı verilişlər hazırlamışam. Amma adı daim maliyyə pozuntularında hallanan, yaradıcılığın nə olduğunu bilməyənin birisi, hansısa yollarla gəlib taxta çıxır və bizə rejissura öyrətmək istəyir. Onun “dahiyanə” göstərişlərini qəbul etməyənləri isə işdən çıxarır. Həm də bu işi qanunları pozaraq görür. Təəssüf ki, cəmiyyət də, mətbuat da, hüquq müdafiəçiləri də AzTV-də cərəyan edən bu kütləvi qanunsuzluqlara, adət halına keçmiş saxtakarlıqlara biganədir.

Nərgiz-Cabbarlı-002-300x300– Sizdə bu saxtakarlığı sübut edən faktlar varmı?

– Əlimdə nə qədər desəniz fakt və sənəd var. Baxın, əməkdaşların çoxuna maaş verilmir, amma hər ay hansısa yalançı ödənişlər, maaşlar barədə dövlət sosial müdafiə fonduna (DSMF) saxta hesabatlar göndərilir. Biz məhkəmə zamanı AzTV-nin maaş-ödəniş cədvəlləri ilə bu fondun sığorta departamentinin məlumatlarının bir-birinə uyğun gəlmədiyini aşkara çıxardıq. Məsələn, bu quruma verilən hesabatda göstərilirdi ki, mən hər ay 160 manat maaş almışam (hətta, adımdan saxta qol da çəkiblər), amma hər kəsə bəllidir ki, Alışanov gələndən biz maaş deyilən şey görməmişik. Əldə etdiyimiz bir siyahıdan məlum oldu ki, telekanalda xeyli ölü canlar saxlanılır.
Adamlara əmək haqqı yazır, amma pulu vermirlər, deyirlər ki, sənin yaxşı pensiya almağın üçün bunu edirik. Köhnə verilişlərə, hətta efirdə olmayan proqramlara, on il əvvəl dublyaj edilmiş filmlərə də yalançı sənəd yazıb pulu mənimsəyirlər. Biz məhkəmədə Alışanovun belə əməllərini, telekanalın hesabat verdiyi təşkilatlarla iyrənc sövdələşmələrini ifşa etmişik. Bütün bunlar onu göstərir ki, xalqın mədəniyyət ocağı olmalı bir yer, qəzetlərin də yazdığı kimi, əməlli-başlı kriminal quruma çevrilib.

– Sizə elə gəlmirmi ki, narazılıq etdiyiniz mətbuat indi AzTV-dəki kriminal durumdan daha çox və cəsarətlə yazır…

– Yox, elə deməzdim, kiçik istisnalarla mediamızın böyük əksəriyyəti pula əyiləndir, bir az da qorxaqdır, ona görə də çoxları AzTV-dəki əyriliklərdən yazmır. Sadəcə, son bir neçə ayda, xüsusən Qulu Məhərrəmlinin haqlı tənqidi və məhkəmə söhbətləri ortaya çıxandan sonra bəzi vicdanlı media qurumları bu məsələlərə diqqət yetirməyə başladı. Bir az dərinə gedən olsa görünəcək ki, AzTV başdan-ayağa maliyyə pozuntuları içindədir, dövlət büdcəsindən ayrilan pullar yiyəsiz sərvət kimi talanır. Bunu Hesablama Palatasının hələ üzdən gedən yoxlaması da, mətbuatda gedən tender araşdırmaları da sübut etdi. Telekanalın illik büdcəsi 50 milyon manata yaxındır, barmaqla hesablasaq görərik ki, şirkətin bir günü təxminən 147 min manata başa gəlir. Bəs bu pullar hara gedir? Axı, işçilərin əksəriyyəti maaş almır, qonorar verilmir, ekranda yeni layihələr yoxdur, efir materiallarının 80 faizi, o cümlədən verilən bədii filmlərin çoxu köhnədir, studiyalarda ucuz və primitiv dekorasiyalar qurulur, sənədli kinoya, keyfiyyətli dublyaja, orijinal teletamaşalara, demək olar ki, pul xərclənmir. Bəs onda niyə soruşan yoxdur ki, dövlətin ayırdığı pullar hara sovrulur, onu kimlər oğurlayır? Yəqin ki, bunlar soruşulanda Alışanovun da TV sədri kimi qeyri-peşəkarlığı yada düşəcək.

– Siz qeyri-peşəkarlıq dedikdə nəyi nəzərdə tutursunuz?

– Tək mən yox, AzTV-də əksəriyyət qeyri-peşəkarlıq dedikdə, mühasiblikdən sədrliyə sıçramış A.Alışanovun yaradıcılıq işindən uzaq olmasını, onun yarıtmaz idarəçiliyini nəzərdə tutur. Təsəvvür edin, dünənə qədər törətdiyi əməllərə görə şirkətdə hamının yanında şübhəli gəzən, yeyintiyə yol verdiyi üçün haqqında iki-üç dəfə cinayət işi açılan, tezliklə tutulacağını gözləyən bu adam “qəflətən” gəlib sədr olur. Axı bu adam yaradıcılığın nə olduğunu bilmir, adi dünyagörüşü, danışıq qabiliyyəti yoxdur, televiziya zövqü də ki, sıfırdır. Bir vaxtlar Teymur Əliyev, Ənvər Əlibəyli, Nəbi Xəzri, Elşad Quliyev kimi nəhənglərin tutduğu vəzifədə, görün indi kim əyləşib? Vallah, Alışanovun adam arasına çıxarmalısı yoxdur, hansı səbəblə onu arada deputat da eləmişdilər, bilmirəm. Məncə, xalqın televiziyasına vurduğu ziyanlar, törətdiyi əməllər müqabilində onun ən yaxşı yeri həbsxana olmalıdır.

– Siz AzTV-də çalışarkən də belə düşünürdünüz, yoxsa işdən çıxandan sonra bu qənaətə gəlmisiniz?

– Yox, Alışanov sədr olan gündən mən bu fikirdəyəm. Bəziləri anlamadan sevinirdi onun sədrliyinə, amma mən heyrət edirdim ki, bu bioqrafiya ilə necə sədr olmaq mümkündür? Amma sonralar biz işdən haqsız çıxarılmış bir qrup əməkdaşla bəzi yuxarı qurumlara şikayətə gedəndə Alışanovun necə canfəşanlıqla müdafiə edildiyini görəndə, bu məmləkətdə hər şeyin mümkünlüyünə inandım. Heç bir idarəçilik bacarığı olmayan, anında qərar verə bilməyən, yaradıcılıqdan uzaq olan Alışanov yalnız pul saymaqda peşəkardır. Bu adam TV-ni adamların pulunu kəsmək və işdən çıxartmaqla qorxudaraq, bir növ də cəngəllik qanunları ilə idarə edir. Əməkdaşlara münasibətdə əsas kriteriya isə pul və mütilikdir. Özünə hörmət edən, ləyaqətini qoruyan və şəxsiyyətinə dəyər verən abırlı adamlarla Alışanov düşməndir.

– Nərgiz xanım, Siz Alışanovun yarıtmaz rəhbərliyini, bacarıqsızlığını, TV adamı olmamasını konkret nədə görürsünüz?

– Mən bəzi şeyləri dedim, amma konkret onu əlavə edim ki, bu adamın hələ də TV-nin missiyası, bu qurumun yaradıcılıq və struktur özəlliyi haqqında dəqiq təsəvvürü yoxdur. Ona görə də TV-nin idarəçiliyini necə pozubsa, telekanal hələ də özünə gələ bilmir. İdman və Mədəniyyət kanalları da Alışanovun ucbatından iflic vəziyyətinə düşüb. Mənim məlumatıma görə sədr Mədəniyyət kanalının bütün yaradıcı təşəbbüslərini boğur. Siz deyin, hansı səviyyəli rəhbər bir gündə öz rəyini beş dəfə dəyişdirir? Alışanov sədr ayaqqabılarını geyinsə də, rəhbər kimi yeriyə bilmir, amma düşünürəm ki, AzTv-nin sədri olması, bu adamın kimliyini yaxşı açdı, yoxsa hələ çoxları onu “yaxşı oğlan” kimi tanıyacaqdı. Birmənalı demək olar ki, Alışanov AzTV tarixinin üz qarasıdır. Qeyd olunan keçmişi də Alışanova ciddi mane olur. İndi AzTV-də belə bir tendensiya aydın görünür ki, kim Alışanovu əvvəldən tanıyırsa, onun “zəngin və parlaq” keçmişinə bələddirsə, hamısı yavaş-yavaş işdən çıxarılır. Mühasib-sədr yalnız onu tanımayanların yanında özünü rahat hiss edir, keçmişi ilə bağlı bu adamın ciddi kompleksi var.

– Belə anlaşılır ki, adamları işdən çıxarmağın səbəbi bir, bəhanələrsə fərqlidir?

– Elədir ki, var. Burada ən böyük “qəbahət” öz haqqını müdafiə etməkdir. Mən çoxdandır mənfi tanınan baş redaktor Nadir Axundovun (bu adam Spase kanalında da yalanları ilə ad çıxarıb – N.C.) ədalətsiz əməllərinə etiraz etdiyim üçün işdən çıxarılmışam. İndi də hesab edirəm ki, AzTV axundovlar kimilərin, adını yaza bilməyən savadsız, tutduğu vəzifəyə layiq olmamaq mənasında Alışanov kimilərinin yox, peşəkarlıq baxımından balinaların yeri olmalıdır. Bu məsələni qabartmaq və haqqın bərpası səbəbindən məhkəməyə müraciət etmişəm.

– Bəs məhkəmə müraciətləriniz nə yerdədir?

– Azərbaycanda məhkəmələrin vəziyyəti bəllidir. Amma… Təəssüf ki, bizim işimizi yarıda qoymağa çalışmış etibarsız vəkillər də vardır. Bunlara baxmayaraq, Alışanov əmin olsun ki, biz ədalətsizliklə sonadək çarpışacağıq. Çox şükür ki, artıq şikayətimizi Avropa Məhkəməsinə verməyə nail olmuşuq, əminəm ki, haqq yerini alacaq. Qoy, oğurluq pulları ilə buralarda hakimləri ələ almağı ilə lovğalananlar və Nadir Axundov kimilər bilsinlər ki, ədalətdən gizlənə bilməyəcəklər. Bir də bilsinlər ki, nə oğurluq pulları, nə də qamarladıqları vəzifə onları uca Rəbbimizin haqlı cəzasından xilas etməyəcək. Hər halda, ona da inanırıq ki, ölkə prezidenti cənab İlham Əliyev tezliklə AzTV-də baş verənlərə sərt qərarı ilə son qoyacaq…

“Təzadlar”

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın