Ana səhifə / Aktual / Alim güzəştli mənzil satışındakı fırıldaqdan şikayətlənir – 260 mənzil işləməyən sayt vasitəsilə necə satıldı?

Alim güzəştli mənzil satışındakı fırıldaqdan şikayətlənir – 260 mənzil işləməyən sayt vasitəsilə necə satıldı?

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşiblər.

Mia.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a sosial mənzil almaq ümidi puça çıxmış filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev məlumat verib.

“Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Xüsusilə də aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həlli Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə kimi müəyyən edilmişdir. Dövlət başçısının 2016-cı il 16 noyabr tarixli Fərmanı və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi qaydası” ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən sosial siyasətin məntiqi davamı və olduqca mühüm əhəmiyyət kəsb məsələlərdən biri idi.

Mənzillərin vətəndaşların güzəştlə əldə etməsi qaydalarında qeyd olunurdu ki, “MİDA” MMC mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti və ya nağd qayda ilə satacaqdır. Güzəştlə mənzil almaq üçün ASC-nin agent bankdan ipoteka krediti alınacaqdır. Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər işərisində fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər də yer almışdı. Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər olaraq fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər də “MİDA”ya müraciət etmişdi. Qeydiyyatdan keçən və Elektron kabinet yaradılan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər bütün mərhələləri keçərək mənzillərin 7 may 2018-ci il tarixdə satışa çıxarılmasını və müvafiq mənzillərin seçilməsini gözləyirdilər. Güzəştli mənzil almaq üçün gözləyən fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə “binada mənzillərin güzəştlə satışı müddəti başa çatdıqdan sonra və ərizəçinin seçdiyi mənzili onun əldə etməsinin mümkün olub-olmaması məsələsinə baxılacağı, əgər müsbət qərar qəbul olunursa, agent banka müraciət ediləcəyi, agent bank müraciət edən şəxsə ipoteka krediti ayırarsa o mənzilə sahib ola biləcəyi bildirilirdi” — deyə məktubda bildirilir.

Vəliyevin deyinə görə, agent banklar olan Kapital bank, BTB bank, Uni bank, Azərtürk bankla əlaqə saxlayan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə maaşlarının çox az(300-350 Azn) olması səbəbindən ipoteka krediti ayırmağın mümkünsüzlüyü və mənzillərin nəğd pulla alınması təklif edilib. “Xatırladım ki, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər nəğd pulla mənzil almaq imkanından məhrumdurlar və kirayələrdə yaşayaraq ailə saxlayırlar. Təbii ki, mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər kateqoriyasına fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər də daxil ediləndə onların maaşının az olması məlum idi.

Bugün, 7 may 2018-ci ildə 260 mənzilin satışa çıxarılacağı elanı verilmişdi. Mən də səhər saat 9:00-dan mida.gov.az saytına daxil olaraq satışın saat 10:00-da başlanmasını və elektron qaydalarla mənzil seçməyi gözləyirdim. Amma saat 10:00-da birdən birə saytın fəaliyyət dayandı, sistem işləmədi. Bu problem 1 saat davam etdi. Saat 11:00-da sistem yenidən fəaliyyətə başlayıb, sayt işləsə də artıq mənzil seçmək mümkün deyildi və mənzillər seçilərək satılmışdı. Maraqlıdır ki, bir neçə tanıdığım şəxs də eyni problemi yaşadı və mənzil seçə bilmədi. Sayt işləmədiyi halda 260 mənzil necə və hansı şəraitdə satıldı? Gün ərzində mida.az saytında əlaqə saxlamaq üçün qoyulan nömrələrə dəfələrlə zəng etdim, amma işləmədi.

Vəliyev ümid etdiyimi bildirib ki, MİDA illərdir ki, evsizliklə imtahan edilən insanların son ümidini puça çıxartmaq, insanların hisslərilə oynamaq və evlərin seçimindəki bəzi məqamlara aydınlıq gətirərək, suallara cavab verə biləcək.

Qeyd edək ki, oxşar məlumatlar bu gün bəzi mətbu orqanları tərəfindən də qeyd olunub.

Məlumatlarda qeyd edilir ki, mənzillərin satışa çıxarıldığı sayta saat 10:00-dək daxil olmaq mümkün olub, lakin 10:00-dan sonra sayt işləməyib. Vətəndaşların bir qismi isə sistemdən avtomatik olaraq uzaqlaşdırılıb.

Dünən saat 11:10-da, yəni mənzillərin satışa başlandığı 1 saat 10 dəqiqə keçəndən sonra bütün 260 mənzilin hamısının satıldığı məlum olub.

Qeyd edək ki,”Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranmış problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün birgə açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mayın 7-dən güzəştli mənzillərin satışına başlanılıb.

“Qeyd edək ki, satış Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir.

Bununla da Yasamal Yaşayış Kompleksində satışa çıxarılan ilk 4 bina üzrə 260 mənzil elektron kabinetə sahib olmuş vətəndaşlar tərəfindən bərabər şəkildə şəffaf, real vaxt rejimində və kənar təsir olmadan seçilib.

Xüsusilə, bildiririk ki, “Güzəştli mənzil” sistemi mənzil satışında ölkəmizdə ilk və unikal proqram sistemidir. Sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaş mənzillərin seçimini insan faktoru olmadan internet vasitəsilə, rahat və qısa zamanda həyata keçirir. Sistemdə hər bir addım qeydə alındığından vətəndaşlar tərəfindən aparılan seçimin şəffaflığı qorunur. Bu baxımdan “Güzəştli mənzil” layihəsinə böyük maraq var və sistemdə şəxsi kabinet əldə edənlərin sayı 8800 nəfərədək olub”, – deyə məlumatda vurğulanıb.

Açıqlamada qeyd olunub ki, “Elektron hökumət” portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, “Güzəştli mənzil” layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılıb.

“Lakin ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 07 may 2018-ci il tarixində saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib”, – deyə məlumatda vurğulanıb.

Məlumatda o da bildirilib ki, yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları operativ qaydada aradan qaldırıb: “Bildirmək istərdik ki, Agentlik və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcək”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …