Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Alfa” döyüşçüsü Nemət Pənahlını necə zərərsizləşdirdi…

“Alfa” döyüşçüsü Nemət Pənahlını necə zərərsizləşdirdi…

SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) 1989-cu ilin qışında Bakıya yeridilmiş xüsusi təyinatlı məxfi “Alfa” dəstəsinin veteranı Nikolay Klitkin “Moskovskiy komsomolets” qəzetinə öz döyüş yolu barədə xatirələrini danışıb.

Virtualaz.org saytı xəbər verir ki, vaxtilə Əfqanıstanda çevriliş edən və Aminin sarayını ələ keçirən, məxfi silahlarla silahlanan və dünyanın ən güclü antiterror bölməsi adını qazanan “Alfa”nın veteranının xatirələrində Azərbaycan haqda məqamlar da yer alır.

Nikolay Nikitkin deyir ki, “Alfa” dəstəsi üçün silahları məxfi elmi-tədqiqat institutları işləyib hazırlayırdı və bu silahlar ancaq həmin xüsusi təyinatlı bölmədə olurdu. Bura pencəyin altında gizlədilməsi mümkün olan dərəcədə balaca, eyni zamanda tamamilə səssiz qumbaraatan, zahirən adi fonardan seçilməyən elektroşok cihazları, səssiz pulemyot-tapançalar, diplomat tipli çanta-silahlar və s. daxildir.

N.Nikitin belə silahlardan birini 1990-cı ilin yanvarında Bakıda necə tətbiq etdikləri haqda bunları danışır:

-Bəli, bizim müxtəlif silahlarımız var idi…(gülümsəyir). Yadıma Bakıda olmuş əhvalat düşdü, 1990-cı ilin qışı idi. Bizim qarşımızda şəhərdəki yataqxanalardan birini yoxlamaq vəzifəsi qoyulmuşdu, ekstremistlərin liderinin orada gizləndiyi ehtimal olunurdu. Silah tətbiq etmək qadağan olunmuşdu, ancaq xüsusi vasitələrdən istifadəyə icazə verilmişdi. Bunların arasında ikili təyinatlı qurğu da var idi: bir tərəfdən fonar, o biri tərəfdən güclü elektroşoker idi. Və yataqxananın mərtəbələrinin birində hamamdan qaranlıq dəhlizə yarıçılpaq gənc sıçrayıb çıxdı. Ona tərəf qaçan əməkdaşımızı görüb vəhşi qışqırıqla döyüş mövqeyi aldı… və həmin saniyədəcə bir neçə metr uçub divara dəydi.

Ertəsi gün bütün Bakını şayiə bürümüşdü ki, şəhərdə supermenlərdən ibarət hansısa xüsusi təyinatlı bölmə peyda olub, onlar bir zərbə ilə şəhərin ən yaxşı döyüşçüsünü bir neçə metr uçurda bilir. Sonradan aydınlaşdı ki, bizim əməkdaş qaçarkən əlindəki elektroşokeri sərt şəkildə irəli atıb və onunla həmin oğlanın çiyninə toxunub. Oğlan yaş olduğundan tok zərbəsi bir neçə dəfə güclənib və o, düz 5 metr kənara uçub.

Nikolay Klintkinin növbəti xatirəsi Naxçıvanla bağlıdır. Bu əhvalat isə 1989-cu il dekabrın sonlarında AXC tərəfdarlarının SSRİ-İran sərhədinin Naxçıvan hissəsinə hücum edərək sərhəd dirəklərini sökməsindən bəhs edir (həmin hadisənin ildönümü hazırda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir-red.).

“Alfa” döyüşçüsü həmin vaxt kütlənin liderlərindən birini (Naxçıvandan sərhəd hərəkatına başçılıq edən Nemət Pənahlı idi-red.)  necə zərərsizləşdirməsindən danışır. Və bunu döyüş təcrübəsində ən yadda qalan hadisələrdən biri kimi xatırlayır.

-Naxçıvanda, İranla Azərbaycanın sərhədində yerləşən bölgədə olmuş bu əhvalat heç vaxt yadımdan çıxmaz. Ucqar rayonda əhali bunt qaldırmışdı. Yeri gəlmişkən, həmin əhali çox kasıb yaşayırdı, korrupsiyalaşmış yerli elita haqda isə bunları demək olmazdı. Bunt açıq ifadə olunmuş dini və millətçi xarakter daşıyırdı. Böyük insan kütləsi sərhədə doğru yürüş edərək yolunun üstündəki hər şeyi dağıdırdı. Onlar 10 kilometr boyu sərhəd sistemini dağıtdılar, zastavaları blokadaya aldılar, bir neçə sərhəd qülləsini yandırdılar, sərhəd dəstəsinin binasına daş və butulkalar atdılar. Sərhədin keçdiyi Araz çayından əllərinə keçən üzən vasitələrlə bizim ərazimizə ekstremist və dini ədəbiyyat, silah keçirirdilər. Hətta çoxlu adamın çayda batması da bu ardı-arası kəsilməyən insan axınını dayandırmadı.

Qərara alındı ki, üsyanın liderini neytrallaşdıraq. Onu sərhəd zastavalarının birində danışıqlar apararkən yaxaladıq. O, belində iki revolverlə, başında şəhid kəməri ilə gəlmişdi. Öz görkəmi ilə hamıya göstərirdi ki, itirməyə heç  nəyi yoxdur, hər şeyə hazırdır.

2 minə yaxın adamdan ibarət kütlə zastavanın qarşısında toplaşmışdı, ardı-arası kəsilmədən nəsə şüar qışqırırdılar. Danışıqlar zastavanın rəisinin kabinetində gedirdi. Şərti siqnalla mən və “Alfa” dəstəsindən olan döyüş yoldaşım hamamda gizləndiyimiz yerdən sıçrayıb çıxdıq, kabinetə hücum etdik və üsyançıların liderini asanlıqla zərərsizləşdirdik. Tərksilah edib əl-qolunu burduq. Sprinter sürəti ilə zastavanın arxa tərəfindəki həyətə apardıq, həmin vaxt ora vertolyot endi. Vertolyotun şassiləri yerə dəyməyə imkan tapmamış qapısı açıldı. Biz qaçaraq başçını vertolyotun qapısından içəri tulladıq, vertolyot yenidən havaya qalxdı. Başçının yaxalanması əməliyyatının hamısı cəmi 2 dəqiqə çəkdi. Və dəstə tədricən dağıldı, iğtişaşlar dayandı.  Lap Vısotskinin mahnısındakı kimi alındı – “Əsl dəliqanlılar azdır, ancaq heç sərkərdələr də yoxdur”.

Ancaq bu əhvalatın davamı da var. İki ay sonra mən növbəti ezamiyyətdən sonra Bakıdan Moskvaya uçurdum. Artıq aerodromda mənə dedilər ki, təyyarədə “Lefortovo” həbsxanasına etap olunan bir məhbusa da göz-qulaq olmaq lazımdır. Biz hərbi nəqliyyat təyyarəsi ilə uçurduq, təyyarədə özümə ucqar bir yer seçib həmin məhbusu da yanımda oturtdum. Üstünü xalçaya oxşayan hansısa örtüklə örtdüm ki, başqa sərnişinlərin diqqətini cəlb etməsin. Ancaq məhbusun xahişi ilə əlindəki qandalı açdım, o, bütün uçuş boyu rəsm çəkirdi, öz dəftərçəsində şer yazırdı. Məhbusun uzun saqqalı var idi, bu səbəbdən mən onu görəndə tanımamışdım.

O isə birdən dedi: “Məni Naxçıvanda həbs edən sən deyildin?”. Mən diqqətlə baxdım, dəqiq odur! O isə bu məqama sakit yanaşdı, onunla problemin olmadı.

***

KQB-nin 7-ci idarəsinin nəzdindəki “Alfa” qrupu KQB sədri Yuri Andropovun 29 iyul, 1974-cü il tarixli məxfi əmri ilə yaradılıb, tezliklə dünyanın ən effektiv xüsusi təyinatlı dəstəsi kimi tanınıb.

Bu xüsusi təyinatlı dəstənin əsas vəzifəsi terror aktlarının qarşısını almaq, girovları azad etməkdir. “Alfa” qrupunun müasir davamçıları Rusiya FTX-nin xüsusi təyinatlı “A” idarəsinin əməkdaşlarıdır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın