Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / AKİF NAĞIDAN ƏLİ HƏSƏNOVUN FİKİRLƏRİNƏ SƏRT TƏPKİ: “Azərbaycan xalqı erməniləri özünə düşmən bilir”

AKİF NAĞIDAN ƏLİ HƏSƏNOVUN FİKİRLƏRİNƏ SƏRT TƏPKİ: “Azərbaycan xalqı erməniləri özünə düşmən bilir”

“Mən bəzi məmurlarımızın ermənilərə hansı səbəbdən simpatiya bəsləməsinin dərin səbəblərini bilirəm”

Azərbaycanda səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot Vallström baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə M.Vallström deyib ki, İsveç Avropada adambaşına düşən qaçqınların sayına görə birinci yerdədir.
İsveç xarici işlər naziri bildirib ki, bu ölkəyə pənah gətirən qaçqınların əksəriyyəti valideynləri olmayan uşaqlardır, onların təhsil, səhiyyə və digər sahələrdə olan problemlərinin həlli müəyyən çətinliklər yaradır. M.Vallström buna görə Azərbaycanın bu sahədəki təcrübəsinin İsveç üçün çox önəmli olduğunu söyləyib. M.Vallström Azərbaycanın dostu kimi burada olduqlarını vurğulayıb. Onun sözlərinə görə, səfərin əsas məqsədi gələcək əməkdaşlığımızı daha da genişləndirmək və bununla bağlı mövcud potensialı öyrənməkdir.
Ə.Həsənov isə nəzərə çatdırıb ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs barədə razılığın əldə olunması ölkəmizə inkişaf etmək imkanı verib, qaçqın və məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə həllinə başlanıb: “Bu gün demək olar ki, biz 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla, 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir”.
Ə.Həsənov bildirib ki, 24 ildir Dağlıq Qarabağ münaqişəsi həllini tapmır: “Bu ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur. Biz hər kəsi ölkəmizə dəvət etməklə çox düzgün yol seçmişik. Məqsəd odur ki, ölkəmizə gələnlər əsl reallıqları öz gözləri ilə görsünlər. Artıq biz bu yolun müsbət nəticələrini də görməkdəyik. Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əminamanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanıb”.

 
Maraqlıdır, Əli Həsənovun görüşdə işlətdiyi “Azərbaycan və erməni xalqları düşmən deyil” fikrinə ictimaiyyət nümayəndələrinin mövqeyi necədir?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-xəbər”ə  açıqlamasında bildirdi ki, onun Əli Həsənovun fikirlərinə münasibəti olduqca mənfidir:

“Dövlətin yüksək postlu bir məmurunun belə bir yanaşma ortaya qoyması çox üzücüdür. Mən bəzi məmurlarımızın ermənilərə hansı səbəbdən simpatiya bəsləməsinin dərin səbəblərini də bilirəm. Amma bunu tam çılpaqlığı ilə açmaq istəmirəm. Kimsə şəxsi qənaətini xalqın adından ifadə etməsin, özü də bu cür prinsipial və milli məsələdə. Əli Həsənovun mövqeyi və düşüncəsi burda ölçü vahidi sayıla bilməz. Bizim başımıza Xocalı kimi faciəni gətirən bir millətlə biz necə düşmən olmaya bilərik? Bəyəm onlar bizim girovluqda olan qız-gəlinimizi qaytardılar ki, dostlaşaq?! Yoxsa, torpaqlarımızın işğalından əl çəkiblər, bizim xəbərimiz yoxdur… Əli Həsənov özünə əziyyət verməsin, Azərbaycan xalqı erməniləri özünə düşmən bilir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın