Xəbər verdiyimiz kimi, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin
dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin
davamçıları, ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri
Bakıya gəliblər.
Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaydığı açıqlamada bildirilir ki,
Rəsmi mətbuatda yayılan xəbərlərdə bildirilir ki, İsa Həbibbəyli uzun
illərdir Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli irsini, həyatı,
mühiti və müasirlərini tədqiq edib öyrənmək, əsərlərini dünya dillərinə
tərcümə etdirərək kitab halında nəşr etdirmək sahəsində ardıcıl iş
aparmaqdadır. “Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən
akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan
nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün
iş aparmışdır”.
Bu
təqdimatla bağlı qalmaqal yaranıb. “Yeni Sabah” xəbər verir ki, Mirzə
Cəlilin varislərini hələ bu ilin əvvəlində tapan və onlardan müsahibə
alan araşdırmaçı jurnalist Hafiz Əhmədov açıqlama yayıb. Onun
açıqlamasını olduğu kimi təqdim edirik:
“Bildiyiniz
kimi aylar öncə görkəmli maarifçi Cəlil Məmmədquluzadənin Polşada
yaşayan varislərini tapdım və müsahibə götürdüm. Varlıqlarından belə
Azərbaycanda heç kəsin xəbəri olmayan bu varislərlə eksklüziv müsahibəmi
HAFİZTİMES.COM adlı saytımda mən yayımladım. Onları tapmaq üçün aylarla
oxuyub, araşdırmalar aparmışam. Həmin ailənin ən uzaq qohumları,
qonşuları ilə əlaqə yaratmışam. Nəhayət aylar sonra Cəlil
Məmmədquluzadənin varislərini facebook-da tapdım. Mesaj göndərdim. Mirzə
Cəlilin adını ilk məndən eşidirdilər…O qədər təəcüblənirdilər ki…
Mirzə Cəlilin nə qədər böyük şəxsiyyət olduğunu, məktəblərimizdə də onun
haqqında öyrəndiyimizi yazırdım. Bir sözlə böyük Mirzə Cəlili onlara
mən təqdim etdim! Müsahibədə də özləri Azərbaycana gəlmək istədiklərini
yazmışdılar. Çünkü onlara mən Azərbaycanın necə gözəl olduğunu
yazırdım… Hər gün yazıb, əlaqə saxlayırdıq. Müsahibə yayımlanandan
sonra bir ay keçmişdi. Telefonu açdım 20-yə yaxın zəng gəlmişdi. “211”
başlıqlı nömrədən. Yenə zəng etdi. Dedi Mən AMEA-dan alim… İsa
Həbibbəyli… Düz yarım saat təriflər yağdırdı: “onların nömrəsini ver,
adress, contact”. Elə şirin, mehriban danışırdı ki… Məndə də həqiqətən
telefon nömrəsi yox idi. Dedi köməkçim Pənaha onlarım facebook
hesabını, email-lərini göndər. Mən də göndərdim! Nəhayət 10 gün öncə
oxudum ki, bu şəxs onları Azərbaycana dəvət edib. Sağ olsun varislər
özləri də yazmışdılar. Gözlədim ki, indi məni də dəvət edəcəklər bu
görüşə. Axı onları mən tapmışam. Bu gün gördüm ki, bir dəstə yekə qarın
kişi Xiyabanın önündə şəkillər çəkdirib yazıblar ki, “Mirzə Cəlilin
varislərini İsa Həbibbəyli tapıb Azərbaycana gətirib”. Artıq 10 gün idi
ki, bütün ölkə mətbuatı İsa Həbibbəylinin “uğur”undan yazırdı. Hafiz
Əhmədovun adını bir yerdə də çəkən yox idi…
Mənim
bütün əziyyətimi öz adlarına çıxıb, nüfuzlarını artırmağa xidmət
edirdilər. İsa Həbibbəyli bir həftəyə Polşadan iki nəfəri xüsusi reyslə
Bakıya gətirdi. Amma Hafiz Əhmədovu Tovuzdan Bakıya dəvət etmədi.
Guya
ki, telefon nömrəmi itiribmiş. Bəs o boyda AMEA-dan sizinlə bağlı hər
gün mesajlar yazan işçiləriniz də itirmişdi nömrəmi, fbook hesabımı?!
Yazırdılar ki, “xahiş edirik İsa müəllim sizinlə danışmaq istəyir”…
Mirzə Cəlilin varislərinin ünvanını məndən öyrənəndən sonra hamısı yəqin
mənim nömrəmi silib, onlarınkını qeyd ediblər…
Diaspora
Komitəsinin rəhbəri Fuad Muradov da Polşada olanda varislərlə
görüşmüşdü. Təbii onlara da mən ünvanı vermişdim! O zaman da heç bir
mətbuat orqanı adımı qeyd etmədi. Hətta varis özü mənə yazdı ki, sənin
haqqında Polşadakı “azərbaycanlı”lara məlumat verdik ki, “bizi Hafiz
Əhmədov tapıb”, saytım barədə danışıblar. Bizim yerli “azərbaycanlılar”
isə deyiblər ki, məni tanımırlar… Çox təəssüf…
Ey
Azərbaycan Xalqı. Sizdən xahiş edirəm ki, imkan verməyin mənim əməyimi
başqaları öz adlarına çıxsınlar, imkan verməyin haqqımı tapdasınlar! Mən
bu yazıları sizin üçün yazıram. İki ildir işsizəm. Nə milyonluq ofisim,
nə maaşım, nə də Bakıda başımı sala biləcəyim bir daxmam, nə də
“əməkdarlığım” var. Mən bütün bu araşdırma yazılarımı, müsahibələrimi
Tovuzda ucqar bir dağ kəndində yazıram… Heç bir maddi qazancım yoxdur.
Kənddə sahədə çalışıb axşamlar yorğun olsam da bu araşdırmaları
yazıram. Xahiş edirəm mənim yaradıcılığıma sahib çıxın. İmkan verməyin
yazılarımı kimsə öz adına çıxsın.
Prezident
İlham Əliyev hər dəfə gəncləri aktiv olmağa çağırır. Mən də iki ildir
işsiz olmağıma baxmayaraq Azərbaycan mətbuatı tarixinə qızıl həriflərlə
düşməli olan 60 top araşdırma müsahibə yazmışam.
Mirzə
Cəlilin yubileyi ilə bağlı Prezident sərancam imzalayıb. Mən də ən
dəyərli araşdırmanı edib müsahibəni yayımlamışam. Əhməd bəy Ağaoğlu,
Hacı Zeynalabdin Tağıyev, Mirzə Fətəli Axundzadə ilə bağlı tarixi
araşdırma müsahibələr hazırlamışam dünyadan… Amma heç kim “sağ ol ay
Hafiz Əhmədov” deməyib. Mən də Azərbaycan gənciyəm axı! Hələ bütün
əziyyətlərimi, fəaliyyətimi “alimlər” öz adlarına çıxırlar… Budurmu,
AMEA?! Budurmu, Azərbaycan elmi?!
Budurmu, gənclərə dəstək olmaq?!
Cəlil
Məmmədquluzadənin varisləri ilə bağlı günlərdir ki, xəbərlər,
müsahibələr yazan Azərbaycan “jurnalistlər”inə deyəcəyim tək budur ki,
sizin də zəhmətiniz, əməyiniz mənim kimi hədər olsun. Haqqıma girdiniz
yenə ey Azərbaycan jurnalistləri….
İndi
siz deyin bu dəqiqə Bakıda məndən cavab gözləyən Mirzə Cəlilin
varislərinə nə yazım, necə deyim ki, iki ay öncə sizə təriflədiyim
Azərbaycanda mənim haqqımı necə tapdaladılar, zəhmətimi öz adlarına
çıxdılar və məni sizinlə görüşə dəvət etmədilər… Azərbaycandakıların,
bu gün onların üzünə gülənlərin əsil üzlərini görsələr əminəm ki, bir
dəqiqədə burda qalmazlar…
Mən
şəxsiyyətimi, əməyimi pula satanlardan deyiləm. Mən Azərbaycan üçün
çalışıram. Amma etiraf edim ki, özümün 20 manatım olsaydı gedib
görüşərdim.
Artıq Azərbaycanda doğma VƏTƏNİMİN qoxusunu duya bilmirəm…”
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …