Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Ailənin ikinci oğul faciəsi: ürəyinə bir bıçaq vurulub – “Məkan” barındakı qətlin TƏFƏRRÜATI

Ailənin ikinci oğul faciəsi: ürəyinə bir bıçaq vurulub – “Məkan” barındakı qətlin TƏFƏRRÜATI

Barda qız üstündə başlayan mübahisə bir nəfərin ölümünə, bir nəfərin də həbsinə səbəb olub. Qətlə yetirilən şəxsin bir qardaşı da avtomobil qəzasında dünyasını dəyişibmiş.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində barda adam öldürməkdə təqsirləndirilən Xəyyam Paşayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi iilə keçirilən prosesdə hadisənin bəzi təfərrüatları məlum olub. Məhkəmədə şahidlər dindirilib. Şahid Könül Əliyeva məhkəmədə ifadə verərkən tez-tez barlara getdiyini və həmin gün təqdirləndirilən şəxsi iki barda gördüyünü deyib.

“Tez-tez barlara gedirəm. Əvvəl rəfiqəm Xəyalə ilə 20-ci sahədə bir bara girdim, Xəyyam orada tək oturub pivə içirdi. Ordan çıxıb Bayıldakı bara getdim. Rəfiqəm Xəyalə maşında məni gözləyirdi. Barda bu oğlanla rəhmətə gedən oğlan arasında mübahisə oldu. Mən bunlara dedim ki, sakitləşin, sizə problem lazımdır? Bunlar aralaşdılar, sonra bu oğlan bıçaq çıxarıb onu vurdu. Vurandan sonra çölə qaçdı. Rəhmətliyin yanındakı 2 oğlan da onun arxasınca qaçdılar. Vurulanı xəstəxanaya apardılar. Ölən oğlanın gödəkcəsi ilə telefonunu yerdən götürüb xəstəxanaya apardım. Orada olan polisə verdim. Telefonu götürəndə yerdə dəstəyi qırıq bıçaq da gördüm, amma onu götürmədim” – deyən şahid həmin vaxt içkili olduğu üçün davanın səbəbini xatırlamadığını deyib.

Amma təqsirləndirilən Xəyyam Paşayev deyib ki, şahid K.Əliyeva mübahisənin səbəbini bilsə də, qorxusundan demir: “Ceyhunla Eldəniz mənim üstümə hücum edəndə bu xanım bizi aralaşdırdı, yəqin indi nədənsə qorxduğu üçün demir”.

O, hadisənin hansı səbəbdən baş verdiyini belə izah edib: “Barda rusdilli bir qız var idi, piyan idi. Həmin qız qışqıra-qışqıra danışırdı. Ceyhun da buna görə o qızla mübahisə elədi. Mən onları aralaşdırdım. Ceyhuna dedim ki, bu qızı tanıyıram. Sonra onlar mənlə dirəşdilər ki, “sən bu qızı hardan tanıyırsan?”. Üstümə gəldilər. Əllərində beşbarmaq var idi. Mən də gedib bıçaq götürdüm ki, yenə dava düşsə, gücüm çatmasa, nəsə edim”.

Digər şahid isə bar sahibin oğlu olub. Şahid Qalib Qəhrəmanov deyib ki, hadisə baş verən gün atası işdə olmayıb:“Atam biraz xəstələnmişdi, əvəzinə mən orda idim. Xəyyam əvvəldən barda oturub pivə içirdi. Ceyhun da gəlib bununla çox maraqlandı. Kim olduğunu, hardan gəlmisəni soruşdu. Onunla dava etmək istəyirdi. Biraz mübahisə etdilər. Yaxınlaşıb Xəyyama dedim ki, dava etməyin, polis gəlib buranı bağlayacaq. Yaxşı dedi, sakitləşib yerində oturdu. Sonra məndən siqaret istədi, dedim yoxdu. Çölə çıxdı, fikirləşdim yəqin siqaret almağa gedib. Amma pencəyi və pul qabısı stolun üstündə qalmışdı. Xəyyam qayıdanda Ceyhun bunun stolunda oturmuşdu. Bu da gedib onun başının üstündə dayandı, dedi ki, “niyə yerimdə oturmusan?”. Buna görə davaları düşdü. Xəyyam bıçaq çıxarıb onu vurdu. Sonra da pencəyini götürüb getdi. Ceyhun namaz qılan idi, amma həmin gün çox içmişdi”.

Q.Qəhrəmanov deyib ki, stol üstündə davadan öncə də iki gəncin rusdilli xanıma görə mübahisələri düşüb: “Orada rusca danışan bir qız var idi, oğlundan, qonşularından, maşınının vurulmasından danışırdı. Biraz hündürdən danışırdı, əsəbi idi. Rusca danışdığı üçün bunlar onu başa düşmürdü. Sonra da Ceyhunla mübahisə etdi”.

Mərhum Ceyhun Qurbanovun atası Rüstəm Qurbanov deyib ki, oğlunun hər hansı problemi olmayıb: “İki gün əvvəl babası rəhmətə getmişdi, bəlkə ona görə kefsiz olub”.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib. Hadisə 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barında baş verib. 1984-cü il təvəllüdlü Xəyyam Paşayev 25 yaşlı Ceyhun Qurbanovun ürəyindən bir bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Qeyd edək ki, Ceyhun Qurbanovun digər qardaşı 2016-cı ildə yol qəzasında vəfat edib.

Həmçinin oxuyun

Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb

Qarabağdakı rusiyalı sülhməramlıların rəhbəri, general-leytenant Rüstəm Muradov itkin düşmüş sayılan erməni hərbçilərin valideynləri ilə görüşüb. …

Bir cavab yazın