Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / “Ailə üzvləriniz “cinçıxarma”ya inanırsa…” – Psixoloq həyəcan təbili çaldı

“Ailə üzvləriniz “cinçıxarma”ya inanırsa…” – Psixoloq həyəcan təbili çaldı

Şabran rayonunda 6 nəfərin 25 yaşlı Murad Soltanovu döyərək öldürməsi bir neçə gündür ki, medianın gündəmini zəbt edib. Belə ki, M.Soltanov Bakının Binəqədi rayonunda yaşayıb.

Atası Şahin Şabranda belə bir müalicə üsulu olduğunu öyrənib və noyabrın 9-da oğlunu ora aparıb. Həmin gün “cinçıxarma” prosesi saat 22 radələrindən başlayaraq 2 saat davam etdirilib və bu müddət ərzində onu çubuqla döyüblər.

Daha sonra M.Soltanovun meyiti həmin evdə tapılıb. Sözügedən hadisə “cinçıxarma” problemini yenidən gündəmə gətirib. Elm, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə falçılara, “cinçıxaran”lara inananların sayı isə günbəgün artır.

Bəs, “cinçıxarma”ya inananların qarşısını necə almaq olar? Onların psixoloji durumu nələr deyir?

Musavat.com mövzu ilə bağlı psixoloq Vəfa Rəşidovanın fikirlərini öyrənib.

27750069_928144484020134_3690550614315074330_n.jpg (10 KB)

Mütəxəssis deyib ki, “cinçıxarma”ya inanan insanların psixoloji durumu qaydasında deyil: “Onlarla bağlı ölçü götürülməlidir. Problem kökündən həll olunmalıdır. O insanların ruhi sağlamlığı normal deyil. Cadu, “cinçıxartma” kimi məfhumlara inananların psixoloji problemlərinin olduğu aşkar ortadadır. Cəmiyyətdə, ətrafımızda fala, caduya inandıqlarını gizli saxlayırlar, falçıların, “cinçıxaran”ların yanına getdiyini gizli saxlayırlar. Xalaqızı xalaqızını, qonşu başqa qonşunu həmin yerlərə aparır və sayları günbəgün artır. Onlar psixoloq müayinəsindən keçməlidir. Çünki o insanlar nevroloji problemlər yaşayanlardır. Onlar içdən o qədər inanırlar ki, ətraflarındakını da inandırırlar. Ətrafdakılar da başlayır, həmin insana inanmağa… Yaxınlarımızı fala, “cinçıxartma”ya inananlardan qorumalıyıq. İnsanları real həyata qaytarmalıyıq, psixoloji durumu pozulmuş insanın qurbana çevrilməsinə imkan verməməliyik. Din də, elm də, psixologiyada bu kimi şeyləri qəbul etmir. Dini araşdıran insanlar bunu daha yaxşı bilirlər. Cin insana toxuna bilməz. Dindən, psixologiyadan bilgisi olan, dünyagörüşlü insanlar “cinçıxartma”ya inanmaz. Əgər ailə üzvləri psixologiyasını pozulmuş şəxsi falçı, “cinçıxaran” insanların qapısından uzaqlaşdıra bilmirlərsə, mütləq psixoloqa, mütəxəssisə müraciət etməlidirlər. Əslində o insanlar çox asanlıqla idarə olunurlar, ona görə qurbana çevrilirlər. Cəhalətə son qoymaq lazımdır. Psixoloji və psixiatrik problemi olan insanlara kömək etmək lazımdır. Biri gəlib deyəndə ki, mənim içimə cin girib, gəl, filankəsin yanına gedək, ailə üzvləri onunla razılaşmamalıdır. Dərhal mütəxəssisə müraciət etməlidir. Bu, çox ciddi haldır. Həm cəhalətin, həm psixoloji durumun pozulmasının yayılmasıdır. Artıq neçənci dəfədir ki, “cinçıxarma” ilə bağlı hadisələr baş verir. Amma onlara inananların sayı azalmır. Biz gərək hərəkətə keçək ki, insanları cəhalətdən ayılda bilək. Sağlam ruh, sağlam psixologiya gözəl gələcək deməkdir. Yaxınlarımıza, övladlarımıza gözəl gələcək vermək üçün tədbirlər görməliyik”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …