Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Adnan Oktar: “Biz təriqət, mən isə şeyx deyiləm”

Adnan Oktar: “Biz təriqət, mən isə şeyx deyiləm”

Harun Yəhya ali təhsilli, magistr, alim və iş qadını “kediciklər”dən danışır; “Onlar öz savadlarını göstərib danışanda verilişin reytinqi aşağı düşür”

İkinci yazı

Hər şey ondan başladı ki, günlərin bir günü “Yeni Müsavat” qəzetinin redaksiyasına zəng edib, “Əməkdaşlarınızdan  birini İstanbula, Adnan Oktarla (Harun Yəhya) müsahibə-görüşə dəvət edirik” dedilər. Tanıyanlar tanıyır, tanımayanlara isə biz anladaq ki, A.Oktar Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısıdır.

Hələliksə A.Oktarla görüşüb, həmkarım, fotoqraf Məhəmməd Türkmənlə ön sırada əyləşirik. Öncədən etdikləri xəbərdarlığa görə, Məhəmməd verilişdən nə foto, nə də videogörüntü götürə bilər. Heç mənim diktofonla müsahibəni yazmağıma da icazə yoxdur. Foto və videonu özləri daha sonra göndərəcəklərini deyirlər. Səbəbini soruşanda isə “onsuz da bizdə yüksək səviyyəli çəkiliş gedir, sizin əziyyət çəkmənizə ehtiyac yoxdur” deyə cavab verilir. Bu detal belə bir informasiyadır deyib israr etmirəm.

(əvvəli ötən sayımızda)

– Eşitdiyimə görə, buradakı dostlarım dediyiniz xanımlar ali təhsillidir. Hətta aralarında iş qadınları da var. Halbuki kənardan heç elə görünmürlər. Hansı işlərdə çalışırlar, necə həyatları var? Bu sualların cavabını da bilmək istəyərəm…

– Onların hamısı kollec məzunlarıdır. Ən azı iki xarici dil bilən və hamısı yüksək ali məktəb məzunu olan dostlarımızdır. Bir çoxu da magistr dərəcəsi alıb, doktoranturanı bitiriblər. Hamısı seçilmiş, Türkiyənin öndə gələn ailələrinin uşaqlarıdır. Və hamısı çox keyfiyyətli insanlardır. Demək olar ki, hamısının işi var. Ən azından ya həyat yoldaşlarının, ya da atalarının iş yerlərində işləyirlər, işləri var. Odur ki, boş dayanmaq deyə bir şey yoxdur. Ya özlərini inkişaf etdirmək üçün çalışırlar, ya kitab oxuyur, ya da araşdırma aparırlar. Və yaxud öz sahələrində bir araşdırma, analiz işi ilə məşğul olurlar. Axşama qədər kitab oxuyan, yazan, araşdıran, çalışan insanlardır bu dostlarım.

musahibe-1 (2).jpg (1.43 MB)

-Hətta bir çoxu evlidir?

– Evli olanlar var. Hətta çoxu evlidir də deyə bilərik, bəli.

– Az öncə dediniz ki, verilişdəki qadınlar çox savadlı, ali savadlı, üstəlik, iş qadınlarıdır. Bəs niyə verilişdə onlar hansısa mövzuda bir fikir bildirmirlər, çıxış etmirlər, qısa da olsa nitq söyləmirlər. Məsələn, onlar sizi tərifləyir, siz də onları. Bu, verilişin konseptidir? Onlara öz savadlarını göstərmək üçün niyə fürsət yaradılmır?

“Azərbaycanda modern İslam anlayışı hakimdir”

– Mən zaman-zaman onlara imkan yaradıram ki, danışsınlar, biliklərini göstərsinlər. Məsələn, elmi bir nitq söyləyirlər. Çox detallı, elmi bir nitq. Latın dilində, fransız dilində qarşılıqları ilə hüceyrənin yaranmasını danışırlar. Hətta deyərdim, bir professorun belə açıqlaya bilməyəcəyi tərzdə danışırlar. Yəni hər biri dosent, professor qədər məlumatlıdılar. Amma onlar danışmağa başlayanda reytinqimiz mindən beşə düşür. Mənimlə müqayisədə təbii ki. Yəni mən danışanda reytinq min idisə, onlar danışanda beş olur. İnsanlar elmi verilişlərdən çox xoşlanmırlar. Yəni axtardıqları səmimiyyət, rahatlıq, sənət, sevgi və gözəllikdir. İnsan ruhu ona görədir. O səbəbdən də hazırda verilişin izlənmə faizi çox yüksəkdir. Bunun səbəbi bizim səmimi olmağımızdır.

– Sizin rəhbəri olduğunuz kanalla bağlı da bir neçə sualım olacaq. Bildiyimə görə, canlı yayımlanır, sizin apardığınız verilişin də konkret vaxtı yoxdur. İstədiyiniz qədər uzadıb, qısaldırsız. Öncə kanalın adını niyə A9 qoyduğunuzu soruşum. Təxmin edirəm “A” sizin adınızın baş hərfindən götürülüb, 9 rəqəmini bizim üçün açarsız? Niyə A9? Nəyin simvolu, nəyin mesajı?

– Bu kanalın adını seçəndə gördük ki, 1-dən 9-a qədər bütün rəqəmlər alınıb, bütün hərflər də alınıb. Odur ki, edəcəyimiz bir şey də yoxdur. Ən axırda A-larda 9 rəqəmini tapdıq, boş idi. Amma təbii ki, xeyirli oldu. Mənası çox geniş olmuş oldu A9-un. Yəni çoxlu sayda çözümlənmə imkanı var, çox məna çıxa bilir.

– Kanalınızın reytinqi nə qədər yüksəkdir? Heç bir reklam almadığınızı bilirəm. Bəs bu kanal özünü necə yaşadır?

– Sırf internetin bəlirli bölümü, yəni məsələn, sırf  facebookdan təqib çox qısa bir zaman aralığında 38 milyondur. 38 milyon, yəni bu, ağıl almaz bir rəqəmdir.

– Nəyin sayəsində?

– Qənaətimə görə, mənim səmimiyyətim sayəsində. Təbii davranmam hesabına. Çünki mən təbiiyəm, heç vaxt qeyri-səmimi heç nə etmirəm. İçimdən gəldiyi kimi davranıram. Və özüm üçün yaşamıram. Bu, alışılmış bir şey deyil. Mən sevdiklərim üçün yaşayıram. O da çox müsbət bir təsir göstərmiş ola bilər. Və hər şeyə çox gözəl baxan, pozitiv baxan bir insanam. Problemləri həll edənəm, problem yaradan yox. Hər şeyin xeyirlə bitməsini, sevgiylə həll olmasını istəyirəm. Davaya, gərginliyə heç bir zaman icazə verən bir tövrüm olmaz.

– Adnan bəy, kitablarınızla da az-çox tanışam. Olduqca yüksək keyfiyyətdə nəşr olunur. Daha çox pulsuz paylanır. Bir çox dillərə tərcümə olunur. Az öncə də məlum oldu ki, kanalınız reklam almır. O zaman da avtomatik bu sual ortaya çıxır: hardan gəlir bu dəyirmanın suyu?

– Mənim kitablarım 1 ildə 8 milyon ədəd satılır. 8 milyon ədəd, 1 ildə.

“Azərbaycan və Türkiyə birləşdiyi zaman Ermənistanın Azərbaycandan aldığı torpaqların hamısını geri verəcəyini düşünürük”

– Pulla?

-Təbii, pulla. 8 milyon ədəd. Bu satışdan mən müəllif haqqı almıram. Deyirəm ki, mənim müəllif haqqımın yerinə kitablarımı pulsuz paylayın. Yayım evinə belə bir haqq verdim. Mənim müəllif haqqım yüksəkdir zatən. Ayrıca yayım evi reklam üçün ayırdığı büdcəni kitab paylamağa ayırır. İkisi birləşəndə isə olduqca böyük bir yekun olmuş olur. O səbəbdən də pulsuz kitablar həddən artıq çox paylanmış olur. Yoxsa satış 8 milyondir. Çünki kitablarım 73 xarici dilə tərcümə olunur.

– Sizin bu kanalı qurmaqda məqsədiniz nə idi? Yəni hər bir kanalın qurulma məqsədi, cəmiyyətə ötürmək istədiyi bir mesaj var. Bəs sizin aşılamaq istədiyiniz nədir insanlara?

– Dünyada müharibələrin dayanması, davaların dayanması, silahların qalmaması, hər kəsin bir-birini sevməsi. Din, dil, irq ayrı-seçkiliyindən qaynaqlanan düşmənliyin yox olması. Sosial ədalətin təmin olunması, hər kəsin varlı olması. Dünyanın hər yerinin cənnət kimi olması. Evlərin, küçələrin, bağçaların fövqəladə dərəcədə gözəl və estetik olması. Hər kəsin bir-birinə salam verməsi, tanıması, dost olması və insanların xoşbəxt olması. Hər kəsin Allahı sevməsi, Allahdan qorxması və vicdanlı olmaları – məqsədimiz bu.

– Kanalla buna nail ola bilirsiniz? Hansı yollarla nail olmağa çalışırsız?

musahibe-1 (3).jpg (1.29 MB)

– Məncə, kanal buna nail olur. Çünki darvinizm çox böyük bir bəladır və təhlükə idi, amma dünya miqyasında çökdü. Yəni bu, bizim uğurumuz. İngilis dərin dövləti böyük bir bəla idi, hazırda panika halındadılar. Türkiyədə dörd yüzdən artıq yazar və Rusiyadakı yazarlar da ingilis dərin dövlətinin üzərinə gedir hazırda. Yəni bütün dünyada deşifrə oldular. Bunda əsas uğur bizə aiddir, çünki biz qapını açdıq. Ondan sonra da insanlar bu yolda irəlilədilər. Rumilik adı altında, İngilis Rumiliyi adı altında Allahı, dini, peyğəmbəri inkar edən bir inanc sistemi yayılırdı, bunu dayandırdıq. Bəzi tiplər, bəzi insanlar PKK-nı ərköyünləşdirirdi. Biz PKK-nı rüsvay etdik. Türk İslam Birliyi üçün bütün gücümüzü toparladıq, bunun bünövrəsini formalaşdırdıq, səbəbkar olduq. Onsuz da bu, əvvəldən bəri istənilən bir şey idi. Belə bir çalışma, mexanizm var. Türk İslam birliyini, Türk birliyini  əngəlləyən əngəlləri də ağıllı bir şəkildə çözüb, ağıllı bir şəkildə onları ortadan qaldırmağa cəhd etdik. Xeyirli olan nə varsa, hər şeyi etməyə davam edirik. Təbii ki, bunu inandıraraq, danışaraq edirik.

– Sizə təriqət deyə bilərik?

– Təriqət deyə bilmərik. Çünki silsiləyə dayanan, klassik ənənələri olan bir təriqət anlayışına sahib deyilik. Yəni mən şeyx deyiləm. Hər hansı bir təriqətlə bağlantım yoxdur. Hər hansı bir şeyx əfəndidən dəstək almamışam. Ona görə də təriqət olmağımız mümkün deyil, kiçik bir dost qrupuyuq. Yəni ən çoxu üç yüz nəfər bir-birini sevən, tanıyan bir dost qrupuyuq. Nə deyə bilərik? Bir dost qrupu deyilə bilər ən çoxu. Çünki sayı nəzərə alanda ancaq dost qrupu demək mümkündür. Amma bütün təriqətlərə hörmətim var. Hamısını çox sevirəm. Bütün islami qrupları sevirəm. Amma mən Quranın yetərliliyinə inanıram. Modern Quran anlayışını, modern İslam anlayışını müdafiə edirəm. Məsələn, Azərbaycan elədir. Azərbaycanda modern İslam anlayışı hakimdir. Əliyev ailəsi modern İslam anlayışını müdafiə edən insanlardır. İstər İlham Əliyev, istər həyat yoldaşı, istərsə qızları, hamısı modern insanlardır. Amma İslamı çox gözəl, tərtəmiz yaşayan insanlardır. Halala-harama diqqət edən insanlardır. Mən bu mövzu ilə bağlı qənaətimi müşahidələrimə əsaslanaraq deyirəm.

Məsələn, azərbaycanlı gənclərin çox böyük qismi oxumuş, təhsilli gənclərdir. Türk dövlətləri arasında ən çox yüksək ali təhsilli insanlar Azərbaycandadır. Oxuma-yazma faizinin ən yüksək olduğu ölkə də Azərbaycandır. İqtisadi inkişaf sürəti 35 faizdədir və bu, ən yüksək bir göstəricidir. Bu, möhtəşəm və çox-çox gözəl bir şeydir. Yenə də bunu Əliyev ailəsinin bərəkəti və Azərbaycan insanlarının çalışqanlığı, dürüstlüyü olaraq düşünürəm. Bu gözəl ölkə ilə Türkiyənin ən qısa zamanda birləşməsini istəyirik. İki dövlət bir millət olaraq. Amma bunu edərkən, sadəcə, Azərbaycan-Türkiyə yox, bölgədəki digər ölkələrin də, Rusiyanın da bu birliyin içinə qatılmasını istəyirik. Ermənistanın da, Gürcüstanın da qatılmasını istəyirik. Azərbaycandf birləşdiyimiz zaman, Ermənistanın Azərbaycandan aldığı torpaqların hamısını geri verəcəyini düşünürük. Hətta bu istiqamətdə açıqlamalar da verildi. Azərbaycanda bizim açıqlamalarımız yayımlanandan bir gün sonra Ermənistan da açıqlama verdi ki, torpaqları verməyə hazırıq. Mənim yazım dərc olunandan sonra baş verdi bu. Ermənistanın o torpaqlarda edəcəyi bir şey yoxdur. O torpaqların özəlliyi Türkiyə ilə türk dövlətinin arasında bir körpü olmasıdır. O körpü qəsdən qapadılıb. İndi o körpü açılacaq. İkinci olaraq, yəni Ermənistan o torpaqları Azərbaycana geri verəcək. Daha sonra qətliamda kimlər cinayətə imza atıbsa, onların hamısı qanun qarşısında cavab verəcək və hüquqi olaraq etdikləri cinayətə uyğun cəza alacaqlar. Ardınca isə Azərbaycanla Türkiyə birləşəcək, Ermənistan, Rusiya, İran daxil olacaq. Böyük və möhtəşəm bir mədəniyyət meydana gələcək. Bu, başlanğıc olacaq. Ondan sonra bölgə dünyanın ən varlı, ən atak və ən dinamik bölgəsi halına gələcək. Bunu hamımız birlikdə görəcəyik.

– Azərbaycanda tərəfdarlarınız nə qədərdir? Kanalınızın Azərbaycanda filialının açılması, kitablarınızın orda yayılmasına qədər… nə kimi planlarınız var? Azərbaycanda kökləriniz nə qədər dərindir?

(davamı növbəti sayımızda)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …