Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / ADNA terrorundan 9 il ötdü – müdhiş olay üzərindəki sirr pərdəsi isə hələ də qalır

ADNA terrorundan 9 il ötdü – müdhiş olay üzərindəki sirr pərdəsi isə hələ də qalır

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) tələbə və müəllimlərin güllələnməsindən 9 il ötür. Rəsmi məlumatlara görə, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 13 nəfər yaralanıb.

Öldürülən və yaralananların, demək olar ki, hamısı tələbə və müəllimlərdir. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürüb. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub. Özünü öldürdükdən sonra üstündən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Onun universitetdə nə qədər güllə sərf edərək atəş açdığı müəyyən edilməyib. Müstəqil hüquqşünaslar hadisə baş verəndən sonra Fərda Qədirovun əməllərinin terrorçuluq maddəsi ilə istintaq ediləcəyini söyləmişdilər. Amma belə olmadı. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və sonradan terrorçuluq ittihamı da irəli sürülüb. İstintaq-əməliyyat qrupu yaradılıb. 2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib. Hökm zamanı müttəhimlər cinayətlə əlaqələrinin olmadığını bildiriblər. Nadir Əliyev məhkəmə zamanı dəfələrlə bəyan edib ki, ona işgəncə verilib, bu yolla tələb edilən ifadələr alınıb.

ADNA terroru ile ilgili görsel sonucu

O, hazırda Qobustan Qapalı Həbsxanasında ömürlük həbs cəzası çəkir. Bibisi Leyla Əliyeva “Yeni Müsavat”a bildirib ki, Nadir Əliyevin anası və qardaşı imkan daxilində məhbusun yanına gedirlər. Onun sözlərinə görə, qardaşı oğlunun səhhəti normaldır: “Hər yerə müraciət etdilər, məktub göndərdilər, yazdılar. Amma bir xeyri olmadı. İş Avropa Məhkəməsinə göndərilib. Nə vaxt baxılacaq bilmirik. Nadir elə hey deyir ki, müraciət etməkdən, kömək istəməkdən, bu işlə məşğul olmaqdan əl çəkməyin. Artıq 9-cu il olacaq ki, həbsdədir. Onun günahı yoxdur. Nadirə hökm oxuyan hakim Ramella Allahverdiyeva da bilirdi ki, günahı olmayan cavan uşaqları bədbəxt edir. Hakim hökmü oxuyanda ağlayırdı. Biz dərdimizi kimə deyək bilmirik. Axı əlimizdən nə gəlir ki? Ailəsi yazıq nə etməlidir? Atası Rusiyada işləyir, anası və qardaşı imkan olanda yanına gəlib gedirlər”.

ADNA terroru ile ilgili görsel sonucu

Nadir Əliyevin bibisi qeyd etdi ki, tutulanların Gürcüstana ekstradisiya olunması məsələsi nəticəsiz qalıb: “Ailəsi Nadir üçün Gürcüstanda da vəkil tutmuşdu. Amma heç bir nəticəsi yoxdur. Nadir özü də türmədən məktub yazır. Heç nə də, oturub orda, heç nə edə bilmirik, özünü günahsız sayır. O biri tutulanların da yaxınları gedib gəlirlər. Əldən bundan başqa heç nə gəlmir”.

İttihama görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. Lakin bütün bunları sübut edən dəlillər təqdim edilməyib.

Ä°lgili resim

Mardun Qumaşyan Gürcüstanda ezamiyyətdə olan “Yeni Müsavat” əməkdaşlarına bir neçə il fərqlə 2 müsahibə verib. O, ADNA-da törədilən terrorla əlaqəsinin olmadığını bəyan edib. Bildirib ki, Azərbaycan hüquq-mühafizə oraqnlarının ittihamları doğrudursa, həmin ittihamları Gürcüstan Prokurorluğuna təhvil verilsin və o, istintaqda cavab verməyə hazırdır. Mardun Qumaşyan  hazırda da Gürcüstanda ailəsi ilə birgə yaşayır, çörək bişirib dolanır. O Bakıda baş verən terror olayını törədənləri, sifarişçilərini də lənətləyib.

“ADNA işi” üzrə məhkəmə prosesi keçirilərkən vəkillər bildiriblər ki, Azərbaycanın hüquq-mühafizə orqanları M.Qumaşyanın Azərbaycana verilməsi məqsədilə İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyib. Müttəhimlər isə bildirib ki, ifadələrini işgəncə altında veriblər. İbtidai istintaq Fərda Qədirovun ölümündən sonra onun ruhi xəstə olduğunu (?!) müəyyən edib. O əvvəlcədən video-müraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. F.Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı video müraciət yerli televiziyalarda nümayiş etdirilib. Fərda Qədirov Gürcüstana gəlməmişdən öncə Rusiyada yaşayıb. Ekspertlər Neft Akadeniyasında silahlı hücumun sırf terror hadisəsi olduğunu düşünür.

Hazırda ləğv olunmuş Milli Təhlükəszilik Nazirliyinin keçmiş nazirinin 1-ci müavini Sülhəddin Əkbər “Yeni Müsavat”a deyib ki, ali məktəbdə kütləvi qətl Azərbaycanın Qərblə əlaqələrinin qarşısını almaq məqsədi ilə törədilib. “Neft Akademiyasında törədilən kütləvi qətlin əsl motivləri açılmayıb. İstintaqın müəyyən etdiyi erməni əsilli, Gürcüstan vətəndaşı Mardun Qumaşyan belə indiyədək dindirilməyib. O, rahat yaşayır və kiçik bizneslə məşğul olur. Bakı isə susur, belə deməyə əsas verir ki, cinayətin sifarişçisi o deyil. Ali məktəbdə kütləvi qətl NABUCCO layihəsinin müzakirəsi ərəfəsində törədilib. Terror aktından sonra Azərbaycan layihəni dəstəkləməkdən imtina etdi, Türkiyə ilə qazla bağlı ziddiyyətlər başladı və Rusiyaya verilən qazın həcmi artırıldı”.

Sülhəddin Əkbər ile ilgili görsel sonucu

Sülhəddin Əkbərin sözlərinə görə, Azərbaycan və Gürcüstan İnterpolun, beynəlxalq konvensiyaların üzvləridir. “Odur ki, zəruri materialların gürcü tərəfinə verilməsinə və əsl sifarişçilərin üzə çıxarılmasına heç bir maneə yoxdur. Lakin Bakı bilir ki, Tbilisi hərtərəfli istintaq aparacaq və cinayətin arxasında duran dövlətin konkret adı çəkilə bilər. Ona görə də münasibətləri pozmaq istəmir. Odur ki, bu cür terror aktları açılmamış qalacaq, əsas təşkilatçıların və sifarişçilərin adları açıqlanmayacaq. Ola bilsin ki, cinayətin icraçıları ilə təsadüfən tanış olmuş günahsız adamlar əziyyət çəksin. Qlobalizm və müasir geosiyasi qarşıdurma şəraitində terrorizmlə mübarizə beynəlxalq birliyin işidir. Odur ki, Azərbaycan hakimiyyəti tərəfdaşları və dostları ilə səylərini koordinasiya etməlidir. Əks halda ölkəni daha ciddi təhlükələr gözləyə bilər”, – o qeyd edib.

 

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT