Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / ADİL ƏLİYEV – ASLAN İSMAYILOV DÖYÜŞÜNÜN NÖVBƏTİ RAUNDU – QARŞILIQLI SƏRT İTTİHAMLAR

ADİL ƏLİYEV – ASLAN İSMAYILOV DÖYÜŞÜNÜN NÖVBƏTİ RAUNDU – QARŞILIQLI SƏRT İTTİHAMLAR

 Azinforum.az xəbər verir ki, 20 saylı  Nərimanov  ikinci seçki dairəsində seçkinin əsas favoritləri hesab olunan – vəkil Aslan İsmayılovla, hazırda həmin dairəni Milli Məclisdə təmsil edən Adil Əliyev arasında növbəti söz atışması yaşanıb.  Qeyd edək ki, əzəli rəqiblər bir-birinin ünvanına ciddi ittihamlar səsləndiriblər. Aslan İsmayılov azpolitika.info saytına açıqlamasında bildirib ki, o  Adil Əliyevi heç vaxt özünə rəqib saymaıb:

“O, ətrafındakı insanlarda, ictimai rəydə elə mənzərə yaratmağa çalışır ki, guya mən onunla rəqibəm. Ancaq Adil Əliyevin nə savadı, nə ictimai-siyasi nüfuzu, nə dünyagörüşü, nə potensialı imkan vermir ki, mən onu özümə rəqib hesab edim. Mənim guya 2005-ci ildə Adil Əliyevin qalib gəldiyini dediyim barədə fikirlərim də təhrif edilib. Mən obyekyiv adamam, demişəm səslər doğru sayılıb və qutudan Adil Əliyevə daha çox bülleten çıxıb. Ancaq o bülletenlər ora necə atılıb, kimlər tərəfindən topa-topa doldurulub, bunu hamı bilir. Yoxsa Adil Əliyev kim idi ki, mənə və yaxud həmin vaxt dairədən namizəd olan İsa Qəmbərə qalib gələydi?

Hamı bilir ki, 2005-də tək rayonun yox, bütün Bakının resursları bizim dairədə cəmləşdirilmişdi. Mənə orda ən çox zərbə vuran hakimiyyət və Adil Əliyev yox, müxalifət – “Azadlıq Bloku” oldu.
Həmin seçkidən qabaq mən prezidentlə də görüşmüşdüm. Blokdan mənə təklif olundu ki, seçkilərdə bizi təmsil et. Dedim ki, indiyədək heç bir partiyada olmamışam, müstəqilliyimi heç nəyə dəyişməyəcəm. Mənə xəbərdarlıq da etdilər ki, əgər razılaşmasan ən güclü namizədimizi göndərəcəyik. İmzatoplamanın bitməsinə 3 gün qalmış İsa Qəmbər o dairəyə gəldi. Sonra da şaiyə yaydılar ki, Aslan İsmayılov prezidentlə görüşüb, deputat olmağı razılaşdırılıb. Düzdür, həmin vaxt mənim parlamentə düşməyimi istəyən az deyildi, müxtəlif təkliflər olmuşdu. Bircə “hə” desəm, bəs idi. Onda mənə minnət qoyaraq, Adilin namizədliyini ləğv etmək istəyirdilər. Mənsə dedim ki, Adil Əliyevin namizədliyi ləğv olunsa, mən namizədliyimi İsa Qəmbərin xeyrinə geri götürəcəyəm. Amma İsa Qəmbərin adamları orda-burda deyirdilər ki, “Aslan İsmayılov prezidentlə görüşüb, satılıb.
Adil Əliyev indi nisbətən tanınır. Amma o vaxt onu dairədə heç kim tanımırdı. Yoxsa, seçkilər düzgün aparılsaydı, mən getməsəm belə, Adil Əliyev İsa Qəmbərdən artıq səs toplaya bilərdi? Əlbəttə bilməzdi.
2010-cu il seçkiləri lap biabırçılıq oldu. Onunla bağlı Avropa Məhkəməsinin qərarı da olmalıdır. Azərbaycan hökuməti və mənlə söhbətlər bitibdir, 3 ildir qərar gözləyirik. Mənə qarşı böyük haqsızlıq oldu, plakatlarımı cırdılar, Adil Əliyevin qoçuları seçki günü bütün məntəqələrdə adamlarımı döydülər. Adil Əliyev özünü deputat kimi deyil, kriminal bir dəstənin başçısı kimi aparırdı. Bu səviyyədə bir insanı mən özümə rəqib görmürəm, görə də bilmərəm. Başqa sahələrdə ola bilər, amma ədalətli seçkilərdə rəqibim ola bilməz. Tam cəsarətlə deyirəm, seçkilər demokratik keçirilsə, mənim topladığım səs respublikada bütün dairələr üzrə ən yüksək olar. Çünki 20 saylı ikinci Nərimanov dairəsi ərazisində yaşayan seçicilərin çoxu uzun illərdir yanıma gəlirlər, hüquqi yardım alırlar. O dairədə hər üç seçicidən birinə mən pulsuz hüquqi məsləhətlər vermişəm. Bu illər ərzində yanıma gəlib-gedirlər, görürlər ki, qətiyyən dəyişməmişəm, həmin adamam.
Bununla belə, düzünü demək lazımdır, Adil Əliyev deputat kimi az fəallıq göstərmir, bəlkə də, parlamentdə fəallığına görə ilk 10-luqda sayıla bilər. Lakin bizim nə keçdiyimiz yol, nə təhsil, nə savadımız müqayisəyə gələsi deyil”.

Azinforum.az xəbər verir ki, millət vəkili Adil Əliyevin Aslan İsmayılovun sərt ittihamlarına cavabı özünü çox gözlətməyib. Deputat açıqlamasında bildirdi ki, Aslan İsmayılovu özünə rəqib saymır :

“Çünki, cəmiyyətdə nüfuz qazana bilməyən birisinin mənimlə mübarizə aparmaq üçün nə savadı, nə də ictimai nüfuzu var. Mən cəmiyyətdə ictimai-siyasi nüfuz qazananda bəziləri mədə xorasını müalicə etdirirdi. Bu şəxs nə vəkil kimi vəkildir, nə də siyasətçi kimi siyasətçi. Hüquq müstəvisində və siyasətdə məğlubiyyətlərdən başqa heç bir “uğuru” yoxdur. Vəkillər Kollegiyasından iki dəfə qovublar, hətta “Hyatta Recenesy” otelində qarışıqlıq yaradıb, ordan da qovublar. Bu necə millət vəkilliyinə namizəddir ki, nə seçki kampaniyası keçirir, nə də seçicilərlə görüşür? Bu işləri görmək bacarığına və qabiliyyətinə malik deyilsə, gəlsin mənim keçirdiyim görüşlərə baxsın, izdihamı müşahidə etsin. Saytlardan birinə verdiyi müsahibədə deyib ki, 2005-ci ildə bütün Bakının resursları 20 dairədə cəmləşmişdi. Bəli, bu belədir və bu dairədə mən onun və İsa Qəmbərin üzərində qələbə çaldım. Çünki, seçkiyə hər ikisindən yaxşı hazırlaşmışdım. Seçki məsuliyyətdir, boş-boş danışmaq, sosial şəbəkələrdə roliklər yaymaq deyil.

O ki qaldı, Aslan İsmayılovun “Adil Əliyev İsa Qəmbər üzərində qələbə çala bilməzdi” fikrinə, özüm heç nə demirəm, müxalifət nümayəndəsi, özlərinin həmkarları Qurban Məmmədovun mətbuata açıqladığı fikirləri xatırlatmaq istəyirəm. Görün Qurban Məmmədov nə deyib: “Mən Adil Əliyevin seçki texnologiyasına heyran qalmışdım. Təsəvvür edin ki, Adil Əliyevin 2 gənc – bir qız, bir oğlan nümayəndəsi bizim evimizə 5 dəfə gəldilər! Hər dəfə yenə də hansısa şəkillər, broşurlar gətirirdilər və seçkiyə 3 gün qalmış gəlib yadımıza salacaqlarını dedilər. Onlar bu qaydada məhləmizdəki bütün ailələri “narahat etdilər” – kampaniya apardılar. “Azadlıq” blokundan-İsa Qəmbərin adından isə bir dəfə də olsun məhləmizə gələn olmadı. Yəni 2005-ci ildə Adil Əliyevin 20-ci dairədən qalib gəlməsi mübahisəsizdir. Bu isə bizim öz səhvimizdir. 2010-cu ildə isə Adil Əliyevin qarşısında durmaq daha da çətinləşdi. Çünki bu 5 ildə A.Əliyev seçki dairəsində yaşayan hər bir ailənin üzvünə çevrildi. Hamı onu tanıdı. Mən o vaxt Aslan bəyin vəkili kimi Adil Əliyevin görüşlərini də izləyir, lazımı qeydlərimi edirdim. Təəssüf ki, 2010-cu ildə də nəticəni dayişmək bizə qismət olmadı və Adil Əliyev 20-ci dairənin əbədi namizədinə çevrildi”.

Bunu o şəxs deyir ki, həm “Azadlıq” blokunun təmsilçisi, həm də elə Aslan İsmayılovun seçkidə vəkili olub. Bundan sonra Aslan İsmayılovun “mənim topladığım səs respublikada bütün dairələr üzrə ən yüksək olar” fikrinə kim inanar? Deyir ki, guya 20 saylı ikinci Nərimanov dairəsi ərazisində yaşayan seçicilərin çoxu uzun illərdir onun yanına gedirlər. Bu illərdə minlərlə seçici ilə görüşmüşəm, birindən eşitmədim ki, hansısa probleminə görə Aslan İsmayılova müraciət etsinlər və ondan dəstək alsınlar. 10 ildir qərargahımda minlərlə vətəndaşı qəbul etmişəm, qəbul günlərim var. Əlimdən nə gəlirsə vətəndaşlara kömək etməyə çalışıram. Bunu özümə borc bilirəm! Bəs o bu vaxta qədər dairəmizin nə qədər insanına kömək edib, kimsəsizlərə və ehtiyacı olanlara yardım əli uzadıb? Mən imkanlı iş adamlarından böyük pullar alıb, onlara hüququ yardım göstərilməsini nəzərdə tutmuram, kimsəsizlərə, ehtiyacı olanlara, müharibə veteranlarına dəstəkdən, köməkdən danışıram. Heç üzərinə götürdüyü işləri də doğru-dürüst sona çatdırmayıb, məhkəmədə hansısa işi uğurla başa çatdırdığını eşitməmişik. Cəmiyyətdə və mediada Azərbaycanda ən uğursuz vəkili kimi “ad” qazanıb.

Seçicilər kimin meydanda olduğunu da yaxşı görür, kimin hansı işlər gördüyündən də xəbərdardır. Aslan İsmayılovun “virtual qəhrəmanlığından” başqa bir işini görmədim. Milli Şuranın seçkini boykot qərarını bəyənmir ki, fürsətdən istifadə edib insanlarla ünsiyyət yaradıb mitinqlər keçirməli idilər. Guya özü namizəd kimi seçicilərlə ünsiyyət qurub? Nə zaman açıq və qapalı zalların birində seçicilərlə görüş keçirdi ki, bizim xəbərimiz olmadı? Deyir nə hakimiyyətdənəm, nə də müxalifətdən, Əlbəttə, mövqeyi olmayan ömrü boyu ortada qalmağa məhkumdur. Özünə hörmət edən insan ardıcıl 2 məğlubiyyətdən sonra özünə başqa dairə axtarardı. Necə ki, 2005-ci ildə müxalifətdən olan əsas rəqibim – İsa Qəmbər məğlubiyyətdən sonra başqa dairədən namizədliyini verdi. Yeri gəlmişkən, 2005-ci ildə mənim Aslan İsmayılov adında rəqibim yox idi, Rəqabət mənimlə İsa Qəmbər arasında gedirdi və media məhz biizim rəqabəti işıqlandırdı. Doğrusu, mənə Aslan İsmayılov kimi rəqib də məqbuldur. Qoy yenə də böyük hesabla onu məğlub edim və 5 il sonra yenə namizədliyini 20-ci dairədən versin. Heyf deyil, belə rəqib. Bir rəqib ki, Adil Əliyevin fəal millət vəkili və parlamentdə fəallığına görə ilk 10-luqda yer aldığını etiraf edir, belə rəqibi kim arzulamaz?

Aslan İsmayılov sadəcə, mənim başımı qatmağa çalışır. Mən isə ondan fərqli olaraq gündəlik işlərlə məşğulam, seçkiyə hazırlaşıram, seçicilərlə görüşürəm, insanların dərdlərini dinləyirəm, o isə iftiralarına, böhtanlarına davam edir. Sonuncu izdihamlı mitinqimdə Aslan İsmayılovu yenə görüşə dəvət etdim. Aslan İsmayılov özünə belə arxayındırsa, gəlsin camaatın qarşısında çıxış etsin, fikirlərini bildirsin. Bunun əvəzinə sağdan-soldan iftira yağdıracaqsa, buna hər dəfə cavab verməyə mənim nə vaxtım, nə də həvəsim var. Ancaq iftiralarının genişləndirməkdə davam edəcəksə tutarlı cavablarını da alacaq!”

M. MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın