Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / ABŞ ermənipərəst mövqeyindən nə vaxt imtina edəcək?

ABŞ ermənipərəst mövqeyindən nə vaxt imtina edəcək?

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferin regiona səfəri çox təəssüf ki, Azərbaycana yaxşı heç nə vəd etmir və ciddi narahatlıq doğurur. Bu da ilk növbədə Bayden administrasiyasının tutduğu qeyri-konstruktiv və açıq ermənipərəst mövqe ilə əlaqədardır. Bu fəallığın əsas məqsədinin zəiflədiyi güman edilən Rusiyanı regiondan tədricən sıxışdırıb çıxarmaq olduğu şübhə doğurmur. Əgər ABŞ Azərbaycana və Ermənistana münasibətdə ədalətli mövqe tutsaydı, təbii ki, biz buna sevinərdik və bu planların baş tutması üçün əlimizdən gələn yardımı göstərərdik.

Ancaq təəssüf ki, dünyanın supergücü qətiyyən ədalətli davranmır və Azərbaycana, bütövlükdə türk dünyasına qarşı hər birimizdə(qərbin 5-ci kolonu istisna olmaqla) hiddət doğuran addımlar atmaqda davam edir.
Bizi narahat edən əsas məsələlərin bir neçəsini sadalayaq:
Birincisi, ABŞ-ın Türkiyəni regiona və Azərbaycan-Ermənistan münaqişəsinə yaxın buraxmaq istəməməsi və onu hər vasitə ilə uzaqlaşdırmaq cəhdləri.


Hələ ikinci Qarabağ müharibəsinin son günlərində ABŞ prezidentinin köməkçisi Robert O”Brayen bəyan etmişdi ki, “Türkiyənin sülhyaratma və vasitəçilik prosesində iştirakı barədə verilən “uğursuz təkliflər” ABŞ və Ermənistan üçün qəbuledilməzdir!”.
Eyni mövqeyi 17 noyabr 2020-ci il tarixdə Parisdə fransalı həmkarı ilə görüşdən sonra dövlət katibi Pompeo da sərgiləmişdi və bəyan etmişdi ki, “Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa danışıqlarda Rusiya və Türkiyənin yeganə vasitəçi olmasına imkan verməyəcəklər!”.


İkinci narahatlıq doğuran məqam ABŞ-ın dəfələrlə Qarabağ münaqişəsinin həll olunmadığını bəyan etməsi və Qarabağa yüksək status verilməsini tələb etməsidir. 2021-ci ilin fevralında Müdafiə Nazirliyinin tabeliyindəki qurumlardan birində keçirilən müzakirələrdədən sonra “Azərbaycan üçün Deyton sazişi” təklifinin verilməsi ciddi narahatlıq doğurmaya bilməz.

Çünki, bu təklifə bənzəyən və 1998-ci ilin noyabrında təqdim olunan “Ümumi dövlət” variantı məğlub durumda olan Azərbaycan rəhbərliyi tərəfindən qətiyyətlə rədd edilmişdi. İndi 44 günlük müharibədə qazanılan möhtəşəm qələbədən sonra ABŞ müzakirəsi belə mümkün olmayan belə bir təklifi səsləndirməyə cəsarət edir. Ermənistan Baş nazirinə edilən- “plankanı bir az endirmək”-məsləhətinin kökündə də bu münasibət durur. Təklif olunur ki, ermənilər “Qarabağın müstəqilliyi” fikrindən imtina etsinlər və guya Azərbaycanın ərazi bütövlüyünü və ermənilərin təhlükəsizliyini təmin edən bu cür variantlarda israr etsinlər.


Nəhayət, hamımızı düşündürən bir suala cavab verməyə çalışaq. Gerçəkdən, Amerika Birləşmiş Ştatları Güney Qafqazda sülhün, əmin-amanlığın olmasında maraqlıdırmı? Şübhəsiz ki, maraqlıdır. Ancaq çox təəssüf ki, bunu Azərbaycanın ədalətli mövqeyini, maraqlarını gözardı etməklə, ermənilərin beynəlxalq hüquqa zidd olan istəklərini əsas götürməklə reallaşdırmaq istəyir. Biz isə qətiyyən bununla razılaşa, buna imkan verə bilmərik.


Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …