Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / ABŞ-da bütün anti-Azərbaycan layihələrini neytrallaşdıra bilən üç güclü faktor

ABŞ-da bütün anti-Azərbaycan layihələrini neytrallaşdıra bilən üç güclü faktor

Samuel Ramaninin “The Washington Post” qəzetində dərc olunan yazısında bildirilib ki, ABŞ-Azərbaycan tərəfdaşlığı 3 əsas strateji faktorla izah oluna bilər: Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən enerji tranziti kimi əhəmiyyəti, Əliyevin Rusiyanın Gürcüstan və Ukraynanın suverenliyini pozmasına müqaviməti, Azərbaycanın terrorizm və şiə radikalizminə qarşı ABŞ-la həmrəyliyi.
Müəllifin qənaətincə, ötən ilin dekabrında konqresmen Kris Smit tərəfindən təqdim edilən, Azərbaycanın yüksək səviyyəli rəsmilərinə viza verilməməsi ilə bağlı layihə çətin ki, qəbul edilsin. Yazıda qeyd olunur ki, Türkmənistan “Transxəzər” qaz kəmərinin tikintisini həyata keçirə bilsə, Azərbaycan qlobal enerji ticarətində daha vacib rol oynayacaq: “Bu qaz kəməri dünyada təbii qaz ehtiyatlarına görə dördüncü olan Türkmənistanı Avropa İttifaqı ilə birləşdirəcək və Bakını tranzit enerji şəbəkəsinin mərkəzinə çevirəcək. Çünki Xəzər dənizindən gələn sabit enerji axını Avropanın Rusiya qazından asılılığını azaldacaq və İranın təsirini məhdudlaşdıracaq. Bu da ABŞ-ın müttəfiqlərini uzunmüddətli düşmənlərə qarşı gücləndirəcək”.
Yazıda bildirilir ki, Azərbaycan diqqətli şəkildə öz xarici siyasətini Rusiya və Qərb arasında balanslaşdırıb, Rusiyanın neoimperiya təşəbbüslərinə həmişə ehtiyatlı yanaşıb. Müəllifin sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-la terrorizmlə mübarizə sahəsində fəal əməkdaşlıq edib: “ABŞ-ın Avropa və Yaxın Şərqdəki müttəfiqləri 2003-cü il İraq müharibəsinə qarşı çıxsalar da, Azərbaycan ABŞ-a hava məkanını açmışdı. Azərbaycan ABŞ-ın Xəzər hövzəsində İŞİD-ə qarşı mübarizədə yeganə müttəfiqidir. Bu faktor özü də ABŞ-ın Əliyevi kənarlaşdırmasını istisna edir. Qısası, ABŞ-ın Əliyev hakimiyyətinin əleyhinə getmək istəməməsi Azərbaycanın ABŞ ilə strateji hədəflər sahəsində əməkdaşlıq etməsi ilə izah oluna bilər. Enerji məsələləri, İŞİD və digər terror təşkilatları ilə mübarizə, Rusiya aqressiyasının qarşısının alınması ABŞ siyasətçiləri üçün vacib məsələlərdir”.
ABŞ-ın nüfuzlu qəzetində belə obyektiv bir məqalənin yer almasına necə yanaşmaq olar?
Politoloq Qabil Hüseynlinin fikrincə, ABŞ-dakı “The Washington Post” qəzetində dərc olunan məqalədə yer alan məsələlər həm ABŞ, həm də Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanıb və həmişə də bildirilib ki, həm enerji sahəsində, həm təhlükəsizlik məsələlərində, həm də digər sahələrdə ABŞ-Azərbaycan əməkdaşlığı son dərəcə önəmlidir:

“Bu sadəcə iki ölkənin maraqları baxımından yox, bütövlükdə regionda təhlükəsizliyin təmin olunması və Amerikanın müttəfiqlərinin, yəni Avropa dövlətlərinin enerji təhlükəsizliyi baxımından belədir. Təəssüflər olsun ki, bəzi siyasətçilər bu əməkdaşlığın inkişaf etməsinə maneçilik törədir. Aydınlaşdırılanda məlum olur ki, həmin şəxslərin əksəriyyəti erməni lobbisinin təsiri altındadır. Ancaq belə elementlərin dövlətlərarası münasibətlərin korlanmasına heç bir təsiri olmur. Bu baxımdan da “The Washington Post”dakı məqalədə iki ölkə arasında əməkdaşlığa böyük önəm verilib. Təbii ki, bu halı təqdir etməliyik. Çünki çox vaxt biz ABŞ və Avropa mətbuatının əsassız tənqidləri ilə üzləşirik.
Konqresmen K.Smitin hazırladığı və Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan layihə isə təbii ki, iki ölkə arasındakı münasibətlərdə sərinlik yaradır. Bunun önəmini dərk edən jurnalist məsələyə çox obyektiv yanaşaraq həmin layihənin faydasız olmasını əsaslı dəlillərlə sübuta yetirib”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın