Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Abituriyent məktəbdə keçmədiyi dərsdən necə imtahan verir? – Qalmaqallı qərarla bağlı mütəxəssis fikirləri

Abituriyent məktəbdə keçmədiyi dərsdən necə imtahan verir? – Qalmaqallı qərarla bağlı mütəxəssis fikirləri

2017-ci ildən etibarən cari ilin məzunları may ayında keçirilən qəbul imtahanlarında iştirak etmək hüququ qazanıb. Bu hüquq onlara bir sıra əlavə imkanlar yaratsa da, bir çox müəllimin etirazına səbəb olub.
Orta təhsil müəssisələrində çalışan müəllimlərin əksəriyyəti buraxılış imtahanlarından öncə şagirdlərin qəbul imtahanında iştirak etməsini düzgün hesab etmir. Pedaqoqların fikrincə, bu, abituriyentlərdə məktəbə biganəlik yaradır və onların dərsə davamiyyətini zəiflədir.

Məsələ ilə bağlı AzEdu.az-a danışan Fizika müəllimi Kəmalə Abiyeva bildirib ki, qərar 2017-ci ildə ilk dəfə tətbiq olunanda bir çox narahatlığa səbəb olub:

“Şagirdlərdə arxayınlıq yaranır. Başa düşmürlər ki, onları gələcəkdə buraxılış imtahanı da gözləyir. Təbii ki, bu,  həm uşaqda, həm də müəllimdə təhsilə laqeydlik yaradır. Müəllim fikirləşir ki, artıq mənim nə önəmim var? Fizika ancaq I və IV qrupa lazımdır. O biri qruplara hazırlaşanlar bu fənni qəti oxumur. I qruplar da tarixə biganə yanaşır. Tarixdən aldığı qiymət onu maraqlandırmır. Bu özü bütövlükdə problemdir. Əvvəl biz bütün fənnləri oxuyurduq. İndi isə I qrupa hazırlaşan abituriyent III qrupdan imtahan versə, heç 50 bal toplaya bilməz. 11-ci siniflər oturub ancaq qəbula hazırlaşırlar. Özünü öldürsən də başqa fənnləri oxumurlar. 25 uşağın içində 1-2 nəfər digər fənni oxuyan tapa bilərsən. Qəbul imtahanlarının buraxılışdan qabaq olması  uşaqda təəssürat yaradır ki, burda yaxşı bal yığsam, daha oxumağa ehtiyac yoxdur. Bu qərar zəif oxuyan şagirdlərdə məsuliyyəti yox, məsuliyyətsizliyi artırdı. Lakin bunun müsbət cəhətləri də var. Yaxşı oxuyanlar üçün bu, şans hesab oluna bilər. Məsuliyyətini dərk edən uşaqlara bir növ sınaqdır. Yəni, qərarın tamamilə mənfi olduğunu demək olmaz”.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, attestat almadan şagirdin qəbul imtahanına girməsi dəfələrlə müzakirə obyekti olub və ayrı-ayrı tərəflər bunu müxtəlif mövqedən əsaslandırmağa cəhd göstəriblər:

“Tədris ilinin iyunun ortalarında başa çatdığı, başqa sözlə tədris ili hələ tam başa çatmadığı və proqram materiallarının şagirdlər tərəfindən sona qədər mənimsənilmədiyi halda onların qəbul imtahanına may ayında cəlb edilməsi nə dərəcədə düzgündür? Hətta belə hallar da olub ki, hansısa məzuna hələ qəbul imtahanına qədər keçmədiyi mövzudan sual düşüb və bu onun biliyinin qiymətləndirilməsinə də təsirsiz ötüşməyib. Müəllim və valideynlər tərəfindən narazılıqlarla qarşılanıb, haqlı şikayətlərə səbəb olub. Digər mövqe isə belədir ki, onsuz da şagirdlər nə öyrənirlərsə il ərzində öyrənirlər. May ayının sonlarına onların dərsə davamiyyəti azalır, dərs oxumaq meylləri zəifləyir, bir çox müəllimlər proqram materialını sıxışdıraraq şagirdlərə digər vasitələrlə imtahana hazırlaşmaq üçün müəyyən şərait yaradırlar. Vəziyyətin belə xarakter alması Nazirlər Kabineti tərəfindən tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul etməsi və buna müvafiq olaraq 2015-2016-cı tədris ilindən dərslərin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliklə daha sıx əlaqədardır. Əvvəllər dərs ili 1 sentyabrda başlayıb 25 mayda bitirdi. Nəzərə alsaq ki, dərslərin iyunun 14-də başa çatması, attestatların hazırlanıb paylanması, bəzən də attestatların təqdim edilməsində müəyyən obyektiv və subyektiv gecikmələrə yol verilməsi DİM-in iş qrafikində də müəyyən problemlər yaradır. Yəni, qəbul imtahanlarının erkən keçirilməsi bir sıra zəruri amillərlə şərtlənir ki, bundan da çıxış yolu dünyanın bir sıra ölkələrində olduğu kimi orta və ali məktəblərin buraxılış və qəbul imtahanlarını birləşdirməklə təkpilləli vahid imtahan sisteminə keçməkdir”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, hər kəsə yaz və ya yay imtahan sessiyasında iştirak etmək könüllü olsa da, şagirdlər şansını yoxlamaq üçün hər iki imtahanda iştirak edir:

“Təəssüf ki, tədris ili başa çatmamış imtahanların keçirilməsi IX siniflər üçün təşkil edilən buraxılış imtahanlarında daha kobud şəkildə pozulur. Çünki IX sinif şagirdlərinin tədris ilinin sonunda əldə etməli olduğu bilik və bacarıqlarını DİM tədris ilinin ortasında yoxlayır. Eyni tendensiya ali məktəblərə qəbul imtahanlarına da aiddir. Belə ki, qəbul imtahanında istifadə olunan bir neçə test tapşırığı tədris ilinin mayın sonu, iyun ayının əvvəlində ki proqrama daxildir. Hüquqi baxımdan da tədris ilinin gedişində qəbul imtahanlarının keçirilməsi düzgün deyil. Təsəvvür edin ki, şagirdlər may ayında ali məktəblərə qəbul imtahanları verirlər, iyun ayında isə buraxılış imtahanlarında iştirak edirlər. Hətta şagird 700 bal toplayıb buraxılış imtahanlarında 2 alsa və ya hansısa hadisə nəticəsində imtahanda iştirak etməsə, ya da buraxılış imtahanından xaric edilsə, ona attestat verilməyəcək. İkinci tərəfdən isə may ayında keçirilən qəbul imtahanlarında 300 və daha çox bal toplayan abituriyentlər potensial tələbə hesab olunur. Onlar tədris ilinin geridə qalan hissəsində məktəbə qeyri-ciddi yanaşır, davamiyyəti aşağı düşür”

11-ci sinif şagirdi Aqşin Rüstəmov attestat almadan qəbul imtahanında iştirakın şagirdlərdə arxayınlıq yaratdığını inkar etmir:
“Qəbul imtahanlarının buraxılış imtahanlarından qabaq olması müəyyən mənada məndə arxayınlıq yaradıb. Etiraf edim ki, bu dəqiqə, ancaq qəbul imtahanını fikirləşirəm. Bu fürsət verilibsə, istifadə etməmək də olmaz. İlk imtahanda uğur qazandığım və tələbə adına yaxınlaşdığım halda niyə də bu şansı qaçırım? Bu, müəyyən mənada şagirdlərdə məktəbə davamiyyətin zəifləməsinə və laqeydliyə səbəb olur”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …