Ölkəyə qanunsuz pirat dərslikər gətirməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.
Musavat.com
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Şirzad Abdullayev və
Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim
Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində
Tovuz Gömrük İdarəsinin əməkdaşı Rəşad Novruzov ifadə verib.
Rəşad Novruzov təqsirləndirilən şəxsləri tanımadığını deyib.
O
bildirib ki, bu işlə bağlı istintaqda da ifadə verən zaman
təqsirləndirilən şəxslərin gətirdikləri malı gömrükdə yoxladıqlarını
təsdiq edib. Şahid deyib ki, bəyannamə ilə gömrüyə təqdim olunan yüklər
arasında uyğunsuzluq yox imiş.
“Abituriyent”
jurnalının nümayəndəsi bildirib ki, Dövlət Gömrük Komitəsinə təqdim
etdikləri siyahıda müəllif hüquqları özlərinə məxsus olan dərsliklərin
hansılar olduğunu göstəriblər.
Nümayəndə
deyib ki, bu siyahı Dövlət Gömrük Komitəsinin elektron sistemində var.
Hər hansı şəxs ölkəyə həmin dərslikləri gətirərsə, bu barədə
“Abituriyent” jurnalının rəsmilərinə məlumat verilməli imiş.
Gömrük
əməkdaşı deyib ki, həmin siyahı gömrük əməkdaşlarına fərdi qaydada
təqdim edilmir və mallarda heç bir uyğunsuzluq olmadığı üçün diqqət
çəkməyib, vizual baxışla gömrükdən buraxılıb.
Məhkəmədə məlum olub ki, ölkəyə gətirilən vəsaitlər əsasən məktəbəqədər hazırlıq üçün nəzərə tutulan vəsaitlərdir.
“Abituriyent”
jurnalının nümayəndəsi deyib ki, həmin dərsliklərin ölkədən kənarda çap
edilməsi qadağandır və pirat hesab olunur. Nümayəndə həmçinin ölkəyə
gətirilən dərsliklərin sayının 340 mindən artıq olduğunu deyib.
Bildirək
ki, qeyd edilən dərs vəsaitləri ölkəyə gətirilib satışa çıxarıldıqdan
sonra “Abituriyent” jurnalının rəsmiləri tərəfindən hüquq-mühafizə
orqanlarına məlumat verilib. Dərsliklərin pirat olduğu müəyyən
edildikdən sonra onlara qarşı ittiham irəli sürülüb.
Nümayəndə
bildirib ki, adı çəkilən şəxslərin cinayət əməlləri nəticəsində
“Abituriyent” jurnalına milyonlarla manat zərər dəyib. Nümayəndə
təqsirləndirilən şəxslərin hər birinə qarşı 1 milyon manatlıq iddia
qaldırıb.
“Məhkəmə
istintaqı dövründə mülki iddianı artırmaq hüququmuz var. Həmçinin
“Abituriyent” jurnalının redaksiyasına vurulmuş zərəri sübut edəcək
sənədləri də məhkəməyə təqdim edəcəyik”- deyə nümayəndə bildirib.
İttihama
görə, Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri
tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı
redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından
qanunsuz istifadə edilib.
Belə
ki, orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən
külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif
vaxtlarda Türkiyədə nəşr olunaraq Azərbaycana gətirilib.
Bundan başqa həmin vəsaitlər gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilib və respublika ərazisində satışa çıxarılıb.
Bu
əməllərinə görə dəstə üzvləri Şahmar Abdullayevə, Ş.Abdullayevə,
F.Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər
Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla
əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq)
maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.
Bakı
şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri
zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları
aşkar edilərək götürülüb.
M.Aslanov,
S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X. Qocayevin cinayət işi
ayrıca icraata ayrılıb, daha əvvəl Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
