Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “A.M.A.Y.” Abdullanın məhkəməsində qurd söhbəti aranı qatdı

“A.M.A.Y.” Abdullanın məhkəməsində qurd söhbəti aranı qatdı

Abdulla Abdullayev: “Bu Heydər müstəntiqdən quzu qurddan qorxduğu kimi qorxub”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “A.M.A.Y.” rəhbəri Abdulla Abdullayev, daha beş nəfər – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Hadejda İlyasovanın işi üzrə məhkəmə prosesi davam edir. Müttəhim kürsüsünə çıxarılanlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. A.Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Dünənki prosesdə A.Abdullayev çıxış edərək digər təqsirləndirilən şəxslərin heç bir günahının olmadığını, onun tapşırıqları ilə hər bir işi gördüklərini bildirdi. İfadə verən təqsirləndirilən şəxs, “Birlikbank”ın sabiq sədr müavini Heydər Hüseynov isə A.Abdullayevin bankın idarə heyətinin qərarlarına aidiyyətinin olmadığını, ondan heç bir tapşırıq almadıqlarını dedi. İstintaqa verdiyi ifadələri də xatırlamadığını qeyd etdi. Təqsirləndirilənin ziddiyyətli ifadəsinə A.Abdullayev özünəməxsus tərzdə replika ilə reaksiya verdi: “Bu Heydər ibtidai istintaqa ifadə verəndə müstəntiqdən quzu qurddan qorxduğu kimi qorxub”. Dövlət ittihamçısının “bəs indi niyə qorxmur”, –  sualına A.Abdullayev “indi burada – məhkəmədə qurd yoxdur”, –  deyə cavab verdi. Nadejda İsmayılova da çıxışında ibtidai istintaqa verdiyi ifadələri təsdiqlədi. Elşən Namazov isə çıxışında özünü təqsirli bilmədi. O, ittiham aktının mahiyyətinin ona aydın olmadığını, cinayət işinin əsassız olduğunu vurğuladı. E.Nəcəfov müqavilə öhdəlikləri əsasında işlədiklərini, bunun da  mülki qaydada həll edilməli olduğunu qeyd etdi.
Məhkəmə martın 31-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir. A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
 
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın